Məsumiyyət məzarlığı
Esse
Qadın məsləhətxanasında ginekoloqla
görüşüb, müsahibə
almalı idim. Vədələşdiyimiz vaxtdan tez çatdığımdan
həkimin gəlməyini
gözləməli oldum.
Dəhlizdə gəzişir, ətrafı
müşahidə edirdim. Balaca bir
qız da mənimlə birlikdə ətrafa boylanırdı.
Arada üzümə baxıb, qımışırdı. Amma uşağın gözlərində
narahatlıq vardı.
Anası
ilə gəlmişdi.
Sanki anasının yükünü gözlərində
daşıyırdı. Belə yerlərdə həmişə
tez sıxılıram.
Heç
sevmirəm xəstəxanaları.
Bu divarlar həm
kədərə, həm
də sevincə şahidlik edirlər.
Kim bilir, kədər
qoxulu bu divarlara neçə başlar qoyulub, nalələr çəkilib.
Bura sevinc gətirən təkcə
körpə səsləridir...
Abort olunmayan canların
sevinc səsləri...
Balaca qızcığazı
yanıma çağırıb,
çantamdakı şirniyyatdan
ona verdim. Məqsədim onunla dostlaşmaq, ətrafdakı neqativ auranı özümüzdən
uzaqlaşdırmaq idi.
Hiss edirdim ki, o da sıxılır.
Adı Məryəm
idi. Onun bacısı dünyaya
gələcək. Daha doğrusu,
gəlib-gəlməyəcəyi sual altında idi. Çünki Məryəmin nənəsi
ikinci qız nəvəsinin olmasını
istəmir. Məryəm qucağımda oturub, suallar verirdi. Çalışırdım onun suallarını
aydın cavablandırım.
Ancaq bir sualına cavab tapa bilmədim...
Yavaş-yavaş həkimin pasientləri də növbəyə düzülürdülər. Kimisi ginekoloji
müayinəyə, kimisi
misqal-misqal böyüyən
körpəsinin ürəyinin
səsini dinləməyə,
kimisi də o döyüntünü əbədi
kəsməyə - övladının
qatili olmağa gəlmişdi. Həm də
bu niyyətlə gələn qadınlar daha çox idi.
Hamilə
qadınların abort otağına
necə daxil olduqlarını və həmin yerdən "körpəsiz", göz
yaşları içində
çıxdıqlarını müşahidə etmək
olduqca ağır idi. Onları seyr edəndə
tələf olan körpələrə acıyırdım.
Bəzən adına
riyakarlıqla "hamiləliyin
süni şəkildə
pozulması" dedikləri
abort bu şəkildə
aparılırdı... Doğmalarının rizası ilə canlı insanlar qətl olunurdular. Qətl olunan körpələrin əksəriyyəti isə
qız uşaqları
idi.
Dözməyib qadınlara "niyə bunu edirsiniz?" - sualını verdim.
- Elə bilirsən, övlad qatili olmaq asandır? Məni buna məcbur qoyurlar. Qaynanam istəmir, yoldaşım
da onunla eyni fikirdədir. Nə vaxt oğlan uşağı olsa, ikincini onda doğarsan
deyirlər.
Bunu Məryəmin gözləri
dolmuş anası kədər içində,
səsi titrəyə-titrəyə
dedi.
Onda verdiyim sual özümü də narahat etdi. Belə əlacsız cavab
alacağımı düşünmürdüm. Bəlkə də, kənardan
kimisə mühakimə
etmək asandır.
Amma ana balası üçün hər şey etməyə qadir olmalıdır.
Axı
o, balasını yaşatmaq
naminə buna etiraz edə də bilərdi. Amma etməmişdi və balasının qətli qərarına boyun əymişdi.
Bu gün dünyaya
gələn qız sabahın gənc xanımı, anasıdır. Amma təəssüf
ki, bir çox
ölkələrdə, xüsusilə
də Şərqdə
hələ də ailələr qız uşağının dünyaya
gəlməsini istəmir,
onu elə ana bətnindəcə məhv edirlər. Artıq neçə illərdir bu, Azərbaycanda da geniş yayılıb.
Amma bir şeyi unutmayaq ki, peyğəmbərimiz də qız övladlarını xüsusi
qayğı ilə yanaşıb və kəlamlarından birində
"Övladlarınız arasında
fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim"
- deyib.
... Həkimi dəhlizin başında görüb, arxa qapıdan çıxdım
və mesajla görüşümüzün alınmayacağını yazdım.
Var gücümlə ordan uzaqlaşırdım ki, nəfəs ala bilim.
Yolboyu Məryəmin taleyi bəlli olmayan bacısını düşünürdüm.
O, Məryəmin həmdəmi,
sirdaşı olacaqdı.
Amma əzizləri bu gün onu bu
həmdəmdən, bu
sirdaşdan məhrum etdilər.
Kim bilir, bəlkə
o qızcığaz öz
qədəmləri ilə
o ailəyə nur saçacaq, onların həyatında işıq
kimi doğacaqdı. Amma daşürəkli
doğmaları hələ
işıqlı dünyaya
göz açmazdan ona bu haqqı
- dünyaya gəlmək
haqqını çox
gördülər.
"Mən oğul
anasıyam", "Oğlum
dünyaya gəldi",
"Oğul atası olmaq başqa hissdir" - bu ifadələri tez-tez eşidirik. İnsanlar oğul övladı
dünyaya gələndə
onun gəlişinə
qurbanlar deyir, toy-bayram edirlər. Amma nə yazıqlar ki, bir çox
ailələr hələ
də qız övladlarını qəbul
etmək istəmirlər.
"Qız uşağı
şeytan olar", - deyiblər. Nə qədər qaradinməz, ciddi adam
olsa belə, qız uşağı ən kiçik hərəkəti, baxışı
ilə onu duyğulandırar. Evinizdə,
həyət-bacada görməmisinizmi,
oğlan uşağı
atılıb-düşmək, vurub-dağıtmaq istəyəndə,
toz-torpaqla oynayanda, qız uşağı o yan-bu yana
qaçar, gözü
harda bir çiçək görsə,
dərhal ora cumar. Qız uşağının dünyaya
gəlişini özünə
dərd edən valideynlər görəsən,
niyə qız böyütməyin məsuliyyətindən
qaçmağa can atırlar?
Axı o
məsum körpələr
valideynlərin bu qorxularından, utancverici didərginliklərindən xəbərsizdirlər.
Yaxşı, deyək ki,
belə ata-analar qız uşaqlarını
sevmirlər, bəs onda hansı məntiqlə başqasının
qız övladını
sevib-seçib gəlin,
övladlarına ömür-gün
yoldaşı gətirirlər?
Biz nə zamandan
qız övladlarına
düşmən kəsildik? Beyinlərdə qız uşaqlarına antipatiya, oğlan uşaqlarına rəğbət
hissi nə vaxtdan kök salmağa başlayıb?
Özü də elə
dərin kök salıb ki, illərdir təbliğat aparılsa da, bu fikirlər dəyişmək bilmir.
"Sən necə
qadınsan ki, mənə oğlan sevincini yaşada bilmirsən?" Bu cümlə
kifayətdir ki, qadının bütün
duyğularını alt-üst
eləsin. Halbuki kişilərə
övlad sevincini bəxş edən də qadındır və o qadın bir vaxtlar körpə
bir qızcığaz
olub. İndi aydın olurmu
ki, qız uşaqlarına qarşı
belə münasibət
böyük günahdır?
Azərbaycanın tarixində dərin izlər qoymuş nə qədər qadınlarımız olub və bu gün
də biz onlarla qürur duyuruq. Elə isə
nəyə görə
bu körpə qızcığazların dünyaya
gəlmək haqqını
əllərindən alırıq,
nəyə görə
qız övladlırı
dünyaya gələndə
yasa batırıq, sevinmirik?
Analar, atalar, qız övladlarınız olanda
sevinin, bəşəriyyətə
bir ana bəxş
etdiyiniz düşünüb
fərəhlənin!..
... O balaca Məryəmin cavabını verə bilmədiyim sualı hələ də qulaqlarımdadır - "Mən
bacımı necə qoruya bilərəm?" -
soruşmuşdu. Əslində, bu sual təkcə məndən yox, sizlərdən də cavab istəyir: Biz onları necə qoruya bilərik?!
Düşünün!..
Günel YAZ
525-ci qəzet.- 2019.- 16 oktyabr.-
S.24.