Türk dünyasında yanan Əli
Şamil işığı
Bu il 70 yaşı tamam oldu Türk
Dünyasının Əli Şamilinin. Bu 70 ildə
nələr yaşadı, nələrdən keçdi,
hansı məşəqqətlərə qatlaşdı -
bütün bunlar Əli Şamil adlı Nəhəng
Kişinin avtoportretinin astar üzüdür. Lakin görünənlər budur ki, nə
"yüksək" fəxri adlar, nə dildolaşdıran
titullar, nə gözqamaşdıran mükafatlar, nə də
cingiltili səslər çıxaran orden-medallar bəzədi
onun ömür səhifələrini.
Özü istəmədi bunu, istəməzdi də. Heç buna
şərait də yaratmazdı. Əvəzində
Türk Dünyasının boydan-boyacan bir fədai kimi gəzib-dolaşdığı
ən ucqar nöqtələrində belə Əli Şamil
işığı yandı, Əli Şamil fədakarlığı
boy göstərdi, bəhrə verdi...
Tədqiq etdiyi dissident həyatı yaşamış
insanların özləri qədər də dissident taleyi
yaşamağa məcbur olmuş, ömrü mübarizələrdə
keçmiş bir aydınımızın 70 illik yubileyinin beləcə
susqunluqla keçəcəyi gözlənilən idi. Nədən ki, dissidentlərə
bu acı taleyi yaşamaq hökmü oxumuşların varisləriylə
göz-gözə, nəfəs-nəfəsə
yaşayıb-fəaliyyət göstərmək, hər
addımda tənələr, təqiblərlə üzləşə-üzləşə
"qaranlıqları aydınlığa
çıxarmaq" naminə ömrünü girov qoymaq
yolunda yorulmadan, bezmədən, usanmadan "yola davam" deyən
şəxsiyyətlərdəndi qəhrəmanımız.
Bilə-bilə ki, bu yolda ölüm də ola
bilər, itim də, zindanlara da atıla bilər,
sürgünlərə də... yenə yolundan sapmadı,
doğruya "oğru" demədi, haqqı nahaqqın
ayağına vermədi, hər zaman ədalətin yanında ədalət
carçısı kimi dayanmağı tərcih etdi Əli
Şamil.
Əli bəyin yubileyi ərəfəsində
"Dissident sorağında (1956-1986)" adlı kitab işıq
üzü görüb. Kitabın müəllifləri - Əzizə
Şamil və Əli Şamil xalqın mənafeyini hər
şeydən üstün tutan açıqfikirli
ziyalılarımızın Sovet DTK-sı tərəfindən
məruz qoyulduqları ağlasığmaz işgəncələri,
təhdid və təqib faktlarını, xalqın
canını boğazına yığmış mənfur
quruluşa qarşı mübarizəyə qalxanların
başına gətirilən barbarcasına zülmlərin hər
üzünü açıb göstərməyə
çalışmışlar. Hakim təbəqənin,
daha dəqiq desək,rəsmi hakimiyyətin qoyduğu
lüzumsuz, qeyri-məqbul qanunlarla razılaşmayan və bu
qanunları sinirə bilməyən, irticaçı rejimə
qarşı özəl baxışlar müstəvisindən
yanaşaraq, bu qanunlara qarşı çıxan və toplumu
mübarizliyə səsləyən "ayrı cür
düşünən", "razılaşmayan" adamlar -
dissidentlər, əslində, Azərbaycanın müstəqilliyi
və özgürlüyü yolunda canlarını oda
atmış, ölümün gözünə dik
baxmış insanlardır. Təəssüf doğuracaq
haldır ki, müəlliflərin qeyd etdiyi kimi, Azərbaycanın
müstəqilliyə qovuşmasından 27 il keçsə belə,
Sovet rejiminə, müstəmləkəçiliyə,
irticaya, qatı mühafizəkarlığa qarşı dirəniş
göstərənlər hələ də layiqincə dəyərləndirilməyib.
Məhz bu baxımdan yanaşsaq, neçə
illik gərgin zəhmət bahasına araya-ərsəyə gəlmiş
bu dəyərli tədqiqat işinin necə böyük əhəmiyyət
kəsb etdiyi ortaya çıxar.
"... Təqib
və təzyiqlər altında olsa da, millətinin taleyini
düşünən, onun üçün nəsə bir
iş görməyə çalışanların əməlləri
aysberqə bənzəyir" - yazır Ə.Şamil. Təbii
ki, "xalq üçün ağlayan gözdən olar" misalı, bu aysberqin digər üzünü
görmək üçün adıçəkilən
kitabı vərəqləmək yerinə düşər. Bu
aysberq-şəxsiyyətlərdən "Çingiz
Abdullayevlərin, Cahid Hilaloğluların, Məhəmməd
Biriyaların, İsfəndiyar Coşqunların, Tanqoların,
Xəlil Rza Ulutürklərin, Asif Ataların, Safruhların, Əbülfəz
Elçibəylərin və başqalarının" əməllərinin
çox kiçik bir hissəsinin əks olunduğu kitabda eyni
zamanda, ailə qurub ev-eşik sahibi olmadan dünyasını dəyişməsi
səbəbindən nəsli kəsilən altı mərd,
mübariz, döyüşkən insanın - Çingiz
Abdullayev, Tanqo (Tanrıqulu Əliyev), Sabir Yanardağ, Baycan Məhərrəmov,
Tofiq Vəndamlı və Nofəl Tahirzadənin faciəli, məşəqqətli
ömür yolu barədə məlumat ala bilirik. Dissidentlərin əksəriyyətinin ailəsi
vaxtsız-vədəsiz dağılmağa məruz
qalmış, bəziləri isə, Əbülfəz
Elçibəy də daxil olmaqla, çox gec ailə qurmaq məcburiyyətində
qalmışlar. "Tarixin bütün
dövrlərində vətənin və millətin xoşbəxt
gələcəyi üçün mübarizə aparan
yenilikçilər az olublar. Həmişə
də onların fəaliyyəti nə hakimiyyətdəkilər,
nə də xoşbəxtliyi uğrunda mübarizə
apardığı toplum tərəfindən xoş
qarşılanıb..." - Belə olmasaydı, bu qədər
faciələrimiz, ziyalılarımızın kütləvi
şəkildə repressiyası baş tutardımı?
Bunca qırğınlara, bunca faciəli ölümlərə,
intihar və sui-qəsdlərə səbəb də elə
"ayrı cür düşünən" - aydın,
açıq fikirli insanlara qarşı elan olunmamış səlib
yürüşü deyilmi?
Əli Şamili təkcə Azərbaycan türklərinin
problemlərini araşdıran tədqiqatçı kimi təqdim
etmək fikrindən tamamilə uzağıq, çünki
yorulmaz araşdırmaçımız dünyanın
bütün nöqtələrində yaşayan
xırdalı-irili bütün türksoylu xalqların taleyinə
güzgü tutmaqla yanaşı, dünya ictmaiyyətinin nəzər-diqqətini
də problemlər içində çabalayan bu insanların
taleyinə yönəldir və problemlərin həllinə
çalışır. Hansı coğrafi ərazidə
yaşamasından, dinindən və dilindən asılı
olmayaraq türklük ideallarına sadiqlik nümayiş etdirən
hər bir insanın pozulmuş haqlarının müdafiəçisi
kimi bu ideallara xidmətdədir Əli Şamil. Onu çəkinmədən Türkün
Böyük Oğlu adlandırmaqdan özümü saxlaya
bilmirəm. Əli Şamilin Güney Azərbaycan
türklərinin, Kuzey Kıbrıs türklərinin, Colan
türkmanlarının, Uyğur türklərinin, Ahıska
türklərinin, Kumıkların, Qaqauzların, Krım
tatarlarının, Noqay türklərinin, Qaşqay türklərinin
folkloru, ədəbiyyatı, yaşam tərzi, üzləşdiyi
problemlər və faciəli taleləri barədə
araşdırma əsərləri oxucularda böyük maraq
doğurur. Tanınmış tədqiqatçı barədə
professor Ramiz Əskərin olduqca maraqlı, son dərəcə
səmimi fikirləri var. Yazı böyük olsa da, biz onun
yalnız bir hissəsini oxuculara təqdim etmək niyyətindəyik:
"...Əli Şamili 1972-ci ildən tanıyıram. Həmin
il mən Azərbaycan (indiki Bakı)
Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
olmuşdum. Bir-iki ay sonra fakültədə
oxuyan bütün tələbələri adbaad
tanıyırdım. Onların arasında Əlinin
xüsusi yeri vardı. Çünki o,
fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri
idi, buna görə ona "TEC Əli" deyirdilər. Mən elmi işlərə çox həvəs
göstərirdim. İkincisi, müəllimlər
də, tələbələr də Əliyə dərin
hörmət bəsləyirdilər. Nəhayət,
Əli mənim eloğlum idi. Bəri
başdan deyim ki, mənim jurnalist və sonralar alim kimi
yetişməyimdə onun müstəsna rolu var".
Bunların
ardınca Ramiz Əskər Əli Şamili ensiklopedik biliyə,
zəngin dünyagörüşünə, eyni zamanda,
bütün müsbət keyfiyyətlərə malik əsl
ziyalı, vətənpərvər, millətsevər şəxsiyyət
kimi bu cür xarakterizə edir: "Əli bizim heç vaxt
eşitmədiyimiz şəxslər və şeylər barədə
danışır, bəzi məsələlərə
gözümüzü açırdı. Misal
üçün, Əmin Abid adını mən ilk dəfə
ondan eşitmişdim. Zəki Vəlidi Toğan, Xalid Səid
Xocayev, Əhməd Baytursun, Numan Çələbi Cihan,
Abbasqulu ağa Şadlinski kimi şəxsiyyətlər
haqqında məlumatları, Solovki, QULAQ, repressiya ilə
bağlı bilgiləri də ondan almışdım.
"Gilqamış" dastanından tutmuş, Xəstə
Hasan, Aşıq Şenlik, Aşıq Veysəl, Qarani,
Sümmani, İslam Ərdənər, Aşıq İskəndər
Ağbabalıya qədər Azərbaycan aşıq
mühitində az tanınan sənətkarların, Məxdumqulu,
Bəkir Çobanzadə, Abdulla Tukay, Şahzadə Babiç
kimi şairlərin adı Əlinin dilindən
düşmürdü.
Əli ən yeni tarixin ən gözəl bilicisi idi. Arxivə getməyə
əsla ehtiyac yoxdu, sadəcə olaraq ona yaxınlaşıb
filan tarixi hadisə, filan bolşevik, filan komissar, filan
daşnak, filan ictimai-siyasi xadim barədə sual verib dolğun
cavab almaq mümkün idi. Bir sözlə, Əli
canlı, gəzən ensiklopediya idi..." (Ramiz
Əskər. Yaxın keçmişimizə Əli Şamil
baxışı. Əli Şamilin
"Biobiblioqrafik göstərici" kitabına
yazılmış Ön sözdən. Bakı,
2019).
Göründüyü
kimi, Əli Şamil heç vaxt elmi dərəcə
almağa çaba göstərməmiş, əksinə,
bütün mənalı ömrünü Türk
xalqlarının folklor və ədəbiyyatının, dəyərli
şəxsiyyətlərinin, eyni zamanda, problemli məsələlərinin
araşdırılıb üzə
çıxarılmasına sərf etmişdir. "Əli
Şamil. Biobiblioqrafik göstərici" adlı
sanballı kitab görkəmli tədqiqatçı-alim "Əli
Hüseyn oğlu Şamilovun həyat və fəaliyyətinin
əsas tarixlərini, əsərlərinin
biblioqrafiyasını - kitab, məqalə və məruzələrini,
həmçinin, onun haqqında yazılmış mənbələri
əks etdirir..." Qeyd etmək lazımdır
ki, həmin mənbə və məxəzlərin sayı mindən
artıqdır. Şübhəsiz, bu məxəzlərin
sayı getdikcə artacaq və Əli Şamil adlı yorulmaz
tədqiqatçının ömür və
yaradıcılıq yolunun ziyası hələ çox
qaranlıqlara işıq salacaq.
Qiymət
MƏHƏRRƏMLİ
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 16 oktyabr.-
S.23.