Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz  

 

XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB

 

 

Böyük ədibimiz, unudulmaz şəxsiyyət İsmayıl Şıxlı ilə tanışlığım abituriyent olduğum günlərdə gerçəkləşdi. Ötən əsrin ortalarında hər birimiz müxtəlif regionlardan yığışıb ali təhsil almaq sorağı ilə Bakıya toplaşmışdıq. Müəllim olmaq, ailə ənənələrini davam etdirmək idi məqsədimiz. İşlərimizi Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə vermişdik.

1955-ci ilin bürkülü bir avqust günündə ədəbiyyatdan yazılı imtahana girdik. Bizi - təxminən 140-150 nəfərdən ibarət böyük bir dəstəni geniş akt zalına toplamışdılar. Ucaboy, qara qıvrım saçlı, zahirən şən təmkinli görünən müəllim inşa mövzularını lövhəyə yazdı. Nisbətən yaşlı, ortaboy, sifətində uşaqlıq dövründən qalma "çopur" nişanələri olan ikinci müəllim partaların arası ilə gəzişir, ilk dəqiqələrdəncə işlərin gedişinə ciddi diqqət yetirirdi.

İki gün sonra şifahi imtahan başladı. Yenə həmin heyətdə müəllimlər bizim bilik bacarığımızı yoxlayacaqdılar, ancaq bu dəfə kiçik bir sinif otağında. Aradan "bir igidin ömrü" deyilən zaman kəsiyində vaxt keçsə , yaxşı yadımdadır, mənə M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" düşmüşdü. Şeirin yazılma tarixini, ideyasını izah etdim, bir parçanı əzbərdən dedim, sonra filosof sənətkarın Puşkin yaradıcılığına verdiyi yüksək qiymətdən söz açdım, onu digər söz ustalarından üstün tutan keyfiyyətlərin izahına keçdim sonda rus şeirinin günəşinə qəsd edən rəzil xainlərə müəllifin nifrətini ortaya qoydum, M.F.Axundovun bu vaxtsız ölümə təəssüfünü yada saldım: Ağsaçlı Qafqaz Səbuhi şeiri ilə sənə yas saxlayır.

Cavabıma heç bir müdaxilə olmadı, sual da vermədilər. Bu yerə çatanda "yaşlı həmkar" mənə: - Cümlə təhlilinə keç, - deyə, - işarə vurdu. Mətni lövhəyə yazdım, onu oxudum, sonra da işə başladım. Aşağı siniflərdə oxuyarkən (5-7-ci siniflərdə) mərhum Kərim müəllim təhlilin ən optimal, ən yaxşı variantını öyrətmişdi bizə. İndi məqam idi, bildiyimi ortaya qoymalı idim. Cümlənin hər bir üzvü, onların ifadə vasitələri digər qrammatik kateqoriyaların izahını verdim. Yenə müəllimlər cavabıma müdaxilə etmirdilər. Bu dəmdə ucaboy əyilib həmkarının qulağına nəsə pıçıldadı. Cavabı eşitdim: "Mən razı". Söz ağzından çıxan kimi o da götürüb vərəqəmə üç "əla" yazdı: (yazıdan, şifahi ümumi qiymət). İmtahan vərəqini mənə təqdim etməzdən əvvəl gözüm stolun üstündəki inşama sataşdı. Heç bir qeyd yox idi. Yalnız bir faiz (%) işarəsi qoyulmuşdu. Bu o demək idi ki, inşada səhvlərə rast gəlinməyib. Müəllim bir göz qırpımında inşamı da qiymətləndirdi: "Əla!"

Sevincimin həddi-hüdudu yox idi, uçmağa qanad axtarırdım. İlk sınaqdan uğurla çıxmış, "ixtisasdan" ən yüksək bal toplamışdım. Burada öyrəndim ki, o ucaboy yazıçı İsmayıl Şıxlıdır. O biri Abasqulu Məhərrəmov. Dərhal yadıma düşdü - məktəb kitabxanasından İsmayıl müəllimin "Kerç sularında" kitabını götürüb oxumuşdum...

Bütün bu deyilənləri yada salmaqda məqsədim kimisə (özümü) tərif etmək deyil, bundan çox-çox uzağam. Bu detallarla imtahan götürənlərin özünü, şəxsiyyətini, qabiliyyətini, pedaqoji taktını, abituriyenti dindirmək, biliyini yoxlamaq bacarığını demək istəyərdim. Müəllimlər bu 5-10 dəqiqə ərzində bir dəfə olsun sözümü kəsmədilər, çaşdırıcı sual vermədilər, əksinə, mən danışdıqca onların gülümsər çöhrəsində nəsə bir "təsdiqedici" işarə görürdüm...

Bu uğurlu başlanğıc axıradək davam etdi, hər şey qarşılıqlı anlaşma şəraitində sona çatdı, yüksək balla (üç "əla", üç "yaxşı") tələbələr sırasına düşdüm, təqaüd alası oldum. Həm oxuduğum 5 il ərzində həmişə bu yüksək "statusu" saxladım.

Beləliklə, bu ciddi sınaqdan 50 nəfərlik dəstə uğurla keçib tələbələr sırasını tamamladıq. Bu gənclərə bəzi hallarda yarıciddi-yarızarafat "İsmayıl Şıxlı seçimi" deyərdilər.

Hər dəfə olub keçənlərə xəyalən qayıdanda, bu illəri yada salanda hər birimizin ürəyindən bir təskinlik keçir, xoş duyğularla qarşılaşırıq istər-istəməz belə bir fikir ifadə edəsi oluruq: Bizimki gətirmişdi! Elə ilk imtahandan başlamış sonrakı hadisələr bunun təsdiqi kimi öz əks-sədasını daima tapırdı.

Tale, qismət elə gətirdi ki, ilk əvvəldən ən savadlı, qabiliyətli, geniş dünyagörüşünə malik, hər sahədə təmiz müəllimlər ordusu ilə qarşılaşdıq. İsmayıl Şıxlı da daxil olmaqla tanınmış professorlar, dosentlər bizi əhatəyə almışdılar, onların hər gəlişi, hər dərsi böyük maraq oyadırdı qəlbimizdə. Orta məktəbdən sonra sanki biz əfsanəvi bir mühitə düşmüşdük. Mikayıl Rəfili, Əbdüləzəl Dəmirçizadə, Əhməd Kərədu Zəkizadə, Əkrəm Cəfər, Şıxəli Qurbanov, Həmid Əliyev, Şükür Sadıqov, Sədi Əfəndiyev, Mirzağa Əbdül Axundov qardaşları, Abasqulu Məhərrəmov, Azər Hüseynov, Paşa Əfəndiyev, Böyükxanım Rəhimova, Nəsib Əlizadə, Kamal Qəhrəmanov... hər birimizə dərin bilik, geniş dünyagörüşü aşılamaq üçün səy bacarıq əsirgəmirdilər.

Bu elmi potensial içərisində İsmayıl Qəhrəman oğlunun öz yeri, öz dəsti-xətti var idi. İsmayıl Şıxlı hər şeydən əvvəl müəllim idi, tanınmış pedaqoq kimi parlamış, ad-san qazanmışdı kollektivdə. Bu cəhət ədibin anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamında da xüsusi vurğu ilə qeyd edilir.

Böyük yazıçı, ictimai xadim ömrü boyu mühüm vəzifələrdə işləsə də, həmişə məktəbə, pedaqoji işə, gəncliyə yaxın olmuş, tələbələrin təlim-tərbiyəsi ilə daim maraqlanmışdır. Hələ 50-ci illərdə o, APİ-də müəllim işləyərkən institutun tarix-filologiya və digər fakültələrində təhsil alan, bədii yaradıcılığa meyl göstərən tələbələri bir dərnəkdə birləşdirmiş, onlarla müntəzəm məşğul olmuşdur. Gəncliyin ortaya qoyduğu bədii nümunələr dərnəkdə oxunub müzakirə edilər, yaxşı-yaman cəhətləri ortaya qoyular, günün tələbləri ilə səsləşən şeir, hekayə, oçerk, satirik nümunələr dövri mətbuatda çap olunmağa məsləhət görülərdi. Yusif Həsənbəy, İlyas Tapdıq, Məstan Əliyev, Tofiq Bayrambir çoxları dərnək rəhbərinin böyüklüyünü, qayğıkeşliyini, obyektivliyini həmişə yüksək qiymətləndirmişlər. Ədibin öz seçimi kimi təqdim etdiyi tələbələr arasında da bədii yaradıcılığa meyl göstərənlər çox olub. Pedaqoji elmlər doktoru Əjdər Ağayev, onun kurs yoldaşlarından Əhədulla Qənbərov, Nəriman Ağasiyev, İlyas İbrahimov, Sabir Süleymanov və başqaları sonralar respublika səviyyəsində yaxşı şair, yazıçı kimi tanındılar, kitabları çıxdı.

Yeriykən deyim, 1957-ci ilin payızında xəbər yayıldı ki, böyük türk şairi Nazim Hikmət Bakıya gələcək. Dərnəyin üzvləri kafedra müdiri Mikayıl Rəfili və dosent İsmayıl Şıxlının yaxından rəhbərliyi və köməkliyi ilə mühüm hadisəyə ciddi hazırlıq gördülər. Mikayıl Rəfili gənc ədəbi qüvvələrlə görüşüb onların hər birinə mühüm tapşırıq vermiş, yaxın dostu Nazim Hikmətin adına, şəxsiyyətinə layiq yaxşı nümunələr hazırlamağı tapşırmışdı. Belə də oldu. APİ-nin geniş akt zalında görüş baş tutdu. Mikayıl Rəfili Nazim Hikmətlə qol-qola tutmuş halda səhnəyə çıxanda uzun sürən, gurultulu alqışlarla qarşılandılar. Ədəbi qüvvələr türk xalqının böyük oğluna həsr olunmuş bədii parçaları səsləndirdilər. Nazim bu görüşdən son dərəcə məmnun qalmışdı. Xatırlayıram: Tofiq Bayram "Məhmət" şeirini oxudu,

Nazim dərin xəyaldan ayrılıb onu bağrına basdı. Göz yaşlarını saxlaya bilmədi. Əjdər Ağayevin şeirimaraqla qarşılandı...

Nazim Hikmətlə gəncliyin ikinci görüşü də xatirəyə çevrilib. Səhv etmirəmsə, 1958-ci ilin mayında Nazim yenidən Bakıya təşrif gətirdi. O, qayğılı, qismən də kədərli göründü. Dostu M.Rəfili bir qədər əvvəl dünyasını dəyişmişdi. Nazim də "Nəslimin yarpaq tökümü başladı" şeiri ilə bu acı xəbərə cavab vermişdi. Növbəti görüşdə Nazim M.Əzizbəyov adına dram teatrının səhnəsində Azərbaycan yazıçılarının əhatəsində bir qızıl gül buketi kimi səhnəyə çıxdı. Gurultulu alqışlar qopdu. İki dəfə Nazim söz demək istədi, alqış sədaları mane oldu. Üçüncü təşəbbüsdə imkan yaratdıq. Nazim qiymətli fikir söyləyib ürəyini boşaltdı: "Həkim bana buyurmuş: çox şadlıq duyma, yürəgin partlar, amma bən bu gün çox şadlıq duydum, yürəgim partlamaz, siz bənim içimdəsiniz", - dedi. Nazimin ana dilində oxuduğu poeziya nümunələri 2-3 qat poetik vüsət kəsb edir, çox orijinal səslənirdi... Sonda Nazim Hikmətin "Qəribə adam" pyesi oynanıldı.

Göründüyü kimi, İsmayıl Şıxlı gəncliyin yaxın dostu idi. Tələbələrinin həmişə yetkin, bitkin, savadlı ziyalı kimi yetişmələrini istəyərdi, özü də canı-dildən bu qiymətli fikirə tərəfdar çıxardı. İlk mühazirə maraqla qarşılandı, çoxumuz isə ayrı bir mənzərə gözləyirdik. Müəllim tələbələr sırasına keçməyimiz münasibətilə bizi təbrik etdibalaca bir izahat da verdi: - Siz, balalar, dil-ədəbiyyat fakültəsini seçibsiniz. Dünya yazıçılarına, onların yaradıcılığına bələd olmalısınız. Bu, hər bir ziyalının borcudur. Mən isə hələlik daha çox xarici ölkələr ədəbiyyatından, yunan, italyan nümunələrinə diqqət yetirəcək, proqram əsasında fransız, ingilis, alman... ədiblərini öyrənəcəyik. Ancaq sizə indi 8-10 yazıçının əsərini tapşırıram. Onları hər biriniz oxuyub başa çatdırmalısınız. İmtahan vaxtı da bu cəhətlər diqqət mərkəzində olacaqdır...

İsmayıl Şıxlı sözün həqiqi mənasında gözəl müəllim, nümunəvi pedaqoq idi. Bunu ilk günlər eşitdik, sonralar isə oxuyub gördük və əmin olduq. O, konspektsiz dərs keçərdi. Bir dəfə də olsun mühazirə vaxtı dəftərçəsinə nəzər salmazdı, fənnini əla bilirdi. Onun hər bir məşğələsi orijinal və yaradıcı səslənirdi. Mühazirənin ikinci 45 dəqiqəsinin sonuna yaxın, 5-10 dəqiqə qalmış müəllim söhbətini dayandırardı. Mövzuya dair sual, başa düşülməyən yerlər olduğunu soruşardı. Sual-cavab bitəndən sonra ədəbi-bədii prosesə keçər, rast gəlinən yeni söz, ifadə, məfhumun şərhinə başlayardı. Bir dəfə söhbət əsnasında "yoldaşlıq şarjı" ifadəsi gündəliyə gəldi. Müəllim "birləşməni" işə cəlb etdi. Hərəmiz bir cür izah etdik, ancaq bu söhbətdə tam aydınlıq yaranmadığını görüb özü əlavə məlumat verdi və hər şey bizim üçün tam aydın oldu.

(Ardı var)

 

 

Əsgər ƏSGƏROV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.22.