Süveydaya məktublar
Kitabdan
parçalar
1-ci məktub
Qəsrimin adı hüzn, ünvanısa tənhalıq.
Əl ayaq çəkilmiş küçələrdən. Beynimə
hücum edən fikirlərin yaratdığı harmoniya məni
xatirələr dənizinə atılmağa məcbur etsə
də, peşmanlıqla dolu keçmişimdən
qaçmağa çalışıram.
Bədəlini daha əvvəl ödədiyim xatirələr
məni rahat buraxmır. Bu aləmdə, tərəddüdlərdən
xilas olmağın yeganə yolu ölüm yuxusuna
dalmaqdırmı?
Hansı meridiana qaçmalı, hansı paralelə getməliyəm
görəsən? Bir sərgüzəştin astanasında olduğumu hiss
etmək belə, könlümə həyəcan verir. Sevgini ancaq kitablardan oxumuş beynim ürəyimlə
çarəsiz bir mübarizədədir.
Bu mənfi ruh halımın gələcəkdə
yaşayacağım matəmin müjdəçisi olduğu
bəllidir.
Lirizmi arzulayan qəlbim realist düşünməyə mane ola bilərmi?
Mifologiyada oxuduğum gözəllərdən biri kimi
gözümə görünməyin, taleyin oyunudurmu? Bu qədər ili tənha yaşadığım hüzn qəsrimə
səni apara bilərəmmi?
Yazdığım şeirlərdə gözlədiyim
gözəl, yoxsa sən deyilsən? Görəsən, tənhalıq
cəhənnəminin atəşinə vərdiş etmiş
mən, verəcəyin odun istisində əriməkdənmi
qorxuram?
Dünən gecə yatmadan əvvəl, "artıq həqiqi
eşqi tərənnüm etmək istəyirəm" - deyə
dua etdim, bir gün sonra qəbul edildimi bu duam?
Kəramət dedikləri təvəkküllə bu qədərmi
dostdur? İlk görüşdə eşq,
inanmadığım bir sərxoşluqda; indi məndə
yaranan bu hal bəlkə bir imtahandır? Onda
ruhumu titrədəcək, qüvvətli dərəcədə
hiss etdiyim sirlərin sirri eşqdirmi?
Görəsən, mübaliğəmi edirəm? Böhranlar
yaşamağa alışmış olan mən, rindlərəmi
bənzəyirəm?
Qaranlıq gecəmi işıqlandıracaq, silinməyən
dərdlərimə məlhəm olacaq bir qəhrəmanmı
yaradıram? Yoxsa rasionalizimdən sıxılıb
özümü romantizmin qucağına atıram?
Mübarizədən qaçmaq olmaz. Qorxaqlıq
cahillərə və özünə güvəni olmayanlara
aid bir xüsusiyyətdir.
Axtarmaq və tapmaq; sevgidə yox olmaq, əslinə
baş vurmaqdır. Qaranlığı məğlub edən
işığın üstün gələn halıdır.
Vurğun olan bir qəlbi qorxudacaq tək şey
hicran adlanan ölkədə həbs edilməkdir.
Elə isə, sükuta həbs olmuş mənliyimin zəncirini
ancaq vüslət küləkləri qıra bilər. Bu səbəbdən
də axtarışım ancaq ruh yoldaşımı tapanda
sona yetə bilər.
Ahəngimi
pozan və gözəlliyi qarşısında məni titrədən
gözəl, səndən qorxmuram...
2-ci məktub
Məntiqimi itirdim, ruhumsa əzab çəkir.
Azan səsinin hissiyatıma rahatlıq verməsi, günəş
doğmağa hazırlaşdığı bu vaxtda
yaddaşımın yuxuya getməsinəmi bərabərdir?
Həyəcanlar insanı yorur. Fikirlərimin rəqsində
narahatlıq varsa, çiləxanamı əhatə edən
divarlar dağılmağamı başladı demək?
Yalvarışlarımı heç kəs eşitmir. Ağlımın
ziyana düşdüyünü dəqiq bilirəm. Ey xəttatlar, hardasınız? Könül
iqlimimin açdığı çiçəklər əvvəllər
görmədiyiniz gözəllikdədir.
Kahinlərə inanmıram, amma addım-addım o
şux gözəlin eşq malikanəsinə doğru yol
alıram.
Xilqətimin eşqlə necə yoğrulduğunu
xatırladacaq qədər güclü burulğanın
içindəyəm.
Hər nəfəs aldığımda taledən
qaça bilməyəcəyimi anlayıram. Şeirlərimi
belə, bədahətən yazmaqdan çəkinərkən,
eşq iqamətgahımı dəyişdirmək üzrəyəm.
Lüğətlər sənin mənanı
açıqlaya bilməz, eşq. Hansı hekayə,
hansı qavrama sənin sərhədlərini çəkə
bilər?
Şərqdən qərbə qədər hər bir məkanı
hökmün altına aldığında, fələyin sənə
kömək etməyi məni heyrətə salsa da, illər
boyu könülləri əsir etmiş sehrinə məftun
olmamaq mümkündürmü?
Bir itaətkarlıq halı var məndə artıq.
Heyhat!
Könlümü əhatə edən möhkəm qala
divarları dağılmaq üzrədir. Ziyansa ziyan! İstədiyim
sənsən, gəl artıq. Qurtuluşa
gedən yol sənin qapındadır. Adını
da bilmirəm, amma bir ümman qədər dərin gözlərin
və alovlardan da qırmızı dodaqların ağlımdan
çıxmır.
Xəyalın məntiqimi arxa plana atacaq qədər
ürəyimə işləyib. Verdiyin bu iztirabdan
şikayətçi deyiləm. Bilirəm
ki, zəhmətin əvəzi çəkilən əziyyətə
bərabərdir. İstədiyim tək
şey səninlə danışmaq və məhəbbət
şərbətindən doya-doya içməkdir.
Ruhum tüğyan etmiş və bütün
doğrularımı yıxmaq üzrədir.
Məndəki bütün qaydaları dəyişdirən
gözəl, müs-təsnaları naməlum bir sona gətirən
məşuq, əzəmətin qarşısında acizəm. Fələyin mənə
oynadığı bu oyunda məni incitmə, insafına
qalmışam, mənə arxa çevirmə...
Məntiqimi itirdim, ruhumsa əzab çəkir.
3-cü məktub
Artıq məskənimdə gözlənilən biganə
var.
Söyləsənə,
Aristotel, sən heç aşiq oldunmu?
Bəşəriyyətə dair ifadələrində bəsirətinin
mərkəzinə məhək daşı olaraq eşqi,
könülü və fəryadları qoydunmu? Sonunun dərd
olacağını bilə-bilə hər an aşiqinə
qaçdınmı?
Ya sən Fərabi?
Əlinin tərsiylə hər şeyi bir tərəfə
itələyib, sevdi-yinlə xəlvətə çəkildinmi? Dənizin
dibindəki mərcanları gün işığına
çıxarıb eyni gözəllikdə onları seyr
etdinmi?
Eşqin sirrini görmək üçün aşiq
olmağınıza ehtiyac yoxdur. Mənə baxmanız
yetər, o zaman anlarsınız eşqin bir adamı nə
hallara saldığını.
Arzularıma sərhəd qoya bilmirəm. Onsuz
mehtabı seyr etmək belə, mənə acı verir.
Hər görünüşüylə
könlümü xoş edən təbiət, sanki
üstünə bir örtük keçirib. Tanış
olduğum hər şey mənə yadlaşdı.
Keçmişdə olsa boş ver deyərdim, amma
artıq məndə sanki nələrsə dəyişdi. Əvvəllər
"sevgili" dediklərinin aşiqi bu qədər çarəsiz
buraxa biləcəyini söyləsəydilər inanmazdım.
İndi anlayıram ki, aşiq olmadan əvvəl
sahib olduqlarım əslində dəyərsizmiş.
Artıq səma mavi deyil, yuxularım narahatdır.
Adamın sahilində hazır dayanmış
qayığıma minib, ay işığının sehriyle
şeir yazmaq içimdən gəlmir.
Sən, asudə ölkəmin bənzərsiz
çiçəyi, hardasan? Hansı əttara getsəm,
səni soruşuram. Hansı çiçəyi
qoxlasam, səni soruram. Səndən mənə
sirayət edən bu qoxunu nə etsəm də, çıxara
bilmirəm.
Üzünü görmək üçün dəli
oluram, səsini eşitmək üçün
çırpınıram. Söylə Allah eşqinə! Sən mənim nəyimsən? Sənə
yarım deyə bilərəmmi?
Artıq anlayıram ki, məskənimdə onu sevdiyimi
bilməyən bir biganə var. Xəyallarımda
böyütdüyüm, əsrarına mübtəla
olduğum bu ahunu bir daha görmək nəsib olacaqmı?
Ey yuxusuz gecələrimin sübh çağı, mənə
yol göstər.
Dərd ortağım rüzgar, könlümün
eşq dolu nəğmələrini sevdiyimə apar.
4-cü məktub
Dilimdə köhnə eşqlər, fikrimdə sən
varsan.
Zaman adlanan məfhumun mənası, yaşanılan
anın gözəlliyi ilə dəyər qazanır. Sən
könlümə düşdüyün andan, dilimdə daima
köhnə sevgilər var.
Ətrafımdakıların bu fərqli ruh halını
görməməsi üçün kor olmaları
lazımdır. Bu gün yeni bir şeirə
baş-lamışam. İlk misrası belədir: "Sən
nələrə qadirsən, eşq".
Yazmağa başladığım şeiri, biliyinə və
hissinə güvəndiyim bir dostuma oxudum.
Şeir
üzərində işləməyimi məsləhət
görən dostum, "bu şeiri bitirə bilsən,
yaradıcılığın ən gözəl nümunələrindən
biri ola bilər" deyərkən,
şeirdə təzahür edən misraların səbəbkarını
qısqanırdı elə bil.
O an belə başa düşdüm ki, şeirlərimlə
yaddaşlarda yer almaq istəyərkən, fərqində
olmadan sənin məhəbbətinin əsiri olmuşam. Sən mənim sadəcə yaddaşımın
deyil, bütün qəlbimin hakimi olmusan.
Fikrimə gətirdiyim an, bədənim
üşüyür və özümü eşq
şüalarının ortasında tapıram. "Hər
möhnət qəbulumdur, yetər ki, sən yanımda ol"
- deməyim gəlir.
Özümü
eşqin qarşısında biçarə hiss etməyə
başladığımdan bəri, düşüncələrimi
və bu dünyaya dair bütün mülahizələrimi bir
tərəfə qoydum. Sevgimin, sədaqətimlə
güclənəcəyinin fərqindəyəm.
Səndən öncə, bülbül də, Məcnun
da, mənim üçün tam bir həqiqəti bilib gizlədənlər
kimidir. "Ətəklərimdəki bir topa
gümüş yarpağın" fərqində deyildim.
Əhvalımı, xasiyyətimi və fərasətimi dəyişdirən
gözəl, sən daha əvvəllər hardaydın?
"Məndə, Məcnundan füzun aşiqlik
istedadı var" deyən Füzuli, demə, nə qədər
haqlıymış.
Qəflətən həyatıma gəlişinlə və məni şərab kimi sərxoş etməyinlə, məndəki ən məhrəm hisləri aşkara çıxarmağınla, sənə hicrət etdiyimin fərqində deyilsənmi?
Sənin məhəbbətin qarşısında bütöv qalacaq və yorğun düşməyəcək kimsə varmı? Bunu bil ki, Məcnun sözünün mənasını indi daha yaxşı anlayıram.
Fərhadın dağları yarması artıq mənim üçün bir şişirtmə deyil. "Tarixə qarışdı köhnə sevgilər" deyən şair yanılmış və "Adını mismar kimi ağlımda tuturam" deyən şair haqlıymış.
Eşqimi və "məlalımı anlamayanlar" - məni anlamalı; səni dinləyirəm gözəl, "gözlərim qapalı... "
5-ci məktub
Günəş hər gün çıxır, mənasını bilən yox.
Harun zəngindi, amma xoşbəxtdirmi?
Maddiyyata aid dəyərlər nəfsə xoş gəlsə də, əsl zənginlik aşiqlərə məxsusmuş.
Sinəsində sevgi duyan bir qəlbə maddi zövqlər mənasız görünər. Eşqin təsiriylə, aşiqin gözü sevgili tərəfindən kor edilmiş və aşiq ondan başqa hər şeyə lal olmuşdur.
Elə məndəki hal budur, sevgili. Səadətim
də sənsən, yaşama səbəbim də.
Bu səhər, badi-səbayla dərdləşdik, səni
dinlədim ondan. İç dünyamda çətinliklərdən
xilas olmağım üçün səninlə
danışmağımı məsləhət gördü.
Hanı məndə o cəsarət.
Səni gördüyüm an, ağlım başımdan
gedir və özümü unuduram. Ah-nalə etməyimdən
xəbərsiz olsan da, könlümdəki sədalar sənə
çatır, bilirəm.
Zamanı gəlincə, sənə sevgimi
açıqlayacağam, amma hələlik eşq, məndə
kamala çatmaq üçün böyüməyi gözləyən
bir fidan kimidir.
Sədaqətimin
qarşılığını alacağıma inamım
bütövdür.
Ey
günahlar ölkəsinin ən gözəl ceyranı!
Üstündə ilahi bir nur daşıyan dilbər,
eşqinlə qat-maqarışıq olmuş ruhum işıq
istəyir.
Bir dəfə üzümə gülsən, kiçik
bir busə göstərsən, zülfündən yayılan ətrini
qoxlaya bilsəm, gecələrim işıqlanar və ürəyim
bir fədai qətiyyəti ilə çarpmağa başlar.
Təmkinli bir ədayla işığını gözləyirəm.
Simurq quşunu görən varmı? Rənginin
gözəlliyini haradan almış bilən varmı? Konkret kimi görünənlər əslində
mücərrəddirmi? Həyat bir
yuxudursa, sən də yuxumdakı pərisənmi?
İcazə versən əgər, əllərindən
tutmaq və gözlərinin dərinliklərində qeyb olmaq
istəyirəm. Söylə mənə, sən həqiqətsənmi,
ya xəyalsanmı?
Zamanı dayandırmaq imkanı yoxdur, amma aləmdəki
bütün saatları qırsam və dörd fəslin
adını sən qoysam, zamanı dayandıra bilərəmmi?
Hər halda cavab, hər gün doğan günəşdə
gizlidir.
Bu müəmmanı anlaya bilsəm,
ruhumdakı zülmət işığa boyanacaq və
bütün dünyama hakim olacaq.
Mehmet Nuri
PARMAKSIZ
525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.21.