"Azərbaycan ədəbiyyatının
təbliği üçün daha çox
çalışmalıyıq"
"Zəif tərcümələr
Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında
yanlış rəy yaradır"
Artıq uzun illərdir ki, İmdat Avşar adı Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin inkişafında bir
körpü mövqeyindədir.
Əminliklə deyə bilərik ki, onu hər iki ölkədə
eyni dərəcədə rəğbətlə qəbul edir və
sevirlər. Elə o özü də hər iki ölkəni
düşüncəsində, fəaliyyətində birləşdirməyi,
bütünləşdirməyi bacarıb.
Türkiyəli
yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının
fəal dostu İmdat Avşar bu dəfə də könül
süfrəsindəkiləri bizimlə bölüşdü:
- İmdat bəy, Azərbaycana xoş gəlmisiniz. Bu gəlişiniz
də yaradıcılıqla bağlıdır?
- Əlbəttə. Mənim buraya hər gəlişim ədəbi
yaradıcılıqla bağlı olur. 2007-ci ildən bu yana Azərbaycana hər səfərim ya Azərbaycan
ədəbiyyatından bir kitabın tərcüməsi, ya
Türkiyə ədəbiyyatından bir nümunənin burada
yayınlanması, ya da buralı ədiblərin Türkiyədə
çıxmış əsərlərinin təqdimatıyla
bağlıdır. Budəfəki səfərimizin
ilk səbəbi akademik, böyük elm adamı İsa Həbibbəylinin
yubileyi ilə əlaqədardır. Elə
sizin qəzetiniz vasitəsilə də İsa müəllimi
Türk Ədəbiyyatı Vəqfi olaraq bu münasibətlə
təbrik edirik. Bildiyiniz kimi, mən
Türk Ədəbiyyatı Vəqfində işləyirəm.
Vəqfin 47 ildən bəri çap olunan
"Türk ədəbiyyatı" jurnalının bu ay
552-ci sayı çıxdı. Jurnalın
İsa Həbibbəyliyə həsr olunmuş bu sayında onun
elmi, ictimai fəaliyyəti, yaradıcılığı ilə
bağlı məqalələr dərc edildi. Həmin dərgini İsa bəyə təqdim etmək
üçün gəldik. Ondan başqa,
Türk Ədəbiyyatı Vəqfinin müdiri, şair,
publisist Özcan Ünlünün şeirlər kitabı
hörmətli Rəşad Məcidin vasitəçiliyilə
Azərbaycan türkcəsinə tərcümə edilib.
"Günəbaxan" adlı həmin
kitabdakı şeirləri Azərbaycanın gənc şair-tərcüməçiləri
çevirdilər. Kitab Sumqayıt poeziya
evində təqdim olundu. Bir səbəb də
budur.
- Türk
Ədəbiyyatı Vəqfi olaraq hazırda fəaliyyətiniz
hansı istiqamətdə davam etməkdədir?
- Bu Vəqf
Türkiyənin ən köklü quruluşlarından biridir.
Vəqfin qurucuları Türk ədəbiyyatının
öndə gələn isimləridir. Qurucusu
Əhməd Kabaklının 5 cildlik "Türk Ədəbiyyatı
Tarixi" əsəri hələ də universitetlərdə
dərslik kimi istifadə olunur. Vəqfin həm
ictimai-siyasi, həm də ədəbi yöndən
böyük xidmətləri var. Məsələn, vəqfin
çərşənbə və şənbə günlərində
ənənəvi söhbətləri keçirilir. Burada Türkiyənin böyük ədəbiyyatşünasları,
yazarları 47 ildir ki, oxucularla görüşür, konfranslar
keçirir, əsərlərini təqdim edirlər. "Türk ədəbiyyatı" jurnalı da
çox köklü, önəmli ədəbi orqandır.
Türk ədəbiyyatıyla bağlı əsərlər
yayımlanır. Son zamanlarda mənim də
iştirakımla jurnalı Türk dünyasına
açdıq. Tez-tez jurnalın xüsusi
saylarını buraxırıq. Azərbaycana
aid xüsusi sayı oldu. Gələcəkdə Özbəkistan,
Şimali Kipr saylarını hazırlayacağıq. Eyni zamanda, Türk ədəbiyyatının önəmli
yazarlarıyla bağlı saylarımız da olur. Məsələn, Anarın 80 illiyi, Çingiz
Aytmatov və başqalarına xüsusi saylar həsr edilib.
Vəqfin "Türk ədəbiyyatı",
"Turay" və ayrıca uşaqlar üçün
olmaqla, üç nəşr evi var. Birinci Türkiyə ədəbiyyatının
klassik əsərləri, "Turay" ("Turan
Yayınları") Türk dünyasının
tanınmış şair və yazarlarının
kitabları, uşaqlar üçün yayın evi isə
nağıl silsilələri, uşaq ədəbiyyatına
aid nümunələr çap edir. Məsələn,
orada "Dədə Qorqud" hekayələrini,
nağılları cizgi-roman kimi çap elədik. Burada 1-4-cü sinif aralığında uşaqlar
üçün nəşrlər yayımlanır. Eləcə də "Gənc ədəbiyyat"
deyə bir veb-dərgimiz var, ayda bir dəfə gənc nəslin
əsərlərini verirlər. Hazırda
o dərginin internetdə 50 minə yaxın izləyicisi var.
- Siz əslində,
yazıçısınız. Amma belə
görürük ki, tərcümə və Türk ədəbiyyatının
təbliğiylə bağlı fəaliyyətiniz
yazıçılığınızı bir qədər
üstələyib.
-
Yaralı yerimə toxundunuz. Həqiqətən,
mütəvazilikdən uzaqlaşmaq kimi çıxmasın, mən
özümü Türk dünyasına, Türk ədəbiyyatına
həsr etmiş bir yazıçıyam. Müşahidəniz
çox doğrudur. Son illərdə o qədər
çox tərcümə kitabı çap elədim, fərqli
qurumlarla müxtəlif layihələr həyata keçirdim
ki, yazıçılığım kölgədə
qaldı. Bu günə qədər
yayımlanmış üç kitabım, bir antologiyam var.
Amma 120-dən çox tərcümə kitabım var. Əksəriyyəti
Azərbaycan ədəbiyyatı olmaqla, türkmən, özbək
və həmkarlarımla birgə qazax, qırğız, tatar ədəbiyyatından
tərcümələrimiz oldu. Bu kitablardan
başqa, jurnal, qəzet və saytlar üçün yüzlərlə
şeir, hekayə də çevirdim. Belə
olanda da özümün ədəbi
yaradıcılığıma vaxt ayıra bilmədim. Bunda özümü də günahlandırıram.
Tərcüməni kənara qoyub, əsərlərimi
yazmağın vaxtının gəldiyini
düşünürəm. Bir tərcüməçi
kimi yox, Türk dünyasının ciddi bir
yazıçısı kimi də özümü təqdim
etməliyəm. Əslində, ciddi əsərlər
vermişəm bu ədəbiyyata. Son
dövrlər Türkiyə ədəbiyyatında yaşayan
ciddi hekayəçilərdən biri kimi də məşhurlaşdım.
Amma 6-7 ildən bəri, yeni kitabım
çıxmayıb. Ona görə bəzən
oxucularım da şikayətlənirlər ki, tərcüməni
buraxın, öz ədəbi
yaradıcılığınıza qayıdın. Bu il əsərlərimi yazmağa cəhd edirdim
ki, qazax ədəbiyyatının böyük yazarı
Abayın 150 illik yubileyi münasibətiylə Qazaxıstan
dövləti bizə bir layihə gətirdi. Hazırda
onun həm şeirlərindən, həm hekayələrindən
ibarət kitab hazırlayırıq. Bu da
çox çətin bir işdir. Şeirlərini
bir akademik dostumla çeviririk. Bir faktı da deyim ki,
avqust ayından bu yana Azərbaycan ədəbiyyatından
dörd kitab tərcümə eləmişəm: Hidayət
Orucovun "Burdan bir atlı keçdi", Qənirə
Paşayevanın "Türkülər", Rəşad Məcidin
"Qələmsiz yazılanlar", Pərvinin "Qadın
olmaq". Toplayanda təxminən 1500 səhifəlik
kitab edir. Zarafatyana deyirəm ki, mənim
yaradıcılığımı əngəlləyən Azərbaycan
ədəbiyyatıdır (gülürük).
- Amma mən
deyərdim, Azərbaycan ədəbiyyatı yox, ona olan
sevginizdir.
- Bu da ola
bilər. Doğru deyirsiniz. Azərbaycan
ədəbiyyatını həqiqətən çox sevirəm.
Hətta bəzən sosial mediada gənc bir
yazarın şeirini görürəm, oxuyuram, xoşuma gəlir,
tez türkcəyə çevirib yayımlayıram. Belə işlərim də var (gülür). Doğrudan da sevgi ayrı şeydir. Mən bu ədəbiyyatın
klassiklərindən başlamış son dövr ədiblərinə
qədər az qala hamısını
oxumuşam. Rəşad Məcid deyir ki, İmdat
Avşarın diqqətindən kənarda qalan çox az Azərbaycan yazarı var. Doğru
müşahidədir, başdan-ayağa oxumuşam, əlimdən
gələn qədər tərcümələrinə də
çalışmışam.
- Sizin
çevirdiyiniz əsərlər arasında Qarabağ hekayələri
də var. Hətta vaxtilə bunu Türkiyədə antologiya
şəklində çap etdirmişdiniz. Kənardan
baxdıqda necə görürsünüz, sizcə, bu
mövzu Azərbaycan ədəbiyyatında nə dərəcədə
işlənir?
- Dediyiniz
kimi, "Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri"
adlı antologiya hazırlamışdım. Orada 40-a yaxın
yazarın hekayəsi var. Ermənistanla Türkiyə
arasındakı 24 aprel 1915-ci il hadisəsini
ermənilər yalan olaraq türklərin onlara qarşı
soyqırımı kimi dilləndirirlər. 2015-ci
ildə həmin hadisələrin 100 illiyi ərəfəsində
ermənilər müxtəlif böyük layihələr həyata
keçirirdilər, bütün dünyada türklərin
onlara soyqırım yaşatdığıyla bağlı
sosial, ictimai, mədəni, siyasi fəaliyyətlərə
başlamışdılar. Mən də
2014-cü ildə 100 illiyin hazırlıqlarına
qarşılıq olaraq ilk dəfə Xalq
yazıçısı Anara belə bir niyyətim olduğunu
demişdim. O da məni cəsarətləndirdi. Beləcə, ermənilərin türklərə, azərbaycanlılara
tarix boyunca yaşatdıqları zülmlərlə
bağlı bir araşdırma etdim. Azərbaycan
ədəbiyyatında Qarabağla bağlı çox gözəl
bədii əsərlər ortaya çıxdı. Onları Türkiyə türkcəsinə
çevirib layihə olaraq təqdim etdim. Çox
təəssüf ki, layihəyə dəstək verən
çıxmadı. Ancaq Qənirə
xanım Paşayeva nəşrin çapına və təqdimatına
dəstək oldu. Universitetlərdə ermənilərin
azərbaycanlılara zülmləriylə bağlı paralel
konfranslar keçirərək kitabları tələbələrə
pulsuz payladıq. Kitab hər dəfəsi beş
min ədəd olmaqla beş dəfə təkrar nəşr
olundu. Bununla çox böyük bir iş
gördüyümüzü düşünürəm.
Sualınıza qalanda, ədəbiyyat təbliğat məsələsidir. Avropada, elə Türkiyənin
özündə də heç kim
durduğu yerdə ermənilərin Qarabağda nələr
etməsilə, bunun ədəbiyyata necə gətirilməsilə
maraqlanmır. Əgər siz bir kitab ortaya
qoysanız, onu təbliğ etsəniz, məlumatları olur.
Ədəbiyyatla, sənətlə olan təbliğat
siyasətlə, hərblə olan təbliğatdan daha təsirlidir.
Bu baxımdan Azərbaycan ədəbiyyatı
çox güclü ədəbiyyatdır, Qarabağla
bağlı ciddi əsərlər var, amma təbliği
üçün daha çox çalışmalıyıq.
- Azərbaycanda sizə təqdim edilmədən, öz arzunuzla tərcümə etməyi istədiyiniz yazıçı, şair varmı?
- Mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim yazarlardan biri Mirzə Cəlildir. Onun əsərləri Türkiyədə İldeniz Kurtulan və Nəsrin Qaracanın tərcüməsində iki dəfə çıxıb. Amma Mirzə Cəlilin yumoru, ədəbi üslubu bu tərcümələrdə əks olunmayıb. Mən onları təəssüflə oxudum. Ona görə də vaxt tapan kimi Mirzə Cəlilin əsərlərini onun kəskin yumorunu, qüdrətli üslubunu əks etdirən, dil özəlliklərini qoruyan və türklərin də oxuyarkən ləzzət alacağı bir tərcüməylə çap etdirmək istəyirəm. Ondan başqa da sevdiyim əsərlər, romanlar var ki, vaxt tapdıqca tərcümə etmək istəyirəm.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Əli Kərimin və İsi Məlikzadənin kitabları çap olundu. İkisi də sevdiyim yazarlardır. Əli Kərimdən 1-2 şeiri jurnal üçün, İsi Məlikzadənin isə "Quyu" povestini tərcümə eləmişəm. Yeri gəlmişkən, onu da deyim ki, mənim çap olunmamış dörd cildlik Azərbaycan hekayələri antologiyam var. Fürsət düşdükcə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlildən tutmuş, bir çox müxtəlif yazıçılaracan hekayələr tərcümə edib yığıram. Hətta o qədər yığılıb ki, ola bilsin beşinci cildi də düzəldi. Dəstək verən olsa, onu da çap etdirəcəm.
- Türkiyə türkcəsindən Azərbaycan
dilinə tərcümələr olur. Onların keyfiyyəti sizi
qane edirmi?
- Sizə
səmimiyyətlə deyim ki, azərbaycanlı tərcüməçilərin
çevirmələrinin keyfiyyəti Azərbaycan dilindən
Türkiyə türkcəsinə olan tərcümələrdən
yüksəkdir. Burada ciddi bir tərcüməçilik
ənənəsi var. Bu işlər ciddi təşkilatlanmayla,
istedadlı adamlar tərəfindən görülür.
Ortaya da sanballı əsərlər
çıxır. Amma Türkiyədə
bunun tam tərsidir. Azərbaycan ədəbiyyatının
bəxtsizliyi ondadır ki, Türkiyədə Azərbaycan
dilinin çox asan olduğuna inanırlar, dilə vaqif tərcüməçilər
də az olduğundan, tələbələrə,
istedadsız, bu işlə əlaqəsi olmayan insanlara tərcümə
etdirirlər. Çox təəssüf ki, zəif tərcümələr
Türkiyədə Azərbaycan ədəbiyyatı
haqqında yanlış rəy yaradır. Çünki
çevrilən əsər nə o dilə oxşayır, nə
bu dilə: internet tərcüməsinə bənzəyir. Bu da Azərbaycan ədəbiyyatının zərərinədir.
Tələbə çevirə bilməz demirəm,
amma o qədər də keyfiyyətli alınmaz axı. Nəsri yazıçı, şeiri şair tərcümə
etməlidir. Ana dili Azərbaycan dili olan
insan türkcəyə tərcümə eləməyi
üçün onun söz bazası yetməz. Məncə, Azərbaycan tərəfi də bu məsələyə
çox ciddi yanaşmalı, gərəkli işləri
görməlidir. Çünki olan ədəbiyyata
olur.
- Bəs
sizin öz əsərlərinizin tərcümə taleyi necədir?
- Bayaq
dediyim kimi, tərcümə ana dilə olar. Ona
görə də mən Azərbaycan dilini çox yaxşı
bilməyimə rəğmən, öz əsərlərimi
özüm tərcümə etməyə
çalışmadım. Çünki o
dil bilgimə güvənə bilmirəm. Amma
dostların çevirmələrinə baxanda səhvləri də
görürəm. Günlük
danışmağımda problem yoxdur, amma ədəbiyyat
günlük danışmaq dili deyil, ondan qat-qat
artığıdır. Müxtəlif
dostlar əsərlərimi fərqli dillərə tərcümə
edib yayımlayıblar, sağ olsunlar.
- Son
olaraq, ədəbi fəaliyyətinizə qayıdaq. Yaradıcılığınızla bağlı
oxucularınız hansı yenilikləri gözləsinlər?
- Bu yaxınlarda hekayələrdən ibarət üçüncü kitabım çap olunacaq. Mən hekayələrimin çoxunu əslində, beynimdə yazıram. Orda tam hazır olanda komputerin arxasına keçirəm. Xalq filosofu olan yumoristik bir obrazım var. Onu bir qəhrəman kimi seçmişəm. Onunla bağlı silsilə hekayələr hazırlayıram. Bir neçə hekayə yazmışam, davamı da olacaq. Tamamlayandan sonra kitab kimi çap etdirəcəyəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.20.