Böyük ömrün hesabatı  

 

AKADEMİK İSA HƏBİBBƏYLİ HAQQINDA YAZDIQLARIMA REZÜME

 

 

Akademik İsa Həbibbəylinin 70 yaşı Azərbaycan elmi-ədəbi cameəsində, bütöv və sanballı bir ömür yaşamış alim adına və şəxsiyyətinə layiq, böyük sayğı və sevgilərlə, əsl yubiley ovqatı, bayram sevincləri ilə qarşılanır, müşayiət olunur.

 

Vətən və millət qarşısında xidmətləri olan hər kəs alqışa hədəf olmalı və olasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Humanitar və İctimai elmlər bölməsinin yönətməni, Millət vəkili və Parlamentdə Elm və Təhsil Komissiyasının sədri, Əməkdar Elm xadimi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Şöhrət və Şərəf ordenli akademik İsa Həbibbəyli çağdaş Azərbaycan cəmiyyətində ictimai çəkisi, sözü, işi, fəaliyyəti olan nüfuzlu elm və dövlət adamıdır. Və bu da yuvarlaq yubiley yaşının hüsnünü bir az da artırır, ictimai prezentasiyasına meydan verir.

Akademik İsa Həbibbəyli akademik humanitar və ictimai elmlər sahəsində, mədəniyyət və cəmiyyət həyatında Ad yaratmış simadır. O, çoxcəhətli elmi fəaliyyət sferasında və ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə yaxından və fəal iştirak etməklə əsl mənada tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirmiş və keçirməkdə davam edir. Akademik İsa Həbibbəyli elmdə, mədəniyyət və cəmiyyət həyatında nüfuzlu adını çoxyönlü nadir istedadı, geniş və miqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində qazanmışdır. Ötən il çapdan çıxmış "Akademik İsa Həbibbəyli" biblioqrafiyasında (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) alimin yüzdən artıq kitab müəllifi, Azərbaycan və dünya mətbuatında çap olunmuş minlərlə elmi məqaləsinin olduğunu görürük. Bütövlükdə biblioqrafiya akademikin zəngin ömür yolunu, 1964-cü ildən 2018-ci ilə qədər mətbu fəaliyyətini 3325 başlıqda qeydə alır və daha bir ilin intensiv, gərgin və məhsuldar yaradıcılıq bəhrələrini də göz önünə gətirsək, necə bir miqyaslı hadisə ilə üz-üzə olduğumuzu təxmin edə bilirik.

Akademik İsa Həbibbəyli cəmiyyətdə ilk növbədə ədəbiyyatşünas-alim kimi tanınır və bu gün Azərbaycan ədəbiyyatşünaslığında ən mötəbər söz sahibidir. Ədəbiyyatın canlı prakti-kasına təmasdan hərtərəfli elmi öyrənilməsi və intişarınacan bütün incəliklərinə varan, tarixi dərinlərinə baş vurub gündəm genişliyinə açılan alimin fəaliyyəti əsl akademik universaliya örnəyidir. Bu gün ədəbiyyatın elə bir sahəsi, meydanı, instansiyasını tapmaq çətindir ki, akademikin iti və miqyaslı nəzərlərindən yayınmış olsun, bilavasitə fəaliyyət predmetinə çevrilməsin. Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixçiliyi, ədəbi proses və tənqid, ədəbiyyat maarifçiliyi: ədəbiy-yatın tədrisi, təbliği və təşviqi məsələləri, elm təşkilatçılığı, ədəbiyyatın inkişaf strategiyasınacan...

Akademik İsa Həbibbəylinin zəngin və miqyaslı elmi yaradıcılığında ədəbiyyatın nəzəri problemləri ümdə yer tutur. Alimin 1984-cü ildə çap olunmuş ilk monoqrafiyası - "Romantik lirikanın imkanları" İsa Həbibbəylini elmi ictimaiyyətə romantizmşünas alim, problemin nəzəri üfüqlərini genişləndirmiş bir ədəbiyyatşünas kimi tanıtmışdır. Sonrakı kitablarında - "Ədəbiyyat nəzəriyyəsi" (1985), "XX əsr Azərbaycan yazıçıları" (1992), "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları" (2004), "Ədəbi-tarixi yaddaş və müasirlik" (2007), "Ədəbi şəxsiyyət və zaman" (2017) və s., habelə onlarla mətbu məqalələrində bu sahədəki tədqiqlərinin davam etdiyini və geniş işləndiyini görür, milli ədəbiyyat tarixində romantizm, realizm, postmodernizm, magik realizm ədəbi cərəyanlarının müstəsna yerinin müasirlik səviyyəsindən dərk olunmasında akademikin ardıcıl səylərinin səngimədiyinin şahidi oluruq. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli bu gün Azərbaycan ədəbiyyatşünaslığında "ədəbi cərəyanlar" nəzəriyyəsi üzrə ən nüfuzlu simalardan biri olaraq tanınır.

İsa Həbibbəylinin ədəbi növlərin və janrların yenidən təsnif edilməsi, satiranın müstəqil ədəbi cərəyan kimi təqdim olunmasına dair tədqiqatları da onun ədəbiyyat nəzəriyyəçiliyi istiqamətindəki fəaliyyətinin göstəriciləri kimi diqqəti cəlb edir. İsa Həbibbəylinin "Ədəbiyyat nəzəriyyəsi" kitabındakı çoxsaylı təriflər, sxemlər və bölgülər də onun həmin istiqamətdə nəzərə çarpan fəaliyyətinin göstəriciləridir. Eyni zamanda, İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"nə dair geniş həcmli tədqiqatı da nəzəriyyəçi təfəkkürü ilə yazılmış tədqiqat işi kimi bu aktual problemi ilk dəfə sistemli şəkildə araşdırmışdır.

Akademik İsa Həbibbəylinin bu sahədəki uzun çalışmalarının (2015-2018-ci illər) bəhrəsi olan, yenicə çapdan çıxmış "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsəri (Bakı, "Elm", 2019) milli ədəbiyyat tarixçiliyi nəzəriyyəsinin yüz ildən artıq inkişafı yolunda irəliyə atılmış böyük addım sayıla bilir. Konsepsiyada milli ədəbiyyatın gəlişməsinə əvvəlki yanaşmalar, təsnifatlar, dövrləşdirmə prinsipləri geniş, təfərrüatlı və tənqidi baxışla nəzərdən keçirilməklə, Azərbaycan ədəbiyyatı tarixinin yenidən və yeni dövrləşdirmə layihəsi təklif olunur: "Azərbaycan ədəbiyyatı tarixinin aşağıda təqdim olunan dövrləşdirmə modeli ümumdünya ədəbi proseslərinin gedişatı müstəvisində Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində milli ədəbiyyatın keçdiyi təkamül proseslərinin daxili inkişaf qanunauyğunluğundan, təbii məntiqindən doğan elmi təsnifatdır: 1. Qədim dövr Azərbaycan ədəbiyyatı: Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər); 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı. Anadilli ədəbiyyat epoxası (XIII-XVI əsrlər); 5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər); 6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr); 7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci ilədək); 8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü; 9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-cı illər); 10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)".

Konsepsiyada hər bir tarixi mərhələnin azərbaycançılıq mövqeyindən, tarixi gəlişmə və bədii inkişaf məntiqindən izahı, tarixi mündəricəsi, başlıca tendensiyalar vurğulanmaqla yığcam təhlili verilir; klassiklərin və ədəbi şəxsiyyətlərin aparıcı missiyası şərh olunur; irs və varislik məqamları diqqətə alınmaqla milli ədəbiyyatın bütöv bir orqanizm kimi tədricən yetişməsi, böyüməsi, nəhəng fenomenə çevrilməsi, dünya ədəbiyyatları sırasında yeri və mövqeyi təsbit edilir. Qətiyyətlə demək olar ki, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsəri müstəqillik düşüncəsi ilə hasilə gələn və hazırda milli ədəbiyyat realiyalarını hərtərəfli və dolğun əhatə edən ilk sistemli ədəbiyyat tarixi layihəsidir, eyni zamanda, bugün Ədəbiyyat İnstitutunda hazırlanan Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin geniş və dürüst plan-prospekti rolunu oynayır.

Akademik İsa Həbibbəylinin ədəbiyyatşünas fəaliyyətinin ikinci bir istiqamətini ədəbiyyat tarixçiliyi təmsil edir. Nəzəri prinsiplərini və inkişaf məntiqini müəyyən etdiyi Azərbaycan ədəbiyyatının 1300-1500 illik tarixi yollarını akademik bilavasitə tədqiqatlarda, yazıçı və şairlərin həyat və yaradıcılığını araşdıran portret-oçerklərdə izləyir. Akademikin bu sahədə gərgin axtarışlarının bəhrəsi olan irihəcmli (1068 səh.) "Ədəbi şəxsiyyət və zaman" kitabı (Bakı, "Elm və təhsil", 2017) elmi-ədəbi ictimaiyyətin marağını qazanmışdır. Ən qədim dövrdən günümüzəcən Azərbaycan ədəbiyyatının varlığını, tarixi sərhədləri və bütünlüyünü, faktları, mərhələləri və şəxsiyyətlərini təsvir və şərh etmək, dərk və təhlil etmək, dəyərləndirmək yolu ilə müəllif 67 məqalə və oçerkdə milli ədəbiyyatın təkrarsız obrazını yarada bilir.

Akademik İsa Həbibbəyli, təbii ki, milli ədəbiyyat panteonunda ilk növbədə zamanın yükünü daşıyan nəhənglərə yer verir. "Nizami Gəncəvi: Azərbaycandan dünyaya", "Cahana sığmayan şair" (İ.Nəsimi), "Məhəmməd Füzulinin yaradıcılığında aşiq", "Molla Pənah olan şair", "Xoş gördük, Mirzə Fətəli Axundzadə", "Üzeyir Hacıbəyov əfsanəsi", "Böyük demokrat Cəlil Məmmədquluzadə", "Mirzə Ələkbər Sabirimiz", "Hüseyn Cavid və sənəti", "Məhəmməd Hadi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", "Böyük mütəfəkkir Əli bəy Hüseynzadə", "Xalq şairi Səməd Vurğun haqqında söz", "Ustad Məhəmmədhüseyn Şəhriyar" və s. məqalələr minillik boyu tarixdə daşınan ədəbiyyatımızın zirvə çağları-çağlayışını bütün cazibəsi və hüsnü ilə seyr etməklə, amma eyni zamanda, tədqiqatçı həmçinin, diqqətdən kənarda qalmış, mühüm xidmətləri lazımınca qiymətini almamış ədəbi şəxsiyyətlərin portretinə həssas yanaşır. "Ürfani şeirin Şəmsi" - Şəms Təbrizi, "Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi" - Məhəmməd Tağı Sidqi, "Millətin canlı heykəli" - Məhəmmədağa Şahtaxtlı, "Yazıçı-publisist Eynəli bəy Sultanov", "Böyük ədəbiyyat nəhəngi" Məmməd Səid Ordubadi və onlarla digər ədib və yazıçını kəşf və yenidən kəşf etməklə ədəbiyyat tarixi sırasında layiqi haqlarını bərpa edir.

Ədəbiyyat tarixçiliyinin predmetini tarix təşkil etsə də, fənnin zərurətini müasirlik diktə edir. Ədəbi şəxsiyyətlər tarixin uzaqlığından keçib məhz müasirlik işığında əsl miqyas və dəyər kəsb edir. Akademik İsa Həbibbəyli "Müasirlik işığında" örnək verdiyi: Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Nəriman Həsənzadə, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və b. onlarla imzalardan söz açan portret-oçerklərində akademik ölçülərə eynən riayət etməklə bu dəfə yaradıcı müasirlərimizin tarixi obrazını işıqlandırır, məhz müasirliyin tari-xini cızır.

Akademik İsa Həbibbəylinin alim və tədqiqatçı sanbalını artıran önəmli faktorlardan biri - klassik ədəbiyyatşünaslıq ənənələrini inkişaf etdirməsidir. Akademik müasir Azərbaycan ədəbiyyatşünaslığının beşiyi başında duran, elmi məktəb yaradan Firidun bəy Köçərli, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev və b. alimlərin yaradıcılıq irsini yüksək qiymətləndirməklə, eyni zamanda, özünü ədəbiyyatşünaslıqda Məmməd Cəfər məktəbinin yetirməsi hesab edir. Alimin hər bir tədqiqatında əsaslı nəzəri bilgi (nəzəriyyə), gərgin axtarışlardan hasil olan araşdırma faktları (tarix) və müasir dəyərləndirmə prizması (tənqid) hakimdir. Bununla yanaşı, İsa Həbib-bəylinin akademik dəst-xəttində heç bir filoloq-alimdə olmadığı qədər təxəyyül genişliyinə də yer var; mülahizələrində fakt həqiqətindən doğan fərziyyələr tarixin məntiqi ilə uyuşur, vəhdətdə çıxış edir.

Akademik İsa Həbibbəyli milli ədəbiyyat tarixçiliyində ilk dəfə "ədəbi mühit" problemini qabartmış, elmi-nəzəri prinsiplərini dərindən əsaslandırmaqla tarixi təcrübəyə daxil etmişdir. Böyük rezonans doğurmuş "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyası (1997), Mirzə Cəlil haqqında çoxsaylı kitab və məqalələri Cəlil Məmmədquluzadəşünaslıqda yeni mərhələ açmaqla, İsa Həbibbəylinin realizm axtarıcılığında sonrakı uğurlarının da rəhni olmuş, eyni zamanda, ədəbiyyatşünaslıqda yeni bir istiqamətin - "mühitşünaslığ"ın əsasını qoymuşdur. Cəlil Məmmədquluzadə və mühiti münasibətlərini araşdırmaqla İsa Həbibbəyli həm özünəqədərki Cəlil Məmmədquluzadəşünaslığın köklü postulatlarını (Mirzə Cəlil realizmi və Molla Nəsrəddinçiliklə bağlı) dərinləşdirməyə nail olmuş, həm də əsasını qoyduğu "mühitşünaslığ"ın işığında Mirzə Cəlil irsinin açılmamış qatlarına yollar açmışdır.

Akademik İsa Həbibbəyli böyük klassik haqqında "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tarixləri" adlı ilk kitabını 1986-cı ildə çap etdirmiş, bununla da Mirzə Cəlilşünaslıq kitabxanasını zənginləşdirən neçə-neçə nəşrlərinə rəvac vermişdir: "Cəlil Məmmədquluzadə" (1987), "Cəlil Məmmədquluzadə və ədəbi mühiti: metodik vəsait" (1990), "Zamanın dühası" (1992), "Əsrin dühası: fotoalbom" (1993), "Cəlil Məmmədquluzadə" (1994), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (1997), "Cəlil Məmmədquluzadə" (2002), "Cəlil Məmmədquluzadə: biblioqrafik göstərici" (2005), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Təkmilləşdirilmiş 2-ci nəşri" (2009), "Cəlil Məmmədquluzadə: tanıtma kitabı" (2009). Bundan əlavə, akademik İsa Həbibbəylinin klassiklərə və müasirlərə həsr etdiyi neçə-neçə kitablarında, habelə mətbuatda, qəzet və jurnallarda Mirzə Cəlil haqqında onlarla məqalə və tədqiqatları yer almışdır.

Bugün bizim ədəbiyyatşünaslıqda, yüz ildən çox yaşı olan Cəlil Məmmədquluzadəşünaslığın son mərhələsi və ən böyük uğurları məhz İsa Həbibbəylinin adı ilə bağlıdır. İsa Həbibbəyli bütövlükdə Mirzə Cəlilin Azərbaycançılıq təlimi və ədəbiyyat məktəbindən keçmişdir. Dahi ədibin əsərlərini bugün də durmadan dünya xalqlarının dillərinə çevirtdirib təbliğ etməklə alim həm bu irsə dərindən bağlılığını, həm də o böyük yola sədaqətini daim sübut etmədədir.

Akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadəşünas tədqiqatçı kimi araşdırmaları bütövlükdə "Molla Nəsrəddin" jurnalı, Molla nəsrəddinçilik məktəbi və realizm ədəbi cərəyanının öyrənilməsindəki uğurları ilə tamamlanır. "Ədəbi yüksəliş" (1985), "Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığının əsas tarixləri" (1987), "XX əsr Azərbaycan yazıçıları" (1992), "Ədəbi şəxsiyyət və zaman" (2017) kitabları ilə yanaşı toplularda, habelə müxtəlif mətbuat orqanlarında çap olunan yüzlərlə məqalələri, "Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq" (2002), "Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi" (2012) monoqrafik kitabçaları, tərtibçi-müəllifi olduğu "Məmməd Tağı Sidqi. Məktəb hekayətləri" (1996), "Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri" (2006), "Əziz Şərif. "Molla Nəsrəddin" necə yarandı" (2009), "Məmmədli Qulam. Molla Nəsrəddin: salnamə" (2009), "Əliqulu Qəmküsar: taleyi və sənəti"(2011), "Məmməd Səid Ordubadi: Həyatım və mühitim" (2012), "Eynəli bəy Sultanov. Publisistika (rus dilində)" (2016), "Eynəli bəy Sultanov. Məqalələr" (2017) və s. göstəricilər bu uğurlardan danışır.

Akademik İsa Həbibbəyli o ədəbiyyatşünaslardandır ki, dəsti-xəttində milli ideologiya, azərbaycançılıq, dövlətçilik ümdə notları təşkil edir. Çağdaş Azərbaycançılıq məfkurəsinin təməl prinsipləri və prioritetlərini müəyyən edən Ulu Öndər Heydər Əliyev haqqında ədəbiyyatşünas-alimin "Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti" (1998), "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (2002), "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" (2013), "Ədəbiyyatda Heydər Əliyev obrazı: Tarixi gerçəklikdən ideala" (2018) kitabları da həmin qəti oriyentasiyanı bir daha təsdiq edir. İsa Həbibbəylinin "Azərbaycançılıq konsepsiyası haqqında"kı məqaləsində müstəqil dövlətçilik və milli ideologiya məsələləri nəzəri cəhətdən şərh olunur.

Akademik İsa Həbibbəylinin miqyaslı yaradıcılığında Naxçıvan tematikası məxsusi yer tutur. Maraqlıdır ki, uzaq 1964-cü ildə, hələ orta məktəbin son siniflərində gənc İsa Həbibbəylinin ilk mətbu qələm təcrübələri publisistikadan başlanır, müxtəlif qəzetlərdə dərc olunaraq, bütün 60-cı və 70-ci illər ərzində doğma yurdun qaynar həyatına, problemlərinə, mənzərələrinə işıq salır. Publisistik yaradıcılığını İsa Həbibbəyli elmi fəaliyyəti ilə daim paralel davam etdirərək, çoxsaylı araşdırma və məqalələrində, elmi-kütləvi janrda qələmə aldığı "Əsrin dörddə biri" (1992), "Naxçıvan Dövlət Universitetinin yetirmələri" (1992), "Araz üstə Universitet" (1996), "Naxçıvan Dövlət Universiteti. Salnamə" (1998), "Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti" (2000), "Mustafa Kamal Atatürk və Naxçıvan" (2006), "İntibahın 15 ili" (2010) və s. kitablarda təqdim edir. İsa Həbibbəyli iri həcmli (804 s.) "Nuhçıxandan Naxçıvana" (2015), "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" (2017), "Duzdağ mozaikası" (2017) monoqrafik araşdırmalarında çağdaş dövrün əsl "Naxçıvannamə" epopeyasını yarada bilmişdir. Akademik İsa Həbibbəyli eyni zamanda, üç cilddə hazırlanmış fundamental "Naxçıvan tarixi"nin (2013-2015) həmmüəllifi və elmi redaktorlarından biridir.

Akademik İsa Həbibbəyli 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru, təşkilatçısı və qurucusu kimi çalışmış, həmçinin, yarım əsrdən artıq pedaqoji fəaliyyəti dövründə respublikada ali təhsil quruculuğunun inkişafında mühüm xidmətlər göstərmişdir. Alimin elm təşkilatçılığı və pedaqoji səyləri bu gün Azərbaycan parlamentində rəhbərlik etdiyi "Elm və təhsil" komissiyasının fəaliyyətində, elmin və təhsilin inkişafı naminə qəbul olunan qanunların önəmində də özünü göstərir. O da qeyd olunmalıdır ki, akademik İsa Həbibbəylinin həmmüəllif olduğu ümumtəhsil məktəblərinin XI sinfi üçün "Ədəbiyyat" dərsliyi bugün də məktəblərdə uğurla istifadə olunur.

Akademik İsa Həbibbəylinin elm təşkilatçılığı elmi kadrların hazırlanması sahəsindəki xidmətlərində də bariz görünür. Onun elmi rəhbərliyi altında 1998-2018-ci illər ərzində Azərbaycan ədəbiyyatşünaslığının köklü problemlərinə həsr olunmuş 66 fəlsəfə doktorluğu, elmi məsləhətçiliyi ilə 6 elmlər doktorluğu dissertasiyaları müdafiə olunmuş, daha 25 elmlər doktorluğu və 13 fəlsəfə doktorluğu işləri hazırlanmaqdadır. Akademik İsa Həbibbəylinin rəhbəri, məsləhətçisi və rəsmi opponenti olduğu alimlər sırası əksərən bugünün Azərbaycan filoloji fikir korpusunu təmsil edir. Və bu yerdə sanki quru rəqəmlərlə danışan göstəricilərin arxasından biz akademikin çağdaş humanitar elmə, milli ədəbiyyatşünaslığa istiqamətverici və hami obrazını görə bilirik.

2013-cü ildən etibarən akademik İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti olmaqla yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna da rəhbərlik etməyə başlamışdır. Bu illər İnstitutun elmi həyatında əsl dönüş və intibah illəri kimi yer almışdır. Elmdə böyük uğurlara imza atmaqla birgə, akademik İsa Həbibbəyli Azərbaycanda filolojinin mərkəzi hesab olunan Ədəbiyyat İnstitutunun hərtərəfli inkişafına rəvac vermişdir. Akademikin təşəbbüsü və iradəsi ilə Azərbaycan ədəbiyyatı tarixini ən qədim dövrlərdən müasir dövrəcən araşdıran tədqiqat şöbələri sırasında yeniləri yaranmış, "Ədəbi tənqid", "Mətbuat tarixi və publisistika", "Azərbaycan mühacirət ədəbiyyatı", "Erkən yeni dövr Azərbaycan ədəbiyyatı", "Dünya ədəbiyyatı və kompravistika", "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri", "Azərbaycan-Asiya ədəbi əlaqələri", "Uşaq ədəbiyyatı", "Ədəbi cərəyanlar" və s. kimi şöbə və sektorlar İnstitutun tədqiqat predmetinin əhatəsini genişləndirmiş, spektrlərini artırmışdır. Nəticədə Ədəbiyyat İnstitutunun tədqiqat uğurlarının kəmiyyəti və keyfiyyəti ildən-ilə yüksəlmiş, biblioqrafik fəallıq, elmi əsərlərin, kitab və məqalələrin sayı az bir zamanda birə ikiqat olmuşdur. İnstitutda uzun illərdir hazırlanan "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin beşinci kitabı işıq üzü görməklə yanaşı, on cilddə yeni ədəbiyyat tarixinin hazırlanmasına rəvac verilmiş, birinci cild artıq çapdan çıxmışdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun son illərdə qazandığı mühüm uğurlardan biri aka-demik İsa Həbibbəylinin elmi konsepsiyası və redaktorluğu ilə hazırlanmış, üzərində 44 müəllifin çalışdığı iki cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" mono-qrafik tədqiqatıdır (Bakı, Elm və təhsil, 2016). Kitaba akademik İsa Həbibbəyli "Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı" adlı geniş ön sözü yazmış, burda "müs-təqillik ədəbiyyatı"nın fərqli tipologiyasını, səciyyə və para-metrlərini, ümumi xarakteri və inkişaf tendensiyalarını şərh etmişdir.

Akademik İsa Həbibbəylinin elm təşkilatçılığı ədəbiyyatşünas fəaliyyətinin bilavasitə davamı kimi təzahür edir və çağdaş ədəbiyyatın qarşısında duran mühüm problemlərin həllinə yönəlir. Onun gəlişinə qədər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu özünə qapalı bir tədqiqat müəssisəsi təəssüratını yaradırdı; İsa Həbibbəyli instituta dinamik fəaliyyət, gur enerji, məqsədyönlü hərəkət gətirmişdir. Onlarla miqyaslı tədbirlər: beynəlxalq konfranslar ("Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri", "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr", "Nəsimi-600", "Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı", "Molla Pənah Vaqif və Azərbaycan realizmi", "Çingiz Aytmatov-90" və s.), elmi sessiyalar ("Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala", "525-ci qəzet məktəbi: zaman və ədəbi proses", "Afaq Məsud dünyası", "Azərbaycan ədəbiyyatında soyqırım və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar" və s.), dünya şöhrətli simalarla görüşlər (Nobel mükafatçısı Volye Şoyinka, ünlü qazax şairi Oljas Süleymenov, görkəmli macar türkoloq alimi akademik Georgi Xazai, tanınmış türk tədqiqatçıları Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtkaya, Yavuz Akpınar və b.), tele-körpülər (Naxçıvan, Moskva, Avropa şəhərləri, Orta Asiya paytaxtları), yubiley təntənələri və anım günləri (akademiklər Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Yaşar Qarayev və b. xatirəsinə), imzalanan müqavilə və sənədlər, kitab təqdimatları, əsər müzakirələri, ədəbi proses aktları və s. bu kimi aktual gündəmi ifadə edən tədbirlər bu gün Ədəbiyyat İnstitutunun həyat ritmini, gündəlik tələbat və tələblərini müəyyənləşdirmişdir.

Akademik İsa Həbibbəylinin çağdaş ədəbiyyatın inkişafında böyük önəm verdiyi fənlərdən biri də ədəbi tənqiddir. Ədəbi tənqidin Ədəbiyyat İnstitutunda mövqeyinin möhkəmlənməsi və institusional bir alət kimi funksionallaşması akademik İsa Həbibbəylinin "Ədəbi tənqid" şöbəsini yaratmasından start götürmüşdür. Akademikin başqa bir təşəbbüsü - bir zamanlar İnstitutda mövcud olan (1976-1984-cü illər) və sonralar da ara-sıra davam tapan, ədəbi prosesin illik yekunlarının müzakirəsi ənənəsini bərpa etməsidir. Başlıcası: həmin tədbirlərdə ədəbi növlər (poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq və s.) və müxtəlif ədəbi problemlər üzrə oxunan məruzələrin toplu şəklində ardıcıl nəşr olunması bütöv bir ədəbi tənqid fəaliyyəti olaraq gerçəkləşir və tədricən Ədəbiyyat İnstitutunun ölkənin ədəbi həyatında yerini periferiyadan ön sıralara çıxarır. "Ədəbi proses-2013" (Bakı, "Hədəf nəşrləri", 2014), "Ədəbi proses-2014"(Bakı, "Hədəf nəşrləri", 2015), "Ədəbi proses-2015" (Bakı, "Hədəf nəşrləri", 2016), "Ədəbi proses-2016" (Bakı, "Hədəf nəşrləri", 2017), "Ədəbi proses-2017" (Bakı, "Hədəf nəşrləri", 2018) - ədəbi tənqid topluları nəinki ölkədə son beş ilin ədəbiyyat mənzərələrini ümumən və təfərrüatlarında izləməyə imkan vermişdir, akademik İsa Həbibbəylinin iqrar etdiyi kimi: həm özlüyündə də bir "ədəbi proses hərəkatı" yaratmışdır. Bu günlərdə baş tutmuş "Ədəbi proses-2018" - ötən ilin ədəbi yekunlarına həsr olunmuş geniş konfrans akademikin nə qədər haqlı olduğunu bir daha nümayiş etdirdi. Konfransda çağdaş ədəbi prosesin aktuallaşdırdığı bir çox problemlər 24 məruzədə ən müxtəlif tematika, rakurs, prizmalardan elmi müstəvidə araşdırılmaqla elmi-ədəbi ictimaiyyətdə böyük əks-səda doğurdu.    

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi prosesə daha bir qatqısı akademik İsa Həbibbəylinin "Plyus bədii yaradıcılıq" layihəsidir. Bədii təfəkkürlə elmi təfəkkürün inteqrasiyasına böyük önəm verən akademik İnstitut əməkdaşlarının bədii yaradıcılığını konsentrə edən ayrıca "Ədəbiyyatşünaslıq plyus" şöbəsini təsis etmiş, az bir zamanda ideya müəllifi akademik İsa Həbibbəyli olmaqla "Plyus bədii yaradıcılıq" ədəbi almanaxı (Bakı, "Elm və təhsil", 2017; 2018...) nəşr olunmağa başlanmışdır.

Akademik İsa Həbibbəyli "Plyus bədii yaradıcılıq" layihəsini artıq bir neçə ildir AMEA miqyasında həyata keçirilən "Fizika və lirika" tədbirlərinin bir parçası hesab edir. Sanballı elmi məruzələrlə, elmi və bədii təfəkkürün birliyini qapsayan kitab təqdimatları ilə yadda qalan bu hadisə-tədbirlər artıq beynəlxalq maraq kəsb etmişdir. 14-24 noyabr 2018-ci il tarixində MDB ölkələrindən alimlərin iştirakı ilə "Fizika və Lirika: Dünya təcrübəsi və Birlik ölkələrinin elm və ədəbiyyatının reallıqları" Beynəlxalq elmi konfransının Bakıda və Moskva yaxınlığında dünya elm mərkəzlərindən biri olan Dubna şəhərində keçirilməsi məhz akademik İsa Həbibbəylinin layihəsi əsasında baş tutmuş, çağdaş elmlərin inteqrasiyası prosesinə öz töhfəsini vermişdir.

Akademik İsa Həbibbəylinin ədəbi-ictimai fəaliyyəti elmi yaradıcılığından ayrılmazdır; alim ədəbiyyatşünaslıq sahəsində fərdi uğurlarını ümumən humanitar elmdə qazanılmış çağdaş nailiyyətlərimizdən ayırmır. Axı həmin nailiyyətlərin əldə olunmasında elm təşkilatçısı olaraq akademik İsa Həbibbəylinin də payı vardır. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin təntənəli qeyd olunmasını, bir çox əməkdaşların Azərbaycan Respublikasının Prezidenti tərəfindən fəxri adlar və medallarla təltif olunmasını həm də İnstitutun direktoru akademik İsa Həbibbəylinin uğuruna yazmaq gərəkdir.

Alim ömrünün 70 yaşına akademik İsa Həbibbəyli başı uca, alnıaçıq, qürur dolu hesabatla qədəm qoyur. Elm və ədəbiyyatda, xalq, vətən, millət qarşısında xidmətlərinə görə alim Ulu Öndər Heydər Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adına (1999)  layiq görülmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" (2007) və "Şərəf" (2009) ordenləri ilə təltif olunmuşdur. Ədəbiyyatdan, sənətdən, xalqın mənəvi xəzinəsindən əxz etdiyi, qazandığı dəyərləri bu gün akademik İsa Həbibbəyli coşqun və yaradıcı fəaliyyətində sədaqət və ləyaqətlə ölkənin, çağdaş Azərbaycan cəmiyyətinin inkişafına sərf edir, xalqına qaytarır.

Yubiley yaşını qutlayır, ədəbiyyat ideallarının gerçəkləşdirilməsində akademik İsa Həbibbəyliyə daha da böyük şans və uğurlar diləyirik!

 

Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.16-17.