70 yaşın tükənməyən
enerjisi
Uzun zamandan bəri tanıdığım, son illərdə
isə davamlı şəkildə sıx ünsiyyətdə
olduğum akademik İsa Həbibbəyli təbiət etibarilə
təəssübkeşdir, təşəbbüskardır,
novatordur.
Hələ Naxçıvan Dövlət Universitetində
rektor işlədiyi dövrdə Bakıdan tanınmış
alimləri, ziyalıları dəvət edir, orada mühazirə
oxumalarına, çıxış etmələrinə şərait
yaradırdı. Azad Mirzəcanzadə başda olmaqla,
ölkəmizin bir sıra görkəmli alimləri,
ziyalıları Naxçıvan Universitetində dərs deyiblər.
Müxtəlif elm ocaqları, ayrı-ayrı
elmi müəssisələr, tanınmış alimlər
arasında hələ o vaxtdan bu cür bağlılıqlar,
ünsiyyət körpüləri yaratmaq cəhdləri
İsa müəllimin gələcəkdə görəcəyi,
yəni hazırda gerçəkləşdirdiyi böyük
işlərin müjdəsiydi. İsa
müəllim artıq neçə ildir ki, Bakıdadır və
onun AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, eləcə də millət vəkili, komitə sədri
kimi çoxşaxəli, effektiv fəaliyyəti göz
önündədir. Ötən il
Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə xarici ölkələrdən
50-dən çox qonaq gəlmişdi və Belarus Ədəbiyyat
İnstitutunun direktorunun İsa müəllim haqqındakı
fikirləri mənim lap ürəyimdən xəbər verdi. Belarusiyalı alim İsa Həbibbəylinin təkcə
Azərbaycanda yox, bütün MDB məkanında ədəbiyyatşünaslıq
elmini hərəkətə gətirdiyini deyirdi. Bu səmimi və dəqiq fikirlərdən çox
təsirlənmişdim. Çünki
artıq neçə illərdir, İsa müəllimin
enerjisinin ətrafındakı adamlara da sirayət etdiyinin
şahidiyəm.
İsa Həbibbəyli
son zamanlarda demək olar ki, bütün görüşlərimizdə
özünün "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
kitabı haqqında böyük şövqlə, həvəslə
danışır. O, hər zaman yeni dövrləşdirmə
konsepsiyasının yaradılmasının vacibliyindən,
önəmindən bəhs edirdi. Eyni zamanda,
müxtəlif auditoriyalarda, yazıçılarla bir məkanda
bu məsələni ortaya atıb polemikalar yaratmaqla həm
öz fikirlərini səsləndirmək, həm də onlardan
yeni fikirlər almaq, yeni baxışları öyrənmək
istəyirdi. Bir neçə dəfə onun Xalq
yazıçısı Anarla söhbətlərində hiss
etmişəm ki, o, öz ideyalarına, konsepsiya barədə
fikirlərinə Anar müəllimin də etibarlı, möhkəm
dəstəyini almaq istəyib və onun fikirlərindən də
bəhrələnib.
Bu yaxınlarda İsa müəllim Kazanda Beynəlxalq
Ədəbiyyat simpoziumunda da bu barədə
çıxış edib. O danışırdı ki, bu
çıxışı simpozium iştirakçıları
diqqətlə dinləyiblər və həmin məsələ
geniş şəkildə müzakirəyə səbəb
olub. Sən demə, heç Rusiyada da dövrləşdirmə
konsepsiyasına yeni yanaşma olmayıb, bununla bağlı
kitab Rusiya ədəbiyyatşünaslığında belə
yazılmayıb. Buna görə Rusiya alimləri
də bu məruzəyə çox böyük maraq göstəriblər.
Deməli, ədəbiyyatın yeni dövrləşdirmə
konsepsiyasını bütün MDB məkanında ilk dəfə
İsa Həbibbəyli irəli sürüb və müstəqillik
illərinin, yeni şəraitin yaratdığı vəziyyətdən
çıxış edərək bu möhtəşəm
işi həyata keçirib. Mən əminəm ki, həmin
belaruslu alimin dediyi kimi, necə ki, İsa Həbibbəyli MDB məkanında
ədəbiyyatşünaslığı hərəkətə
gətirib, eləcə də bu məkanda dövrləşmə
konsepsiyası ideyasının da həyata keçirilməsinə
vəsilə olacaq, onun ardıcılları qonşu ölkələrdə
bu məsələni qabardacaqlar.
İsa müəllim artıq neçə ildir ki, Ədəbiyyat
İnstitutunun direktorudur və onun rəhbərliyi ilə
institutda qaynar bir mühit formalaşıb. Həqiqətən
də əməkdaşlarda bir çalışmaq
şövqü, özünəinam, güvən hissini
yaranıb. Onun direktorluğa başladığı
ilk vaxtlarda çıxışlarımda demişdim ki, sanki
Ədəbiyyat İnstitutunun əməkdaşları
müdafiə mövqeyində, həmçinin, ədəbi gəncliyə,
yeni yazarlara qarşı passiv seyrçi vəziyyətində
idilər. İsa müəllim məhz
institutun əməkdaşlarını hərəkətə
gətirməklə, onları ədəbi mühitin içərisinə
çəkinmədən daxil etməklə əməkdaşlarda
özünəinam yaratmış oldu.
Onun digər
mühüm xidmətlərindən biri də XX əsrin
70-80-ci illərində keçirilmiş ədəbi proseslə
bağlı illik dəyərləndirmə ənənəsini
yenidən bərpa edərək, bunu, özünün də
dediyi kimi, ədəbi proses hərəkatına çevirməsi
oldu. Artıq beş ildir ki, biz Azərbaycan
Yazıçılar Birliyi və digər qurumlarla birlikdə
hər il Ədəbiyyat İnstitutunun əməkdaşlarının
ədəbi proseslə bağlı məruzələrini dinləyirik.
Mən demək olar ki, bu konfransların
hamısında iştirak etmişəm. Hər il bu məruzələrin sayı artır. Məsələn,
bu il yeni mövzuların daxil edildiyi
"Ədəbi proses" konfransında bir-birindən
maraqlı 24 məruzə dinlədik. Hər il
şahidi oluruq ki, əməkdaşların bu işə və
dolayısıyla çağdaş ədəbiyyata olan
maraqları artır, il-ildən daha sərbəst, daha
iddialı məruzələrlə çıxış edirlər.
Builki məruzəçilərdən Vaqif Yusifli, Elnarə
Akimova, Esmira Fuad, Nərgiz Cabbarlı, Cavanşir Yusifli,
Eşqanə Babayeva, Pərvanə Məmmədli, Zəkulla
Bayramlı, Gülbəniz Babayeva, Mehman Həsənov və
başqalarının çıxışları ən
müxtəlif mövzulara həsr olunmuşdu. Fəlsəfə
doktoru Maral Yaqubovanın "Bədii nəsr nəzəriyyə
işığında" adlı məruzəsi bütün
tədbir iştirakçıları üçün
çox maraqlı oldu. Hiss olundu ki, ortada çox
böyük bir zəhmət və çağdaş ədəbi
prosesdə baş verən bütün hadisələrə,
yazılan bütün əsərlərə adekvat münasibət
var. Aydın məsələdir ki, bunun özü də
İsa müəllimin zəhmətinin və
yaratdığı mühitin nəticəsidir.
Bütün bunlar təkcə Ədəbiyyat
İnstitutu ilə məhdudlaşmır. İsa müəllimin
dediyinə görə, növbəti illərdə "Ədəbi
proses" konfranslarına başqa elm ocaqlarından da məruzəçilər
cəlb olunacaqlar. İsa Həbibbəyli
çox qısa zamanda bu dairəni həqiqətən də
genişləndirib. Şübhəsiz,
bütün bunlar yalnız və yalnız ədəbiyyatın
təbliğinə, ictimailəşməsinə, oxucular
arasında itirilmiş şöhrətinin bərpasına
köməkdir.
İsa müəllimin son illərdəki maraqlı
ideyalarından biri "Fizika-lirika" konfranslarıdır. O, bu vasitə ilə tamam
başqa sahələrinin alimlərini ortaq nöqtədə
görüşdürür, "fiziklərin" də bədii
yaradıcılığına təkan verir. O, Məmməd Cəfər
Cəfərov, Yusif Məmmədəliyev, Kamran Məmmədov
və başqa mərhum alimlərin çap olunmamış
yazılarını tapıb çap etdirməklə, gün
üzünə çıxarmaqla yanaşı, eyni zamanda,
müasir alimlərin ədəbi əsərlərini də
diqqət mərkəzində saxlayır. Artıq
neçə ildi ki, alimlərin ədəbi yazılarından
ibarət almanaxlar çap olunur. Bu konfransların əlamətdar
cəhəti odur ki, burada biz texniki fənlərdə
ixtisaslaşmış alimlərin ədəbi
yaradıcılıq və dünyagörüşləri ilə
də tanış oluruq.
Bunun ən yaxşı nümunəsi ötən ilin
soyuq noyabr günlərində Rusiyanın Dubna şəhərində
Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunda keçirilən görüş idi. Həmin
"Fizika-Lirika" konfransı sayəsində şam
ağaclarının arasında aldığımız ciyərdolusu
təmiz hava, Volqanın insanın içini titrədən
sahili, narın qar və akademik İsa Həbibbəylinin
şövqlə, gördüyü işdən
aldığı zövqlə 2 gün ərzində tədbirlərə
ayrı bir hərəkət və emosiya qatması hələ də
yaddaşımın ən gözəl yerində öz təravətini
saxlayır.
Bu səfərdən
bir həftə öncə Şamaxıda Pirquluda 40-dan çox qonağın
iştirak etdiyi konfransda da İsa müəllimin enerjisi, həvəsi,
şövqü qonaqlara ruh verirdi. Hər qonaqla
onun özünə uyğun danışması, hər kəsin
xarakterini bilməsi, duzlu və dərin zarafatları, üstəgəl,
əsl məclis adamı olması heç şübhəsiz
ki, xüsusi məqamdır.
Rusiya alimləri, texniki sahənin adamları ilə bizim
alimlər, yəni fiziklər və liriklər arasında belə
möhkəm körpü yaratması da İsa müəllimin
ədəbiyyatın təbliğinə, elmin daha geniş
auditoriya qazanmasına gətirən böyük xidmətidir.
İsa Həbibbəyli yalnız bu kimi işlərlə
kifayətlənmir. Yəni onun fəaliyyəti birmənalı
şəkildə elmlə məhdudlaşmayıb. O, hər
zaman bir alim, akademik, təcrübəli ədəbiyyatşünas
kimi gənclərin yanında olur, onlara öz tövsiyələrini
əsirgəmir. Dəfələrlə
şahidi olmuşuq ki, onun gənclərə tövsiyələri
yalnız öyrətmək deyil, həmçinin, onlarda
özünəgüvən hissini artırmaq xarakteri var.
O, mədəniyyətin
digər sahələrinə də maraq göstərir və rəhbəri
olduğu institutun əməkdaşlarını da cəlb
edir. Xüsusən teatr onun ən çox diqqət
ayırdığı sahələrdən biridir. Tez-tez o, Ədəbiyyat İnstitutunun kollektiviylə
birlikdə tamaşalarda, premyeralarda iştirak edir.
Ən gözəl məqamlardan biri də budur ki, onun nəvələri
də çox zaman bu cür tədbirlərdə, konfranslarda,
tamaşalarda babalarının yanında olurlar. İsa müəllimin
nəvələrini bu cür tədbirlərə cəlb etməsi
onlarda ədəbi zövqün indidən cilalanmasına yol
açır. Biz İsa müəllimin belə
tədbirlərdə necə həssas, qayğıkeş baba
olmağını müşahidə etməklə
yanaşı, nəvələrinin gözündə də ədəbiyyatı
uca tutmasının şahidi oluruq.
Dəfələrlə şahidi olmuşam ki, İsa
müəllim fərqli ədəbi baxışa, müxtəlif
dünyagörüşə malik insanların əhatəsində
olarkən söhbətlərinə diqqətlə qulaq
asır, zidd düşüncələrə, müxalif,
müəyyən mənada üsyankar ədəbiyyatçıların
fikirlərinə də önəm verir, onları diqqətdə
saxlayır. Bütün hallarda istəyir ki, hər kəs ədəbiyyata
xidmət etsin. Hətta o, onu tənqid edən
insanlara qarşı da kin, ədavət bəsləmir,
onları da ədəbi prosesin içərisinə çəkib
gətirmək üçün çalışır.
Heç bir istedadlı adamın ədəbi proses hərəkatından
kənarda qalmasını işlətmir. Bu da
onun böyük ürəyinin göstəricidir.
İsa Həbibbəylinin ürəyinin genişliyi həmçinin,
dəyərli insanların, alimlərin, söz
adamlarının, yaradıcı şəxslərin yubileylərini
diqqətdən kənar qoymamağında özünü
göstərir. Son illərdə o, mən də
içində olmaqla neçə-neçə
yazıçılar, şairlər haqqında məqalələr
yazıb. Mən hər zaman demişəm
ki, yaradıcılığıma İsa Həbibbəyli qədər
təkan verən kimsə olmayıb. Həm
şeirlərim, həm "Qələmsiz yazılanlar"
haqqında fikirləri, haqqımda "Bütün yönləriylə
yaradıcı" adlı kitab yazıb, sürpriz eləməsiylə
mənə əvəzsiz dəstək olub. Bir çox yazıçıya, qələm sahibinə
bu cür dəstəyi onun böyük ürəyinin, ruhuna
yaxın insanlara verdiyi dəyərin nəticəsidir.
İsa müəllimin ən sevdiyim xüsusiyyətlərindən
biri budur ki, o, sevdiyi, inandığı dəyərlərə
bu sevgisini kiçik parçalarla deyil, bütün
varlığıyla, ürəyiylə dopdolu
çatdırır, münasibətini gizlətmir. Bir insanı
sevindirmək istəyirsə, bunu sonacan edir. Dostluqda da, ədəbi məsələlərdə
də, münasibətlərdə də sərhədləri,
çərçivələri qıra bilir. Bəzilərinə görə, İsa Həbibbəyli
bir məmur olaraq, çərçivəli həyat
yaşayır. Amma mən çərçivələrin
dəfələrlə onun varlığındakı
bitib-tükənməz enerji və sevgi sayəsində
qırıldığının şahidi olmuşam. O,
sevgisini, heyranlığını bildirməkdən heç
vaxt çəkinmir. Bu da onun işıqlı,
möhtəşəm obrazının gözlərimiz
qarşısında təkrar-təkrar canlanmasına səbəb
olur.
70 yaş kiməsə qoca görünə bilər. Amma İsa Həbibbəyli kimi yaratmaq eşqi, şövqü bitib-tükənməyən, gənclik enerjisiylə dolu adamlarda 70 yaş gənclik sayılmalıdır. Hələ qarşıda nə qədər görülməli işlər, oxunmalı və yazılmalı əsərlər, yetişdirələsi alimlər, sevindiriləsi yazıçılar var. Enerjiniz, şövqünüz tükənməsin İsa müəllim!
Təbrik edirik!
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar
Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci
qəzet"in baş redaktoru
525-ci qəzet.- 2019.- 16 oktyabr.-
S.14.