Dan yerindən zenitə...

 

  Xatirə esse

 

Doğulub boya-başa çatdığım Ulya-Noraşen kəndi (indiki Şərur rayonunun Oğlanqala kəndi) Arpaçayın sol sahilində, Qaratəpə adlanan kiçik dağın ətəyində yerləşir. Atalı-analı, məktəbli-müəllimli, dostlu-yoldaşlı, nağıllı-nəğməli uşaqlıq dünyamın ən doğma, ən əziz, ən isti bucağıdır bu kənd!

Qaratəpənin zirvəsində duranda Arpaçayı ayaqlarının altında qalır. Təpədalı, kiçik adacıqlar, yamyaşıl tarlalar, taxıl zəmiləri, Çayiçi, Qalacıq arxı, Fərhad arxı, qələməlik, Plovtəpə... Bir ayrı cür mənzərə canlanır! Arpaçayın axarı ilə kəndin aşağısından ağaran binaya - məktəbimizə həvəslə baxardım. Və dərhal da baxış çevrəmi dəyişərək çayın mənbəyi boyunca uzaqlara baxar, çay o qədər kiçilib daralardı ki, mənə elə gələrdi, Arpaçayı bax o kiçik yaşıl tala kimi görünən o kənddən baş alıb bizə tərəf axıb gəlir. Danzik kəndi idi o yaşıl tala... Zaman keçəcək, ədəbiyyat vurğunu olduğumuz illərdə sevimli ədəbiyyat müəllimimiz Abbas Hüseynov öyrədəcək ki, Danzik sözünün mənası "Dədə Qorqud" boylarındakı "dansux" sözündən olub erkən günəşin çıxdığı yer - dan yeri deməkdir.

Atamın dilindən eşitdiyim bu sözlər indi də qulaqlarımda səslənir: "Gün Danziyin üstündən çıxar-çıxmaz qalxdıq ayağa", "Həyətə çıxdım, yavaş-yavaş dan yeri ağarırdı, gün Danziyin üstündən bir qarış qədər qalxanda uşaqları oyatdım!" Mənim uşaq təsəvvürümdə günəşin də vətəni bax o Danzik kəndi idi; nə olsun ki, coğrafiya müəllimlərimiz Hüseyn Kərimov, Müzəffər Əliyev illərcə cəhətlər, qalaktika, günəş sistemi, dan yeri, qürub çağı haqqında bizə dərin biliklər vermişdi!

Yaz səhərlərinin birində ailəmiz yaylağa köçürkən maşın Arpaçayı boyunca yuxarı qalxan zaman Qaratəpədən uşaq marağı ilə seyr etdiyim qələməliyə - o yaşıl talaya yaxınlaşırdıq ki, atam - "Bura Danzikdi, Əkbər müəllimin kəndidir!" - dedi. Deyəsən, Arpaçayı kəndin içindən axırdı və çox sadə köhnə taxta körpü var idi. Niyəsə mənə elə gəlirdi ki, kəndi otaylı, bu taylı eləyən bu körpünün üstündən keçsən suya batarsan və bu körpünü keçmək hər adamın işi deyil. "Günəşin vətəni", "Arpaçayın yuvası", Əkbər müəllimin kəndi Danzik kimi bu körpü də dünyada bərabəri olmayan ən maraqlı körpü kimi uşaq hafizəmdə özünə yer tapdı; çox da ki, yaşa dolduqca görəcəm, oxuyub öyrənəcəm ki, dünyada necə maraqlı nəhəng körpülər - məsləklər, mədəniyyətlər, siyasətlər, iqtisadiyyatlar arasında - hətta kosmik körpülər də var...

Eşidib-gördüklərimlə köklənib, aldığım təlim-tərbiyə ilə qurulub yüklənə-yüklənə 14-15 yaşına çatdığım günlərin birində atamla İrəvan şəhərinə gedirdik. Məktəbə az qalmış mənə, qardaş-bacıma əyin-baş almaq üçün atamla gedərdik İrəvana...

Elektrik qatarına qalxıb kupeyə girəndə atam yaşda, bəlkə, bir az böyük, atama da oxşarı olan görkəmli siması, nüfuzedici baxışlı bir kişi ilə yoldaş olduq. Atam onunla çox mehriban, səmimi, iki əllə görüşdü və sevincək də mənə tərəf dönüb: "Qızım, Əkbər müəllimdir", - dedi və başını bir azca mənə tərəf əyib yavaşca, mənalı-mənalı:

- Əkbər müəllim böyük insandır, - dedi.

Uşaq xəyalımın dərinliklərindən boylanırdı Əkbər müəllim. Təxəyyülümdə beləcə də yaratmışdım bu obrazı. Sizə təəccüblü görünsə də, inanın, içimdə özümlə danışdım:

"Əlbəttə ki, böyük insandır Əkbər müəllim, onun kəndi var, körpüsü var, Günəşin də, Arpaçayın da Vətəni onun kəndidir!"...

Əkbər müəllim - "Necəsən, qızım?" - deyib mənə əl verdi, görüşdük. Sakitcə, maraqla qulaq asırdım, atamla elmdən, məktəbdən danışdılar. Atam mənim yaxşı oxuduğumu fərəhlə Əkbər müəllimə bildirdi. Yüngülvarı yemək süfrəsi açdılar - yol süfrəsi... Mənsə, bu böyük insanın - böyük insanların yanında yeməyə əl uzatmadım... Utandım!

***

Səkkizinci sinfi bitirib üç aylıq yay tətilindən qayıdan zaman - gurhagurlu, sevincli, xoşbəxt o sərin sentyabr səhərində uşaqlar maraqla bir-birinə xəbər verdilər ki, məktəbimizə təzə oğlan gəlib!

Elə birinci dərsdən məlum oldu ki, təzə oğlan Həbibov İsa kəndçimiz Təhməzov Qulugilin qohumu, danzikli Əkbər müəllimin oğludur... Elə bildim ki, uşaqlardan, hətta müəllimlərdən də artıq mən onu tanıyıram və həm də çoxdan tanıyıram. O, Günəş doğan kənddən, Dan yerindən gəlib!

Dərs qurtaran kimi az qala qaça-qaça evə tələsirdim ki, xəbər verəm: "Əkbər müəllimin oğlu İsa bizim məktəbə gəlib!" Atam da sifəti dolusu fərəhlə gülümsəyərək cavab verə: "Həə?! Əkbər müəllimin oğlu yaxşı oxuyar!"...

"Heç dəxli var? Hamı yaxşı oxuyur daa! Niyə Əli Məşə Cabbar oğlunun uşaqları pis oxuyur?!" Yaxşı ki, bu etirazı içimdə boğub dilimə gətirmədim. Dərhal fıkirləşdim ki, atam düz deyər, yəqin bütün yaxşı oxuyanlardan bir fərqi olmalıdır Əkbər müəllimin oğlu İsanın! Yoxsa bu gün elmimizin, maarif və mədəniyyətimizin öncüllərindən olan, öz əzabkeş, mübariz, halal zəhmətli ömür yolu ilə seçilən əsl insan, qeyrətli vətəndaş, dünyaşöhrətli azərbaycanlı alim, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Əkbər oğlu Həbibbəylinin uğurlarını izlədikcə atamın ruhundan üzr istəyərdim...

Az keçmədən İsa qaynar məktəb illərinin yaddan çıxmayan sevimli şagirdinə çevrildi: Qəndab xalanın tər-təmiz yuyub ütülədiyi ağ yaxalıqlı, qara pencəkli, parıldayan ayaqqabılı, geyim-keçimli, səliqə ilə vurulmuş, bir az da qıvrım saçı ilə, gülüşünü az-az gördüyümüz həyalı, sakit kürən çöhrəsi ilə, başlıcası isə bütün fənləri yaxşı oxumaqla ədəbiyyata, yaradıcılığa xüsusi meyl göstərməsi ilə!

O zaman belələrini göstərib deyərdilər: tərbiyəli uşaqdır, yaxşı oxuyur.

Çox güclü mütaliəsi var idi... Yadımdadır... Rəfiqəmin bacısı Ofeliyanın toyu idi. Qohumları olduğu üçün İsa da o toyda idi. Həyətdə bir çal-çağır idi ki... Mən müşahidə elədim ki, həmin vaxt İsa kiçik kitab dolabından nəsə tapıb oxuyur və sanki həyətdəki toyun səsini eşitmirdi.

Şagirdlərin bədii yaradıcılığını əks etdirən "Ədəbi gənclik" divar qəzeti buraxırdıq, redaktoru idim o qəzetin. Bir gün İsa iki şeir gətirdi utana-utana: "Elə bahar gələndə" və "Modabaz qız" (yumoristik). Mənim də "redaktorluğum" tutar, şeirdə o ki var dəyişiklik edərəm, hətta bir bənd də əlavə edib qəzetdə verərəm... İsa oxuyub utana-utana xəfifcə gülümsəyərək dostu Seyfəddinə (filologiya elmləri namizədi Seyfəddin Eyvazov) narazılığını bildirib, mənim üzümə gəlməyərək:

- Bu mənim şeirim olmadı ki, Nubarın şeiri oldu, - demişdi.

Əziz qardaşım İsa, hörmətli akademik İsa Həbibbəyli, o zaman dəyişiklik etdiyim şeirdən, əlavə artırdığım bənddən bircə söz də yadımda qalmayıb, təkcə sizin haram qəbul etməyən zəhmətinizin, ilhamınızın məhsulu olan bu bənddən başqa:

Dağlarda əriyir qar,

Göyərir yaşıl otlar,

Qəlbə sığmır duyğular,

Elə bahar gələndə.

 

Bu bənd sizin özünüzünküdür...

Qaynar məktəb günlərimiz bir-birini əvəz edib illərə qovuşduqca, sanki təlatümlü çay sakitləşərək durulur, dibinin daşları aydın görünməyə başlayırdı. Bizlər idik o daşlar: ağ, qara, camağı, alabəzək mərmər çuxuruna bənzər, boz qranit rəngli, mərcanvarı... Məktəbimizdə böyük bir ədəbiyyat, sənət ab-havası var idi. Şagirdlərin yaradıcılığı ədəbiyyat və dram dərnəklərində üzə çıxır, müzakirə edilib qiymətləndirilirdi. Məktəb özfəaliyyət dərnəyinin kənd mədəniyyət sarayının səhnəsindən ucalan onuncuların ifa etdiyi "Şəbi-hicran" xoru bu dəqiqə də qulağımda səslənir.

"Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır

Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?!"

Möhtəşəm musiqidir! Azərbaycan xalq çalğı alətləri orkestrinin ifa etdiyi C.Cahangirovun "Füzuli" kantatası! Əzəmətli xor və orkestr qarşısında solo oxuyan Şövkət xanım Ələkbərovanın məlahətli səsi də bizim onuncuların ifası kimi şirin gəlir mənə! Müqayisəyə bax ha! Demirəm onuncular birləşmiş xor kimi oxuyurdu, demirəm Ceyran Musayeva Şövkət Ələkbərova kimi oxuyurdu. Deyirəm, bu kantata bizim onuncuların ifası kimi şirindir... Yaxud Azərbaycan Dövlət Akademik Dram Teatrının tamaşalarına baxarkən məktəbimizin dram dərnəyinin S.Vurğunun "Vaqif" pyesinin tamaşasının ifaçıları - o böyük ecazkar "aktyor heyəti" gözlərim qarşısında canlanır: Sabir Həsənli, Zakir Hüseynov, Sima Məmmədova, İsa Həbibov, Seyfəddin Eyvazov, Ofeliya və Nəzirə Təhməzova bacıları, Nubar Abdullayeva, Mütalib Əliyev, Duman Səfıyev... və bir də bütün bu yaradıcı fəaliyyətlərin ilhamvericisi, təşəbbüskarı, dirijoru, rejissoru, şeiriyyət qədər incə və dərin mərhum ədəbiyyat müəllimimiz Abbas Hüseynov!

Şah budaqlar rişələrdən intişar edir... Nəhəng gövdələr kök üstündə ucalır...

İllərin arxada qoyduğu hər biri bir ömrə bərabər o məktəb illəri, məktəbimizin o mikroədəbi mühiti yoğurdu, yetişdirdi, bişirdi bizi! O illərdə İsanın məktəb divar qəzetlərində, "İşıqlı yol", "Şərq qapısı" qəzetlərində tez-tez şeirləri və məqalələri çıxırdı.

Təzə şeirlərini oxuyub müzakirə edirdik. Bütün bunlar torpaqaltı incə rişələr idi ki, yer üstündə nəhəng, qollu-budaqlı bir ağacın inkişafına zəmin yaradırdı.

Zaman keçəcək, İsa Həbibovun Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fəaliyyətə başlayan kimi "Ədəbiyyatşünaslıq", "Ədəbi gənclik" dərnəkləri təşkil edib tələbələri ora cəlb etməsini, Naxçıvan yazıçılarının özlərinin görüşü və iştirakı ilə əsərlərinin tələbələrlə müzakirəsini keçirməsini, gənc müəllimin Naxçıvan ədəbi mühitində görünüb seçilərək yubileylərdə gözəl məruzələrini, Naxçıvan Televiziyası ilə ədəbi simalar haqqındakı dərin məzmunlu çıxışlarını, NDU-da elmi işlər üzrə prorektor işləyərkən elmlə yanaşı, tələbələrin bədii yaradıcılığına xüsusi önəm verərək Tələbə Şən və Hazırcavablar Klubuna, musiqi və özfəaliyyət qrupu tələbələrinə kömək və qayğı göstərməsini, rektor İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetində yaratdığı tələbə xalq çalğı alətləri orkestri, Tələbə Teatr Studiyasının fəaliyyəti, Ü.Hacıbəyovun "Arşın mal alan" operettasının, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin tamaşaya qoyulması, tələbələrin Türkiyədə, Novosibirskdə, Bakıda qastrol səfərlərinin müvəffəqiyyətləri, tələbə rəssam və müəllimlərimizin əsərlərinin sərgisini təşkil etməsini məktəb illərimizin o ədəbi mühitinə oxşadacam!...

***

Orta məktəbi bitirəndən sonra bir böyük ədəbiyyat boğçasını düyünləyib qürurumda, hissimdə, ağlımda daşıya-daşıya Naxçıvan Şəhər Tibb Məktəbində təhsil alan zaman İsa da Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının, Filologiya fakültəsində oxuyurdu. Ara-sıra rastlaşıb hal-əhval tutanda İsanın müvəffəqiyyətlərinə çox sevinirdim və hamıya - ailə üzvlərimizə - hətta III sinifdə oxuyan oğluma və II sinifdə oxuyan qızıma da fərəhlə bildirirdim ki, İsa Həbibov mənim orta məktəb yoldaşımdır.

Və 10 ildən artıq tibb bacısı işləyə-işləyə idealım həqiqətə çevrilib Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə qəbul olunan zaman tələbə auditoriyasına daxil olan ilk müəllimim İsa Həbibov - İsa müəllim də 90 nəfərlik auditoriya qarşısında məni təbrik edərək fərəhlə dedi:

- Nubar mənim orta məktəb yoldaşımdır.

Professor Yavuz Axundlu, dosent İbrahim Mollayev, dosent A.Əliyev, professor Sevindik Vəliyev, professor Əbülfəz Amanoğlu, professor Vilayət Əliyev, dosent Nəriman Orucəliyev, professor Məmməd Rzayev, professor Rəhilə Məhərrəmova, dosent Əbülfəz Muxtaroğlu, akademik İsa Həbibbəyli ... bunlardır mənim müəllimlərim! Və zaman göstərdi ki, bütün yaxşı müəllimlərdən bir fərqi varmış Əkbər müəllimin oğlu İsa Həbibbəylinin: elmə, ədəbiyyata, sənətə təşnə vurğunluğu ilə, idealı uğrunda mübarizədə tükənməz halal zəhməti, yorulmazlığı və fədailiyi ilə, elmi-pedaqoji, ictimai fəaliyyətlərindəki obyektiv və prinsipiallığı ilə, tələbələrinə, aspirantlarına qarşı yüksək tələbkarlığı, həssas qayğıkeşliyi ilə, universitet rektoru, ictimai xadim, millət vəkili olaraq insanlarla işgüzar, saf münasibətlər yaratması ilə, nail olduğu məziyyətləri qısqanmadan, xəsislik etmədən ətrafındakılara da aşılatmaq, təbliğ etmək, universitetdə vətənimizdə, hətta dünyada nümayiş etdirmək həvəsi ilə, xaraktercə tamlığı ilə, oğul kimi, ata kimi, baba kimi incə qəlbi, kövrək hissləri ilə!

İsa müəllim Naxçıvan Dövlət Universitetinin tarixini yaradan, yaşayan və yaşadan simalardan biridir. O, bizə - bizim nəsil filoloqlara ədəbiyyatşünaslığın nəzəri əsaslarını, qədim və orta əsr, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli simaları, ədəbi cərəyanlar, müasir ədəbi-metodoloji baxışlar haqqında dərin elmi biliklər verib. İsa müəllimin tələbkarlığı ilə biz Aristotel, Bualo, Belinski, Q.H.Beqdeli, M.Cəfər, Ə.Mirəhmədov, M.C.Paşayev, B.Nəbiyev, Y.Qarayev kimi alimlərin tədqiqatlarını sevə-sevə oxuyub öyrənmişik.

Özünün fundamental elmi işi - böyük demokrat yazıçı C.Məmmədquluzadənin ədəbi irsi, jurnalistlik fəaliyyətinin öyrənilməsi Azərbaycan, Yaxın Şərq elmi-ədəbi tarixində böyük bir hadisədir.

İsa müəllim bütün şüurlu həyatını bizim universitetlə (mən Naxçıvan Dövlət Universitetinə bizim universitet deyirəm) bağlayıb. Bu universitet onun gəncliyi, düşünən beyni, döyünən ürəyi, ahıllaşan ömrü-günüdür... Naxçıvan Dövlət Universiteti Azərbaycanın Oksfordu adlandırılanda, Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının "Minilliyin universiteti" adlı beynəlxalq mükafatına layiq görüləndə İsa müəllim fərəhdən gəncləşir.

80-ci illərin birinci yarısı idi... Qəndab xala Naxçıvan Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində yatan zaman İsa müəllim NDU-nun elmi işlər üzrə prorektoru idi. Anasına dəyməyə gəlmişdi; söhbət zamanı Qəndab xala:

"İsa, Nubarın uşaqları institutda oxuyanda gözün üstlərində olsun", - deyəndə İsa müəllim yarızarafat:

- Ana, Nubarın uşaqları bizim institutu bəyənmir, Bakıda oxuyurlar - (oğlum Mübariz və qızım Mehriban o zaman Bakı Dövlət Universitetində təhsil alırdılar), - deyə cavab verəndə mən fərəhləndim, fəxr etdim ki, uşaqlarım Bakıda təhsil alır! Və illər keçəndən sonra Universitet şəhərciyindəki çox sadə mənzilində yaşaya-yaşaya, yarada-yarada Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi olan İsa Həbibbəylinin həyat kredosuna çevrilmiş bu kəlamlarını oxuyanda xəcalət çəkdim: "Əyalətdə yaşamaqla əyalətçi düşüncəyə malik olmaq eyni mənaya malik deyildir".

Bəli! Qraf Tolstoy da Yasnaya Polyanadan kənara çıxmadan dünyaya "Hərb və sülh"ü bəxş etmişdi.

Nə yaxşı ki, illər keçəndən sonra qızım Mehriban (Mehriban Sultan), NDU-nun Elmi kitabxanasında ilk əmək fəaliyyətinə başladı. İsa müəllimin elmi rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdi, doğma universitetimizin əməkdaşıdır. Nə yaxşı ki, qızım Aynur Sultanova NDU-nun Təbiətşünaslıq fakültəsini bitirib Duzdağ Fizioterapiya Mərkəzində həkim-laborant işləyir. Və nə yaxşı ki, ailəlikcə heç vaxt doğma, günü-gündən gözəlləşən Naxçıvanımızı tərk etmək fikrində olmamışıq, yoxsa İsa müəllimin simasında üzərində akademiklərin, professorların, sənətşünasların, böyük şəxsiyyətlərin qurub-yaratdığı, yaşadığı Naxçıvan torpağından utanardım.

***

Zaman zamandır... Zaman yamandır... Ötüşə bilmirik onunla: gah haqlayır bizi, gah qaçır əldən çıxır çata bilmirik, gah onu qabaqlayırıq... Nə bilim, elə zaman zamandır! 60 il! 60 ay! 60 gün! 60 saat! Sıfırlar özü bir şey deyil, gör nələr edirlər! Sonuncu sıfırı pozaq! 6 saat... 6 saat ərzində Günəş Dan yerindən Zenitə qalxır! Zenit nöqtəsində olan Günəş Yer üzünün ən qaranlıq nöqtələrini belə, işıqlandırır, isidir öz ziyası ilə! Zaman məni uşaqlığıma qaytarır. Yenə elə bilirəm o Günəş Danziyin üstündən qalxıb...

Əkbər müəllimin kəndi Danzik köçüb, yeni kənd Dan yeri olub yaşayır!

Arpaçayı yurddaşdır onun yerində! 60 ildə nə qədər aşıb-daşıb; bulanıb-durulub, sellərə-sulara qoşulub, sakitləşib, dərinləşib... Torpağa, geniş çöllərə, düzlərə, tarlalara, bağlara bar-bərəkət, həyat verir... Yenə zaman aldatdı məni; təsəvvürümdə o kənddən başlayan taxta körpülü dağ çayıdır, aşıb-daşan Arpaçayı!

Dan yerindən Zenitə ucalan Günəş zamanın qürubundan qorxmaz! Bu, zamansızlıqdır! Bu, əbədiyyət yoludur!

P.S. Günəşin əbədiyyət yolu.

Əzizim İsa müəllim!

On il əvvəl sizin 60 illiyiniz - demirəm yubileyiniz, çünki siz rəsmi yubiley anlayışını həmişə özünüzdən uzaq tutmusunuz, sizin yubileyiniz əzizlərinizin, doğmalarınızın və bir də elmi, ədəbi, ictimai şüurlu xalqımızın ürəyində keçirilib - ərəfəsində yaşayıb gördüklərimi, duyub düşündüklərimi xatırlayaraq qələmə aldığım bu yazını təkrar oxuyanda fikirləşirdim ki, böyük insan - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti dünya şöhrətli ədəbiyyatşünas alim, millət vəkili, akademik İsa Həbibbəyli haqqında yazdığın bu xatirə-esse çox bəsitdir, 70 illiyi münasibətilə bu gün daha sanballı yazı lazımdır, lakin çalışsam da, o yazının şirinliyinə süni dad qata bilmədim, zamana tabe oldum, təxəyyülümdə yenə o dağ çayı Arpaçayı aşıb-daşdı! Zamana tabe olsaq da, təsəllimiz zamansızlıqdır!

Dan yerindən Zenitə ucalan Günəş zamanın zamansızlığı ilə qürurludur! Bu, günəşin əbədiyyət yoludur!

 

Nubar ABDULLAYEVA

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.15;18.