Azərbaycan romantiklərinin yaradıcılığında Turançılıq   

 

 

Azərbaycan romantiklərinin yaradıcılığında türkün keçmişinə baxış Turançılıq ideyasının intişar tapmasına səbəb olur.

 

Turançılıq elmi, siyasi və bədii düşüncədə, demək olar ki, eyni vaxta paralel olaraq gündəmə gətirilir. Xüsusilə, Avropada panislamizm, pantürkizm və panturanizm ideyasına qarşı formalaşan ictimai fikir türk mühitində bu mövzuya marağın artmasına gətirib çıxarır. Turan sözü ictimai fikirdə oğuzları, tatarları, qırğızları, özbəkləri, yakutları və b. türkləri birləşdirən ümumi ad olaraq görülürdü. Bu ad altında bütün türkləri birləşdirmək mümkündürmü? Dövrün ictimai fikri və bədii düşüncəsi məhz bu suala cavab axtarmağa çalışır və bu fikri formalaşdırırdılar. Ə.Hüseynzadə, Y.Akçura, Ə.Ağaoğlu, Z.Göyalp və b. məqalələrində Turançılıq məfkurəsini türkçülüyün yayılması üçün ən yaxşı vasitə kimi görürdü. Dünən türklər üçün xəyali bir ad olan Turan adı türklərin elmi və bədii düşüncəsində yenidən səslənməyə başlayır. Bütün türk xalqlarını vahid bir ideya - Turançılıq ətrafında birləşdirmək çətin olsa da, türk xalqlarının maariflənməsi, siyasi təşkilatlanması və bir məfkurə halında özünü hiss etməsi üçün bu ideya müəyyən formul rolunu oynayır. Bu proses I Cahan savaşı dönəmində davamlı olmuşdur.

 

Turançılıq ideyasının bədii ədəbiyyatda ilk nümunəsi kimi Ə.Hüseynzadənin "Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan, Əcdadımızın müştərəkən mənşəyi Turan", - sətirləri ilə başlayan qitəsi hesab edilir. 1892-ci ildə yazılmış bu şeir o zaman dərc edilməsə də türkçü dairələrdə geniş yayılmışdır. Bu barədə müxtəlif vaxtlarda Y.Akçura, Z.Göyalp kimi fikir adamları da məlumat vermişlər. Maraqlıdır ki, Ə.Hüseynzadə həmin şeiri 1904-cü ildə bir məqaləsinə əlavə edərək Misirdə çıxan "Türk" qəzetinə göndərsə də, şeirin çapı burada da mümkün olmur. Bundan sonra Turan ifadəsi işlənməsə də, M.Ə.Yurdaqulun türkçü şeirlərində bu ideyanı əhatə edən Türküstan ifadəsi işlənilmişdir. Onun "Ey türk, oyan" (1893) şeirində çuvaşı, azərisi, başqırdı, sartı, fini, kalmıkı eyni qanla yoğuran "Ana vətən"ə üz tutur və onların hamısının türk dili ilə danışdığını bildirir və onların hər birinin öz övladı olduğunu dilə gətirir. Bu xalqların yaşadığı məkanı yurdu hesab edən şair yazır:

Milyonlarca o esir, o ateşli kalplerin,

Hepsi türklük aşkıyla tek kalp kimi çarpacak.

Yüz milyon türk, eski, yeni Türküstan,

Bütün dünya ve istikbal hep senin.

(Yurdakul M.E. Türk sazı, İstanbul, 1979, s. 22)

Turan sözünün poetik dərkinə Ə.Cənnətinin "Fəxriyyə"sində rast gəlirik. Bu fəxriyyə başqa sözlə "Turanlılarız..." adlanır. Bu şeirdə şairin lirik düşüncələri və romantik idealları ilə yanaşı, həm də Turançılığın tarixi tərənnüm olunur. Şair bu şeirində Turanlılar adı altında birləşən türklərin keçmişinə nəzər salırdı.

 

Nəzərə alsaq ki, bu dövrdə türklük özünün ən çətin zamanlarını yaşayırdı, onda Turançılığın öyülməsi və tərənnüm edilməsini bir dönüş kimi qəbul etmək olar. Doğrudan da, elə olur; bu fəxriyyədən sonra Turançılıq bədii düşüncədə sürətlə yayılır. "Turanlılarız, sahibi-şənü şərəfiz biz, Əslafımızın nayibi xeyrül-xələfiz biz", - beytilə hər bənd boyu təkrarlarda hər zülmə qatlaşan türklərin yeni bir tarix yaşadığını anladırdı. Türklərin düşdüyü bu vəziyyətlə qətiyyən barışmaq istəməyən şair türklüyün keçdiyi yolu tərənnüm edərək yenidən o günlərin yaşanmasını tərənnüm edir:

Ey zülmü-cəhalət, həzər et göz yaşımızdan,

Dürr olmalısan torpağımızdan, daşımızdan,

Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,

Hürriyyət üçün vaz keçəriz can-başımızdan.

Turanlılarız, sahibi-şənü şərəfiz biz,

Əslafımızn nayibi xeyrül-xələfiz biz.

Cürət bizə gəhvəradə adət verilibdür,

Məktəbdə bizə dərsi-bəsalət verilibdür,

Ehrazi-zəfər, töhfeyi-himmət verilibdür,

Əvvəlcə bizə müjdeyi-nüsrət verilibdür.

Turanlılarız, sahibi-şənü şərəfiz biz,

Əslafımızın nayibi xeyrül-xələfiz biz.

(Cənnəti Ə. Vətən təranələri. Bakı, Nurlan, 2006)

Bundan sonra türk dünyasında səhnəyə Z.Göyalp çıxır. Onun həm elmi-nəzəri araşdırmaları, həm də poetik yaradıcılığının ana xətlərindən birini Turançılıq təşkil edirdi. "Türkçülüyün əsasları" əsərində böyük fikir adamı Turançılığı nəzəri cəhətdən belə əsaslandırırdı: "Yüz milyon türkün bir millət halında birləşməsi türkçülər üçün ən qüvvətli bir coşqunluq qaynağıdır. Turan məfkurəsi olmasaydı, türkçülük bu qədər sürətlə yayılmayacaqdı. Bununla bərabər, kim bilir, bəlkə gələcəkdə Turan ülgüsünün gerçəkləşməsi də mümkün olacaqdır. Ülgü gələcəyin yaradıcısıdır. Dünən türklər üçün xəyali bir dövlət bugün Türkiyədə bir həqiqət olmuşdur" (Göyalp Z. Türkçülüyün əsasları. B., 1991 s. 38).

 

Nəzəri cəhətdən Turanın gələcəyini mümkün hesab edən şair "Turan" şeirində türkçülük, turançılıq məfkurəsinin poetik dərkini ifadə etmişdir. Şair türklüyün keçmişini xatırlayaraq onun keçib gəldiyi yolu "şanlı" adlandırır, Atillanı, Oğuz xanı, Çingizi yad edir, irqinin "uzaq və yaxın" zəfərlərini təqdir edir.

Nabızlarımda vuran duygular ki tarihin

Birer derin sesidir, ben sahifelerde değil

Güzide, şanlı, necip ırkımın uzak ve yakın

Bütün zaferlerini kalbimin tanininde

Nabızlarımda okur, anlar, eylerim tebcil.

Sahifelerde değil, çünkü Atilla, Cengiz

Zaferle ırkımın tetviç eden bu nasiyeler,

O tozlu çerçevelerde, o iftira amiz

Muhit içinde görünmekte kirli, şermende;

Fakat şerefle numayan Sezar ve İskender!

Z.Göyalp bu şeiri Gənc türklərin 1908-ci il devrimindən sonra yazmışdır. Şeirin yazılmasının başlıca səbəblərindən biri bu zaman cəmiyyətdə gedən osmanlıçılıq və islamçılıq axınlarına qarşı türkçülük, turançılıq ideologiyasını qoymaq və formalaşdırmaqdan ibarət idi. Başqa bir şeirində isə türk düşmənlərinə, bir qədər də dəqiqləşdirsək, Qərbə səslənir, onun tarixini öyrənməyi məsləhət görür və Turançılığı tərənnüm edirdi:

Qərbin dinlər səsini, Qərbə səslər dinlətir,

Qəlbini də söylətir, qəlbini də inlətir:

 

Lakin əsla unutmaz Oğuz xanın övladı,

Turan denən o yurdu, Turan denən o adı.

Ey türklüyün düşmanı, kitablara göz gəzdir;

Fərabilər kimlərdir, Uluq bəylər kimlərdir?

(Ziya Gökalp, Külliyyatı (hazırlayanı Fevziye Tansel),

I c., Ankara, 1977, s. 34)

Z.Göyalp Turançılığa bir neçə ictimai-siyasi, mənəvi, ideoloji yönlərdən baxır və onun əsaslarını elmi, poetik cəhətdən əsaslandırmağa çalışırdı. Ona görə də onun yaradıcılığında Turançılıq heç də keçici olmur, dərindən işlənilir.

 

Turançılıq ideyası romantiklərdən ən çox A.Şaiqin, H.Cavidin, Ə.Müznibin, gənc Cəfər Cabbarlı, Umgülsüm və Əhməd Cavadın əsərlərində tərənnüm və təbliğ edilirdi. H.Cavid "Hərb və fəlakət" şeirində Turanın keçmiş şərəfli tarixini xatırlayaraq yazırdı:

Bir zamanlar şərəfli Turanın,

O cihani gəyuri qavğanın

Qəhrəman, bərgüzidə evladı,

Türklərin anlı-şanlı əcdadı

Saldırıb titrədirdi yer üzünü,

Hökm edər, dinlətirdi hər sözünü.

(Cavid H. Əsərləri. 5 cilddə, I c.,  B., 2007, s. 64)

A.Şaiqin yaradıcılığında Turançılıq ideyası I Cahan savaşı və Cümhuriyyət illərində yazdığı şeir və poemalarda öz əksini tapır. "Arazdan Turana" poemasında Turançılıq təkcə tərənnüm olunmur, həm də keçmişi və bugünü özündə ehtiva edir. Bu poema ilk əsərdir ki, adında Turan sözü ilə yanaşı Araz sözü də işlənir ki, bu da Azərbaycanı Turan kimi dərk etmək fikrindən irəli gəlirdi. Hadisələr Araz, Kür çayları ilə Quzğun dəniz arasında baş verir. Turan dərdi Arazı danışdırır. Şair nağıllara qayıdır və "Qızıl alma" ideyasına müraciət edir. Çünki türk mifologiyasında bu obrazın ayrıca yeri vardır; bu obraz müqəddəslik rəmzi hesab olunur. Demək lazımdır ki, "Qızıl alma" obrazı Z.Göyalpın da yaradıcılığında işlənilir. Bu ad onu göstərir ki, A.Şaiq Z.Göyalpın Turançılıqla bağlı nəzəri və poetik düşüncələri ilə tanış olmuşdur. Bu cür yanaşma milli romantizmin əsas xüsusiyyətlərindəndir. Əsərin baş qəhrəmanı Dünya gözəli indi dardadır; onun dizinin üstünə Div başını qoymuş, onu əsir almışdır. Şair Dünya gözəli dedikdə vətəni nəzərdə tutur, vətən dedikdə isə Turanı. Dünya gözəlinin axıtdığı qanlı yaşlar vətənin yad əllərdə inlədiyini göstərir. Dünya gözəli onu azad edəcək igidi gözləyir:

İnlər: Yoxmu Turanda qurtaracaq ər bəni?

Nərdə o türk nişanlım, o qoç igid, qəhrəman?

Yolunu pək gözlədim, yol ver ona, yaradan!

Yel atına binsin də, gəlsin bəni qurtarsın.

(Şaiq A. Arazdan Turana. B., 2004, s. 67)

Dünya gözəlinin bu dərdini anaya - Quzğun dənizə çatdırırlar. Quzğun dəniz iki yavrudan - Kür və Arazdan bu dərdi  dinləyir və "dişi bir qaplan" kimi bundan qeyzlənərək coşğun suları ilə Dünya gözəlini azad edir:

Basdı Kürü, Arazı dalğaların selinə,

Birdən-birə köpürdü, daşdı Turan elinə.

O dağ kibi yüksələn dalğaları yürüdü,

Yüz milyonluq Turanı başdan-başa bürüdü.

Quzğun dənizin bu həmləsi Dünya gözəlinin azad olması ilə nəticələnir. Azad olan Vətən yenidən tarixi şöhrətinə qayıdır.

 

Ə.Müznib bir romantik kimi şeirlərində də türkçülük, turançılıq, qədim türk tayfalarını poetik tərənnümə cəlb etmişdir. O, Azərbaycanı Turan irqinin bir parçası görmüş və onun keçmişinin şanlı, şöhrətli olduğunu bildirmişdir:

Turan irqi bu ölkədə boy atmış,

İgidliyin sancağını ucaltmış,

Dünyaları qeyrət ilə donatmış,

Qəhrəmanlar peykanıdır bu ölkə.

Mədənləri, fironları qudurtdu,

İskəndəri uzaq yerdən gətirtdi,

Nüşabəni, Sədanları böyütdü,

Sərkərdələr qəmxarıdır bu ölkə.

Türklük, turançılıq onun yaradıcılığında xalqı gələcəyə aparan bir ideya kimi göstərilir, türklüyü səmalara yüksələn bir əməl olaraq təsvir edir. Bir zamanlar "alyun yurdunun" düşmən əlində qaldığını, "yavrularının boynunu büküb baxdığını" dilə gətirən şair "çirkin diləkli", "alçaq məqsədli" düşmənin istədiyini əldə edə bilmədiyini, türklüyün qalib gəldiyini, "zülm atəşinin" söndürüldüyünü bildirir. Türklük yüksəldikcə onun başı səmalara dəyir, "ərş-əkbərə" qalxır, ülvi diləklər həmişəlik olaraq gerçəkləşir. Türkçülüyün ən çətin anında belə şair ona olan inamını itirmir, əksinə, özünün inandığı bu yüksəlişə oxucunu da inandırmağa çalışır:

Oldu cahanə türk elinin qüvvəti sübut,

Kinli, inadlı düşmənimiz eylər etiraf,

Dünya üzündə türk eli bir eldi layəmut,

Etməz zəif onları min hərb, min məsaf,

Dünya olunca hökm edəcək türk uluqları,

Dünya durunca həp duracaq türk uruqları.

(Ağayev İ. Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. B., 2003, Yenə orada, s. 116)

Ə.Müznibin "Yuğ qığılcımı", "Azərbaycan" şeirlərində də turançılıq, türkçülük ideyaları tərənnüm olunurdu. "Azərbaycan" şeirində "çəlik güllər bağçası" Azərbaycanı Turanın bir parçası hesab edirdi.

 

Ə.Cavadın şeirlərində Turanın keçmişi və bugünü tərənnüm edilirdi. Türkiyənin istiqlal mübarizəsi apardığı bir dönəmdə Turan coğrafiyasının bu qədər tərənnüm edilməsi yalnız keçmişin idealizəsi deyildi, həm də vaxtilə reallıq olan bir coğrafiyanı yeni nəslə anlatmaq və onları mübarizəyə səsləməkdən ibarət idi. "Türk ordusu"na yazdığı şeirdə şanlı türk əsgərlərini tərənnüm edirdi:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutma Qafqaza girdiyin günü!

Gəlirkən qovmağa Turandan rusu,

Ayağını Qara dəniz öpdümü?

(Cavad Ə. Seçilmiş əsərlər.

Bakı, Şərq-Qərb, 2005, s. 143)

C.Cabbarlı Məhəmmədzadə Mirzə Balaya yazdığı "Turan ellərinə salam söyləyin", "Azərbaycan bayrağına" şeirlərində türk xalqlarının birliyini romantik şəkildə ifadə edirdi. "Azərbaycan bayrağına" şeirində Göy Moğoldan qalmış türk oğlunun istiqlal duyğularına Turan idealını da qatırdı:

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: istiqlal!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

(Cabbarlı C. Əsərləri. 4 cilddə, I c., Bakı, Şərq-Qərb, 2005, s. 64)

"Turan ellərinə salam söyləyin" şeirində isə Amal quşunu Şərqə uçurur, Altun dağdan keçirir, Od yurdunun yavrularının dilində Turan ellərinə salam göndərir:

 

İntizar gözlərdən Xəzər doğuldu,

Həsrət ürəyimiz yanar dağ oldu.

Dillərimiz Turan deyə yoruldu,

Turan ellərinə salam söyləyin. 

(Cabbarlı C. Əsərləri. 4 cilddə, I c., Bakı, Şərq-Qərb, 2005, s. 64)

Cümhuriyyət dönəmində turançılıq ideyası daha da artmış, gənclərdən Əliyusif Rai, Umgülsüm və b. yaradıcılığında mühüm yer tutmuşdur. Umgülsüm "Turan düdüyü" şeirində bu böyük coğrafiyaya gələn fəlakətləri anladır və "Bir cahil yoxmudur çıxa gəmimiz, Ağlaşır analar, duyan nerədə?", - deyə Turan gəmisini xilas etməyin yolları aranır:

Məskənimiz həp fəlakət bucağı,

Bəstərimiz fırtınalar qucağı

Sönmüşmüdür əcəb türkün ocağı

Anadolu nerde, Turan nerede?

(Umgülsüm. Əsərləri B., Letterpress, 2010, s. 55)

Lakin Cümhuriyyətin süqutundan sonra bu ideya bədii düşüncədən çəkilmiş, yalnız bəzi romantiklərin əsərlərində rəmzlər, simvollar şəklində qalmışdır. 

 

 

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.10-11.