"Mətn mədəniyyəti" və
ya məhsuldar ideyaların monolitliyi
İsa Həbibbəyli
- 70
Mətn - dil vahidlərinin semantikası baxımından
çoxölçülü fikir məkanıdır. Mətn mənanın
və müəyyən struktur qanunauyğunluqlarının vəhdətindən
yaranır. Bu məkan semantik bitkiliyi müəyyən
iyerarxik bütövlüyü nümayiş etdirir, resipiyent tərəfindən
informativ yükü daşıma və ötürmə
prosesində mühüm amil kimi çıxış edir.
Mətn "elmi məkan"dır. Həmin məkanda elmi mənanın həqiqiliyi ilə
yanaşı, paradoksallıq da özünü göstərə
bilir.
İsa Həbibbəylinin mətnləri həm dil, həm
də nitq faktıdır. Bu mətnlər,
öncə kommunikativ və informativ, bir nitq vahidi olaraq sadəcə
ona xas olan, özəl işarələr vasitəsilə
formalaşır. Bunlar mümkün
olduğu qədər, elmi mətnin
açıqlığı, aydınlığı və dərk
edilməsini və xüsusi dil-sənətkarlıq
mövqeyini ehtiva edir.
Monolitlik mətnə, ələlxüsus da elmi dilə
xas olan cəhətlərdəndir. "Monolit" -
terminin mənası bütövlük, ayrılmaz, möhkəm
anlamını verir. Monolit mətnlərin
üslubu qəbulediləndir.
Yaradıcılıq işinin mexanizmi, bu mətnin prinsipial
assimetrik fikiryaradıcı mexanizmdir. Bu, mətnin dərin
strukturunda yaranan yeni fikirlərdir. "Mətn
nəinki yeni fikirlərin generatorudur, eyni zamanda, mədəniyyətin
kondensatorudur" (Ç.M.Lotman).
Elmi yaradıcılıq sferası yeni elmi yanaşmadan
ibarətdir. Onun elmi əsərlərinin dili bu baxımdan bir
aynadır. Bu aynaya baxanda elmin təmiz,
parlaq, şəffaf yönləri görünür. Bir zamanlar akademik İsa Həbibbəylinin elmi dili
(bu üslub ləyaqətli, səlis, novator və
aydındır!), həmin ifadə tərzini əks etdirən
mətnlər diqqətimizi xüsusi olaraq cəlb etmişdi.
Diqqəti daha çox çəkən isə
bu mətnlərdəki sintaktik konstruksiyaların daim bir-birini
təhdid etməsi, bir-birini izləməsi olmuşdur. Yəqinliklə demək olar ki, bu, müstəqil, fərdi
üslubdur. Buna bənzər yazılar, demək
olar ki, yoxdur.
AMEA-nın həqiqi üzvü İ.Həbibbəyli əsas
etibarilə ədəbiyyatşünaslığa (ədəbiyyat
nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı tarixi və
s.) aid mətnlər qurur. Adama elə gəlir
ki, bu mətnlərin struktur-semantik və funksional-praqmatik əlamətlərini
ayrıca tədqiq etmək də olardı. Həmin mətnləri qurmağın özü
çətin bir prosesin nəticəsidir. Şübhəsiz,
belə araşdırma xüsusi maraq doğurmaya bilməz.
Elmi dildə insan amili mühüm önəm
daşıyır. İnsan elmin dərinliyə baş
vurmağa çalışır. Söz,
fikir adamı sözü yeni semantik yuvalarda işlətməyə
səy göstərir. Bu cəhətləri elmi fəaliyyətində
həmişə nəzarətdə saxlayan, fundamental əsərlər
yaradıcısı İ.Həbibbəylinin elmi dili və
üslubu monoloji xarakter kəsb edir: Ciddi, qəti, tələbkar,
dürüst, dəqiq se-çilmiş, sərt qaydada,
nizamlı dil vasitələrindən istifadə; ağır, cəlbedici,
normaya salınmış nitq söyləməyə meyl;
öncədən ətraflı
düşünülmüş, götür-qoy edilmiş,
fikrini dərindən cəmləşdirilmiş. Qaldırdığı ədəbi məsələlər
barəsində təzə söz deməyə meyl göstərir.
Yeni ifadə vasitələrindən istifadə
edir. Bunlardan elmi nəticələr
çıxarır. Dil vasitələri
seçilərkən məntiqi-semantik ardıcıllıq
gözlənilir.
Görkəmli
ədəbiyyatşünas alim İsa Həbibbləylinin
qurduğu elmi mətnlər bizim nəzərimizi bundan
başqa bir çox cəhətdən də özünə
cəlb etdi: 1) faktların dəqiqliyi,
bütövlüyü, aydınlığı,
sübutların, dəlillərin
aydınlaşdırılması, mühakiməsinin itiliyi
baxımından; 2) ədəbi hadisələr, proseslər
arasında səbəb-nəticə əlaqəsinin göstəricisi
baxımından; 3) ədəbi tarixi inkişafın qanunauyğunluqların
üzə çıxarılması baxımıdan və s.
O, elmi
üslubun normalarına ciddi əməl edən alimlərimizdəndir.
Elmi mətn müəllifin nitq yaradıcı fəaliyyətinin
nəticəsi olaraq meydana çıxır. Onun elmi nitqi mübaliğəsiz dünyanın
individual mənzərəsini əks etdirir. Daha məhdud dairədə ədəbiyyat nəzəriyyəsinin,
ədəbiyyat tarixinin, Azərbaycan ədəbiyyatının
xəritəsini inikas etdirir. Həmin mətnlərdə
olan interpretasiyalar (izah və şərhlər) müəllifin
dünyaya baxışıdır.
Akademik İsa Həbibbəylinin qurduğu mətnlər
öz xüsusi tonallığına, emosional boyalarına, rənglərinə
görə seçilir. Emosional tonal mətnlər universal
kateqoriya təşkil edir. Bu mətnlər
üçün monoloit və semantik bütövlük
hakimdir. İsa müəllimin qurduğu elmi mətnlər
aşağıdakı xüsusiyyətlərinə görə
də xarakterizə oluna bilər: yüksək aktivliyə
malik informativliklə, semantik bütövlük yaradan vasitələrlə,
izomorfizm mahiyyətindən meydana gələn ifadələrin
bolluğu, sinonimik və perifrastik transformasiyaların
çevikliyi ilə səciyyələnir.
İ.Həbibbəylinin elmi dilinin leksik tərkibini milli
sözlərimizlə bərabər alınma söz və
terminlər də təşkil edir. Müasir elmi
üslubun leksik quruluşunun xarakterik cəhəti - terminoloji
alınmaların müntəzəm axınıdır. İsa müəllim ümumişlək və
terminoloji leksikadan ən çox elmi anlayışlar
arasında rabitə yaratmaq, onlar arasındakı münasibətləri
ifadə etmək, anlayışı şərh etmək,
sınaq materialının təsvirini vermək, ədəbiyyatı,
ədəbiyyat adamını dəyərləndirmək
üçün istifadə edir. İstifadə
etdiyi söz və terminlər dolğunluq yaradır, elmi anlayışları
təmin edir. Bununla verilən elmi bilik
kütləviləşir.
İ.Həbibbəyli elmi dilinin frazeoloji tərkibi. Bu tərkib
elmi dil üçün bir o qədər də məqbul
sayılmasa da, hər halda deyimlər fikir-məna ətrafında
cəmləşə bilir və yüksək məntiqi-informativ
dolğunluq yaradır.
Xüsusi avtoriallaşma üsulu - "mən"
qeyri-müəyyən şəkli konstruksiyalardan istifadə
(Hesab edirəm ki, bütün bunlar Səməd Vurğunun
simasında poetik düşüncə ilə elmi idrakın
yaratdığı dərin təəssüratların nəticəsi
idi (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət
və zaman. Əsərləri 10 cilddə,
II cild, "Elm və təhsil", 2017, səh. 555).
Sintaktik səviyyədə
bağlayıcılı mürəkkəb cümlələrdən
istifadə: Səməd Vurğun çəkinmədən tələb
edirdi ki, "SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialı öz işini elə qurmalıdır ki, bizdə
tarix elmləri özünəlayiq yer tutsun" (səh. 541).
Başqa bir cəhət, avtonom "altdil"in
mövcudluğu. Bu keyfiyyət İ.Həbibbəylinin elmi
dilinin üslubunu səciyyələndirən başqa bir əlamətdir.
Onun elmi
dilinin müxtəlif mövzuları işlənmə məqamında
hiss olunur ki, qarşılıqlı təsirlər, xüsusiləşmələr
(məs.: gərgin yaradıcılıq -
ictimai işlər) burada özünəməxsus sistem
yaradır: Gərgin yaradıcılıq səylərinə
baxmayaraq, Səməd Vurğunun 1945-1956-cı illərdə
ictimai işlərlə və elmi-təşkilati fəaliyyətlə
də ardıcıl şəkildə məşğul
olmuşdur - səh. 55). Ona görə ki, elmi sahə, elmi
istiqamət sərhədlənmir, əksinə, həmişə
inkişaf edərək öz hüdudlarını genişləndirir.
Alimin məhsuldar ideyalarından biri Azərbaycan ədəbiyyatının
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləridir. Həqiqətən
də elmin, o cümlədən, İ.Həbibbəylinini ədəbiyyatda
yeni tarixi dövrləşməni müəyyənləşdirməsi
göstərir ki, hələ bu yöndə görüləsi
işlər çoxdur, yeni istiqamətlər, yeni sahələr,
yeni düşüncələr meydana
çıxmalıdır.
Bir akademik düşüncə sahibi ədəbiyyatşünaslıq
elminin differensasiyası və inteqrasiya proseslərinin bir-birindən
ayrılmadığı, qırılmadığı qənaətinə
gəlir. O,
bu prosesə mühüm önəm verir. Çünki
filoloji elmlərin sahə baxımından diferensiasiyası
inteqrasiya üçün zəmin hazırlayır.
Hər hansı bir yeni elmin, yeni təsnifatın (yenidən dövrləşmənin) yaxud elmi araşdırmalardakı yeni istiqamətlərin meydana çıxması bu sahədəki yarımçıqları, yəni boşluğu doldura bilir, eləcə də bu sahənin öyrənilməsini asanlaşdırır. Bu baxımdan inteqrasiya istər-istəməz diferensasiyaya aparıb çıxarır.
İ.Həbibbəyli bu və ya digər məhsuldar ideyaların, həmçinin, yeni ortaq (müştərək) problemlərin və elmi sahələrin meydana çıxmasına mütləq sayır.
Həqiqətən də, elmin, o cümlədən, İ.Həbibbəylinin ədəbiyyatda yeni tarixi dövrləşməni müəyyənləşdirməsi göstərir ki, hələ bu yöndə görüləsi işlər çoxdur, yeni istiqamətlər, yeni sahələr, İsa müəllimin timsalında yeni düşüncələr meydana çıxmalıdır.
Məqalələrində elmi informasiyaları yığcam bir dildə verir, təhlil etdiyi obyekt barədə aydın təsəvvür yaradır, bir sözlə, elmi arqumentlər sistemini bütöv biçimdə təqdim edir. Məs.: "Müasir ədəbi prosesin çağırışlarından və qayğılarından, gəorginliklərindən bəhs edəndə də nə qədər çətin olsa da, Kamal Abdulla mühitin səthində qalmır, fövqündə dayanmağa çalışaraq mahiyyəti açmaqla bərabər, həm də çıxış yolu göstərmək funksiyalarını həyata keçirməyə ciddi surətdə səy göstərir" (səh. 893).
Ədəbiyyatın, ədəbi prosesin müxtəlif proseslərinə, şair və yazıçıların əsərlərinə dair yazıları aydınlaşdırıcı, sübutedici, məntiqi, yığcam, obyektlik, konkretlik, fikrin dəqiqliyi kimi keyfiyyətlərə malikdir.
İ.Həbibbəylinin elmi nitqi
standartlılıq (birtiplilik) xüsusiyyəti
daşıyır. Bu o deməkdir ki, onun elmi mətni açıq sistem
kimidir. Elmi üslub, şübhəsiz, həmin sistemin alt
qatını təşkil edir və elmi kommunikasiyanı təmin
edir. "Yüksək mədəni səviyyəyə,
nümunəvi ziyalılığa malik olan Abbas Səhhət
öz şəxsiyyətinin bütün daxili zənginliyini əlçatmaz,
hissedilməz duyğu və həyəcanlarına qədər
şeirlərinə hopdurmuşdur. Buna
görə də nun lirikası ağlın fəlsəfəsi
hikmətlərindən çox, qəlbin incə musiqisi,
melodiyası kimi səslənir" (səh. 390).
Elmi mətnlərinin interpretasiyası göstərir ki,
İsa Həbibbəylinin elmi nitqi spesifik standartlarla - sabit nitq
formaları ilə, məhsuldar və qarşılıqlı əlaqə,
ünsiyyət yaradan vasitələrinin bolluğu ilə təmin
olunub. Onun elmi nitqi bu cəhətlərə görə də
səciyyələnə bilər.
Belə formalar mürəkkəb termin və
anlayışlardan ibarətdir (nəzəri baza, emprik əsas,
məsələnin öyrənilməsi tarixi, hər iki mərhələdə,
yeni tarixi dövr, akademik hesabat, ictimai fikrin inkişafı və
s.).
İşlətdiyi standart konstruksiyalar məqamında
variantlaşır. Variantlaşan standartlar ələlxüsus
da kompoziya (quruluş, tərtibat) siqnalları
üçün istitfadə olunur.
Bundan başqa, İ.Həbibbəylinin elmi nitqində
standartlar bir sıra mühüm funksiyaları da yerinə
yetirir. Birinci növbədə, kompozisiya siqnalları - yeni
mətnin struktur-məzmun hissəsi kimi daxil edilir. Standartlaşmanın xarakteri - növbəti
informasiyaların xarakterinin keçməsinə əvvəlcədən
bilmək imkanı verir. İkincisi,
standartlar elmi hazırlığa sərf edilmiş zamana qənaət
edir. Üçüncüsü, İ.Həbibbəylinin
standartlaşmış elmi nitqi xeyli informasiya ilə təmin
olunaraq məlumatları mümkün olan tərzdə, əlverişli
şəraitdə asanlaşdırır, sadə,
anlaşıqlı bir duruma gətirib çıxarır.
Ona görə də standartlaşdırmadan
istifadə İ.Həbibbəylinin elmi nitqində kontakt, əlaqəqurucu
mənanın formalaşmasına da imkan verir.
Müşahidələr göstərir ki, İsa müəllimin
elmi nitqinin hazırlıq əlamətləri. Monotematiklik,
kommentarlıq və faktoloji xüsusiyyətlərdən ibarətdir.
İ.Həbibbəylinin elmi nitqinin əlamətlərindən
biri də yüksək hazırlıqdır. Onun həm
şifahi, həm də yazılı nitqinin hazırlıq dərəcəsi
bizcə, çox yüksəkdir. Bizə
elə gəlir ki, elmi mətn, elmi nitq təbii hadisə kimi
doğulmur, meydana gəlmir, əksinə, qeyri-mütəşəkkil
olaraq bunun üçün münbit şərait, imkan
yaranır. Bu imkanı İsa müəllim
özü yaradır. Ona görə də
onun nitqinin təsir gücü auditoriyanı, onun
çoxsaylı oxucularını ciddi şəkildə maraqlandırır.
İsa müəllimin məqalə və
kitablarındakı bütün elmi proqnozlar sistemli və
müntəzəmdir, əlaqəli şəkildədir və
bu proqnozlar inandırıcıdır.
İ.Həbibbəylinin elmi nitqinin informativliyi
asanlığı, sadəliyi, anlaşıqlığı ədəbi
dilin normalarına uyğun tənzimlənməlir. Ciddi normativlik
sözügedən elmi nitqin tələblərindəndir.
Bu cəhətdən İsa müəllimin elmi
nitqi savadlıdır, nitqi keyfiyyətlidir, yüksək dərəcəlidir,
etik tələblərə tam cavab verir.
Yüksək dəqiqlik tələbi İsa müəllimin
elmi nitqinin başlıca xüsusiyyətlərindən
sayıla bilər. Dəqiqlik tələbi altında
faktların doğruluğu, gerçəkliyi, həqiqiliyi,
etibarlığı, möhtəbərliyi, səhihliyi, yəqinliyi
dərk edilir. Bu xüsusiyyətlər onun
elmi terminologiyadan, fakt və sitatlardan düzgün istifadədə,
korrektlikdə, terminləri öz idrakına,
dünyagörüşünə görə mənalandırmasından
və ino izahından asılıdır.
İsa müəllimin elmi nitqinində ədəbilik
xüsusiyyəti çox aydın görünür. Qurduğu,
işlətdiyi ifadə və cümlələrin. Mövzu və ideyaların ədəbiliyi. Speklyativ (nəzəri, təcrübəyə əsaslanmayan)
mətnlərə onun yaradıcılığında təsafüf
etmək mümkün deyil.
İ.Həbibbəylinin elmi nitqində məntiqilik
xüsusiyyəti çox güclüdür. Buraya
arqumentlilik əlamətini də daxil etmək olar. Elmi
fikrin, düşüncəsi dərindir, arqumentlilik - şərh
edilən məsələnin əsaslandırılması və
inandırıcılığı. Onun
çıxardığı nəticələr elmi-nəzəri
cəhətdən əsaslanılır. Bir-birindən
asılılıq, bir-birinə təsir, bir-birindən törəmə
xüsusiyyətləri bunun məxsusi əlamətlərini təşkil
edir.
İ.Həbibbəylinin elmi nitqində praqmatik prinsiplər
gözlənilir. Elmi nitqdə praqmatiklik retrospektiv və
perspektiv tədqiqatları nümayiş etdirir. Elmi praqmatika kontekstdə böyük tarixi epoxanı
formalaşdırır.
Böyük alimin elmi nitqində varislik (arası kəsilmədən,
ardıcıl surətdə əvəz etmək, birindən o
birinə keçmə) xüsusiyyəti. Qurulan mətnin
hissələri ardıcıl olaraq bir-biri ilə arasıkəsilməz
biçimdə bağlanır.
İ.Həbibbəylinin elmi nitqində tədricilik
xüsusiyyəti alimin "böyük şəxsiyyətlərə
yenidən qayıtmaq" kimi ciddi vəzifələrin yerinə
yetirilməsini göstərir. Məsələn, tədqiqatçı
görkəmli ədəbiyyatşünas və böyük
müəllim Firidun bəy Köçərli haqqında
yazdığı məqalədə köçərlişünaslığın
qarşısında bu böyük şəxsiyyətə
yenidən qayıtmağın çox vacib olduğunu nəzərə
çatdırır. Ona görə ki, bu böyük
müəllimin "Azərbaycan ədəbiyyatının
tarixi materialları" əsəri Azərbaycan ədəbiyyatı
tarixçiliyinin möhkəm bünövrəsidir.
Firidun bəy Köçərli professional ədəbiyyatşünaslığın
elmi əsaslarını yaratmışdır və s. (səh.
450).
Və İsa müəllim bu məsələyə yenidən
qayıdır.
Firidun bəy Köçərlinin Qoridən
yazılmış məktublarını tapır və onu məktublaşma
mədəniyyəti örnəyi kimi təqdim edir.
İ.Həbibbəylinin nitqində ətraflılıq,
müfəssəllik xüsusiyyətləri. O, faktları dəqiq təsvir
edir, kommentarlaşdırır. "Rüstəm Behrudi Azərbaycanı
böyük türk dünyası ilə birlikdə dərk və
vəsf edir. "Salam, dar ağacı"
şeiri də Azərbaycanın azadlıq arzusunu türk
dün-yası xalqlarının böyük ümidləri səviyyəsində
bütün genişliyi ilə ifadə edə bilən,
mühüm ümumiləşdirmə imkanlarına malik olan
mükəmməl şeirdir" (səh. 1027).
İsa müəllimin elmi nitqində kommunikativ
identifikasiya əlaməti də üstün yer tutur. Qeyri-kateqoriyallıq,
qeyri-postulatlılıq, demokratiklik xüsusiyyətləri bu əlamət
daxilində cəmləşir.
Xüsusi
didaktiklik (nəsihətedici, nəsihətverici,
öyüdverici) əlaməti: "Səməd Vurğun
tarixə xeyir verəcək saf ürəkli insanların
yetişməsində elmin gücünü düzgün qiymətləndirmişdir.
O, elmi əsərlərində də eyni həyəcanla gənc
nəslə elm öyrənməyi tövsiyə etmişdir. Ümumiyyətlə, "elmin gücü" motivi
Səməd Vurğunun ictimai-mədəni və mənəvi
tərəqqidə mühüm amil kimi dəyərləndirdiyi
əsas meyardır" (səh. 509).
Yığcam emosionallıq xüsusiyyəti. İsa müəllimin
elmi nitqində tipiklik, effektivlik xüsusiyyətləri. "Rüstəm Behrudi üçün söz
yalnız ədəbiyyat yaratmaq deyil, həm də
yazdığı şeirlərdən boylanan tərcümeyi-haldır"
(səh. 1024).
Bütün bu xüsusiyyətlər İ.Həbibəylinin
elmi nitq üslubunun kommunikavtivlik yaradan əlamətlərindəndir.
Elmi mətnin mühüm elementlərindən biri sitatlardan
istifadədir.
Məlumdur ki, Elmi mətnin arqumentləşdirilməsində
sitatların rolu böyükdür. Sitatdan
istifadə etməyən İ.Həbibbəyli bəzi hallarda
öz fikrini aydınlaşdırmaq, dəqiqləşdirmək,
sübuta yetirmək məq-sədilə ba.qalarının
sözlərində də müraciət edir.
İ.Həbibbəylinin elmi nitqdə sitatlaşmanın əsas
qaydalarına əməl olunur. İntertekstuallıq əsasən
elmi mətnlərdə gerçəkləşir. Bu anlayış sitatlaşma prosesi ilə
bağlıdır. İntertekstuallıq
bir mətnin başqa mətnlə münasibətidir. Bu zaman ayrı-ayrı, "yad" mətnlər
arasında münasibət yaranır. Bu
münasibəti, əlaqəni öyrənmək
üçün "intertekstual" terminindən istifadə
olunur. "İntertekstuallıq nəzəriyyəsinin
əsası 1967-ci ildə qoyulmuşdur. Sitatlaşma
elmi kommunikasiyada əsas intertekst formasıdır.
İ.Həbibbəyli Azərbaycan romantizmin görkəmli nümayəndəsi Hüseyn Cavidin sənətini təhlil edərkən fikrini əsaslandırmaq üçün görkəmli ədəbiyyat tənqidçiləri olan Məmməd Cəfərdən, Məsud Əlioğlundan ardıcıl sitat verir: "Şairin lirik "məni"i də qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan, nəfəs alan, sevən filosof xarakterli aşiqdir... Buna görədir ki, akademik Məmməd Cəfər Cəfərov Cavidin mütəfəkkir moralist şair olduğunu qeyd edir (Məmməd Cəfər Cəfərov. Seçilmiş əsərləri, II cild, Bakı, 1975, səh. 214), Məsud Əlioğlu isə onun Məsud və Şəfiqə kimi qəhrəmanlarını "iki əks qütbə bölünmüş müxtəlif fəlsəfi-estetik fikrin simvolu" (Məsud Əlioğlu. Ədəbi fraqmentlər. Bakı, 1974, səh. 117) olan surətlər adlandırır (səh. 351).
Metaforlardan istifadə onun elmi dilinin fərdi üslubunun orijinallığını üzə çıxır: qəlbində kök salan romantik duyğular, lirik biçim, əlçatmaz, hissedilməz duyğu, romantik durğu, romantik örpək, nikbin poetik hava və s.
Mövcud ictimai gerçəkliklə barışmayan M.Hadinin romantik baxışları həmişə işıqlı gələcəyə dikilir. Xoşbəxt gələcək onun bütün ideyalarının nəticəsi, iztirablarının və romantik örpəyi arxasında gülümsəyən şanlı gələcək günəşi və ardınca buz bədənli okeana isti iqlim qurşaqları yayan nəhəng aysberq kimi Hadinin "qızdırmalı halımda saçmalarım" formasında təzahür edən şeir ümmanına nikbin poetik hava gətirir". Həmin poetik nikbinlik Hadi kədərini işıqlı ümidlərlə qovuşdurur" (səh. 404).
İsa Həbibbəylinin yaxşı bir dili var, bu dil oxucunu, əlbəttə, yüz faiz razı salır. Aydınlıq keyfiyyəti bu dilin mərkəzində durur. Başlıca məziyyət, yaxşı cəhət İsa müəllimin dilinin aydınlığındadır.
Başqa bir məziyyət, cəhət - asanlıq, qısalıq, cümlədən cümləyə keçid azadlığıdır (müstəqilliyidir).
Söz Həbibbəylinin təqdimatında həmişə termin səviyyəsinə yüksəlir, çevrilir. "Yazıçının (Hüseyn İbrahimov) qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində, əsasən, bir meyar dayanır: Ləyaqət! Müəllif təsvir etdiyi hadisə personajları qiymətləndirmə barometrinə çevirdiyi bu yüksək mənəvi keyfiyyəti aşkarlamaq niyyəti ilə hər dəfə yeni hadisəyə müraciət etmiş, aralarında müəyyən bənzəyiş olsa da, bir-birini təkrar etmə-yən vəziyyətlər yaratmışdır" (səh. 677).
İsa müəllimin elmi nitqini (şifahi olaraq) spontanlıq, çoxkanallılıq, qayıtmazlıq, dönməzlik-bərpa edilməzlik kimi keyfiyyətlər təşkil edir.
Bundan savayı, xüsusi struktur məzmun, mahiyyət, böyük həcmdə metatekst elementlər, mürəkkəb sintaktik strukturun dərəcəsinin qorunub saxlanması, kontakt-əlaqəqurucu vasitələrdən və s. istifadə də onun üslub tərzini səciyyələndirir.
Beləliklə, elmi mətn dil daşıyıcılarının mənimsəmə obyektlərindən biridir. Elmi mətnlər altmətn sisteminə daxildir. Bu baxımdan Azərbaycan elmi dilin, elmi üslubunun müasir mərhələdə formalaşması və inkişafında İsa Həbibbəylinin mətnqurucu işlərinin rolu danılmazdır. Müxtəlif və rəngarəng elmi informasiyalar bu mətnlər vasitəsi ilə gerçəkləşir və mütəxəssislərə çatdırılır.
İsmayıl
KAZIMOV
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 18 oktyabr.- S.12-13.