Mustafa Çəmənli yaradıcılığının mərhələləri   

 

 

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Mustafa Çəmənlinin yaradıcılığına ümumi bir nəzər yetirsək, görərik ki, onun əsərləri də özü kimi sadəliklə müdrikliyin təcəssümüdür.

 

Həyat reallıqlarına sadəlik, səmimilik, müdriklikdən süzülüb gələn özünəməxsus yanaşma, mənəvi, ictimai, sosial problemləri vurğulama, ədəbi qəhrəmanların və hadisələrin təsvirində bədii vasitələrdən istifadə, zamanın diktəsi nəticəsində qəhrəmanı subyektiv varlıq kimi təqdimetmə, xarakterik obrazlar yaratmaq, psixologizmə meyl, vətənə, xalqa sevgi, millilik onun nəsrinin mühüm amilləridir.

Tədqiqat zamanı onun yaradıcılığını bir-birinə bağlayan ümumi bir sənətkarlıq xüsusiyyətinin olduğunu görürük: Təsvir etdiyi hadisə və obyektlərə bələdlik. Bu səbəbdən də o, kənd, eləcə də şəhər həyatını, onlar arasındakı mənəvi-psixoloji, sosialsinfi fərqləri, müharibə və sülhün insana təsiri, onun yaratdığı ruhi-psixoloji vəziyyəti, mənəviyyat və əxlaqsızlıq, haqq və ədalətsizlik və s. kimi məfhumları dərindən duyaraq əsərlərində mürəkkəb və ziddiyyətli problem situasiyalar yaratmağı bacarır. O, həyata nüfuzetmə bacarığı ilə əsərlərində xəlqilik, doğmalıq, qəlbəyatan səmimilik yarada bilir.

Ümumiyyətlə, yazıçının bütün yaradıcılığına ümumi nəzər saldıqda görürük ki, yazıçı fəaliyyəti boyu bir estetik ideala (mənəvi mükəməllik) sadiq qalmışdır. Lakin janr spesifikasına, mövzuideya müxtəlifliyinə görə onun yaradıcılığının iki dövrə bölünməsi və təhlil edilməsi məqsədəuyğun sayıla bilər: Sovet dövrü (70-80-ci illəri əhatə edir) və Müstəqillik dövrü (90-cı illərdən bu günə qədər). Ədəbiyyatşünas və tənqidçi alim Bahar Bərdəli də "Mustafa Çəmənli yaradıcılığının janr xüsusiyyətləri" adlı məqaləsində bu fikri məqbul saymışdır.

Həqiqət və mükəmməllik axtarışında olan yazıçı zamanla, toxunduğu problemlərdən asılı olaraq, yaradıcılığında janrmövzu, ideya müxtəlifliyi yaratmışdır. Əgər ilk dövrdə, yəni Sovet dövründə gənc yazıçı inkişafının çiçəklənmə dövrünü keçirən hekayə və povest janrlarına və daha çox quruluşun tələb etdiyi mövzulara (kənd, kolxozs.) müraciət edirdisə, artıq ikinci dövrdə o, janr kimi daha çox roman və sənədli nəsrə, publisistikaya üz tutmuşdur. Bu əsərlər azadlıq, milli kimliyimiz, mental problemlərimiz, tariximiz və mədəni irsimizlə bağlı mövzulara həsr edilmişdir.

Sovet dövrü yaradıcılığında yazıçı əsasən ailə-məişət, sosial mövzulara toxunmuşdur. Bir sıra problemləri özündə əks etdirən bu hekayələrdə biz yazıçının fərqli bədii yanaşma tərzini görə bilirik. Yazıçı bu nəticəyə dəqiq müşahidələri və təxəyyülünün köməyi ilə nail olmuşdur. Onun bu kiçikhəcmli əsərlərini bir tramplin kimi də qəbul etmək doğru olardı. Çünki hər yeni hekayə onun sənətkarlıq xüsusiyyətlərinin inkişafının göstəricisidir.

Artıq ilk hekayələrində ("Ləpirlər", "Nişanə", "Dəhliz", "Meşə yeri", "Şəkil Süleymanın fotoaparatı" və s.) toxunduğu real həyati problemləri bədii təsvir vasitələri ilə zəngin, eyni zamanda, lakonik təhkiyəsi ilə ifadə edə, yaratdığı problem situasiyanın əsasını təşkil edən ictimai rəylərdən çıxış edərək zamanın real cizgilərlə obrazını yarada bilmişdir.

Təhlil zamanı Sovet dövrü yaradıcılığına aid bəzi əsərlərdə ("Şəkil Süleymanın fotoaparatı", "Baş tutmadı", "Yaddaş") yazıçının qoyduğu problemlərin həll olunmadığını, sonlanmadığını fikirləşə bilərik. Bunu da həmin zaman bəzi ədəbiyyatşünaslar - Bəylər Məmmədov və İsmayıl Məmmədov zəif cəhət kimi qiymətlənləndirmişlər. Lakin yazıçının bütün yaradıcılığını təhlil edərkən aydın olur ki, ilk baxışdan yarımçıqlıq təəssüratı yaradan bu məqam yazıçının sovet rejiminin zoru əsasında formalaşan məzlum və müti insanı, cəmiyyətin durğunluğunu ifadə edir. Yəni yazıçının təqdim etdiyi bu ətalət, durğunluq xalqımızın və cəmiyyətimizin milli kimliyini az qala itirməsinin, mübarizə ruhunun və əzminin qırıldığının, əlacsızlığının, ən əsas da natamamlığının göstəricisidir. Şanlı şüarlar arxasında çoxalan rüşvətxorluq, qəddarlıq, acımasızlıq, millipsixoloji cılızlaşma, adət-ənənələrin unudulması, parçalanmalar milli-mənəvi kataklizmaları əks etdirir. Buna görə də biz bəzi əsərlərdə düşünülmüş olaraq itirilmiş nəslin yetirməsi olan, inkişafdan qalmış individuumla, passivdurğun xarakterlərlə qarşılaşırıq.

Sovet dövr yaradıcılığının tədqiqi və təhlili bizə həmin mərhələnin ümumi mənzərisini yaratmağa kömək edir. Nəticədə aydın olur ki, o, ilk qələm təcrübələrinə xas bəzi xırda qüsurları - hadisəçilik, yersiz təfərrüatı aradan qaldırmış, daha zəngin təsvir, ideya, mövzular yarada bilmişdir.

M.Çəmənli yaradıcılığının birinci dövründə, yəni Sovet dövründə əsas tutduğu estetik idealı biz ikinci mərhələdə - Müstəqillik dövründə də izləyirik. Lakin 80-ci illərdə dövlətdə başlayan və günü-gündən artan azadlıq hissi ilə əlaqədar cəsur, daha aktiv, milli dəyərlərin unudulduğunun fövqünə varan xarakterlərin əsas mövqeyə keçdikləri diqqətimizi cəlb edir.

Lakin bununla bahəm yazıçı zor gücünə qaytarılmış müstəqillik, keçid dövrü, Qarabağ müharibəsini yaşayan insanlarda yaranmış müəyyənsizlikdən və bundan da şaxələnən natamamlıq, qorxu hissini, ümidsizliyi, anlaşılmazlığı, cılızlaşmanı incə detallarla təsvir edir. O, xalqın qəlbindəki, ruhundakı bu acını itirdiklərimizə söykənən mənəvi, milli, tarixi uçurumlarla əlaqələndirir.

Dəfələrlə ictimai-siyası, sosial dəyişikliklərə məruz qalan bir cəmiyyətin, xalqın milli kimliyini unutması labüd haldır. Yazıçı bunun nəticəsi olan pozulmuş psixologiya, davranış normalarını göstərməklə yanaşı, həm də xilas, azadlıq yolunu da göstərir. Bu yol ona görə tarixi yaddaşdan, millilikdən, azərbaycançılıqdan keçir.

Yazıçının dili, üslubu bədii mətnə səmimilik verir. Bu səbəbdən də oxucu qiraət zamanı özünü hadisələrin içində hiss edir.

II mərhələni (90-cı illərdən bu günə qədər) tədqiq edərkən görürük ki, Mustafa Çəmənli dəfələrlə vətən, Qarabağ, tarixi keçmişimiz, tarixi düşmənimiz mövzusuna müraciət etmişdir. İtirdiklərimizi, unutduqlarımızı qaytarmağa səsləyən ("Ölüm mələyi", "3 yaşlı əsir", "Ruhların üsyanı", "Fred Asif", "Mübariz" və s.) bu əsərlər bədiiliklə bərabər həm də təbliğat xarakteri daşıyır. Özünəməxsus dəsti xətti, püxtələşmiş üslubu, problem dolu konflikt situasiyaları və bu situasiyaları açma bacarığı diqqətimizi xüsusilə cəlb edir. Yazıçı yaradıcılığının bu mərhələsində psixologizmpsixoloji üslubdan daha çox istifadə etmişdir. Sadə dillə o, xarakterlər və hadisələrin çözümü üçün kəskin qərarlar vermir. Buna görə bir xarakterinya təhlil obyektinin müsbət və ya mənfi olduğunu konkret olaraq vurğulamır. Mövcud olanın mövcud olmuşolacaqlar arasında paralellər apararaq müqayisə edir və qərarı oxucuya buraxır.

Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ mövzusu bu mərhələdə xüsusi yer tutur. O, obrazlarını əsasən Qarabağ bölgəsinin dialekti ilə danışdırır, hadisələri real məkanlarda (əsasən adlar dəyişilir) təsvir edir. Monoloqdialoqlarda istifadə etdiyi həmin bölgəyə xas şivə sözlər, arxaizm və aforizmlərlə hadisələri canlandırır. Bu halda alınan təəssürat da inandırıcı olur. Deməli, Mustafa Çəmənli yaradıcılığının əsas cəhətlərindən biri də məhz həyatilik və təbiilikdir.

Sonda tədqiqatın qısa xülasəsini belə ümumiləşdirmək olar:

Birinci dövrün ilk illərini onun şəxsi yazıçı manerası, bədii forma axtarışının etapı kimi qəbul etmək olar. Yazıçı bu mərhələdə yazdığı hekayə və povestlərdə ("Toy", "Qatırçı Murad", "Qəbir", "Yaddaş", "Halallıq" və s.) idealist mahiyyət daşıyan humanist fikirlərin, vicdan və mərhəmətin, zamanın həqiqət axtarışında vacib amil olduğunu qeyd edir. O, açıq şəkildə, bəzən də eyhamlarla xalqını yad və "baltası özündən olan düşmənlərinə" qarşı mübarizəyə, milli-mənəvi simasını qorumağa səsləyir.

II dövr yaradıcılığında isə biz daha mürəkkəb xarakter və hadisələrlə qarşılaşırıq. O, bu mərhələdə kapitalizmin, elmi-texniki inkişafın, mənəvi dəyişiklik və pozuntuların təsiri ilə "Mən" faktorunun güclənməsini xüsusilə vurğulayır. Cəmiyyətdə itirilmiş dəyərlərin yaratdığı xaosun səbəblərini göstərməyə çalışır və bu prosesi "danışan" detallarla təsvir və təhlil obyektinə çevirə bilir. Yazıçı üçün bədii detallar həm də əsərin ideyaleytmotivini açmaq üçün bir vasitədir.

Mustafa Çəmənli hər iki dövrdə janrların məzmun strukturundan kənara çıxmadan insan faktorunu təhlilə cəlb etmişoxucunu təhkiyənin dürüstlüyünə inandırmağa çalışmışdır. Püxtələşmiş lakonik ifadə tərzi, təhlil obyektinin dərin qatlarına enə bilmə, zahiri və mənəvi keyfiyyətlərin qarşıdurması, adi situativ məqamlara rəng qata bilmə, inandırıcı və canlı dil, müstəqil tənqidi fikir yürütmə bacarığı onun sənətkarlıq xüsusiyyətlərinin göstəricisidir. Və ən əsası, yazıçı öz bədii nəsri, sənədli nəsri və publisistikası ilə xalqı narahat edən suallara və zamanın tələblərinə cavab verir.

 

Aynurə BABAYEVA

 

525-ci qəzet.- 2019.- 18 oktyabr.- S.11.