Qırxqızın qırxbirincisi
hekayə
Üç
ilə yaxın idi ki, ailə qurmuşdular. Səma da, həyat
yoldaşı Arif də ali məktəbi
bitirib müəllim diplomu alanda qürrələnmiş,
doğma kəndlərində uşaqlara dərs deməyə
başlamışdılar. Laçının
axar-baxarlı kəndlərinin bir-bir düşmən
caynağına keçdiyi, hətta yarıqaranlıq sinif
otaqlarının belə barıt qoxuduğu bir vaxtda doğma
yurdun balalarına dərs demək, bəlkə də, qəhrəmanlıq
idi.
Müəllimliyə həvəs həm də ailə ənənəsi
ilə bağlıydı. Atası Aydın
müəllim kənd məktəbinin direktoru idi, anası
Sevda xanım bu məktəbdə ədəbiyyatdan dərs
deyirdi.
Aranda məskunlaşsalar da, Səma və Arif kənddən
çıxdıqları üçün heyfislənir, geri
dönməyə yollar axtarırdılar.
Aydın müəllim çadırın
qarşısındakı kötüyün üstündə
oturub qəm-qüssə yağan gözlərini hardasa uzaqlarda
bir nöqtəyə zilləmişdi. Ömür-gün
yoldaşının səssizcə gəlib yanındakı kətildə
əyləşməsindən heç xəbər tutmadı.
Ərinin avazımış çöhrəsi Sevda ananın
gözündən yayınmadı:
- Yenə
dağı arana, aranı dağa daşıyırsan,
Aydın, bu nə halətdi? - deyə
soruşdu.
- Elin
köç etməsinə dözə bilmirəm. Qohum-əqrəbanın yarısı Bərdədə,
bir qismi Şamkənddə. Allah
düşmənin evini yıxsın.
Qeyzlə danışdığından onu öskürək
tutdu. Azca
sonra toxtayıb:
- Səma
ilə Arifin kəndə dönmək fikrindən yəqin xəbərin
var. İki müəllimin qayıtması isə kənddə
qalan uşaqların dərsə başlaması deməkdir.
Körpələrini
çadırın bir küncündə yerbəyer edib
çölə çıxan Səma ata-anasına
yaxınlaşdı:
- Söhbətinizi
eşitdim, ana. Dağ adamı üçün
aranda yaşamaq çətindən çətindir. Ariflə sözü bir yerə qoymuşuq, uşaqların
dərsləri yarımçıq qalmasın deyə kəndə
dönək. Körpə Nurlanəni
özümlə aparacam. Rüfətim isə
sizə əmanət.
-
Laçının gözü yoldadır, bala, - Aydın
müəllim söhbətə qoşuldu. - Heyf ki,
ağrılarım imkan vermir sizinlə gedim, - dedi.
***
Qaçqın-köçkünlərin pənah gətirdiyi
çadırları günəşin yandırıcı
şüaları qovururdu. Aydın müəllimgilin
çadırı qarşısında hənirti eşidildi.
- Buralarda kim var, qonaq istəyirsiniz? - şaqraq
bir səs çadıra yayıldı.
- Yusif
dayındı, a qızım, görən nə xəbərlə
gəlib? - Sevda ana qardaşını qarşıladı. - Elin dərd-sərinə
yanan qardaş, nə yaxşı gəldin. Asif
qardaşım da yenə dağlardadır?
- Əlbəttə. Səngərdəki bu igidlərə
görə ayaqdayıq, bacı.
Səma əsgər geyimli, çöhrəsində yurd
itkisinin dərin izlər qoyduğu, el ağsaqqalı
sayılan dayısına diqqətlə baxdı.
-
Dayı, Arif də, mən də səninlə Şamkəndə
gedəcəyik.
- Həə,
bax, bu, yaxşı xəbər oldu. Şagirdlərə
həyan olarsınız. Qənirə bibin
də yaman qəribsəyib. Ölsək,
ruhumuz döyüşəcək.
Az sonra
onları yola salan Sevda ana qəhərlənmişdi.
***
... Səma şagirdlərin yazı işlərini
yoxlayıb, dəftərlərini masanın bir küncünə
qoymuşdu ki, dağlara düşən mərmilərin
şaqqıltısı aləmi bürüdü. Körpə Nurlanənin
qışqırtısına özünü beşiyə
yetirən ana balasını bağrına basdı.
Ağlayıb aram olmayan Nurlanə isti ana
qucağında yuxuladı.
Sobanı qalasa da, evləri soyuq idi. Səma
uşaqlıq çağlarında rəhmətlik Xanım nənəsi
ilə Qırxqız dağının ətəklərinə
qalxdığını xatırladı. Büllur
bulaqlarına hayıl-mayıl olduğu bu dağın nə
üçün Qırxqız
adlandırıldığını xəbər alanda
Xanım nənə demişdi:
- Qədim
zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər
son nəfəslərinədək vuruşublar. Elin igid qızları
da ox atmağı, qılınc oynatmağı bacarıblar.
Bir gün qanlı savaşda qarı düşmən
başı dəbilqəli xanımların da öz məmləkətinə
yiyə çıxdığına heyrətlənmiş,
onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar
özlərini dərin uçurumlara atmış, öz namus
və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu
dağa Qırxqız dağı deyirlər, Səma.
Hafizəsində ilişib qalmış bu söhbəti
yaddaşında çözələyirdi ki,
cırıltı səsinə qapıya boylandı. Arif ehmalca içəri
keçib əlindəki kitab-dəftəri pəncərənin
kənarına qoyaraq:
-
Dağlarda soyuqdur, dedim evdə qızınaram. Yoxsa
odunumuz qurtarıb? - deyə
soruşdu.
Səma:
- Eh, Arif,
ev-eşiyimizin əvvəlki istiliyi də qalmayıb. Yurd yerlərimizə
baxanda üşüyürəm, - dedi.
Çöldən indicə gələn
ömür-gün yoldaşının buz kimi soyuq əllərindən
tutdu, ovucunda saxlayıb isitdi. Yanıqlı bir ah çəkdi:
- Cəbhəboyu
bəd xəbərlər eşitdikcə bağrım
çatlayır.
Arif istəkli zövcəsinin boynunu qucaqlayıb Nurlanəni
xəbər aldı. Körpə dünyanın dərd-sərindən
xəbərsiz, mışıl-mışıl
yatırdı.
***
Xəbər
çıxdı ki, ermənilər Kəlbəcərin
Ağqaya kəndinə od vurub külə
döndərib, qız-gəlini əsir götürüblər.
Asif
dağlardakı postlara qalxaraq Yusifi haraylayıb:
- Daha
bundan o yanası yoxdu, deyəsən. Bəlkə,
arvad-uşağı təcili kənddən çıxaraq?!. - Tunel ən təhlükəsiz
çıxış yoludur, deyirlər.
Yusifgil ev-ev gəzib kəndi tərk etməyə
hazırlıq gördülər. Qənirə bibi Səmagilin
qapısını döyüb onu ucadan səslədi:
- Ay
qız, əlli-ayaqlı ol, tələs, yağıların əlinə
düşməyək.
Səma
bir an duruxdu. Körpəsini
beşikdən qaldırıb qucağına aldı. Evdən çıxanda qəhər onu boğur,
gözləri qan-yaş tökürdü.
Qənirə
bibi öz-özünə:
- Körpəsinin az
qala doğulmaq vədəsində Səmaya çətin
olacaq, - deyib həyətə girdi.
Sükan
arxasında oturmuş, Yusif "UAZ"ı işə salaraq həmkəndlilərinə
səsləndi:
- Cəld
tərpənin, ay camaat, yolumuz uzaqdı!
Qaranlıq tuneldə tələ quran azğın ermənilər
Yusifin maşınını mərmi yağışına
tutdular.
Atılan güllələr onun qolunu odladı. Düşmənə
cavab atəşi açan Asifi isə sinəsindən vurdular.
Sonra düşmən güllələri Qənirə
bibinin bədəninə sancıldı.
Odlu qurşunlar Səmanın ayaqlarını dəlik-dəlik
etmişdi. Erməni qulduru maşının arxa qapısını
açaraq Səmanı körpəsi ilə birgə vəhşicəsinə
sürüyüb yerə atdı. Özünü
birtəhər dikəldib qəzəblə onun üzünə
tüpürdü. Quduz düşmən əsir
qadının bu dəfə qarnını nişan
aldı. Yer-göy Səmanın başına
fırlandı. Ana bətnində çırpınan
varlığın doğulmasına az qalmış
nəfəsi kəsilmişdi.
... Səmagilin kənddən çıxmasından xəbəri
olmayan Arif həyətlərinə çatıb daş pillələrlə
eyvana qalxdı. "Mühasirədən
çıxa bildilər görəsən?" - fikrini məhz bu sual məşğul edirdi. Arif tövlədə kişnərtisi eşidilən
atına mindi və Qamışlı körpüsünə
üz tutdu.
Dolama yollarda həmkəndliləri ilə
qarşılaşan Arif baş verən olayları onlardan
öyrəndi.
Ona tunelə girənlərin güllələndiyini,
ağır yaralanmış Səmanın və körpəsinin
də əsir, girov götürüldüyünü söylədilər.
Yer-göy Arifin başına fırlandı.
Səndirləyib huşunu itirdi və üzüqoylu yerə sərildi...
Rayon xəstəxanasının həkimləri onu tərpənməyə
qoymurdular, infarkt keçirdiyini müəyyənləşdirib
müalicəsinə başlamışdılar.
***
Torpağa sərilmiş Səma balasını
ağuşuna alıb oxşamaq istəyirdi. Pəzəvəng erməni
yaraqlısı üstünə əyilərək öz
dilində nəsə söyləyəndə bu murdar nəfəsə
dözməyən Səma onu zərblə geri itələyərək
qışqırdı:
- Alçaq vəhşilər, lənətə
gələsiz!
Belə
bir anda Səma özündə Qırxqız dağından
qopub düşən bir qayanın sərtliyini hiss edirdi...
Özünü hadisə yerinə çatdıran Beynəlxalq
Qırmızı Xaç Komitəsinin həkimləri
yaralı Səmanın ana bətnindəki körpəsinin tələf
olduğunu bildirdilər.
İndi Səma taleləri eyni olan kəlbəcərli və
laçınlı qadınlarla birgə məşəqqətli
əsirlik həyatı yaşayırdı. Səmaya qan
vurulmalı idi. "Birdən mənə
erməni qanı köçürərlər", - deyib, hər
vəchlə buna mane olurdu Səma.
Onları Xankəndindəki uşaq xəstəxanasının
soyuq, yarıqaranlıq zirzəmisində saxlayırdılar.
Qarovul çəkən Aşot adlı pəzəvəng
erməni hər dəfə içəri girib qız-gəlinə
göz qoyurdu.
Səmaya tamarzı, həris gözlərlə
baxan "nəzarətçi" hər dəfə bu
qadının nifrət dolu baxışları ilə
qarşılaşırdı.
***
Sevda ana ayağında yatırtdığı balaca
Rüfətin tərini yaylığı ilə silir,
qızı Səbinə ilə dərdləşirdi.
Elə bu
vaxt çadır düşərgəsinin nümayəndəsi
kandarda görünüb uca səslə:
- Sizə
məktub var, - dedi.
Anaya sanki dünyanı bağışladılar.
Səbinə
titrək əlləri ilə məktubu açıb
oxumağa başladı: "Salam ana! Xankəndindəki
uşaq xəstəxanasındayıq. Aldığım
yaralardan ayağa qalxa bilmirəm. Bircə
onu xatırlayıram ki, bizi amansızcasına güllələdilər.
Körpə Nurlanəmə indi kəlbəcərli Arzu
baxır...
Nə olar, məni buradan çıxarın, evə
qaytarın. Doğma yurd itkisi çox ağırdır. Qadan alım, ana, bir an xəyalımdan
çıxmırsınız. Mənim əvəzimdən
Rüfət balamın üzündən öpün.
Sizin Səma".
Ananın hönkürtüsü çadırı
başına götürmüşdü.
***
Qardaşı Əli, həyat yoldaşı Arif Səmanın və Nurlanənin əsirlikdən qayıtması üçün gümanları gələn hər yerə əl atırdılar.
Səma isə inadından dönmürdü. Həm yeməkdən, həm də dava-dərmandan imtina etməsi onu artıq yataq xəstəsinə çevirmişdi.
Məşəqqətli əsirlik həyatı yaşayan bu cəfakeş qadın kölə kimi ömür sürməkdənsə, ölüb qara torpağa gömülməyi üstün tuturdu. Artıq ölümü seçmişdi. Yazdığı şeirlər də küskün bir insanın fikirlərinin tərcümanıydı.
... Bu gecə əvvəlkilərə bənzəmirdi. Səma gözləri yollarda qalan anasına son məktubunu yazırdı: "Əziz anam, köç edirəm. Amma bu, sizin köçməyinizdən fərqlidir. İnanıram ki, siz nə vaxtsa doğma el-obamıza qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət köçüdür. İstəyirəm biləsən ki, sənin qızın qardaşlarının yanına "girov" damğası ilə qayıtmaq istəmədi. Əziz anam, mənim məsum balalarımı böyüt. Qızım qızın olsun, oğlum isə oğlun.
Sizin Səma".
Yan-yörəsinə diqqətlə baxdı, heç nə tapa bilmədi. Hörüklərinə taxdığı sancağı açıb qolundakı damarlarını deşdi. Qan fışqıraraq yerə axırdı.
Son vaxtlar Nəsibənin ümidinə qalan körpə Nurlanəni və çoxdan üzünü görmədiyi Rüfətini xatırlayıb dərindən ah çəkdi. Bir azdan ruh dincliyinə, əbədi azadlığa qovuşacaqdı. Gözünə bəyaz qanadlı ölüm mələyi görünürdü. Qırxqızın qırxbirincisi, şəhid Səma səmalara yön alırdı.
Sübh tezdən Xankəndindən aralıda atılan mərmilər işğal olunmuş yurd yerlərimiz uğrunda döyüşlərin başladığından xəbər verirdi...
Səhərin gözü açılar-açılmaz Nəsibə Nurlanə qucağında içəri girib:
- Bu uşaq bütün gecəni yatmayıb, "ana" deyib dad eləyib. Bəlkə, Səmanı görüb sakitləşər, - dedi.
Lakin Səmadan səs çıxmadı. Şivən qoparan qızlardan biri onun ovcundakı qana bulaşmış məktubu və yastığı altındakı şeir dəftərini götürdü. İçəri doluşan ermənilər qəfil olaydan çaş-baş qalmışdılar. Arakel adlı erməni:
- Bəsdir ulaşdınız! - deyə çığırdı: - böyük iş olub. Türkün gözəli özünü öldürüb. Bu balaca türk gözəlini isə öz yurduna belə qaytara bilmərik, - dedi.
O, silahının qundağı ilə uşağın boynuna ağır zərbələr endirə-endirə vəhşicəsinə çığırırdı:
- Mən onu ömürlük kor etdim.
***
Uzun sürən danışıqlardan sonra Səmanın meyitini ermənilərdən almaq mümkün oldu. Şəhid qızın nəşini gətirəndə Sevda ananın və Səbinənin fəryadı daşı da əridirdi.
Aydın müəllim qızının qayıtması üçün dediyi qurbanlıq qoçu cənazə qapıya gələndə kəsdi. Bu itkiyə bütün el ağlayırdı.
... Qızcığazın əsirlikdən qaytarıldığı gün Sevda ananın gözləri gülürdü. Amma ikiyaşlı uşağın gözlərini bir nöqtəyə zilləyib baxması hamını narahat edirdi. Ciddi həkim müayinəsi Nurlanənin həyat işığından məhrum edildiyini bir daha təsdiqlədi. Onun gözlərinin nurunu qaytarmaq mümkün olmadı.
Sevda ananın qayğısı ilə
böyüyüb boya-başa çatan Nurlanə dünyadan
nakam getmiş anası və öz taleyi haqqında
düşünəndə bir ağrılı sualla
baş-başa qalır: axı, bizim günahımız nəydi?!
Zemfira
MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.23.