Tüdorların uğurları və bədbəxtliklər
seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Marqaret Ceymslə danışmalı idi, o artıq 13
yaşına girən oğlan idi, həm də kral idi. O bilməli idi ki, anası
onu, qüvvəsi məğlub edilən Fransa ilə ittifaqa
girməyə sövq etməkdə necə dəhşətli
səhv etmişdir (Axı 1525-ci ildə İtaliyadakı Pavia
şəhərində gedən döyüşdə
fransızlar ispanlara məğlub olmuş, Fransa kralı I
Fransisk əsir düşmüşdü. O, əsirlikdən
Fransa sarayına, anasına yazırdı: "Namusdan başqa
hər şey əldən getmişdir". Əsirlikdən o,
yalnız iki oğlunu - 8 yaşlı dofin Fransiski və 6
yaşlı Henrini İspaniyaya girov verməklə, bir il sonra
azad olub, Fransadakı taxt-tacınaa qayıtmışdı).
Ceymslə anasının görüşü çox
mehriban idi. Ceyms anası qarşısında diz
çökdü, anası isə onu öpdü. Marqaret
oğluna dedi: "Mən Arçibaldla, Anqus qrafı ilə
nikahımın ləğv edilməsini əldə etməyə
çalışıram". Oğlu dedi: "Mən
düşünürdüm ki, siz
barışmısınız". "Yox, qətiyyən.
Mən ürəyimdə onunla barışa bilmərəm.
Qardaşım da mənə çox
acıqlıdır və mən onun dostluğunu itirmişəm".
Ceymsin gənc sifəti çox ciddi idi. "Əgər
şura lordları sənə qarşı çevrilsə,
biz tək qalacağıq, Ledi Ana. Əgər
sən qraf Anqusun arvadı deyilsənsə, fransızların
seçdiyi regent deyilsənsə, İngiltərə
kralının sevimli bacısı deyilsənsə, sənin
heç bir təsirin olmayacaqdır". "Həm
də qraf Anqusla yaşaya-yaşaya, onun arxasında
boşanmağa cəhd edirsənsə, o, təhqir
olunacaqdır".
"Mən bilirəm. Mən azad olmaq istəyirəm.
Mən Arçibalddan azad olmaq istəyirəm".
"Sənin məşuqun var?"
Marqaret oğlunun əsaslı hirsi qarşısında
başını aşağı dikdi. "Mən
azad olmaq istəyirəm". Oğlu dedi: "Mən isə
azad deyiləm. Məni o saxlayır və
Şura lordları saxlayır. Əgər
sən hakimiyyətini itirsən, mənim işim həmişəkindən
daha pis olacaqdır. Sən biabır
olacaqsan və onlar məni öz dustaqları kimi saxlayacaqlar.
Onlar məni onun ögey oğlu kimi hesab edəcəklər".
Sonra əlavə etdi: "Sən çox səhv etmisən. Sən bizi məhv etmisən".
1525-ci
ilin yayı
Marqaret lordlar şurasına olan bütün təsirini
itirmişdi.
O, Stirlinq qəsrində dul qadın kimi təkcə
yaşayırdı.
Bu vaxt Meri bacısına yazdı ki,
"Qardaşımız özünün bastard oğlunu Henri
Fitteroy kimi kübar etdi. Kiçik oğlan hersoq edildi -
Riçmond hersoqu və Somerset hersoqu və beləliklə,
krallıqda ən böyük hersoq oldu. O, mənim ərim
Çarlzdan böyük torpaqlara və gəlirə malikdir. Çarlz deyir ki, Harri öz varisi kimi onu Fitteroy
(ingiliscə "krallığa yararlı, layiq" deməkdir,
həm də "kralın oğlu" mənasını
verir - müəllif) adlandırmışdır ki, o,
İngiltərə taxt-tacı irsinə sahib olsun. Harri sənin oğlunu heç də varis kimi
adlandırmır. Adamlar hətta indi
soruşurlar ki, Ceymsin atası həqiqətənmi mərhum
kraldır? Əgər sən indi əxlaqsızlıq
edirsənsə, əvvəllər də bunu edə bilərdin.
Bunu eşitmək çox acıdır, - mən
onu təkrar etməyə peşmanam. Mən
istəyirəm ki, sən qraf Anqusla barışasan. Hamı onun haqqında yüksək fikir söyləyir.
Sən Papaya müraciətini geri götürə
bilərsənmi?
Əlbəttə, kraliça Henri Fitteroyun - bastardın
şərəfləndirilməsinə görə çox əzab
çəkir və indi Meri Keyrey də öz uşağı
ilə yenə bir yerdədir və hər kəs bilir ki, bu da,
kralın körpəsidir. Onun bacısı Anna
Boleyn həmçinin saraydadır və kral hər gün
onların biri və ya başqası ilə olur, onlar daim onun
diqqət mərkəzindədirlər və Katerina bunu olduqca
çox həssaslıqla hiss edir. O, öz rəqiblərinin
arasında yaşayır və indi o, bastard oğlanın
sarayda saxlandığını görür, elə bil ki, bu
diqqət onun qızı, həqiqi printsessaya verilmişdir. Printsessa Mariya Ladlou qəsrinə getməlidir. Çünki o, Uels printsessası elan edilməmişdir.
Mən görə bilmirəm ki, nəyə
görə bu edilməyib, lakin Çarlz deyir ki, ingilislər
heç vaxt qadının taxt-tacda olmasını istəməyəcəklər.
Beləliklə, heç kəs bilmir ki, nə
baş verəcəkdir, ən azı, kraliça da bilmir.
Bu artıq xoşbəxt saray deyildir. Boleynlərin
iki qızı özlərinin həzz almaq arzularında və
Harrini əyləndirməkdə tam sərbəstdirlər.
Gözə çarpan qızğınlıq
göstərirlər. Onlar idmanla, rəqslə,
musiqi çalmaq və bəstələməklə məşğul
olurlar, ov edirlər, qayıqda gəzirlər və kralla
mazaqlaşırlar. Lakin kraliça
çox yorğun görünür. Mən
özüm də həmçinin bundan yorulmuşam. Mən bunların hamısından yorulmuşam".
1526-cı
ilin yazı
Harri
Arçibalda göstəriş verdi ki,
Marqaretin rentalarını və gəlirini versin, onları
özünə saxlamasın. Harri ona deyirmiş
ki, Marqaretə icazə verilməlidir ki, o, öz oğlu ilə
görüşsün. Qardaşı
Marqareti bağışlamışdı, istəyirdi ki,
bacısı xoşbəxt olsun.
Meri
Edinburqdakı Holiruudhauzda yaşayan bacısına
yazırdı: "Sən, yəqin ki, eşitmisən, Boleynin
qızı Meri Keyrey də oğlan uşağı
doğmuşdur. Bizim qardaşımız krala
bu, çox xoşdur, hər bir kişiyə xoş olar ki,
sağlam bastard övladı olsun. Onlar onu
Henri adlandırmışlar. Lakin uşaq
Merinin ərinin soyadı olan Keyreyi daşıyacaqdır.
Bu, kraliçanın
alçaldılmasını Fitteroy adlı digər bastarda
görə bir qədər azaldır. Hər
kəs bilir ki, onların atası kraldır. Bu da kraliçanın səhvi olmalıdır,
çünki əri ilə onun bircə uşağı
vardır və o da zəif bir qızdır.
Boleynin qızı Merinin qardaşımızın diqqətini
itirmək üzrə olduğu görünür. Kral indi
açıqca onun bacısı Anna Boleynə meyl edir. Bu qız saray ətrafında kraliçalıq edir,
elə bil ki, sarayda doğulmuşdur. Harri
onu nahara və rəqsə aparır, elə bil ki, o,
kraliçadır.
Mən indiyədək düşünə bilmirəm
ki, bu qız onun məşuqəsidir. Qız daim onun qolundan tutur,
dodaqları da ona dəyir, şirnikləndirmək
üçün onun əllərini öz nazik belinə qoyur,
lakin ona icazə vermir ki, bədəninə toxunsun. Elə görünür ki, qız onu dəlicəsinə
sevir, lakin görünür, günaha yol verməyəcəkdir.
Qız ona valeh olmasa, çətin ki, o,
özünə gələ bilsin. O, yeni şeirlər
yazır, lap oğlan uşağı kimi tam sevincə
qurşanmış, məhəbbətin yüksək zirvəsinə
nail olmağa çalışır. Katerina isə
oruc tutur və öz ruhu üçün dua edir".
Marqaret dul kraliça idi. Lakin birinci növbədə
və ən vacib olanı Arçibaldın arvadı idi.
O şübhə etmirdi ki, nikahlarını Arçibald həmişəlik
davam etdirmək istəyir. Ceyms heç vaxt imkan
verməyəcəkdir ki, o, hakimiyyəti ələ
keçirsin. Marqaret oğluna dedi ki, mən sənin azad
olmağını istəyirəm. O, bədbəxt kimi
görünürdü və anası dedi: "Fransalı
Fransisk azad olmuşdur və heç kəs
düşünmürdü ki, o, nə vaxtsa azad ola bilər". I Fransisk öz
oğullarını, dofin Fransiski və atası öldükdən
sonra II Henri adı altında kral olacaq Henrini girov kimi verməklə
İspaniyadakı bir il çəkən əsirlikdən
1526-cı ildə azad ola bilmişdi.
Sonra Ceyms pıçıltı ilə
anasına dedi: "Sən ordu qaldırmaq istəyirsənmi?"
"Hə". "Sən
öz şərəfinə and içmisənmi?" Onlar bir anlığa bir-birini bərk qucaqladılar.
"Mənə görə geri qayıt, Ledi
Ana, geri qayıt" - sözlərilə oğlu anası ilə
olan söhbətini bitirdi.
1526-cı
ilin payızı
Stirlinq qəsrində
yaşayan Marqaret Katerinaya məktub göndərdi: "Sənin
israrına görə, mən açıq şəkildə
qraf Anqusla, o, Şotlandiyaya dönəndən bəri
arvadı kimi yaşayıram, baxmayaraq ki, o, indi Edinburqdadır
və mən Stirlinqdəyəm, biz uzaqlaşmamışıq
və Vatikandan mənim boşanmağım barədəki məsələnin
irəliləməsi barədə heç nə eşitməmişəm.
Hər şeyə görə, mən bilirəm ki,bu məsələ rədd ediləcəkdir və
mən Arçibaldın arvadı kimi yaşayacaq və öləcəyəm.
Lakin Arçibald səninlə və mənimlə
olan razılaşmanı pozmuşdur. O, mənim
oğlumu, həm də mərhum kralın bacısı
oğlunu həbsdə saxlayır. Ceymsə,
Duqlasın adamlarından olan silahlı mühafizəçilərsiz
kənara çıxmağa icazə verilmir, o, yalnız şəhər
ətrafında ov edə bilir. Gənc
kralla öz adamları ilə görüşməyə də
icazə verilmir. Sənə yalvarıram, bunları kral
qardaşıma söylə və ondan xahiş et
ki, Ceymsə azadlıq vermək barədə qraf Anqusa göstəriş
versin. Sən məndən nə xahiş
etmişdinsə, hamısına əməl etdim. Ceyms cəzalandırılmamalıdır".
Meri yenə
bacısına yazırdı: "Hamı deyir ki, Keyrey
bastardının doğulması sübut edir ki, kral məhsuldardır
və o, yenidən evlənsə? oğula
və legitim varisə malik ola bilər. Harrinin
taxt-taca malik olması birbaşa Allahın müdaxiləsidir.
Bu qadın onu tərk edə bilməz. Yepiskop Fişer deyir ki, nikahı qanunsuz elan etmək
üçün heç bir əsas yoxdur".
Londondakı bacısı inanırdı ki, kral
nikahına son qoya bilər və ondan azad olanlar yenidən evlənə
bilərlər. Bacısı güman edirdi ki, nəzərdə
tutulan bu namizəd isə Anna Boleyndir.
Arçibald isə Marqareti Edinburqa, oğlunu görməyə
dəvət etdi. O da Londondan eşitmişdi ki, indi
boşanmaya icazə verilə bilər və o, Marqaretə
düzgün və hörmətlə yanaşmalıdır.
Marqaret Arçibalda qarşı
döyüşü uduzmuşdu və o, oğlu Ceymsi və
qızını yenidən görmək imkanına görə
xoşbəxt idi.
Holiruudhauz
sarayında Arçibald arvadına dedi: "Sən həmişə
eyni olaraq qalırsan. Daim gözəl".
Marqaret dedi: "Mən çalışdım ki, səndən
uzaqlaşım". "Mən bilirəm, mən
isə çalışdım ki, sənin yanına gəlim.
Onlar mənim üstümə əl
qoymuşdular".
Onlar bir-birinə baxdılar. Marqaret dedi: "Mən səni
itirmişdim. Allah məni
bağışladı və ümid edirəm ki, sən də
məni bağışlayacaqsan. Mən nə
pula, nə də İngiltərənin köməyinə malik
idim. Mənim heç bir planım yox
idi". O, ərinin əlini tutub, onun yanaqlarından
öpdü və dedi: "Gəl Marqaretdən (onların
qızından - müəllif) ötəri adam
göndərək və hamımız xoşbəxt
olaq".
1527-ci
ilin yayı
Marqaretin şadlığına rəğmən
onların dördü də Linlisqou sarayında bir yerdə
yaşayırdı və xoşbəxt idi.
Arçibald Şuranı idarə edirdi. Onlar İngiltərədən
və Avropadan xəbərlər alırdılar. Artıq Marqaret Arçibalddan nə vaxtsa
boşanmayacaqdı.
Meri yenə məktub göndərmişdi. "Boleynin
qızı Anna saraydan atasının evinə çəkilmək
qərarına gəlmişdir və Harri ona öz əli ilə
tez-tez məktub yazırdı, yalvarırdı ki, geri
qayıtsın. Katerina heç nə
demirdi, elə hərəkət edirdi ki, guya heç bir səhv
şey olmamışdır. Həmişə
olduğu kimi, o, yenə də Harrini sevir. Annanın
bacısı Meri və anası Elizabet Boleyn (indi o, Ledi
Roçforddur) kraliçanın otaqlarına qulluq edirlər.
Bəs nəyə görə Boleynin qızı Heverdə
gizlənir? Mən eşitmişəm ki, o, yalnız öz
otaqları və köməkçiləri verilsə, geri
dönəcəkdir. Elə bil ki, o,
printsessa kimi doğulmuşdur. O, mənimkindən də
böyük otaqlar istəyir. Sən maraqlanmalısan ki, onun otaqlarının
xərcini kim verir.
Mən sənə deyə bilərəm ki, biz necə bədbəxtik,
Harridən və Anna Boleyndən savayı. Bu qız
taxıldan olan yem axuruna bağlanmış inəkdir. Biz eşitdik ki, sən ərinin yanına
qayıtmısan və harmoniyada yaşayırsan. Buna görə mən çox şadam. Kraliça deyir ki, sən ona ümid vermisən, nəhayət,
ərinlə barışmısan. Bu,
möcüzəyə bənzəyir".
Anna Boleyn çoxlarının
düşündüyü kimi, heç də sadəlövh
bir qız deyildir. O, saray həyat tərzindən, buradakı intriqalardan
baş çıxarırdı, kiminsə ayağının
altını qazmaq və bundan fayda götürmək təcrübəsinə
yiyələnmişdi. Axı Anna Fransa
sarayında tərbiyə almışdı. O, burada yeddi
il ərzində Fransa
kraliçasının ledisi olmuşdu. Digər
tərəfdən o, intellektdən də xali deyildi, saray əyləncələrini
mükəmməl qaydada mənimsəmişdi, olduqca
hazırcavab idi, hətta kralın yanında da sərbəst hərəkət
etməyi ilə başqalarından fərqlənirdi. Hətta kralın məşuqəsi olan
bacısından da öz məlahəti, lətafəti ilə
tam fərqli idi. Bu gənc qızın
Fransa sarayında yaşaması heç də əbəs getməmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci
qəzet.- 2019.- 19 oktyabr.- S.22.