Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz

 

XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB

 

 

 (Əvvəli ötən sayımızda)

İsmayıl Qəhrəmanoğlunun mühazirələrinə qulaq asdıqca, onun xoş avazla, aramla, astadan dediyi məftunedici fikir və epizodları eşitdikcə hələ ilk günlərdən, bir də yuxarıdakı təzadlı məqamlara rast gəldikcə biri-birimizdən asılı olmadan ürəyimizdən qəribə fikir keçirdi: Bu dərin bilik, yüksək pedaqoji takt, auditoriyaya hakim kəsilmək məharəti, ən kiçik detallardan tutmuş problem məsələlərə qədər hər şeyi zərgər dəqiqliyi ilə yoluna qoyan alimin, müəlimin, natiqin "ilham pərisi" görəsən, haradan, ya nədən qaynaqlanır?

Heç birimiz, istər adi tələbə olsun, istərsə də əlaçılarımız, fərqi yoxdur, yazıçının, müəllimin bu xarakterik cəhətlərini bilməkdə çətinlik çəkərdik. İzah, şərh, bəyanat kimi ilkin mənbə İ.Şıxlının öz dilindən, yazılarından qopdu, meydana gəldi. Yazıçının seçilmiş əsərləri (B.1971), "Xatirəyə dönmüş illər" (B.1980), "Ölüləri qəbiristanda basdırın" (B.1992)... kitabları, çoxsaylı yazı və məqalələri, müsahibələri işıq üzü gördükdən sonra çox şey məlum oldu bizə. Buradaca əlavə edək ki, İsmayıl Şıxlının pedaqoji aləmdə geniş tanınmasında, eləcə də onun bədii yaradıcılıq qüdrətinin parlamasında, öncül mövqedə yer tutmasında iki zəka sahibinin əvəzsiz xidməti olmuşdur. Bunları xatırlamamaq, qeyd etməmək olmaz. Bizim mülahizəmizə görə, daha bir güclü amili də diqqətdə saxlamaq gərəkdir. Bu barədə bir qədər sonra.

Ancaq haqqında söhbət açacağımız bütün hadisələrin mərkəzində İ.Şıxlının - tələbənin, aspirantın, müəllimin, alimin, nəhayət, adlı-sanlı yazıçının öz şəxsiyyəti, onun oxuyub öyrənmək, mütaliə etmək məharəti, bir də qeyri-adi iradi keyfiyyətləri dururdu. Digər cəhətləri də əlavə edək: eldə-obada deyildiyi kimi, görünür, bu, taleyin verdiyi qismət idi - milli bayram günündə dünyaya gəlməyin şirin bəhrəsi - uzun-uzadı axtarışlardan sonra belə bir qətiyyət yaradır yazı müəllifinin - mənim qəlbimdə! Buna əmin olduğum üçün bəzən də təkid edirəm. Yazıçının "Xatirəyə dönmüş illər" kitabını oxuduqca, buradakı yazılar - "Qranit kimi sərt" və "Onun səsi qulağımızdadır" xatirələri ilə əsrin ortalarında (1955-60) gördüklərimiz, duyduqlarımız, bir də yaranan qənaətimiz arasında nə qədər paralellər - bənzəyişlər olduğuna dönə-dönə inandıq.

Fikir verin, "balaca" İsmayıl (mərhum professor Əli Sultanlının təbirincə desək) tələbədir, 150 nəfərdən biridir, Qazax pedaqoji məktəbindən sonra APİ-də ali təhsilə davam edir. Xarici ölkələr ədəbiyyatı üzrə tanınmış müəlim Əli Sultanlı tələbələri o ki var çalışdırır, hər an "bərkə-boşa" salır - dərin bilik almaq xatirinə - referat yazdırır, böyük birləşmənin qarşısında onların müzakirəsini təşkil edir. Bir sözlə, yaxşı ilə yamanı ayla gün kimi "bir araya gətirir". Oğul lazımdır burada baş çıxarsın, ad-san qazansın...

İsmayıl Şıxlı bərk həyəcan keçirir, V.Şekspirin "Maqbet" əsərindən götürdüyü referatı bir yana çıxara bilməyib. Ədəbiyyat azdır, olanlar da fayda vermir. Rus dilində bir müəllifin kitabını tərcümə edib referat üçün istiqamət götürmək lazımdır. Lakin bütün təşəbbüslər nəticəsiz qalır, heç kim tərcüməyə yaxın düşə bilmir. Belə bir "böhranlı" dövrdə yadına Mehdi Hüseyn düşür, kitabı da götürür, onlara gedir. Bir qədər "gəl-get" söhbətindən sonra mətləb referatın üstünə gəlir. Heç bir təklif gözləmədən M.Hüseyn kitabı götürüb vərəqləyir və məsələnin nə yerdə olduğunu başa düşür, dərhal da keçir mətləbə: "Başlayaqmı?" - deyir.

Başlayırlar. M.Hüseyn məqaləni şifahi çevirib "imla" deyir, İsmayıl yazır. Məqalə sona çatdıqda o, dəftər-kitabını da götürüb yataqxanaya üz tutur. Bir neçə gündən sonra tərcümə mətninin köməyi ilə referat hazır olur, axşam növbəsində müzakirələr başlayır.

İşin tərsliyinə bax ki, İsmayıl Şıxlıya növbə çatanda işıqlar sönür. O, özünü itirir, nə edəcəyini bilmir. Elə bu an Əli Sultanlı əlini onun kürəyinə vurur, - qorxma, - deyir, ürəkli ol!

Elə bil hər şey o anda qaydasına düşür. Onsuz da referatın bütün tezislərini yaxşı mənimsəyən İsmayıl məruzəsini qaranlıqda sona çatdırır. İş yaxşı qarşılanır, tələbələrin sevincinə səbəb olur. Xatirə-qeydlərdəki bu cümlələri həvəslə oxuyursan: "O gündən Əli müəllim mənimlə dost oldu... Əli müəllim ... elə edərdi ki, onu görməyin, onun səsini eşitməyin həsrətini çəkərdik" (səh. 43).

Xatirədən daha bir nümunə: "Əli müəllim bizi yaman əfsunlamışdı. Yüz əllimiz də (kurs nəzərdə tutulur - Ə.Ə) Əli Sultanlı olmaq istəyirdik" (səh. 41).

Eynən bizdə olduğunun analoqudur. Hamımız bizdən asılı olmadan özümüzü İsmayıl müəllimə bənzətməyə çalışardıq. Zahiri görkəmdə də,  pal-paltarda da (sifarişlə kostyum tikdirmək dəbdə idi), səbrlə, təmkinlə danışmaqda da, saç-saqqal saxlamaqda da onu təqlid etməyə çalışardıq...

Əli Sultanlı - İsmayıl Şıxlı münasibətləri "artan yekunla" irəliləyir, lap ata-bala mehribanlığı səviyyəsinə çatır. Tələbəsinin simasında professor öz əvəzləyicisini görür, həmişə "balaca" adlandırdığı tələbəsinə (müharibə illərində boyu uzanıb və bu zahiri görünüşünə görə qayıdanda az qala müəllim onu tanımır) - Balaca, İsmayıl, bu sənsənmi? - deyə müraciət edib... İndi arxayınam, mən universitetə keçirəm. Səni burada öz yerimdə qoyuram.

Yazıçı-alim bu anları belə təsvir edir: "O gündən müstəqil mühazirələr oxumağa başladım. Həmişə çalışdım ki, ustadıma layiq şagird olum" (səh. 46).

Dərin bilikli alimin xatirəsinə həsr olunmuş "Onun səsi qulağımızdadır" yazısı o qədər kamil, o qədər təkmil xatirədir ki, buradan antik ədəbiyyatın, yunan mifologiyasının, Roma bədii təfəkkürünün, eləcə də dünya korifeylərinin səsi-sorağı, onların obrazlar aləminin xarakteri gəlir. Bunları bilmədən xatirə-qeydləri lazımınca duymaq, qiymətləndirmək olmaz. Budur İsmayıl Şıxlı əzəmətinin qüdrəti, İsmayıl Şıxlı qələminin daha bir ecazkar əks-sədası!

"Qranit kimi sərt" xatirə-qeydlə başlayır kitab. Öz həcmi, ümumi dəyəri baxımından yazı böyükdür, sanballıdır. Burada Mehdi Hüseyn - İsmayıl Şıxlı tanışlığı, ünsiyyəti, ustad-tələbə münasibətləri, öyrədən-öyrənən prinsipiallığı, nəhayət, istedadlı yazıçının, gözəl dostun, həmkarın qəfil dünyasını dəyişməsindən doğan dərin kədər hisslərinin yana-yana törətdiyi qəm karvanı ilə qarşılaşırıq! Yazını həyəcansız oxumaq olmur. Gənc və həvəskar qələm sahibinin şəxsində Mehdi Hüseyn şagirdinin parlaq gələcəyini görürmüş, sanki onu bütün sınaqlardan çıxarmağa çalışırmış. Ədəbi yaradıcılıq üçün lazımi bütün "tezisləri" işə salır, onu "nəzəri" və əməli cəhətdən möhkəm biliklərlə silahlandırmağa çalışırmış. İlk hekayələrini bəzən iki-üç dəfə oxuyub geri qaytarır, "get, işlə" deyir. Gənc yazıçı İ.Şıxlı bundan pərişan olur, bəzən inciyir, gileylənir də. M.Hüseyn isə güzəştə getmir, necə deyərlər, "kotanı daha dərindən bağlayır", onu məzəmmət edir, deyir ki, "Yazıçı olmaq istəyən adam birinci növbədə adamları adam kimi danışdırmağı bacarmalıdır (səh. 11).

Ədalət naminə demək lazımdır ki, görüşlər, söhbətlər nə qədər gərgin, prinsipial keçsə də, yenə Mehdi Hüseyn öz təbəssümündən, "isti" münasibətlərindən qalmır, bu və ya digər hekayəni iki-üç dəfə qaytaranda yenə ona səmimiyyət göstərir. Burada Mehdi Hüseyn tələbkarlığı ilə yanaşı, İsmayıl Şıxlının yüksək iradi keyfiyyətlərini də ayrıca qeyd etmək lazımdır.

Bu yaradıcılıq "çəkişməsi", nəhayət, sona yaxınlaşır. Arada bir yenə Mehdi Hüseyn dostunu evə dəvət edir, bu dəfə "yerdəyişmə" aparır: indi öz əsərlərindən parçalar oxuyur ona, İ.Şıxlının rəyini bilmək istəyir. Ədəbi proseslərin kamil bilicisinə çevrilmiş "şagird" rəy bildirir, yaxşı-yaman cəhətləri öz təfəkkürünün gücünə ortaya qoyur. M.Hüseyn haqlı tənqidə söz demir, susur, ancaq nəticə çıxarır. İkinci görüşdə müəllim bu hissəni şagirdin tələbi əsasında işləyib yazısını cilalayır.

Biz burada roman, obrazlar haqqında rəy yürütmək istəmədik. Bu haqda çox danışılıb, çox deyilib... Yeridir ki, yuxarıda eyham vurduğumuz bir cəhəti açıqlayaq. Bu, mülahizədir, ürəyə dammadır, ya nə istəyirsiz bir ad qoyun. Bəli, İ.Şıxlı taleyin xoşbəxt bəndəsi (ən əvvəl!) idi. Görünür, zəmanəmizin qüdrətli nəsr əsərini yazıb ortaya qoymaq onun bəxtinə yazılıbmış. El bayramı günündə dünyaya gəlmək, ciddi adamlarla qarşılaşmaq, onlardan atalıq nəsihəti almaq, ölüm-dirim savaşına qatılıb oradan salamat çıxmaq, bəlkə də bu ölməz epopeyanı yazıb ortaya qoymaq naminə taleyin ona verdiyi bir fürsət, uğurlu möhlət imiş!

Yazıçı haqqında çox demək, çox danışmaq olar. Bu, 63-64 illik bir dövrün təəssüratları barəsində bəzi ümumiləşdirmələrdir.

1980-ci ilin iyununda ali təhsili başa vurmağımızın 20 illiyini qeyd etdik. Yenə APİ-nin tarixi akt zalında toplaşmışdıq. Yaddaqalan bir görüş oldu. Çıxışlar çox idi, hamısı səmimiyyətlə, xoş təəssüratlarla dolu idi. Bizə dərs deyən, təlim-tərbiyə verən müəllimlərimizi iftixar hissi ilə yad etdik, dünyasını dəyişənlərə rəhmət dilədik, sırada qalanlara yeni-yeni uğurlar. Dosent Azər Hüseynov o illərin rəngi saralmış cib dəftərçəsini çıxarıb ortaya qoydu, zarafatla "davamiyyəti" yoxladı. Bəzilərimizin müvəffəqiyyətlərini qeyd etdi və sonda fikrini belə yekunlaşdırdı: APİ-nin tarix-filologiya fakültəsinin 1960-cı il məzunları institutun varlığı ərzində ən yaxşı, ən uğurlu buraxılış olub!

Müdrik fikrin təsdiqi göz qabağındadır. Məzunlardan Qəzənfər Kazımov, Əjdər Ağayev, Mürsəl Həkimov, Quşdan Bağırov, Xasay Cabbarov, Cemma Osmanova və başqaları onda elmi dərəcə almışdılar. Az sonra elmlər doktoru səviyyəsinə qalxdılar.

Budur sevimli İsmayıl Qəhrəmanoğlunun - ədəbiyyatımızın müdrik zəkasının, pedaqoji aləmin tanınmış simasının dildə-avazda gəzən xidmətləri, Azər müəllimi də, başqalarını da gözəl fikirlər deməyə səsləyən tarixi "əsaslar!"

Dərin hörmət əlaməti olaraq, İ.Şıxlının 60-dan başlamış ad günləri müntəzəm qeyd olunub. Onun 70 illiyində daha təmtəraqlı tədbir keçirilib. Buradakı çıxışlardan birisi xüsusilə seçilib. Bu, yazıçı, ədəbiyyatşünas alim, elmlər doktoru Qulu Xəlilovun sözləridir. O, yubilyarı təqdim edərək demişdi: "Bizim çoxumuz, ali məktəb müəllimləri, zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı".

Bu da şəxsiyyətin, ziyalının müqəddəsliyinə, böyüklüyünə yönəlmiş daha bir etiraf, əlahiddə ümumxalq qiymətidir.

 

 

Əsgər ƏSGƏROV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci  qəzet.- 2019.- 19 oktyabr.- S.21.