Qadın kimi...   

 

 

- Kişisiz necə yaşayırsan?

- Kişi kimi...

 

Həyat Şəminin "Dialoq" şeirindən götürdüyüm bu replika məni istər-istəməz həyatda "kişi kimi yaşayan" bir qadının poeziyasını fərqləndirən keyfiyyətlər, ümumiyyətlə, "qadın poeziyası" mövzusunda mülahizə yürütməyə təhrik edir. 

 

Qeyd edim ki, Həyat xanımın "Dialoq"undakı "kişi kimi" ifadəsi dilimizin və yaddaşımızın maddiləşdirdiyi sabit söz birləşməsidir, mətndə xırdalanmayan, əyilməyən, sınmayan insan mənası daşıyır. "Qadın poeziyası" deyərkən bizi  maraqlandıran isə poeziyada gender problemi deyil, bu anlayışın fərqli estetik hadisə olub-olmaması, ən azından Həyat xanımın şeirlərində qadın obrazının, konkret desək, şairin öz obrazının necə təqdim edilməsidir.

 

Əslində, "qadın poeziyası" anlayışı bədii fikir tariximiz, söz yaddaşımız üçün yabançı deyil. Azərbaycan ədəbiyyatının lap qədimdən gələn ağı, oxşama, layla kimi elə janrları var ki, onların yaradıcıları da, ifaçıları da qadınlardır. Xalça toxuyan qadınların həvə və kirkit ritmində oxuduqları zümzümələr, qımqımılar (bunlar yazıya alınmamış olsa belə) xalçanın özü kimi qadın yaradıcılığının məhsuludur. Bədahətən yaranan eydirmələr də onun kimi...

 

Klassik ədəbiyyatımızda, xüsusilə divan şeirində mənzərə bir qədər fərqlidir. Məsələn, Xurşidbanu Natəvanın və ya Şahnigar xanım Rəncurun əksər qəzəllərində qadın başlanğıcını, aşiqlə-məşuqun kimliyini müəyyənləşdirmək çətindir. Mənə elə gəlir ki, bu anormallıq divan ədəbiyyatının və konkret janrların kanonlarına əməl etməkdən gəlir. Bu cür "biseksuallıq" Sovet dövründə yazıb-yaradan qadınların ideoloji poeziyasında da özünü göstərir. Heç şübhəsiz, burada da ideoloji kanonlar həlledici rol oynayır...

 

Həyat xanımın şeirlərini qadın şairlərin yaradıcılığı ilə bağlı təcrübələrimin təsiri ilə oxudum. Axır vaxtlar rus və dünya ədəbiyyatının tanınmış simalarından Anna Axmatovanın "Son tost" şeirini dilimizə tərcümə etmişəm (Anna Axmatova rus poeziyasına "qadın ruhu" gətirən şair kimi tanınır), Esmira Məhiqızının dərdlərimizin rəngli şəkillərini ilmə-ilmə sözə toxuyan şeirləri haqqında yazmışam, müharibə fəlakətini təkcə yazılarında deyil, ömründə yaşadan, yaradıcılığını döyüşdə şəhid olmuş ərinin - hərbi təyyarəçi Yusifin xatirəsinə həsr etmiş Arzu Nehrəmlinin tale portretini canlandırmağa cəhd etmişəm...

 

Adlarını çəkdiyim şairlərin yaradıcılığı üçün ümumi bir motiv - tale ilə dialoq, qadın-tale konflikti diqqətimi daha çox cəlb edib. Bu dialoq özünü bəzən üzdə göstərir, bəzən də onu sözün o üzündən - mətnin alt qatından görmək olur.

 

Həyat Şəminin yaradıcılığında tale haqqında düşüncənin fəlsəfi mayası təsəvvüfdən gələn qənaətlərlə səsləşir. Burada onun "Azərbaycanda dini-siyasi hərəkatlar (VIII-IX əsrlər)" mövzusunda elmi təqdiqatının da böyük təsiri var. Elmi təcrübə Həyat xanımın şeirlərinə əlavə intellektual impuls verir. Bununla belə, şeir elmin yox, qəlbin qanunları ilə doğulur. Onun şeirlərində məsələnin maraqlı cəhəti klassik ədəbiyyatın fəlsəfəsi terminologiyasından gələn "hülul", "tənasüx" kimi bəzi anlayışların işlədilməsi deyil, bu anlayışlar vasitəsilə qadın ruhunun ifadə edilməsi, şairin öz obrazının yaradılmasıdır.

 

Həyat Şəminin şeirlərinin yaratdığı başlıca qənaətlərdən biri budur ki, hər kəs və hər şey: Mən, Sən, Tale - Onun zərrələridir. Bu düşüncə kontekstində Onu dərk edən insan üçün tale özbaşına deyil. İnsan gözübağlı olduğu zaman tale fərman verə bilir, insanın üzünə qapı bağlayır. Taleyin verdiyi fərmanın hökmünü "qüvvədən salmaq" üçün könül alan, könül qıran insanın borcu gözlərini geniş açmaq, öz içinə boylanmaq, özünü dərk etməkdir. Özünü dərk edən isə sonda Onu dərk etmiş və taleyə qalib gəlmiş olur:

Hər şey Mənim əlimdə,

Ürəyim,

əfv fərmanım,

imzam,

qollarım,

Açın qollarımı!

Hər şey Sənin əlində,

Sorğu-sual,

Durğu və duyğu işarələri,

Son cümlə,

nöqtən.

Ürəyimə ölümcül həmlə...

Son dəfə getmək istəyim,

üzümə bağlı qapıların dəstəyi...

Açın qapıları!

Hər şey Onun əlində,

Qələm,

Yazı,

Olum və ölüm,

Açın gözlərinizi!

"Kişisiz kişi kimi yaşayan" Həyat Şəminin şeirlərində ən qabarıq nəzərə çarpan, zaman-zaman onu "ələ verən", sirrinin üstünü açan, düşüncələrini məcazlardan təmizləyib çılpaqlaşdıran motivlərdən biri qadın təyinatını yerinə yetirə bilməməyin - ana olmaq istəyinin ürəkdə qalmasının yaratdığı mənəvi çatdır. Taleyin bu ədalətsiz hökmü onu daim daxilində bəzən aşkar, bəzən də gizli çəkdiyi ağrını üzə çıxarmağa təhrik edir.

 

Bir sıra şeirlərdə isə bu daxili çat sanki müəllifin özündən ixtiyarsız poetik hissin şüuraltı axınından doğulur.

 

Mətn müəllifin iradəsinə tabe olmur: 

Aramızda yollar, rənglər, xətlər vardı.

Ciddi-ciddi qoşa xətlər

kişi rəngində, kəsmək olmaz.

Qırıq-qırıq qadın xətti

Könül kimi...

Küçələrə döşənmiş istiqamət oxları-

uşaq xəttidir,

göstərəcək sənə gedəcəyin ünvanı...

Burada müəllif məntiqi mühakimələrlə "intellektual" oyun qurmaqdan imtina edir, mətn daxilində rəngdən-rəngə düşən söz yaşanan duyğunun cizgilərini, xətlərini nişan verir. Sözün o üzündə qalan, dilə gətirilməyən tərəfi isə bəzən ömür romanının bir fəsli qədər enerji və informasiya daşıyır.

 

Son üç misrada poetik düşüncənin və duyğunun yığılmış enerjisi fərqli yozumlara kifayət qədər açıqdır. Bu yozumlardan biri də taleyə eyham vurmaq, taleyin elədiyini üzünə çəkməkdir. Uşaq xətti təkcə gediləcək ünvanı deyil, gedilməyəcək ünvanı, açılmayacaq qapını da nişan verir.

İndi bir qadın

səndən uşaq gözləyir,

mənsə zəng...

Həyat Şəminin son illərdə yazdığı şeirlərindəki doğulmayan uşaq motivi  kənardan baxanda necə görünsə, nə qədər fərqli təsəvvür yaratsa da, daxildən duyğuların nizamını və ritmini pozur, öz ritmini yaradır və bunu şeirin əhvalına köçürür. Bu şeirlərdə sevgi qadına xəyanət edən kişi arxetipi kimi təzahür edir.

 

Müqayisə üçün deyim ki, Həyat Şəmi ilə eyni ədəbi nəslin nümayəndəsi olan Arzu Nehrəmlinin şeirlərində qadına xəyanət edən sevgi deyil, taledir. Qadının qarşısındakı təyinatını, qadını qorumaq vəzifəsini yerinə yetirə bilməyən tale canını vətən uğrunda fəda eləyən qəhrəman əsgərin antitipi kimi təqdim olunur və qavranılır...

 

Təbii ki, insan nə sevgiyə, nə də taleyə məğlub olmaq istəmir və mübarizə həyatın başlıca leytmotivinə çevrilir. Elə buna görə də Həyat Şəminin lirik qəhrəmanı "kişi kimi" yaşamağa üstünlük verir: daxili Mən öz içindəki gücü toplayıb Həyatla, Cəmiyyətlə və Tənhalıqla mübarizəyə yönəldir:

Bel bağlamaram köçə,

Bir karvan ümid keçə,

Öz içimdəki gücə

Dayanıram mən.

Həyatın xüsusilə son şeirlərində ictimai məzmunla fərdi yaşantıların bir araya gətirilməsi daha aydın nəzərə çarpan poetik təəssürat yaradır. Partlayışda həlak olmuş üç yaşlı Banuçiçək körpənin - "ananın əllərindən tutan son umudun" xatirəsinə yazılmış şeir baş vermiş faciəvi hadisənin və içdəki köhnə ağrının qovuşmasından yaranıb. İçdəki ağrını sözün görünən yerində tutmaq çətindir. Çünki o, həm doğulub həlak olan, həm də doğulmayan körpənin ağrısıdır:

Doğulmayan körpələrə hamilə

Şişmiş ürəklərin sancısını

Kim bilə bilir...

Həyat Şəminin şeirlərinin poetik sistemi üçün daha bir xarakterik cəhət sözün müstəqim və məcazi mənalarından çevik istifadə etməsi, dildə konkret mənası və işlənmə yeri olan ayrı-ayrı sözlərə gözlənilməz fərqli mənalar və yozumlar verməsidir. Həyat Şəmi sözlə, sözün yaxşı mənasında, "oynamağı" və bu oyunu məharətlə oxucuya ötürməyi, oxucunu "oyuna qoşmağı" bacarır. Həyatın şeirləri sözün, frazeoloji ifadənin gözlənilən və gözlənilməyən, göz önündə olan və gözdən iraq olan mənalarını bir araya gətirməklə poetik sintaksisdə sürpriz dönümlər yaradır. Bununla həm bədii fikrin informasiya yükü güclənir, həm də şeir dilinin üfüqləri genişlənir. Əsəd Cahangirin bir fikri ilə tam razıyam: "Şair... xalq dilində çoxəsrlik cilalanma hesabına məcazi anlam kəsb etmiş, daşlaşmış formula mətndaxili yeni anlam verir, linqvistik arxeologiya, yaxud frazeoloji istismar işi aparır".

 

Azərbaycan poeziyasında müxtəlif məna daşıyan sözləri qafiyə kimi bir araya gətirib cinas yaratmaq ənənəsi güclüdür. Buna bayatılarda, ağılarda tez-tez rast gəlirik. Aşıq ədəbiyyatında ayrıca bir janr - təcnis janrı və bu janrın müxtəlif formaları (ayaqlı təcnis, cığalı təcnis və s.) var. Ancaq Həyat Şəmi oxucunun sözləri əvvəlcədən oxumaq vərdişi ilə "oynamaqla" eyni sözün müxtəlif mənalarından yeni poetik obraz yaradır. Oxucuya əvvəlcədən tanış olan söz şeirin mətnində fərqli informasiyanın daşıyıcısı kimi təqdim olunur. Bu isə mətnin qavranılmasının sərhədlərini genişləndirir, fikri yeni fəzaya çıxarır.  

Gəl, həyat daşını daşı,

Ömür kərpic-kərpic bişir,

Hər gün bir-bir gəlib düşür

Yadımıza...

Bu bənddə "həyat daşı" ifadəsi yaşanılan həyatın ağırlığı, yükü mənası kəsb etməklə yanaşı, həm də müəllifin adı ilə assosiasiya olunur. İkinci misrada bayatı yaddaşımızdan gələn və dilimizi dərindən bilən hər kəs üçün doğma obraza keçid edilir: gündə bir kərpic düşür, ömrümün sarayından. Lakin mətn bu obrazdan imtina edərək yaddaşda avtomatik şəkildə oyanan təsəvvür üzərində yeni poetik "oyuna" keçid edir.

 

Kərpic-kərpic bişən ömrün kərpic-kərpic düşən və keçmişdə qalan günləri yada salınır. Ömür sarayından gündə bir kərpic düşməsi, ömrün gün-gün sökülüb azalması yaddaşın əzbər  bildiyi poetik deyimdir. Yada düşmək isə sabit söz birləşməsidir və bu söz birləşməsində "düşmək" öz hərfi mənasının xaricindədir.

 

Beləliklə, sözün hərfi mənası ilə məcazi mənalarının bir araya gətirilməsi oxucuya fərqli və oxucunun gözləmədiyi poetik informasiyanın ötürülməsinə xidmət edir.

 

- Sizdə təkliyə xırda olmaz?

- Bizdə həmişə təklikdir...

 

Burada da oxucu düşüncəsi ilə eyni "oyunun" qurulduğunu görürük. Hər gün məişət səviyyəsində dəfələrlə eşitdiyimiz ən prozaik suala (bir manata xırdanın olub-olmaması) verilən cavab "təklik" sözünün başqa mənasını (tək yaşamaq, tənhalıq) mətnə daxil edir. Bu söz oyunundan qazanan isə mətn və oxucu olur...

 

Oxucu ilə bu cür çoxqatlı, çoxsəviyyəli "dildə" dialoq qurmaq Həyat Şəminin yaradıcılığı üçün müəyyənləşdirici keyfiyyət daşıyır və bu qəbildən olan çoxlu sayda misallar gətirib, ayrı-ayrı ifadələr üzərində müfəssəl təhlillər aparmaq mümkündür. Gəldiyimiz nəticə isə bu olacaq: Həyatın şeirlərini fərqləndirən başlıca cəhət onlarda sözün informasiya tutumunun geniş olmasıdır.

 

Rus semiotika elminin yaradıcılarından olan Y.M.Lotman "Bədii mətnin təhlili" kitabında "yaxşı" və "pis" şeirin fərqini izah edib: "...bu və ya digər mədəniyyət sistemində "yaxşı şeirlər" yalnız o mətnlər ola bilər ki, onlarda yüksək informativlik olsun. Bu isə oxucu gözləntiləri ilə konflikt, gərginlik, mübarizə və son nəticədə oxucunun vərdiş elədiyi poetik sistemdən daha artığını ona qəbul etdirmək deməkdir"...

 

Bu mövqedən yanaşanda Həyat Şəminin bədii əsərlərini də tam əminliklə "yaxşı" şeirlər sırasına daxil edə bilərik.   

 

 

 

Məti OSMANOĞLU

 

525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.20.