Süveydaya məktublar
(kitabdan parçalar)
6-cı məktub
Gülümsən, gülşənimsən; günəşimsən
sən mənim.
Üzündəki nurunla, aşiqi pərişan edən
baxışınla tayın-bərabərin yox sənin. Hansı
küncə qaçsam, qarşımda o gülümsəyən
çöhrəni görürəm, rəngarəng qoxunu
duyuram.
Bülbülün sənə görə nədən
ağlını itirməyi məlumdur, sevgili. Bir dəfə
seyrinə çıxan könlün, sonunu düşünmədən
hərəkət etməsinin sirri, qarşısıalınmaz
cazibəndə gizlənib. Ağuşuna
düşənin xilas olmasına imkan yoxdur.
Həyatıma girdikdən sonra özümü
tanımaz oldum. Quldurlar kimi könlümü dağlara
vurmaq istəsəm də, sənsiz dağların nə
önəmi var?
Könül bağımda sən olmadıqdan sonra bahar gəlmiş,
təbiət yuxusundan oyanmış nə mənası? Dillər sənin
adını söyləyərkən coşur və
yoxluğunda heç bir məclisdə qəhqəhələr
eşidilmir.
Bu səhər şəfəqlə birlikdə,
quşların civiltisi altında, əşyanın
görüntüsünə dair bir şeyin fərqinə
vardım. Qaranlıqlara qərq olmuş əşyaların ruh
halı mənimkiylə eynidir. Onlar da mənim
kimi, bütün hüznü qəbul edib, talelərindən
razı bir şəkildə gözləyirlər.
Məhz o
an, qeyri-ixtiyari "Əgər günəş
heç olmazsa, halımız nə olar?" - deyə
mızıldandım. Dövranı, saat kimi qurmuş o əzəmətli
güc, "əgər bizi qaranlıqda buraxarsa, o gül
üzünü bir daha görə bilmərəm", - deyə
düşündüm.
Səni tapmadan, sənə qovuşmadan ölmək o qədər
də ədalətli bir son deyil, sevgili.
Ağlım və ruhum arasında
yaşadığım uyğunsuzluqlar durduqca anlayıram ki,
hicranı çəkilməz edən, taleyə qarşı zəifliyimiz
deyil. Getdikcə mürəkkəb bir tapmacaya bənzəyən
sevgimizin cavabını üsyan edərək tapa bilmərik.
Bizi birləşdirən
güc, hər an bizləri izləyir, arzu
və xəyallarında həqiqətən səmimi olanların
duaları mütləq qəbul ediləcək.
Sadəcə təvəkkül, istəklərimizi əldə
etməyimizə yetməyə bilər və bu yolda
çalışıb həqiqətən onu
qazanmağımız lazımdır.
Tale deyilən vəziyyət həmişə əleyhimizə
işləməz, gül üzlüm. Bizi
yaradanın ədaləti böyükdür və o, acılar
içində dua edən qullarını görür,
xüsusilə onun bizləri günəşsiz buraxması ən
son ağıla gələndir.
Unutma ki, hamımızın gözlərindəki
işıq bir gün sönəcək, mütləq sona
çatmadan əvvəl xoşbəxtliyi zərrə qədər
də olsun yaşaya bilsəm, bu, mənim üçün
kafidir.
Elə bu ruh halı içində o qədər rahatam
ki, həsrətim ən yaxın vaxtda bitəcək,
dualarım səni tapacaq və gələcəyi
aydınladacaq günəş hər an üzümə
parlayacaq.
7-ci məktub
O səbr
ağacında meyvə gec yetişir.
Səbr etmək asan deyil, hələ gözlənilən
sevgilidirsə.
Səbirsizliyin
mənbəyi, təbiətimizlə bağlı ola bilərmi? Yetkinlik itaətləmi
təzahür edir?
Eşqiylə məni alt-üst edən gözəl, bu qədər
yaşatdıqların qarşısında hələ də sənə
qarşı ziddiyyətli olmağım, eşqin yolunda hələ
kamala çatmadığımı göstərir?
İnan ki, Nirvanaya çatmaq sənə çatmaqdan
asandı.
Səni ilk dəfə gördüyüm yerdə
növbədəyəm, amma sən yoxsan. Gələcəyinə
inanıram, amma gözləmək o qədər çətindir
ki, bəzən oyaq halda belə, kabuslar görürəm və
hüzn yağışları birdən-birə leysan kimi
yağmağa başlayır.
Adını belə bilmədiyim sevgili, sən məsumsan. Bu hala
düşməyimdə tək günahkar var, o da mənəm.
İtirdiyimiz bu günləri geri qaytarmaq kaş
ki, mümkün olsaydı.
Bəzən simanı ilk gördüyüm an, sənə
dair hisslərimi açıqlamadığım
üçün peşmanlıq duyuram. Axmaqlığıma
və bəsirətsizliyimə yanıram.
Dayanmadan görüşümüzə aid qurduğum xəyallar
yaddaşımda dolaşır. Hər şeyim sən oldun, gecəm
də, gündüzüm də...
Hər cür sıxıntıdan azad olmuş bir
könlün sərxoşluğunu pozacaq tək şey, həsrətində
olduğun, amma gəlməyən sevgilidir. Mənim kimi, sonunu
özü hazırlayan başqa biri ola bilərmi?
"Qapı nə qədər böyük olursa olsun,
onu açan kiçik bir açardır" - sözündəki
incəliyi dərk edə bilməyənlər, qapının
böyüklüyünə ilişib qalanlardır. Halbuki
açarın adını bilənlər, xoşbəxt sona
çatanlardır. Hər qapını açan tək
bir açar var, sevgili, onun da adı: Cəsarət.
Sənin yoxluğunu, ancaq Divan şairlərinin beytlərini
anlamağa çalışarkən unuduram. Füzuli, Baki, Nefi, Naili... Füzuli - lazımsız, mənasız; Baki - sonsuz;
Nefi - faydalı olan; Naili də - çatan deməkdir.
Ən çox da Nailini qısqanıram, ləqəbinin
mənasına görə. Görəsən, mən
sənə qovuşa biləcəyəmmi? Vüslətin o dözülməz odu bizi də
yandıracaqmı?
Özümü şair kimi görməsəm də, mənə
yaraşacaq ad yəqin ki, "Nihani" olardı. Gizli sevda
çəkdiyimdən və məndəki gizlinləri
aşkara çıxaracaq, ruh yoldaşımı
tapmadığıma görə.
Nə olursa olsun, gözləyəcəyəm. Su kimi həyatımı
bir dəfə tapmışkən, itirməyi gözə ala
bilmərəm.
Səni gördüyüm an, cəsarətimi qıran,
eşqimi sənə deməkdən qaynaqlanan qorxu deyildi. Alacağım
cavaba qarşı içimdə yaşadığım ziddiyyət
idi.
Sevgimizin fidanını, səndən icazəsiz
böyütməyə başladım, sevgili. Gün
keçdikcə böyüyür və gurlaşır,
zamanı gəlincə də meyvə verməyə
başlayacaq.
Yetişib, amma budağından qoparılmayan hər
şey yerə düşür, ziyan olur. Sevgimizin hədər
olmasına izin vermə. Yoxluğunla
könlümdən yayılan məzəmmətləri
eşit və nə qədər gec deyil gəl, ey gözəl.
8-ci məktub
Hər gecə peşmanlıq, həm də hər
axşamı.
Səni tapmadan keçən hər günün
axşamında, yoxluğunla coşan duyğularım hicran
dolu o sərt hüzn küləklərinin təsiri ilə həyəcanlanır.
Bu günə qədər eşq yolunda bir çox maneələrdən
keçərkən, əksər axşamlarda səni
tapmamağın kədəriylə bir ümidsizlik içinə
düşürəm. Həsrət qoxan axşamlar qəlbimə
iztirab verir.
Artıq musiqinin ağrılarımı
azaltmadığını, tiryək kimi keyləşdirən
xüsusiyyətini itirdiyini hiss edirəm.
Qəzəllər, qəsidələr və şeirlər
səni mənə unutdura bilmir.
Nəyə baxsam, nəylə məşğul olsam,
ağlımda yenə sən varsan. Sənin, mənim ruh
yoldaşım olduğuna əminliyim gücləndi və sənlə
bağlı təzadlarımın yerini tam bir itaətkarlıq
aldı.
Sevgili, sənlə bağlı qurduğum və hələlik
xəyal olan bu mücərrəd aləmin içində yox
olmaqdan qorxuram.
Səni
tapa bilməsəm və ikimiz üçün qurduğum bu
xarici aləmin içində həbs olub: "tərsliyə
düşsəm" - deyə şübhələrə
qapılıram.
Bəzən də "nə fərqi var" deyirəm. Eşqinlə
həmahəng olduğumdan bəri "Məcnundan nə fərqim
qaldı ki?" - deyə
öz-özümə söylənirəm.
Çox sıxıldığım vaxtlar
özümü evdən kənara, bir sözlə
sirdaşım olmağa başlayan küçələrə
atıram.
Bəzən qaranlıqdan qorxan uşaqlar kimi zülmətin
içindən çıxan varlıqlar və əcinnələr
görürəm. Sənin gül üzün ağlıma gəlincə
rahatlanır və sükut dolu küçələrdə
bağırmaqdan imtina edirəm.
Dərdli
bir avara kimi dayanmadan hey gəzirəm, gəzirəm... Sükutun kədəri təlqin etməsiylə məhəbbətini
sorğuya çəkirəm. Üfüqlər
görünmür, artıq yuxularımda belə, sənə
doğru qaçıram.
İctimai həyatla xarici aləm arasındakı
tarazlığı yaratmaqda çətinlik çəkirəm
və xəyal aləmindən gerçək dünyaya
dönmək istəyirəm, çünki dərdin
sükutla birləşməsi artıq mənə iztirab verir.
Ötən gün, bir məzarlığın
yanından keçərkən, anbaan
yaxınlaşdığım sona, daha əvvəl
düçar olmuş insanları düşündüm. "Ölmək
qədərdə var", amma mənimki yaşayarkən hər
gün ölmək deyilmi?
Sənə doğru yol alarkən, gecikməkdən və
peşmanlıqlarımın məni sənə qarşı
laqeyd buraxmasından qorxuram. Ey sevgili,
fırtınaları bitməyən yolumu azmağıma izin
vermə.
9-cu məktub
Çətin olsa da, fərq etməz, tutaram ulduzu.
Dünən gecə, evimin həyətində oturub, təbiətin
rahatlıq verən səsini dinləyərkən gözüm
birdən göy üzünə sataşdı və
maralım, göydə axan ulduz görəndə ikimiz
üçün də bir arzu tutdum.
Səslərim sənə çatmasa da, hansısa şəkildə
sevgimdən xəbərdar olduğunu hiss edirəm.
Sənə
dair təəssübümü səndən başqa hər kəs
bilir və sevgin məni hər an zillətə
salsa da, yenə də hər dəfə nəfəs alanda
qovuşmağımızı arzulayıram.
Göydəki minlərlə ulduzdan daha parlaqsan mənim
üçün. Gün boyu səni tapmaq üçün
tutduğum növbə, gecələr də göy
üzünə tərəf davam edir.
Yerə enəcəyin anı qaçırmaq istəmirəm. Səni, təntənə
ilə qarşılayacaq yalnız mən olmalıyam, sevgimizə
dair yazdığım bəstələri sənə
oxumalı və viran olmuş könlümün içində
hər kəsdən gizlətdiyim gerçək çiçəkləri
sənə mən təqdim etməliyəm.
Əzab-əziyyətlərim bir gün bitəcək və
qətiyyətim bir gün sona çatacaq, sevgili. Həqiqətin
üstünü heç bir sirr örtə bilməz, cövhər
harada olursa olsun, dəyərlidir.
Gələcəklə
bağlı xəyalımda təsəvvür etdiyim və bir
gün azad olacağına inandığım o qədər
düşüncələr var ki... Ah bir bilsən, dərhal mənə
qaçarsan, amma ilk öncə bu zülmətin
üstümüzdən qalxması lazım.
Ayrı-ayrı sonsuz bir rahatlıq bürüyür
ürəyimi.
Məfkurəmə yaxınlaşdığımı hiss edirəm
və alıram qələmi əlimə. Bədahətən
elə misralar tökülür ki, kağıza, gözəlliyi
və dərinliyi qarşısında bəzən mən belə
heyrətlənirəm.
Sevgimizə
dair misraların yaddaşımda coşduğunu hiss edirəm.
İnsanın təmayülü nədirsə,
könlündə nə varsa, ağlı o istiqamətdə
çalışırmış, sevgili.
Eşq dəryasında, mənim istiqamətim də, idarə
edənim də sənsən. Aqibətim nə olursa
olsun, mənə verdiyin ilhamla səni və sevgimi izah etməyə
davam edəcəyəm.
İntizarım, ancaq və ancaq səni tapanda sona yetər. Yolunda bəzən
bədbin olsam da, bu ruh halı müvəqqətidir.
Çətinliklər bəzən məni hədəfimdən
uzaqlaşdırsa da, zülfündən yayılan qoxu rəhbərim
olur.
Ey dilbərim, yağışın
yağdığı günlər mənim də
ağladığımı, gecələr göy üzündə
səni axtardığımı və hər doğulan
günə yeni bir ümidlə başladığımı
bil.
Xülasə,
sənlə bağlı duyğularım həmişəkindən
güclüdür, arxayın ol...
10-cu məktub
Yuxumda belə, sanki canımı ağzımdan
çıxaracaq kimisən.
Yuxuların həqiqətən bir dili varmı?
Süleyman dili dedikləri şey işarələrin
şərhindəmi gizli?
Öz-özünə
danışan insan, cüzi iradəsinə rəğmən,
iç dünyasına aid nələri həll etməyə
qadir ola bilər? Təbiəti
və kainatı öyrənməyə yarayan elm, görəsən,
sevgimə dair məlum olmayanların nə qədərini
işıqlandıra bilər?
Yaşanılanların, eşidilənlərin və
öyrənilənlərin müqayisəsi nəticəsində
təcrübə özünü göstərirmi? Cavabların
yerləşdiyi nöqtədə yeni sualların yaranması
şüuraltının aydınlanması ilə
bağlıdırmı?
Sevgili, dünən gecə gördüyüm yuxudur bu
mühakimənin səbəbi. Yatmadan əvvəl
düşündüklərimizin, yuxularımızda ortaya
çıxması, cavabını tapa bilmədiyimiz
sualların öncədən gələn
açıqlamasıdırmı?
Zahid
görünüşlü, qəlbə rahatlıq verən,
nurani bir adam gördüm yuxumda.
"Sualların cavabsız qalmayacaq, öyrənmək istədiyin
nədirsə soruş, həqiqəti sənə göstərməyə
çalışacağam" - dedi.
Həyəcanımı sakitləşdirdikdən sonra
sanki bilinməyən bir gücün təsirilə
danışdırıldım və "Yağış nə
vaxt yağacaq?" - deyə soruşdum.
Fəzilət
sahibi, sufi görünüşlü qoca,
"Yağış onsuz da davamlı yağır,
övladım, sən görə bilmirsən" deyincə,
hafizəm işıqlanmağa başladı.
"Bu yolda mənə nəsihət verə bilərsənmi? Adını
belə bilmədiyim sevgilini tapa biləcəyəmmi?"
- deyincə, - "Adını bilirsən,
amma ona dair kəşfini tamamlamağın lazımdır, qəlbinə
bax övlad" - dedi.
"Qəlbindəki
nöqtələrin mənasını tap, yaşamaq istədiklərinə
aid xəyal gücünü mühakimə et,
həlli yolu səndə gizlidir. Eşq, murada
çatdıqdan sonra sevgilinin yoxluğu da, varlığı
da birdir".
Mənim, "amma, amma..." deməyimi gözləmədən,
sözlərinə davam etdi.
"Söz bir vasitədir, hal isə arzudur. Pərvanə
olacaqsan, axtaracaqsan və ona çatmağa mane olanları
bir-bir aşacaqsan, səbirli ol və qəlbini tanı. Məcnuna bənzəmək asan, amma onun kimi olmaq
çətindir" - söylədikdən sonra "indi damla
olub, başqa könüllərə yağmağım
lazımdır" - deyib, yavaş-yavaş uzaqlaşdı.
"Yağış nə vaxt yağacaq?" - deyə
soruşmağımın, mənası nədir, sevgili?
Daha da maraqlısı, bu yuxudan, pəncərəmə
vuran yağış damlalarının
tıqqıltısına oyandım. Sənə və
sevginə dair suallarıma cavab tapdım, amma mənasını
anlaya bilmirəm.
Yaşadıqlarıma dair məyusluğumun mənə
bir şey verməyəcəyini çoxdan öyrəndim, fəqət
sənin üstündəki füsunkar örtüyü
qaldırmağa gücüm yetəcəkmi?
Qəlbimin səsi, sənin çox yaxında
olduğunu, məni kölgəm kimi təqib etdiyini deyir və
hər gecənin səhərində başa düşürəm
ki, sənə gedən yolun açarı qəlbimdə
gizlidir.
Yuxularımda belə, yoluma çıxan gözəl,
üzünü görmək istəyirəm və
adını axtarıram, sənin üçün
hazırladığım dünyama gəlişini səbirsizliklə
gözləyirəm.
Mehmet Nuri PARMAKSIZ
525-ci qəzet.- 2019.- 19 oktyabr.-
S.19.