Yeni elmi nəslin böyük müəllimi
On il bundan əvvəl akademik İsa Həbbibəylinin
60 illik yubileyi ərəfəsində belə bir yazı
yazmışdım: "Naxçıvanda İsa Həbibbəyli
elmi məktəbi, yaxud ənənə davam edir". 10 il keçəndən sonra isə bu
başlığın özlüyündə dəyişiklik
tələb etdiyini müşahidə elədim. Təkcə mənim
düşüncəmdə yox, Azərbaycan elmi-ədəbi
mühitində belə bir ifadəni artıq tez-tez
eşidirik: "Azərbaycanda İsa Həbibbəyli elmi məktəbi".
Bu mənada
ötən il nəşr olunmuş Akademik İsa Həbibbəyli-biblioqrafiyasına
"Böyük ömrün illəri və əsərləri"
adlı ön söz yazmış Kamran Əliyev və Məmməd
Əliyev İsa Həbibbəylinin özündən əvvəlki
ədəbiyyatşünaslara hörməti və sevgisindən
bəhs edərək və bu böyük insanı haqlı
olaraq "Azərbaycan ədəbiyyatşünaslığının
və ictimai fikrin inkişafında xüsusi yeri olan,
özünün orijinal axtarışları ilə elmimizə
sanballı töhfələr vermiş görkəmli alim"
kimi səciyyələndirmələri heç də təsadüfi
deyil.
İsa Həbibbəylinin
1970-ci ildə Naxçıvanda keçirilən "Elm
günləri" çərçivəsində sonralar elmi
rəhbəri olacaq akademik Məmməd Cəfər Cəfərovla
yaxından tanışlığı, gənc tələbənin
həyatında bugünkü terminlə ifadə etsək, U
dönüşü effektinə səbəb olur və tələbəlik
illərindən ədəbiyyatşünaslıq elmini hədəf
olaraq seçir. Və sonralar İsa müəllimin
özünün akademik Məmməd Cəfər Cəfərov
haqqında dediyi bu sözləri biz bu gün hamılıqla
xor şəklində akademik İsa Həbibbəylinin
özü haqqında söyləyə bilərik: "Sadəliyin
nə qədər böyük mənəvi sərvət
olduğunu akademik Məmməd Cəfər Cəfərova məxsus
klassik sadəlik isbat etdi. Yalnız özünü dərk
etmiş, şəxsiyyət etibarı ilə kamil olan insanlar
bu qədər sadə ola bilərlər".
700-dən çox elmi məqalənin, 20-yə yaxın
monoqrafik əsərin, onlarla tərtib kitabının, bir dərsliyin
müəllifi olan İsa müəllim xarakter etibarı ilə
elm aşiqi olduğu kimi, həm də bir Azərbaycan vurğunudur,
Naxçıvan sevdalısıdır. Onun
Naxçıvan və naxçıvanlılara olan hədsiz
sevgisinin miqyasını öyrənmək üçün bu
diyarla, bu məmələkətin insanlarıyla bağlı
yazdıqlarına baxmaq kifayətdir.
Elmi-ədəbi mühitdə, türk dünyasında
İsa Həbbibəyli deyiləndə Azərbaycan və
Naxçıvan sözləri elmi lokomotivi daşıyan dəmir
yolunun paralel relsləri kimi assosasiya olunur.
Naxçıvanlı olub, elmin hüdudsuz ənginliklərində
qeyb olmaqdan həzz alan, yaradıcı bir
insan haqqında söz açırıqsa, qeyd elədiyim
Naxçıvan, elm və bədii yaradıcılıq
üçbucağında İsa Həbibbəylini bir daha ətraflı
analiz etmə ehtiyacı ortaya çıxır. Nəticədə akademik İsa Həbibbəylinin
naxçıvanlı ədəbiyyatşünasların elmi-ədəbi
irsinin tədqiqi və nəşri sahəsindəki rolu
gözlər önündə canlanır.
Bu baxımdan düşünürəm ki, İsa müəllimin
"Qori Seminariyası və naxçıvanlı
ziyalılar" məqaləsi ilkin hazırlıq məşqi
idi. Həmin
məqalədə və daha sonra bu qəbildən olan
yazılarında akademikin Cəlil Məmmədquluzadə, Eynəli
bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Məhəmməd
ağa Şahtaxtılı, Əliməmməd Xəlilov, Mirzə
Əbülqasım Sultanov, Mirzə Ələkbər
Süleymanov, Paşa ağa Sultanov, Mirzə Cəlil
Şürbi, Sadıq Xəlilov, Tağı bəy Səfiyev,
Məmmədqulu bəy Kəngərli və başqa
naxçıvanlılar haqqında yeni elmi
axtarışlarını böyük həvəslə
oxumuşuq. Bu silsiləni
yaradıcılığı boyu davam etdirən akademik sonralar
"Xalq şairi Məmməd Araz
albom-monoqrafiyası"nı, "Ədəbi yüksəliş"
kitabını və sair kitab və məqalələrini qələmə
aldı.
"Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri"
doktorluq dissertasiyasının müdafiəsində elmi rəhbəri,
idealı, akademik Məmməd Cəfər Cəfərov
çıxış edərək bu sözləri
rahatlıqla İsa Həbbibəyli haqqında deyir: "Onun
XX əsrin əvvəllərində Naxçıvan ədəbi
mühiti barədəki axtarışları və
tapıntıları məni heyrətləndirdi. Mən heç inanmazdım ki, Naxçıvanın
ədəbi-mədəni mühiti bu qədər zəngin
olmuşdur".
İsa müəllim naxçıvanlı ədəbiyyatşünasların,
demək olar ki, hər biri haqqında ürəkaçıqlığı
ilə, həmin şəxsiyyətlərin ən incə
xarakterlərini belə ətraflı şərh edərək
qələmə alıb. Qədim dövrlərdən Naxçıvan
elmi-ədəbi mühitinə böyük töhfələr
vermiş Xacə Məhəmməd Nəsrəddin Tusi,
Əhməd ibn Məhəmməd Naxçıvani, Həsən
ibn Ömər Naxçıvani, Səncər ibn Abdulla, Fəxrəddin
Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah
Naxçıvani, Əhməd ət-Tusi ən-Naxçıvani,
Məhəmməd Səid ibn Məhəmməd, Baba Nemətullah
Naxçıvani, Xacə Ətiq Ordubadi, Məhəmməd
İbrahim Nəsiri, Zeynəddin Naxçıvani və digərləri
haqqında elmi və bədii
yaradıcılıqlarını təfsilatı ilə təhlil
edərək qələmə almışdır.
İsa müəllimin Naxçıvan elmi və elmi-ədəbi
mühitinə münasibətini bir çox məqalələrdə
görə bilərik. Belə ki, "Professor Məhəmmədağa
Şahtaxtılı və Şərq", "Azərbaycan
elmində Məmməd Cəfər məktəbi",
"Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin
yaradıcısı", "Elmi idrakla poetik
qavrayışın qovşağında", "Abbas Zamanov
dünyası", 1996-cı ildə Türkiyədə
"Kardaş edebiyyatlar" jurnalında nəşr olunan
"Professor Abbas Zamanov və Türkiyə" məqalələrində "Məmməd
Cəfər Cəfərov adı ilə bağlı olan elmi məktəb
"Ədəbiyyat nəzəriyyəsi və ədəbi-tənqid
məktəbidir" fikrini oxuyur, "Məmməd Cəfər
Cəfərovun Azərbaycan romantizmşünaslıq nəzəriyyəsinin
banisi kimi dəyərləndirildiyini" görür,
"Abbas Zamanovu XX əsrin böyük vətəndaş
alimi kimi səciyyələndirdiyinə" şahidlik edirik.
Həmçinin, professor Əziz Şərifi
"böyük ədəbiyyatşünaslıq missiyası"nı
həyata keçirmiş elm xadimi kimi tanıyır,
"Əziz Şərif zirvəsi"nə boylanır, bizim
tərtib edib nəşrə hazırladığımız
"İzzət Maqsudov: Eynəli bəy Sultanovun həyat və
yaradıcılığı" monoqrafiyasına
yazdığı ön sözdə müəllimi İzzət
Maqsudovu "Eynəli bəy Sultanov kimdir?" sualının
ilk böyük elmi cavabı"nı müəyyənləşdirən
alim kimi yada salır, "Kamal Abdullanın Azərbaycan
postmodernizm ədəbi cərəyanının
yaradıcısı olduğunu əsaslı şəkildə
təqdim etməsini" müşahidə edir, Məhəmmədhüseyn
Təhmasibi "Folklor nəzəriyyəsinin görkəmli
yaradıcısı" kimi görürük. Bütün
bunlar naxçıvanlı alimlər biblioqrafiyasının
elmi yeniliyini də ifadə edən sadəcə giriş fəslidir.
Naxçıvanı Dədə Qorqud yurdu kimi sevən
İsa müəllim bu mövzuya da yer ayıraraq yazır ki,
"Dədə Qorqud" kiçik insanları da qüdrətli
olan böyük xalqın mükəmməl dastanıdır. "Dədə
Qorqud" dastanları oğuz türklərinin, Azərbaycan
xalqının yurd və torpaq andının manifestidir".
Bununla da Dədə Qorqud yurdu
Naxçıvandan olan alimlərin hansı dəyərdə
olduğuna mətnaltı işarə vurduğunu
anlayırıq.
Naxçıvanlı elm adamları ilə bağlı
görkəmli akademikin nəşr xidmətləri hələ
ötən əsrin sonlarında Naxçıvan Dövlət
Universitetində işlədiyi zamanlardan
başlamışdır. 1992-ci ildə nəşr olunmuş
"Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının
elmi əsərləri" və "Naxçıvan Dövlət
Universitetinin yetirmələri" məlumat kitabları bu
baxımdan xüsusilə seçilir. Sonrakı
illərdə bu kitabların təkmilləşdirilmiş yeni
nəşrlərinin çap olunduğunu da qeyd etməliyik.
"Daim axtarışda olmaq İsa Həbibbəylinin
özünəməxsus xarakteridir" fikri tamamilə
özünü doğruldan yerində söylənilmiş
ifadədir. Bunun bir səbəbi də tanınmış
şair Rüstəm Behrudinin də ifadə etdiyi kimi,
"İsa müəllimin düşüncəsində,
varlığında gəzdirdiyi işıqdır".
Rüstəm Behrudi hələ illər əvvəl yazmışdı
ki:
Naxçıvanda
bir adam var -
Könlümüzü
görən adam.
Bu
işığı hardan aldın,
Ay
işıq gəzdirən adam.
Bu gün
"işıq gəzdirən adam"ın
əlində tutduğu Azərbaycançı ideyaları ilə
şölələnən elm işığı təkcə
Naxçıvanda yox, Azərbaycan, hətta türk
dünyasında da bu sahə insanlarının
könlünü nurlandırmaqdadır.
Onun naxçıvanlı alimlərin elmi-ədəbi
irsi haqqındakı yazıları təkcə ədəbiyyatşünaslarla
məhdudlaşmamışdır. Belə ki, İsa
müəllim ayrı-ayrı elm sahələrini də ədəbiyyatla
əlaqələndirməsi, bununla da Naxçıvanla
bağlı nəşrlərə özünəməxsus
yanaşması həmişə oxucuları heyrətə gətirmişdir.
Görkəmli
coğrafiyaşünas alim Səfərli Babayevin 1999-cu ildə
nəşr olunmuş "Naxçıvanda Kitabi Dədə
Qorqud toponimləri" kitabına yazdığı "Kitabi
Dədə Qorqud" haqqında yeni tədqiqat" ön
sözü, həmçinin, 2001-ci ildə çapdan
çıxmış "Əfsanələr diyarı"
kitabına yazdığı "Ədəbiyyatda
coğrafiya, coğrafiyada ədəbiyyat" ön sözləri,
tarixçi Əli Əliyevin 1992-ci ildə nəşr
olunmuş "Əlincə yaddaşı" kitabına
yazdığı "Əli
Əliyev məktəbi" ön sözləri xüsusi
vurğulanmalıdır. Bundan başqa, İsa Həbibbəylinin
yazılarında akademik İsmayıl Hacıyev
"Tarixçi borcu və vətəndaşlıq
mövqeyi", AMEA-nın müxbir üzvləri Hacı Qadir
Qədirzadə "Dərinliklərə doğru",
Hacı Fəxrəddin Səfərli
"Bütövlüyün təsdiqi", Zəhmət
Şahverdiyev "Mənbəşünas tarixçi və Azərbaycançı
pedaqoq", məqalələri ilə xarakterizə olunur. Bu qəbildən
olan "Akademik Yusif Məmmədəliyevin həyatı və
ictimai-elmi fəaliyyətinin əsas tarixləri", Zərifə
xanım Əliyeva haqqında "İşığın
elmi, elmin işığı", Akif İmanov haqqında
"Akif İmanov: elmdə və ədəbiyyatda" Qənirə
Əsgərova haqqında "Qardaş ədəbiyyatlar"ın
işığında", Vaqif Məmmədov haqqında
"Maarif tariximizin elmi səlnaməsi", Qadir Əliyev
haqqında "Əcəmi sənətinə yeni elmi
yanaşma", Abbas Seyidovun "Kültəpədə neolit
mədəniyyət" kitabına yazdığı ön
söz, mərhum professor Sevindik Vəliyev haqqında "Yeri
görünən dilçi alim" və "Ədəbi
mühitin işıqları", dilçi şərqşünas
alim Əliyar Səfərli haqqında "Ver sözə ehya
ki..., yaxud ön söz əvəzi", Yavuz Axundlu
haqqında "Müəllimimiz, dostumuz", "Ziyalı
mühitinin ağsaqqalı", "Həyat eşqi və məsuliyyət"
məqaləsi və Yavuz Axundlunun elmi irsinin çoxcildliyi
haqqında "Naxçıvanda birinci üçcildlik"
təhlil xarakterli məqaləsi, Cavad Cavadlı haqqında qələmə
aldığı "Ədəbiyyat və mətbuat cəbhəsində"
məqaləsi, Yusif Seyidov haqqında "Böyük elmə
bəxş edilmiş ömür", Məhərrəm Cəfərov
haqqında "Xalqla bağlı sənətkar"
yazısı, Möhsün Nağısoylu haqqında
"Dilçilik ağırlıqlı mətnşünas-əlyazmaçı",
Muxtar İmanov haqqında "Folklorda bədii
gülüşün nəzəri konsepsiyası" məqalələri,
Əbülfəz Muxtaroğlu haqqında "Əbülfəz
Muxtaroğlunun müəllimliyi və şairliyi",
"Çağdaş türkologiyanın Cəfəroğlusu"
adlandırdığı Əbülfəz Quliyev haqqında
"Türkologiya ağırlıqlı Azərbaycanşünas
alim" və "Filologiya elmləri doktoru, professor Kamran
Əliyev haqqında söz", eyni zamanda, Həmid Arzulu,
Əsgər Qədimov, Fərman Xəlilov, Yusif Səfərov,
Elbəyi Maqsudov, Allahverdi Məmmədli haqqındakı
müxtəlif səpkili məqalələri İsa müəllimin
sələflərə və xələflərə
münasibətinin nümunəsi kimi dəyərləndirə
biləcəyimiz yazılarının bir qismidir.
İsa Həbibəyli öz müəllimləri,
ustadları olan alimlərlə yanaşı, öz yetirmələri
olan gənc ədəbiyyatşünaslar haqqında da ürək
açıqlığı ilə əhatəli məqalələr
qələmə almış, bir çoxunun elmi monoqrafiyalarını
diqqətlə oxuyaraq analiz edərək təhlili ön
sözlər yazmışdır. Bu baxımdan İman Cəfərli,
Hikmət Mehdiyev, Fərqanə Kazımova, Kamal Camalov, Məhsəti
İsmayıl, Surə Seyid, Mehriban Sultanova, Ramiz Qasımov,
Elxan Məmmədov, Bəxtiyar Əsgərov, Aygün Orucova,
Əli Həşimov və adlarını
sadalamadığımız bir çox gənc ədəbiyyatşünaslar
haqqında əhatəli yazılarla çıxış etməsi
Naxçıvan diyarından olan hər bir elm adamına
qarşı xüsusi diqqətin ifadəsidir.
İsa
müəllimin əməkdar elm xadimi, professor
Hüseyn Həşimlinin bir çox monoqrafiyaları
haqqında yüksək elmi dəyərə malik akademik təhlillərini
də yaddan çıxarmaq olmaz. Xüsusilə
"Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı"
monoqrafiyası haqqındakı təhlil xarakterli ön söz
bir çox məziyyətləri baxımından Hüseyn Həşimlini
xarakterizə edən həmkar yazısı kimi dəyərləndirilməlidir.
Bir
haşiyə çıxaraq vurğulayım ki, mənim
haqqımda qələmə aldığı "Yeni mərhələdə
uğurlu addımlar", "Qədrşünas tədqiqatçının
qiymətli əsəri" yazıları da böyük
xarakterin geniş ürəkaçıqlığı ilə
öz yetirməsinə müəllim dəstəyinin bariz
nümunəsidir.
2015-ci ildə İsa müəllimin 850 səhifəlik
"Nuhçıxandan Naxçıvana" fundamental mahiyyətli
əsəri çapdan çıxdı. Bu nəşr
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvanın qədim tarixinə, ədəbi-mədəni
inkişaf yoluna, elmi mühitinə, görkəmli yetirmələrinə
və müasir dövrdəki yüksəlişinə həsr
edilmiş ən dəyərli elmi Naxçıvannamə kimi
qiymətlidir.
Həmin
nəşrdə yer alan
"Naxçıvan elmi mühiti: ənənə və
müasir dövr", "Azərbaycan elminin Naxçıvan
məktəbi", "Elmilik və bədiilik: paralelliklərin
vəhdəti" məqalələrində kimlərə
diqqət ayrılmayıb ki. Bir
çoxlarını yazımın əvvəlində qeyd
etdim. Sadaladıqlarımdan əlavə, bu məqalələrdə
sələflərdən Əli Sultanlı, Lətif
Hüseynzadə, Mustafa Hüseynov, Məmməd Bektaşi, Cəlal
Əliyev, İbrahim Mollayev, Yunis Qasımov, İbrahim
Hüseynov, İbrahim Bağırov, Nəriman Orucəliyev
kimi tanınmış alimləri və müəllimlərini
sədaqətlə yad etmiş, xələflərdən
Əjdər İsmayılov, Cəlal Qasımov, Tahir Məmməd,
Kamil Allahyarov, Teymur Kərimli, Kamran Əliyev, Himalay
Qasımov, Gülşən Əliyeva, Lütviyyə Əsgərzadə,
Əbülfəz Əzimli, Seyfəddin Eyvazov, Şirməmməd
Qüdrətoğlu, Əli Allahverdiyev, Qalibə Hacıyeva,
Aypara Behbudova, Xumar Məmmədova, Şəhla Şirəliyeva,
Nigar Sadıqzadə, Süsənbər Ağamalıyeva, Abbas
Hacıyev, Nadir Hüseynbəyli, Kəmalə Məmmədova,
Əminə Zalova, Əkrəm Hüseynzadə, Sədaqət
Nemətova, Ceyran Quliyeva, İlhamə Məmmədova, Şəhla
Qurbanova, Ələkbər Qasımov, Əli Qəhrəmanov,
Ruhəngiz Əliyeva kimi alimlərin elmi fəaliyyətinə
diqqət ayırmışdır.
Qeyd olunan
məqalələrinin yekun nəticəsində isə İsa
Həbbibbəyli bu qənaətdədir: Bütün bunlar Azərbaycan
ədəbiyyatşünaslığının
Naxçıvan məktəbinin formalaşmaqda olduğunu
göstərməkdədir. Azərbaycan ədəbiyyatşünaslığının
Naxçıvan məktəbi ölkəmizdə ədəbiyyat
haqqında elmin inkişafına xidmət edən yeni elmi mərkəzə
çevrilməkdədir.
Naxçıvanlı ədəbiyyatşünasların
elmi irsi ilə yanaşı, ədəbi irsi də akademik
İsa Həbibbəylinin nəzər diqqətindən
yayınmır. Həmkarları haqqında həmkar
sözü, eyni zamanda, ədəbi-tənqidi fikirləri
mühitin ədəbi prosesinə də istiqamət verir, onu
yönləndirir, həmçinin, qiymətini verərək
çəkisini müəyyən edir.
"Naxçıvanda ədəbiyyat, ədəbiyyatda Naxçıvan",
"Naxçıvan ədəbi mühiti: tarixi ənənələr
və inkişafın yeni mərhələsi", məqalələri,
hələ 2006-cı ildə beynəlxalq konfransda
"Naxçıvanda ədəbi-mədəni mühit:
tarixi proses və müasir inkişaf istiqamətləri" məruzəsi
bu baxımdan xüsusilə diqqəti cəlb edir, 2007-ci ildə
nəşr olunmuş 696 səhifəlik "Ədəbi-tarixi
yaddaş və müasirlik", 2017-ci ildə nəşr
olunmuş 1068 səhifəlik "Ədəbi şəxsiyyət
və zaman" elmi-ədəbi kitabı, həmçinin,
yuxarıda qeyd etdiyimiz "Nuhçıxandan
Naxçıvana" fundamental kitablarında bu diyarın
yaradıcı şəxsiyyətlərinə münasibəti
də görə bilirik.
Professor
Adil Babayevin "Koroğlunun Çənlibelə
qayıdışı" pyesi haqqında "Tarixiliklə
müasirliyin vəhdəti", Akif İmanlının bədii
əsərləri haqqında təhlil xarakterli "Kal
qarpızın hekayəti", şair-alim "Xanəli Kərimli
sənətinin üfüqləri", "Xanəli Kərimli
şeirinin imkanları", "Xanəli Kərimli
şeirinin özəllikləri" məqalələri, Kamal
Abdullanın "Düma ilə Coys arasında" kitabı
haqqında "Bir dünyalıq ədəbiyyat söhbəti,
yaxud esselərdən ibarət roman" tənqidi
yazıları ölkə ədəbi mühitinə ədəbiyyatşünas
baxışı kimi qəbul edilir.
"Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" məqaləsində isə alim-yazarlardan Həmid Arzulunun, Əbülfəz Muxtaroğlunun, Elbəyi Maqsudovun, Akif İmanlının, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Rafiq Babayevin, Həsənalı Eyvazlının, Şirməmməd Qüdrətoğlunun, Elxan Yurdoğlunun, Ruhəngiz Əliyevanın elmi-ədəbi yaradıcılığına akademik münasibətlə qarşılaşırıq.
İsa müəllim qeyd etdiyimiz görkəmli ədəbiyyatşünasların elmi-ədəbi irsi haqqında müxtəlif səpkili onlarla məqalə qələmə almaqla kifayətlənməyib. Bir çoxlarının irsinin nəşrini də özü üçün mənəvi borc bilərək həyata keçirib. Bu baxımdan tərtib edərək nəşrə hazırladığı "Abbas Zamanov: Seçilmiş əsərləri", "Müasirləri Abbas Zamanov haqqında", "Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" kitablarını nəşrinə nail olmuş, Məmməd Cəfər Cəfərovun "İnsanlar və talelər" pyesini, "Xatiratım" memuarını, "Get dolangilən xainsən hələ" əsərini və bir poemasını tapıb üzə çıxarmış və çap etdirmişdir. Ötən il çap etdirdiyi müəllimi və müəllim yoldaşı Əbülfəz Muxtaroğlunun "Ömürdən qalan izlər" şeirlər kitabı da xatırladıqlarımızın sadəcə bir qismidir.
1999-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, 2007-ci il "Şöhrət" və 2009-cu ildə "Şərəf" ordenləri ilə təltif olunan İsa müəllimin özü də bu diyarın, bu torpağın yetirməsi kimi onun haqqında çox qiymətli monoqrafiyalar, məqalələr qələmə alınmışdır. Bu baxımdan akademik Teymur Kərimlinin "Şərqin qapısından dünyaya", Yusif Seyidovun "Akademik İsa Həbibbəyli" monoqrafiyaları, həmçinin, 2 cildlik "Ömrün illəri və əsərləri" və "Yaddaşın işıqları" məqalələr topluları İsa Həbibəyli obrazının bütün ştrixləri ilə ifadə olunmasında əhəmiyyəti nəşrlər kimi mühüm əhəmiyyətə malikdir.
Sonda bir məqamı da qeyd etmək istəyirəm. 2008-2012-ci illərdə fələsəfə doktoru hazırlığı üzrə "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" mövzusunda axtarışlar apararkən Azərbaycan Dövlət Arxivində ədəbiyyatşünasların şəxsi fondlarında işləyirdim. O zaman istər akademik Məmməd Cəfər Cəfərovun, istərsə də professorlar Əziz Şərifin, Abbas Zamanovun şəxsi arxivlərində akademik İsa Həbibbəylinin həmin alimlərə ünvanladığı onlarla məktubla da qarşılaşır, bir çoxunu səbrlə və maraqla oxuyurdum. Həmin məktublardan da bu nəticəyə gəlmək olardı ki, böyük ədəbiyyatşünas alimlər ədəbiyyat, elm, Naxçıvan, hətta bəzi hallarda ölkə xaricindəki görkəmli ziyalılarla bağlı məsələlərdə İsa müəllimlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır, hətta mübaliğəsiz deyim ki, İsa müəllimin köməyinə də gərək duyurdular. Bütün bunların hamısı isə İsa Həbibbəyli aysberqinin alt qatını da görə bilməkdə mühüm rol oynayırdı.
Bu günlərdə isə 50 ilə yaxındır Naxçıvanda və Azərbaycanın ayrı-ayrı elm ocaqlarında ədəbiyyatşünaslıq elmi ilə iç-içə olan, 40 ildən çoxdur yeni ədəbiyyatşünas alimlərin yetişməsində misilsiz rolu olan akademik İsa Həbibəylinin - sadə və səmimi İsa müəllimi(mizi)n 70 yaşı tamam olur. İsa müəllim, Sizə bundan sonra da dövlətçiliyimizin, Azərbaycançılığımızın, elmimizin, ədəbiyyatşünaslığımızın və ədəbiyyatımızın, həmçinin, insanşünaslığımızın inkişafındakı xidmətlərində uğurlar, gənclik şövqü və həvəsi ilə yeni nailiyyətlər əldə etməsi üçün can sağlığı, tükənməz enerji, yorulmaz yuxusuz gecələr arzulayıram.
Sonsuz sevgi və ehtiramla tələbəniz
Elxan YURDOĞLU-MƏMMƏDOV
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.16-17.