Yüz il
bundan əvvəlin eyni məkanında
Bakı Dövlət Universiteti -
100
Bakı Dövlət Universitetinin
100 illik yubiley tədbirləri davam edir. Oktyabrın 16-da belə bir
tədbir Azərbaycan
Dövlət Pedaqoji Universitetində keçirildi.
Bu tədbir bir çox istiqamətdən
maraqlı oldu. Birincisi,
bu tədbir Bakı Universitetinin 100 il bundan
əvvəl yarandığı
və ilk dərslərə
başladığı tarixi
binada - bugünkü Dövlət Pedaqoji Universitetinin yerləşdiyi
məkandaydı. İkincisi,
BDU əməkdaşlarının qonaq olduğu Pedaqoji Universitetin ilk iki ili Bakı Universitetinə bağlıdır. Bu Universitet Bakı Universitetinin ilk illərinin
özəyi olan tarix-filologiya fakültəsinin
əsasında - 1921-ci ildə
təsis edilmişdir.
Üçüncüsü, Bakı Dövlət
Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ötən bir əsr ərzində daim bir-birinə dəstək və həyan olmuş, hər iki Universitet
bir-biri üçün
yüksək səviyyəli
kadrlar hazırlamışdır.
Qonaqlar
ADPU-nun geniş və
vaxtilə klassik Universitet üslubunda inşa edilmiş dəhlizində maraqlı
bir sürprizlə qarşılaşdılar: Bu geniş
foyedə düzənlənmiş
iki sıra uzun masanın üstündə yüzlərlə
kitab, jurnal, toplu vardı. Məlum oldu ki, bütün
bu çoxsaylı dərslik, dərs vəsaiti və monoqrafiyaların hamısının
müəllifləri vaxtilə
Bakı Dövlət Universitetini bitirmiş, bu gün ADPU-da fəaliyyət göstərən alimlərdir.
Sərgi
çox duyğulu bir məqam yaratmışdı. Və bu
sərgi bir daha sübut edirdi ki, BDU və ADPU vaxtilə bir-birindən ayrılıb
iki möhtəşəm
təhsil ocağı
yaratmış və bu gün eyni
qayə, eyni məqsədlə mənsub
olduqları xalqa xidmət göstərməkdədirlər.
Daha bir duyğulu an qonaqların qəbul olunduğu salonun aurası ilə bağlı oldu. Bu salonun baş tərəfində
Ulu Öndərimiz Heydər Əliyevin ayaqüstü portreti o qədər canlı və o qədər ustalıqla nəqş edilmişdi ki, sanki bütün rəhbərliyi dövründə
Azərbaycan təhsilini
xüsusi diqqətdə
saxlayan, müəllimliyi
müqəddəs peşə
adlandıran bu insan elə o salondaca, bizimlə birgəydi...
Bakı
Dövlət Universitetinin
qonaqlarını böyük
məmnuniyyət və
hörmətlə qarşılayan
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, professor Cəfər
Cəfərov özünün
giriş sözündə
və həm də çox duyğulu nitqində bu universitetlərin hər zaman bir-birinin yanında olmalarından, dəyirmi masada əyləşən
çoxsaylı alim və pedaqoqların əksəriyyətinin BDU məzunu
olmağından, elə
özünün də
həmin Universiteti bitirdiyindən böyük
qürur hissilə bəhs etdi. O, Ümummilli liderimiz Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etdiyini söylədi və həm də belə bir məzunun
BDU-nu bitirməsindən hər
kəsin qürur duyduğunu xüsusi vurğuladı.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə 100 illik yubileyini qeyd etdiyimiz ali təhsil müəssisələrini doğmalaşdıran tarixi faktlardan bəhs etdi, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrlə bağlı hansı tədbirlərin görüldüyü barədə söz açdı. Rektor Elçin Babayev Bakı Dövlət Universitetinin Azərbaycanın elmi, tədris, ictimai-siyasi həyatındakı yerini konkret faktlarla diqqətə çatdırdı və bu gün rəhbərlik etdiyi Universitetdə aparılan genişmiqyaslı islahatlar barədə danışdı. Bu islahatların hamısı Universitetin elmi və tədris prosesləri ilə bağlı olub, bu ali tədris ocağının dünya arenasında öz yerini daha da möhkəmlətməsinə şərait yaradacağını diqqətə çatdırıldı.
Görüşün - tədbirin aparıcısı - ADPU-nun rektoru Cəfər Cəfərov sözü əvvəlcə proqramda nəzərdə tutulan çıxışçılara verdi. ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov özünün lakonik, lakin yüksək məzmunlu çıxışında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında yüz ildən bəri davam edən elmi, pedaqoji, kadr hazırlığından bəhs etdi. Xüsusilə hər iki universitetin bir-birinə yüksək ixtisaslı kadrlar ötürməsinin tarixi və müasir faktlarını qürur hissilə qeyd etdi. Belə bir vacib məsələyə toxundu ki, dünyanın qabaqcıl universitetlərinin reytinqini onların həm də elmi çevrəyə verdiyi töhfələr müəyyən edir. Asəf Zamanovun bu fikri sonrakı çıxışlarda da öz əksini tapdı.
Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli BDU-dan qonaqların qəbul edildiyi bu salonu müqəddəs məkan adlandırdı və bunu belə bir fikirlə izah etdi ki, bu salon Bakı Universitetinin tədris həyatına qədəm qoyduğu tarixi günün - 1919-cu il noyabrın 15-i gününün müqəddəs xatirəsini bir məkan kimi indi də özündə yaşadır. Sonra Cahangir Məmmədli Bakı Universitetinin tarix boyu həmişə innovatif formatlara can atdığını, bu gün isə bu problemə daha əzmlə girişdiyini qeyd etdi, bu gün universitetdə elmi mühitin bir daha canlandığını dedi.
Sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə Bakı Universitetinin həmişə tarix və müasirliyi sinxron fəaliyyətdə apardığını, bu universitetin ölkəyə xidmətini, xüsusilə bu təhsil müəssisəsinin məzunlarının kadr siyasətindəki yerini faktlarla nəzərə çatdırdı. O, Azərbaycanda elm və tədrisin bu günkü inkişaf səviyyəsini bu sahədə Əliyev məktəbinin nəticəsi kimi qiymətləndirdi.
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov Bakı Dövlət Universitetinin yarandığı çətin tarixi şəraitin xronikasını xatırlatdı və bu tarixin dəqiq faktları ətrafında hər kəsin diqqətini çəkən maraqlı bir məruzə etdi. Sonra məlum oldu ki, BDU-nun və ADPU-nun keşməkeşli tarixi Fərrux Rüstəmovun təzəcə nəşr etdirdiyi sanballı bir kitabda öz əksini tapıb. Məruzəçi müəllif həmin kitabı BDU-nun rektoruna hədiyyə etdi.
Daha sonra sədr Cəfər müəllim çıxışlar üçün salona müraciət etdi. Hiss olunurdu ki, salonda toplaşan hər kəsin ürəyi sözlə doludur.
Professor Himalay Qasımov öz çıxışında hər iki universitetin elmi-pedaqoji gücündən bəhs etdi, hər iki universitetə öz sevgisini bildirdi, bu universitetlərin tarixən davam edən birgəliyinin həmişəyaşarı olmasını arzuladı. Fizika fakültəsinin dekanı, salonda həm də gənc kadrları təmsil edən Arzu Daşdəmirov Bakı Dövlət Universitetinə tələbə marağı və tələbə sevgisini dilə gətirdi.
Bu görüşdə hər kəsin dilində Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik məktəbi və bu məktəbin xalqa, Vətənə gətirdiyi inkişaf prosesinin real faktları səslənirdi.
Sonda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səmimi
qəbula görə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rəhbərliyinə təşəkkürünü
bildirdi.
Cahangir
MƏMMƏDLİ
BDU
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.12.