Müdrikləşən Elçin
Mirzəbəyli poeziyasından bir yarpaq
Müəllifin nəşrinədək
adını bilmədiyim kitabı barədə qeydlərim
Azərbaycan ədəbiyyatının Elçin imzaları
sarıdan bəxti gətirib,
üzüağdır. Müasir nəsrimizin Elçin Əfəndiyev zirvəsini
tanımayan yoxdur. Ədəbiyyatımızın ağsaqqallarındandır, Xalq yazıçısıdır.
Sayını hesablayıb başa
çatdıra bilmədiyim
irili-xırdalı əsərləri
on cilddə toplanıb.
Məzunu
olduğum Lomonosov adına Moskva
Dövlət Universitetinin
jurnalistika fakültəsini
məndən 5 il sonra bitirən Elçin Hüseynbəyli
60-a yaxınlaşır. İki
il ötəcək,
ədəbiyyatsevərlər, media təmsilçiləri yubileyinə
toplaşacaqlar. Bunun üçün yazıçı,
tənqidçi, publisist,
18 kitabın müəllifi,
dərin məna yükünün daşıyıcısı,
məşhur qəzet
və jurnalların baş redaktoru olması və Əməkdar incəsənət
xadimi fəxri adına layiq
görülməsi ciddi
əsaslardır.
İki il öncə
yarıməsrlik yubileyinə
toplaşdığımız Elçin Mirzəbəyli
də oxucu diqqətini kifayət qədər özünə
çəkə bilib.
Hələlik bir dövlət
təltifi var, "Tərəqqi" medalı
alıb. Ali təhsilli mədəniyyət
işçisi sözünü
öncə ölkə
televiziyalarında, teatrlarında
nümayiş etdirilən
görkəmli şəxslər
barədə filmlərin
müəllifi, rejissoru
olması ilə deyib. Lakin öz yerini
sözün əsl mənasında jurnalistikada,
poeziyada tapıb.
Onun rəhbərlik etdiyi "Xalq cəbhəsi" qəzeti və Baymedia İnformasiya Agentliyi Azərbaycan Mətbuat Şurasının
üzvlərindəndir. Özü isə ölkə jurnalistlərinin VII qurultayında
MŞ İdarə Heyətinin
tərkibinə seçilib.
Bu o deməkdir ki, hələlik cəmi 4 şeir kitabı ("Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu" və "Sevgi məktubları") çıxan
səmimi, tələbkar,
gözəl nitqə,
söz ehtiyatına malik həmkarımla həftədə azı bir dəfə görüşürük.
Elçinin prinsipiallığına, təşəbbüskarlığına
bələd olduğumdan
onunla daha çox ədəbiyyatdan,
poeziyadan söhbət
açırıq. Belə dəqiqələrdən
ruhən rahatlıq, həzz alıram. Sonuncu söhbətimizdən sətirlər.
"Şeir nədir"
sualına cavabı:
- Duyğu və düşüncələrin, arzu
və istəklərin,
sevginin, bəzən də qəzəb və hiddətin inikası. Yuxusuz gecələr. İlham pərisinin gəlişinə möhtac
intizarlı baxışlar...
Və bir də poeziya adlı möhtəşəm
sarayda əbədi yerini tutmaq iddiasında
olan böyüklü-kiçikli
nümunələr...
- Şeir kimdir, haralıdır?
- Tanrının minbir adından biridir. Səxavətindən dünyanın bütün
ölkələrinə, xalqlarına
pay düşüb. Amma
görünür, Azərbaycan
üçün daha çox üzgörənlik
edib...
İclasönü bu söhbətdən keyfim bir qədər
də yüksəldi. Soruşdum ki,
təzə nə yazmısan. "Bir kitablıq varımdır,
hələ üzə
çıxarmamışam", - dedi. Xahişimi nəzərə alıb diqqətli oxucusu kimi tanışlıq
üçün 60 vərəqə
yaxınını elektron
poçtuma göndərdi.
Ərk etdiyim üçün icazəsiz ön söz yazdım, nəşrinədək adını
bilmədiyim kitabı
barədə təəssüratımı
qələmə aldım.
Yuxarıda kitablarının sayını
vurğuladım. Adətdir, söz xəzinəsinin
xiridarları oradan həcmcə kiçik, cazibədarlığına, qiymətinə
görə daha ağırını seçməyə
meyllidirlər. Üzü Ustad
Nizamidən günümüzədək
səyahətə çıxaq.
Bəzən bir misra, bənd, epizod, surət şair və yazıçını
tanıdır, əbədi
yaşatma missiyasını
öz üzərinə
götürür. Bizim Elçin
bu mənada xoşbəxt insanlardandır.
Xalq müstəqillik uğrunda
mücadiləyə qalxanda
"Azadlıq" marşını
yazıb. Meydanlarda
minlərin dilinin əzbəri olan marş hazırda Silahlı Qüvvələrdə
oxunur, məktəblərdə
tədris olunur. Bu, fəxarət, xoşbəxtlik deyilmi?!
Bilirsiniz Elçin Mirzəbəyli
poeziyasına vurğunluğum
haradandır? Suala cavab almaq üçün əvvəlki
4 kitabına da nəzər salın, indikiyə daxil olanları da tələsmədən, fikrin
süzgəcindən keçirərək
nəticələr çıxarın.
Bu həssaslıq düşüncə poeziyasıdır,
insanlara, ətrafdakılara,
olaylara fəlsəfi baxışların təcəssümüdür.
Başlayaq "Məni
sevən"dən:
Məni
sevən...
Bölünəndə,
Ya da çıxılanda sevər...
Qalxanda aşağı çəkər,
Yerə
yıxılanda sevər...
***
Nə durmusan,
Sıx gözümü,
Bu son damla yaşı
çıxar.
Başımın daşı ağırdı
-
Yaxşı məzardaşı çıxar...
Arif insanı
duyğulandıran, onu
min illərin dərinliklərinə
səyahətə çəkən,
nəticə çıxarmağa
səsləyən sətirlər. Müəllif qədim və müasir faciələrimizin
bəşəri köklərinə
varır. Biganəliyin, kin-küdurətin hələ
çox canlar alacağına, digər faciələrimizə yol açacağına həyəcan
təbili çalır.
Fəlsəfi sətirlərin arxasında
aramsız döyünən
qəlb çırpıntıları
ilk növbədə şairə
məxsusdur. Elçin
Mirzəbəyli "sonra
gec olar" nidasını "Ağrı
qalır"da dilə
gətirir:
Bir ürəkdə həsrət
bitir...
Xəzan vurmuş bağrı qalır.
Sevgi bitir...
Nifrət
bitir...
Ağrı qalır...
Ağrı qalır...
Bəli, dərdlə yaşamağa
öyrəşənin yurdunda-yuvasında
kədər sakin olar. Oxucuya ilk baxışda elə gəlir ki, Elçinin "Amma yoxsan..." şeiri giley-güzarlı
aşiqin məşuquna,
sevgilisinə xitabı,
şikayətidir. Diqqətli
təhlil digər bəşəri hissləri
ortaya çıxarır:
Bu şəhəri kim
doğdu,
kim böyütdü,
görəsən,
Nədir
bu qədər qəzəb,
bu qədər kin,
İllahi?!
Sevgimizi
kim uddu,
kim üyütdü,
görəsən?
Nə vaxt sonu gələcək
bu nifrətin, İlahi?!
Bəndlərin Şərq mütəfəkkirlərindən
qaynaqlandığını deməyim Elçinin müstəqil seçim, təqdimat bacarığına
əsla kölgə salmamalıdır. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
İnstitutunun və
Sankt-Peterburq Teatr, Musiqi və Kinemotoqrafiya İnstitutunun
məzununun Məhəmməd
Füzulinin 500 illiyi, xalq şairi Bəxtiyar Vahabzadə və başqa klassiklər barədə filmləri ərsəyə
gətirməsi üçün
dərin mütaliə,
bilgilərlə yanaşı,
peşəkarlıq da
başlıca tələblər
sırasında yer tuturdu.
Misal çəkdiyim şeirlər
isə bir neçə il
əvvəl təqdimatını
keçirdiyimiz "Poz
bu sükutu" kitabı ilə bağlı bölüşdüyüm
rəyi yada salır. Onun fəlsəfi xarakterli
poetik nümunələrini
müdrik yaponların
hokku janrı ilə müqayisə etmişdim. Gündoğar
ölkədə üç
cümlədən ibarət
şeirdə gör necə möcüzə yaradılır:
İnsana
bax,
Dayanıb gül-çiçək içində
Əlində qılınc.
Dünyamızın təzadlarından deyilmi?!
Elçinin hüdudsuz mütaliə imkanları qibtə ediləcək bilgilərindən
xəbər verir. Onun öz
yolu mövcud olduğundan bəndlər
4-5 və bəzən
daha çox misralıqdır.
Bəlkə Böyük Füzulinin təsir dairəsidir ki, həmkarım ustadın cazibədarlığından
çıxa bilmir. Bu da xoşdur, elə həyatın əsl mənası bəşəriliyə
bağlanmaqdadır:
Bağlanma mənə...
İstəyirsən qandal vur
Qollarıma...
... Əllərimin silueti uçacaq...
Xəyalımın yarıaçıq pəncərəsindən
İstəyirsən
Kündə as
Ayaqlarımdan...
Qaçacaq...
Ayaqlarımın kölgəsi
Arzularımın kimsəsiz küçəsindən.
("Bağışla" şeirindən)
Məhz
bu hisslərin təsiri altında yaşayan şair seçdiyi yolun daşlı-kəsəkli olduğunu
unutmayaraq "Bağlanma
mənə"ni yazır. "Mən
kiməm" sualını
cavablandırmaq üçün
özünü üşüyən
mələyə, bütün
yer üzünün əzablarını içinə
sovuran küləyə
bənzədir.
Səbirsiz oxucu tapıla bilər ki, Elçini mövzu dairəsinin geniş olmamasında qınasın. Razılaşmıram. "Azadlıq" marşının müəllifi Qarabağımızın düşmən boyunduruğu altında qalmasını "bizi fatehlərin qarğışı tutub" ironiyası ilə müqayisə edir. Bəlkə yalandır?! Biz indiki durumda özümüzü onların varisləri adlandırmağa layiqikmi?!
Şair Qarabağımızın düşmən tapdağı altında qalması ilə barışmır, barışa da bilməz. Azərbaycan bayrağını qibləgahı adlandırır, onu dalğalandıran küləyə də özünü qurban verməyə hazırdır. Onun Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi "Ölümə doğru" şeiri ağı yox, qələbə naminə şanlı igidliklərə çağırış, rekviyemdir. E.Mirzəbəylinin özünü bu missiyanın icraçıları sırasında görməsi təbiidir, baxışlarından qaynaqlanır.
Dəqiq bilmirəm ki, həmkarımız rəssamlığa nə qədər meyllidir. Yaradıcılığı elə təəssürat yaradır ki, sözlə rəsm çəkir, portret cızır, mənzərələr yaradır. "Bu gecə İstanbul kimiyəm" şeirini oxuyan mütləq iki qitənin qovuşacağındakı şəhərə tələsəcək. Yəqin bu mənzərələri müəllif 2013-cü ildə o şəhərdə TÜRKSOY-un Mətbuat Şərəfi Mükafatını aldığı günlərdə müşahidə edib.
Şairin misralarından təbiətin, duyğuların peyzajı, məhəbbətin, vüsal və həsrətin portreti boylanır. "Qış nağılı", "Payız etüdü - 2", "Ömrün portreti", "Minarə kölgəsi" və digərləri yuxusuz gecələrin ona bəxş etdiyi ənamlardır.
Bir divar qurursan xatirələrdən...
Dağılır,
Uçulur,
Çökür içində.
Hərə öz yükünü yığıb aparır,
Hərə öz evini tikir içində -
("Ömrün etüdləri" şeirindən)
Yaxud:
İllərim əsir düşüb
Bir sevda qəfəsində.
Bir ömür cəzalıyam
Ayrılıq məhbəsində -
("Bir ömür unutma məni" şeirindən)
E.Mirzəbəylinin məhəbbət motivli "Yuxu", "Səndən son istəyim", "Sev məni", "Zikr" və digər şeirləri də kitabın məna yükünü ağırlaşdırır, oxucunu saf diləklər aləminə qovuşdurur. Nəticədə mütaliə üçün sərf edilən vaxta görə yalnız xoş ovqat doğurur.
Hələlik tanış ola
bilmədiyim poetik nümunələrə
gəldikdə, onların təhlili digərlərin üzərinə
düşür.
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.14.