Səbahət Şahin: "Kitablarım ədalət axtarışından yaranıb"   

 

Türkiyəli ədib Azərbaycana gəlişini "həyatda təsadüf yoxdur, zərurət var" fikrinin daha bir sübutu kimi qiymətləndirir

 

 

Səbahət Şahin Türkiyənin tanınmış qələm adamlarındandır. Adını daha çox "Qanadsız mələklər" romanı ilə tanıdıb. Özü bu kitabına "ədəbiyyat aləminə salamım" deyir. Roman əsrimizin bəlası olan xərçəng xəstəliyi qurbanlarına ithaf olunub.

 

Yazıçı tamamilə gerçək həyat hekayələri üzərində qurulmuş əsərin gəlirlərini də xərçəng xəstələrinə bağışlayıb. Sonrakı kitabı "Orion"da isə illərlə yazdığı şeirləri toplanıb. Onun şeirlərini və haqqında bu bilgiləri oxuyarkən hələ özünü tanımırdım. Tanışlığımız isə bir müddət öncə Bakıda baş tutdu. Bir neçə günlük paytaxtımızın qonağı olan bu gülərüz, səmimi, xoş söhbət xanımın gözlərinin dərinliyində gizlənmiş kədər o duyğusal əsərlərin əksi idi sanki. Ancaq onda məni həyəcanlandıran əsas özəllik ədəbiyyata, şeirə, sənətə olan sonsuz sevgisiylə bərabər, fərqli baxışı idi. Nəyi nəzərdə tutduğum müsahibədə daha yaxşı anlaşılacaq. Öncə isə qonaqlarımıza verdiyimiz ənənəvi sualla başladıq: Azərbaycanı necə tanıdınız?

- Bu, Azərbaycana ilk gəlişimdir. Çox təəssüf ki, bura gələnə qədər Azərbaycanla bağlı çox da məlumatlı olduğumu deyə bilmərəm. Tarix və coğrafiya dərslərində öyrəndiklərim qədərdi, bəlkə bir az artıq. Eyni millətin fərqli iki dövlətiyik, fəqət Azərbaycanın Türk yurdu oluğu həqiqətini bütün türklər bilir. Bu torpaqlara gəlmək mənim üçün çox ecazkar bir hissdir. Aid olmaq hissinin nə qədər dəyərli olduğunu öyrənmiş oldum. Xarici ölkəyə getdiyiniz zaman sizə aid olmayan dil, tarixi gen və bir yığın yad üz qarşılayır sizi. Azərbaycanda bu cür yadlığı, qəribliyi hiss etmədim. Ən azından demək olar ki, hər kəs türkcə bilir. Ədəbiyyatını, mədəniyyətini çox da yaxşı bilmirdim. Amma öyrəndiklərim və gördüklərim qədəriylə ölkənizdə ədəbiyyata, sənətçiyə verilən dəyər məni çox təəccübləndirdi. Dövlətinizin sənətçisinə sahib çıxmağı mənə çox təsir etdi. Hətta onların əbədi uyuduqları yer belə bir məzardan, qəbiristanlıqdan daha çox muzeyi xatırladır. Gəldiyimdən bəri hər kəsə danışa-danışa bitirə bilmədiyim möhtəşəm bir hadisədir.

Ölkənizdə 30 sentyabr-4 oktyabr arasında keçirilən "LİFFT 2019" Beynəlxalq Ədəbiyyat Festivalının dəvətlisi olaraq gəldim. Bu sayədə dünyanın müxtəlif ölkələrindən bir çox yazarla da tanışlıq fürsəti qazandım. Bunun da festivalın məqsədlərindən biri olduğunu rahatlıqla deyə bilərəm. Heydər Əliyev Mədəniyyət Mərkəzinin möhtəşəm binasında keçirilən bu festivaldan da əlavə, ev sahibi olan Azərbaycan sənət adamlarının fədakar əməkləri də diqqət çəkirdi. Məsələn, Azərbaycan Yazıçılar Birliyində bu gün bizim də dilimizdən düşməyən sözlərin sahibinin oğluyla tanış olmaq şərəfinə nail oldum. Ədəbiyyata nəsillər boyu xidmət edən bir ailənin dəyərli üzvü olan Anarın əlindən imzalı kitabını almaq mənim üçün böyük bir qürur oldu. Yazıçı Seyran Səxavət, məşhur dedektiv yazarı Çingiz Abdullayev, Varis bəy, İLESAM Azərbaycan təmsilçisi, gözəl şair Xəyal Rza və başqaları. Xəyal bəy həm də gözəl sənətçidir. Eləcə də qəzetinizin dəyərli baş redaktoru Rəşad Məcid. Kübarlığı bir yana, yazıçı, şair və jurnalist kimi də Azərbaycanda hər kəsin könlündə taxt qurduğu bəllidir. Yüksək insani keyfiyyətlərini ölkənizdə qonaq olduğumuz müddətdə göstərdiyi mükəmməl ev sahibliyi ilə də taclandırdı. Bütün bunlara görə ona qədər təşəkkür etsəm, azdır.

Bu ziyarətin yaradıcılığıma təsirinə gəldikdə, elə buradakı günlərimdə başladı deyə bilərəm. Xəzər dənizinin ortasında yerləşən Nargin adası və İLESAM başqanı, hörmətli Məhmət Nuri Barmaqsızın anlatdıqlarından kiçik bir hekayə də yarandı Bakıda. Bundan əlavə, sanki üfüqdə bizi ortaq tariximizdən bəslənəcəyim bir roman gözləyir kimi bir hiss də var içimdə. Məncə, mənim Azərbaycan səfərim "həyatda təsadüf yoxdur, zərurət vardır" fikrinə daha bir sübut idi. Bu mənada bu səfərə vəsilə olan başqanım Məhmət Nuri Barmaqsıza təşəkkür edirəm. Dörd yüz milyonluq türkü sənətlə, ədəbiyyatla, mədəniyyətlə görüşdürmək üçün gecəsini gündüzünə qataraq fədakarcasına çalışan bu insanı ən səmimi duyğularımla təbrik edirəm!

- Vaxtilə hüquqşünaslığa böyük marağınız olub, hətta o fakültədə oxumağı xəyal etmisiniz. Nəydi sizdəki bu hüquq sevgisi?

- İçimdəki ədalət duyğusu deyək. Uşaqlığımdan bəri haqsızlıqlara qarşı kəskin duruşum olub. Harda bir əzilən görsəm, ilk müdafiəçisi mən olardım. Sonrakı illərdə ətrafımın məsləhəti və təşviqiylə hüquq fakültəsinə girmək istəmişdim. Müxtəlif səbəblərdən bu həyata keçməsə də, yazıçılıq yolumda bənzərini elədiyimi düşünürəm. Məncə, kitablarım ədalət axtarışından yaranıb.

- Yazıçılığı peşə olaraq qəbul etmək nə qədər doğrudur, sizcə?

- Yazıçılığı peşə olaraq qəbul etməmək nə qədər doğrudur, öncə onu anlamağa çalışaq, məncə. Yazıçılıq bir peşədirmi? Birlikdə qərar verək. Yazıçılıq iş vaxtı qaydaları olan, daimilik və məsuliyyət istəyən və bəli, mənə görə bir peşədir. Çünki əmək, sədaqət və alın təri tələb edir. Yuxusuz, yorğun gecələrdə işləməli olduğunuz vaxtları, bəzən masa arxasında bir sətir belə yaza bilmədən keçirtdiyiniz saatları tələb edir. Yazıçılıqda normal iş həyatının bütün tələblərini və daha da çoxunu yerinə yetirirsiniz. Dövlət məmuru səhər səkkizdən altıya kimi işləyirsə, yazıçılıqda iş vaxtı on beş-on altı saata qədər arta bilər. Yaxşı bir yazıçı olmaq üçün daim oxumalı və araşdırma aparmalısınız. Bir mövzuda fikir əldə etmək üçün yüzlərlə, hətta minlərlə səhifə oxumaq lazım ola gələr. Üstəlik, buna bəhanə tapmaq şansınız da yoxdur. Yazıçılar istəklərinə görə istirahət edə bilmirlər, xəstə olduqları təqdirdə bu gün işə getməyəcəm kimi bəhanələri yoxdur. Bir də bu işi məcburiyyətdən edə bilməzsən, sevərək və eşqlə etdiyin bir iş olmalıdır. Məncə, bunun hələ də peşə olub-olmaması mübahisəsi yazıdan pulun qazanılıb qazanılmaması və sabit bir gəlirin olmamağı ilə bağlıdır. Dediyim kimi, bu, sevgi ilə görülən bir işdir, hamımız bilirik ki, sevgi və səbrin sonda qazancı da olur. Beləliklə, yazıçılıq bir peşədir...

- Şeir, yoxsa roman?

- Bu suala heç düşünmədən, roman deyə cavab verirəm. Təbii ki, roman yazmaq ilk seçimim olduğu üçün. Ədəbiyyat elə bir dəryadır ki, qələmi əlinizə alır və dərinliklərə baş vurursunuz. Yazdıqlarınız bəzən şeir olur, bəzən hekayə, bəzən də esse. Aradakı tək fərq hansında nə qədər qalmağınızdır. Şeir yazmağı sevirəm, lakin ustadlarımın önündə sayğıyla əyilərək. Deyəsən, mən romanda qərarlaşdım.

- Kimdir qanadsız mələklər?

- Anam və bacım, xərçəngin amansız üzüylə mübarizədəykən bir də sistemin insafsızlıqlarıyla tanış olan iki adi insan. Mənim canlarım. Eyni taleyin qurbanı olmuş iki gözəl qadın. Və onların gedərkən arxalarında buraxdıqları ortaq bir həyat hekayəsi. Oxuyarkən həyatdakı kimliyinizlə bağlı daim özünüzü sorğulayacaqsınız. Övlad olmaq düşüncəsindən peşə seçməyə qədər bir çox mövzuda fərqlilik yaşayacağınız bir kitabdır "Qanadsız mələklər". Sizin özünüzə "insanlıq yolunda əsil məsələ nədir?" deyə soruşmağınıza səbəb olacaq, şəxsinizdə verdiyiniz cavablar, cəmiyyətdə tapa bilməyəcəyiniz gerçəklərlə üzləşdirəcək. Bu romanı yazdım, çünki varlıqları adi, yaşadıqları qeyri-adi bu iki insanın həyata qarşı duruşu hər kəs tərəfindən oxunmalıydı. 

Haşiyə: Səbahət xanım haqqında araşdırmalarımda sevdiyi və oxuduğu yazıçıların siyahısına da rast gəlmişdim. Maraqlananlar üçün deyə bilərəm ki, olduqca zəngin və çox maraqlı bir siyahıdır. Bir-birinə zidd olan yazıçılar, üslublar da az deyil. Və onu da qeyd edim ki, Səbahət xanımla mütaliə söhbətlərində səmimiliyi daha çox diqqətimi çəkdi. Çünki adətən, yazıçılar, ya da mütaliə həvəskarları ən çox klassiklərin, ya da ən məşhur müəlliflərin, əsərlərin adlarını çəkirlər. Səbahət xanımın isə siyahısında müasiri olan türkiyəli yazıçılar da az deyil. Bu da müsahibimin komplekssizliyindən və səmimiyyətindən xəbər verir. Siyahısındakı fərqliliyi isə özündən soruşmamaq olmazdı:

- Sevdiyiniz yazıçılar arasında Maksim Qorki də var, Umberto Eko da. Sizi bir müəllifdə özünə çəkən başlıca özəllik nədir?

- Yazıçının xəyal dünyasına girməyi çox sevirəm. Və o dünyada səhifələrin sayı qədər qaldıqca bəzən müəllifin yaratdığı qəhrəmanlardan biri, bəzən də kənardan baxan bir göz oluram. Hər yazıçı bunun üçün fərqli priyomlar işlədir. Hekayələrinin içərisinə çəkə bildikləri oxucu sonradan onların daimi oxucusuna çevrilir. Mən Maksim Qorkiylə 12 yaşımda rəhmətlik bacım "Çörəyimi qazanarkən" adlı romanını oxuyarkən tanış oldum. Deyəsən, hələ o yaşda bu yazıçının kitablarında özüm üçün bir yer tapmışdım. Umberto Ekoya gələndə, 22 yaşında Torino Universitetindən doktorluq dərəcəsi alan bu yazıçıyla, sonrakı zamanlarda tanış oldum. İtalyan elm adamı, Torino Universitetində dərs deyib, RAİ-nin (İtalya Radio və Televiziya Qurumu) mədəniyyət redaktoru olaraq çalışıb və sair... İki fərqli dövr, iki fərqli yazıçı. Bayaq "yazıçılıq bir peşədirmi" deyə soruşduğunuzda cavab olaraq, bir yazıçının olmazsa olmazlarından birinin çox fərqli uclardan insanları oxumalı olmağından bəhs etmişdim. Məncə, bu iki yazıçı bu mövzudakı düşüncələrimi dəstəkləyir.

- Türkiyə xaricində, məsələn, Azərbaycanda insanlar sizi niyə oxumalıdırlar?

- Özümdən bəhs etməzdən öncə, kiçik bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Türkiyədə hər gün beş roman çap edilir. Bu, görünməmiş bir ədəbiyyat emalıdır. İldə 41 min 239 kitab edir. Bunların 45 faizini ədəbiyyat əsərləri təşkil edir. Mən bir yurdsevərəm. Yurdsevərlik ölkənin hörmətinin artmağına, ətraf dünyadakı imicinin yaxşılaşmağına verəcəyimiz qatqıyla bağlıdır. Və bu da yaratmaqla olur. Mən oxuyan, yazan və yaradan bir yazıçı olaraq ölkəmi təmsil etmək üçün xarici ölkələrdə oxunan bir müəllif olmağı çox istəyərəm. O ki qaldı Azərbaycana, axı bura öz yurdumuzdur, deməli, ən əvvəl də öz yurdumun insanları məni tanımalıdır. Təbii ki, Türkiyə xaricində. Bunlar mənim həqiqətlərimdir. Qələmim insanlarınızın ürəyinə toxunmağı bacaracaqsa, sizin həqiqətləriniz də olacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.15.