"Kardeş kalemler"in yeni buraxılışında...

 

 

Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin sentyabr buraxılışı bir-birindən maraqlı yazılarla oxuculara təqdim edilib.

Dərginin ilk nümunələri şeirlərdir. Belə ki, oxucular ilk səhifələrdə Makedoniyadan Rifat Emin, Tatarıstandan Zinnur Mansurov, Başqırdıstandan Mustay Karim (tərcümə Kənan Çarboğa), Krımdan Yunus Kandımın (uyğunlaşdıran Yaqub Öməroğlu) şeirlərini oxuyacaqlar. Y.Kandımın şeirlərini həyat yoldaşı Sabriyə Kandımın Zera Bəkirova ilə müsahibəsi izləyir.

Türkiyəyə aid bölmə AYB-nin başqanı Yaqub Öməroğlunun "Afyon qaymaq" hekayəsi ilə açılır. Bölmənin digər yazısı Həcər Öztürkə aiddir. O, "On il sonra Bosniya-Hersoqovina" deyib.

Dərginin  Özbəkistana aid bölməsində Nurullah Məhəmməd Raufxanın " bina axşamları" (tərcümə Vəli Savaş Yelok), Hurşit Devranın "Asimanda günəş yoxdu" (tərcümə Cansu Dəlibalta Gürbulaq) hekayələri yer alıb.

Azərbaycanla bağlı bölmədə isə Vəliyulla Novruz tanınmış şair Məmməd İsmayıldan "Qürbət həyatı yaşayan şair" deyə bəhs edib.

Tölöğan Kasımbekov "Məmləkət" hekayəsi (tərcümə Səməd Azap) ilə Qırğızıstandan, Gendom Rüstəmi "Dəyişik" hekayəsi ilə Güney Azərbaycan - İrandan dərgiyə qatılıblar.

Jazira Otızbay Dükenbay Dosjanın yaradıcılığı "İpək yolu" romanı haqqında Qazaxıstandan bölməsində söz açıb.

Dərgi ənənəvi olaraq "Xəbər" rubrikasıyla tamamlanır. Bu rubrikada Türk dünyasındakı ən son mədəniyyət ədəbiyyat xəbərləri yer alıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.12.