Azərbaycan Dövlət Universiteti 1959-1969-cu illərdə

 

 BDU-100

 

 

 

Ötən əsrin 50-ci illərinin  ikinci yarısı və 60-cı illər sovet cəmiyyətində "mülayimləşmə" dövrü kimi səciyyəndirilir. Ölkədə baş verən nisbi yumşalma, repressiya edilən on minlərlə ziyalıya bəraətin verilməsi, cəmiyyətdə demokratik normaların bərpası universitet həyatına müsbət təsir etdi.

 

Ali təhsilin məzmununda ciddi dəyişiklik baş verdi, yeni tədris planları, proqramları və dərsliklər hazırlandı, yeni fakültələr və laboratoriyalar açıldı, Müdafiə Şuraları yaradıldı. Universitetdə çalışan elmər namizədi və elmlər doktorlarının, Azərbaycan EA-ya seçilən həqiqi və müxbir üzvlərin sayı artdı. Universitet ölkədə ən güclü elmi mərkəzə çevrildi. Universitetinin idarəedilməsində keyfiyyət dəyişikliyi baş verdi. 1958-1965-ci illərdə universitetə akademik Şəfayət Mehdiyev, 1965-1970-ci illərdə professor Mehdi Əliyev rəhbərlik etdi. Həmin illərdə  elmi işlər üzrə prorektor vəzifəsində Azərbaycan EA-nın müxbir üzvü Qədir Sultanov (1959-1971), tədris işləri üzrə prorektor vəzifəsində isə professor Abdulla Ələkbərov (1959-1965) və professor Rüstəm Sultanov (1965-1971) çalışırdı.

1959-cu ildə ali və orta ixtisas təhsili sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və onu həyata keçirmək məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsi yaradıldı. Respublikada fəaliyyət göstərən ali və orta-ixtisas məktəbləri, o cümlədən, ADU da onun tabeliyinə verildi. 1964-cü ildən isə Ali və Orta İxtisas Təhsil Komitəsi müstəqil nazirliyə çevrildi.

Həmin dövrdə (1959-1964) universitetin tərkibində 10 fakültə var idi: 1958-ci ilə qədər birgə fəaliyyət göstərən Fizika-riyaziyyat fakültəsinin 1958/59-cu dərs ilində iki müstəqil (Mexanika-riyaziyyat və Fizika fakültələri) fakültə kimi fəaliyyətə başlaması riyaziyyat və fizika elmlərinin inkişafına təkan verdi.

Mexanika-riyaziyyat fakültəsi. Fakültənin dekanı vəzifəsində 1958-1965-ci illərdə professor Əşrəf Hüseynov, 1965-1969-cu illərdə dosent Ələddin Mahmudov işləmişdi. Həmin illərdə Mexanika-riyaziyyat fakültəsində yeddi kafedra fəaliyyət göstərirdi: Riyazi analiz kafedrasına professor Arif Babayev, Cəbr və həndəsə kafedrasına professor Maqsud Cavadov, Diferensial və inteqral tənliklər kafedrasına professor Qoşqar Əhmədov, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına professor Əmir Həbibzadə, Riyazi fizika tənlikləri kafedrasına professor Məcid Rəsulov, Hesablama riyaziyyatı kafedrasına professor Yəhya Məmmədov, Nəzəri mexanika kafedrasına professor Yusif Əmənzadə rəhbərlik edirdi.

1960-cı ildə Məcid Rəsulov və Qoşqar Əhmədovun, 1961-1969-cu illərdə Rəşid Məmmədov, Yəhya Məmmədov, Arif Babayev, Mayıs Cavadov, Cəlal Allahverdiyev və Mirabbas Qasımovun doktorluq, Hüseyn Çəndirov, Sasun Yaqubov, Əli Novruzov, Nazim Abbasov, Arif İsmayılov, Kazım Həsənov, Karlen Xudaverdiyev, Əlifəttah Şahbazov, Tamella Nəsirova, Qəmbər Namazov, Ələddin Mahmudov, Nadir Süleymanov, Arif Cəfərov, Rzabala Fərəcov, Valeri Salayev, Əli Əhmədov, Məmməd Yaqubov, Niyaz Məmmədov, Adəm Məmmədov, Zal Xeyirov, Rafiq Əmənzadə, Asəf İsgəndərov və Sadiq Abdullayevin namizədlik dissertasiyası müdafiə etmələri riyaziyyat və mexanika elmlərinin uğurlu gələcəyindən xəbər verirdi.

Fakültənin Azərbaycan və rus bölmələrində tələbələr əyani, axşam və qiyabi formada təhsil alırdılar. Həmin illərdə fakültənin tələbəsi olduğuma görə yaxşı xatırlayıram ki, hər il əyani şöbəyə 100 nəfər (50 nəfər riyaziyyat ixtisası üzrə Azərbaycan şöbəsinə, 25 nəfər rus şöbəsinə, 25 nəfər mexanika ixtisası üzrə Azərbaycan şöbəsinə), axşam şöbəsinə 50 nəfər (25 nəfər Azərbaycan şöbəsinə, 25 nəfər rus şöbəsinə), 50 nəfər qiyabi şöbəyə (25 nəfər Azərbaycan şöbəsinə, 25 nəfər rus şöbəsinə) tələbə qəbul edilirdi.

Fakültədə yuxarıda adları çəkilən elmlər doktoru, professorlarla yanaşı, təcrübəli dosentlər Rüstəm Sultanov, Maya Hacıyeva, Tofiq Bektaşi, Maarif Əkbərov, Məmməd Mustafayev, Sənubər Qasımova, Bibixanım Salayeva, Çüllü Kuliyeva, Soltan Zeynalov, Şəmməd İbrahimov, Zakir Hüseynov, Zahid Seyidov, Fərhad Tağıyev, Məmmədəli Bunyatov, Sabir Nəsibov, Adil Sultanov riyaziyyat və mexanikanın müxtəlif sahələrindən böyük ustalıqla mühazirə söyləyir və məşğələ dərslərini aparırdılar.

Onu da yaxşı xatırlayıram ki, həmin dövrdə tələbələrin pedaqoji praktikasına çox ciddi yanaşılırdı. Dördüncü kursun ikinci semestrində bizi bir neçə aylıq orta məktəblərə aparırdılar. Fakültədə pedaqoji təcrübəyə professor Bəylər Ağayev rəhbərlik edirdi. Tələbələr Bakının qabaqcıl ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçir, riyaziyyatdan bir neçə sınaq dərsi deyir, müəllimlik peşəsinin sirlərinə yiyələnirdilər.      

Müstəqil Fizika fakültəsinin ilk dekanı dosent Mədət Sərdarlı olmuşdur. O, bu vəzifədə 1963-cü ilə qədər işləmişdir. 1963-1965-ci illərdə fakültəyə dosent Kəriş Köçərli, 1965-1967-ci illərdə professor Abdulla Muxtarov, 1967-1970-ci illərdə dosent Əlicavad Cavadov rəhbərlik etmişdir. Həmin illərdə fakültənin tərkibində beş kafedra fəaliyyət göstərirdi: Eksperimental fizika kafedrasına 1959-1966-cı illərdə professor Bəhram Mirzoyev, 1966-1971-ci illərdə dosent Qafar Əfəndiyev, Nəzəri fizika kafedrasına professor Abdulla Muxtarov, Molekulyar fizika kafedrasına 1953-1968-cü illərdə dosent Mehdi Əliyev, 1968-1984-cu illərdə dosent Niftalı Qocayev, Yarımkeçiricilər fizikası kafedrasına akademik Həsən Abdullayev, Maddə quruluşu kafedrasına dosent Rəhmi Həsənov rəhbərlik edirdi.

1968-ci ildə fakültənin tərkibində Yarımkeçiricilər fizikası problem laboratoriyası yaradıldı. Həmin laboratoriyaya dosent Azər Zeynallı rəhbərlik edirdi.

1959-1969-cu illərdə Abdulla Muxtarov, Qudrət Axundov, Yühənnəs Seyidov, Qafar Əfəndiyev dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri doktoru oldular. Həmin illərdə gənc fiziklər Bəhram Əsgərov, Sabir Hacıyev, İsmət Nəcəfov, İsrafil Hüseynov, Niftalı Qocayev, Adil Mahmudov, Faiq Əhmədov, Tacir Ömərov, Məmməd Məmmədov, Arif Baxışov, Həzrətqulu Əmənov, Əmrulla Ağamalıyev, Faiq Sadıqov, Əlicavad Cavadov, Aydın Rəsulov, Eldar Məsimov, Rəsul Muradov, Məmməd Əliyev, Baxşəli Quliyev, Salmanov Vaqif, Əliyev Əli, Əmrulla Məmmədov, Quluzadə Cəfər və başqaları namizədlik dissertasiyası müdafiə edərək fakültənin elmi potensialını daha da gücləndirdilər.

1959-1969-cu illərdə fakültənin təcrübəli müəllimləri Bəhram Mirzəyev, Mehdi Əliyev, Kəriş Köçərli, Məmmədəli Haşımzadə, Məmməd Abdullayev, Ziya Mustafayev, Mədət Sərdarlı, Gennadi Jarikov, Fatma Rəcəbli, Həbib Məmmədbəyli fizikanın müxtəlif sahələri üzrə yüksək səviyyəli mühazirələri ilə gənc fiziklərin yetişməsinə öz töhfələrini verirdilər.

Fakültənin Azərbaycan və rus bölmələrində tələbələr əyani və axşam formasındada təhsil alırdılar. Həmin illərdə hər il əyani şöbəyə 75 nəfər (50 nəfər Azərbaycan şöbəsinə, 25 nəfər rus şöbəsinə), axşam şöbəsinə 50 nəfər (25 nəfər Azərbaycan şöbəsinə, 25 nəfər rus şöbəsinə) tələbə qəbul edilirdi.

Fakültədə tələbələri pedaqoji təcrübələrinə dosent Şəmsəddin Həmidov rəhbərlik edirdi. 

Universitetin aparıcı fakültələrindən biri olan Kimya fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər altı kafedrada həyata keçirilirdi: Qeyri-üzvü kimya kafedrasına Azərbaycan EA-nın müxbir üzvü, professor Cümşüd Zülfüqarlı, Üzvü kimya kafedrasına 1960-1965-ci illərdə professor İslam Əlizadə, professor Şamil Əhmədov, Fiziki və kolloid kimyası kafedrasına professor İsrafil Səttarzadə, Analitik kimya kafedrasına professor Murtuza Əhmədli, Yüksək molekullu kimya kafedrasına dosent Ziyəddin Sadıqov, Kimya texnologiyası kafedrasına 1961-1967-ci illərdə professor Cəbrayıl Hüseynov, 1967-1969-cu illərdə dosent Abdulla Cabbarov rəhbərlik edirdi.  Fakültənin dekanı vəzifəsində 1961-1967-ci illərdə professor Cəbrayıl Hüseynov, 1967-1975-ci illərdə dosent Bəşir Mirzəyev işləmişdir.

Fakültə əməkdaşlarından Cəbrayıl Hüseynov, Cümşüd Zülfüqarlı, Şamil Əhmədov, İsrafil Səttarzadə, Mədət İsgəndərov və Əlihüseyn Quliyevin doktorluq, Ziyəddin Sadıqov, Dəmir Qəmbərov, Məhərrəm Məhərrəmov, Əyyub Əzizov, Musa Bayramov, Oktay Əkbərov, Təhməz Quliyev, Adilxan Abdullayev və  Sərdar Hacıyevin namizədlik dissertasiyası müdafiə etmələri fakültədə elmi mühitin formalaşmasına mühüm təsir göstərdi. Bacarıqlı kimya müəllimləri hazırlamaq məqsədilə Bakının ümumtəhsil məktəbləri ilə sıx əlaqə yaradılmışdı. Tələbələr Bakı şəhərinin Oktyabr (indiki Yasamal rayonunda) rayonunda yerləşən məktəblərində fakültənin təcrübəli müəllimlərinin rəhbərliyi ilə (dosent Hacı Hacıyev) pedaqoji praktika keçirdilər. Tələbələr məktəblə yanaşı, həm də Sumqayıt şəhərində yerləşən müvafiq zavodlarda istehsalat təcrübəsində olurdular. Fakültədə güclü elmi potensial var idi. Kimyaçı alimlər  Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Novosibirsk, Xarkov və digər şəhərlərdə çalışan tanınmış alimlərlə birgə elmi tədqiqat işləri aparır, alınan elmi nəticələri Ümumittifaq və respublika səviyyəli konfranslarda müzakirə edirdilər.

Biologiya fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər yeddi kafedrada həyata keçirilirdi. Fakültənin Morfologiya və ali bitkilərin sistematikası kafedrasına 1959-1966-cı illərdə professor Məmməd Qasımov, 1967-1969-cu illərdə dosent Cəlal Əliyev, Mikrobiologiya və ibtidai bitkilərin sistematikası kafedrasına professor Həbibə Qasımova, Onurğalılar zoologiyası kafedrasına Abdulla Ələkbərov, Onurğasızlar zoologiyası kafedrasına professor Şamil Cəfərov, Bitki fiziologiyası kafedrasına Abdulla Tağızadə, İnsan və heyvan fiziologiyası kafedrasına 1953-1965-ci illərdə dosent Q.A.Hüseynova, 1965-1969-cu illərdə professor Tələt Qayıbov, Genetika və darvinizm kafedrasına professor Mirəli Axundov rəhbərlik etmişdir.

Fakültənin dekanı vəzifəsində 1957-1960 -cı illərdə professor Abdulla Ələkbərov, 1961-1965-ci illərdə professor Abdulla Tağızadə, 1965-1968-ci illərdə professor Həbibə Qasımova, 1968-1972-ci illərdə dosent Qara Mustafayev işləmişdir. Həmin dövrdə fakültə əməkdaşlarından Mirəli Axundov, Məmməd Qasımov, Abdulla Tağızadə, Abdulla Ələkbərov, Həbibə Qasımova, Tələt Qayıbov, Şəqibə Əhmədova, Cəlal Əziz oğlu Əliyev doktorluq, Qara Mustafayev, Arif İsmayılov, Tofiq Məmmədov, Sahib Hüseynov, Fərzəli Ağamalıyev, Yusif Məlikov, Rauf Quliyev, Akif Quliyev, Nemət Qasımov, Əli Əhmədov,  Ellada Axundova və Haqverdi Cəfərov namizədlik dissertasiyası müdafiə etdilər. İldən-ilə fakültədə dərs deyən, elmi-tədqiqat işi aparan elmi dərəcəlilərin sayı artdı, güclü elmi potensial formalaşdı.

Geologiya və coğrafiya fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər altı kafedrada həyata keçirilirdi. Fakültənin  Ümumi geologiya kafedrasına professor Əziz Əsgərov, Paleontologiya kafedrasına Azərbaycan EA-nın müxbir üzvü, professor Qədir Sultanov, Faydalı qazıntılar kafedrasına professor Səttar Süleymanov, Ümumi fiziki coğrafiya kafedrasına professor Müseyib Müseyibov, SSRİ-nin iqtisadi coğrafiyası kafedrasına dosent Əbdürrəhim Hacızadə, Xarici ölkələrin iqtisadi coğrafiyası kafedrasına professor Hadı Əliyev rəhbərlik edirdi.

Fakültəyə 1952-1963-cü illərdə professor Səttar Süleymanov, 1963-1965-ci illərdə professor Ramiz Sultanov, 1965-1967-ci illərdə dosent Mürsəl Həsənov, 1967-1972-ci illərdə professor Rizvan Piriyev rəhbərlik etmişdir.

1959-1969-cu illərdə fakültənin əməkdaşlarının sayı elmi dərəcəlilərin hesabına artdı. Həmin illərdə   coğrafiyaçılardan Fəzli Hacıyev, Rizvan Piriyev və Müseyib Müseyibov, geoloqlar Səttar Süleymanov, Ramiz Sultanov, Tofiq Şahsuvarov və Sərdar Səmədov doktorluq, Şövqi Göyçaylı, Nəriman Vəliyev, Məmməd Çobanzadə, Şahvələd Xəlilov, Maqbet Məmmədov, Neron Babaxanov, Cabir Məmmədov və Tapdıq Həsənov coğrafiya, Vasif Babazadə, Sübhi Bektaşi, Fuad Axundov, Ədhəm Mahmudov, Vahid Ağayev, Məmməd Çıraqov və Sokrat İsayev geologiya ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdilər. Fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsində, geoloq və coğrafiyaçıların hazırlanmasında  uzun illər burada mühazirə oxumuş dosent Nadir Səlimxanov, dosent Məmmədrza Məmmədyarov, dosent Manaf Zairi, dosent Fikrət Hüseynov və dosent Əli Məmmədəliyevin mühüm xidmətləri olmuşdur. 

Həmin illərdə fakültədə coğrafiya və faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ixtisasları üzrə kadr hazırlanırdı. İstehsalat təcrübələri tədris planına uyğun olaraq III və IV kursların sonunda SSRİ-nin müxtəlif regionlarında və Azərbaycanın bir çox rayonlarında fakültə müəllimlərinin rəhbərliyi ilə həyata keçirilirdi. Hər iki ixtisas üzrə tədris Azərbaycan və rus dillərində aparılırdı. Fakültənin əyani, axşam və qiyabi şöbələrində 1000 nəfərə yaxın tələbə təhsil alırdı.  

Tarix fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər dörd kafedrada həyata keçirilirdi. Fakültənin Azərbaycan tarixi kafedrasına 1959-1966-cı illərdə professor Məmməd Əfəndiyev, 1967-1972-ci illərdə professor Zülfəli İbrahimov, SSRİ tarixi kafedrasına dosent Yusif Səfərov, Ümumi tarix kafedrasına 1960-1966-cı illərdə professor Məlik Orucov, 1966-1969-cu illərdə professor Zakir Abdullayev, Asiya və Afrika ölkələri tarixi kafedrasına 1964-1966-cı illərdə dosent Əkbər Dadaşlı, 1967-1969-cu illərdə dosent Qəmbər Hüseynov rəhbərlik etmişdir.

Fakültədə tələbələrin təhsil-tərbiyəsi və elmi-tədqiqat işi ilə 36 nəfər məşğul olurdu. Onlardan biri akademik (İsmayıl Hüseynov), biri Azərbaycan EA-nın müxbir üzvü (Zülfəli İbrahimov), 5-i elmlər doktoru, professor, 23-ü elmlər namizədi dosent idi.

Fakültənin dekanı vəzifəsində 1957-1960-cı illərdə professor Məmməd Əfəndiyev,1960-1964-cü illərdə professor Məlik Orucov, 1964-1966-cı illərdə professor Səidə İmanzadə və professor Xəlil Əlimirzəyev, 1967-70-ci illərdə professor Zakir Abdullayev işləmişdir.

1959-1969-cu illərdə fakültənin əməkdaşları Ədhəm Şahmalıyev, Mehdi xan İrəvanski, Məmmədəmin Qazıyev, Xəlil Əlimirzəyev, Ruhulla Orucov, Əlövsət Quliyev, Zakir Abdullayev, Əli Əliyev, Seyfəddin Qəndilov, Zakir Şıxlınski doktorluq, Məmmədəli Hüseynov, İdris Ağayev, Seyidağa Onullahi, Əli Rəcəbli, Süleyman Əliyarlı, Oktay Əhmədov, Məhəd Sofiyev, Mahal Məmmədov, Tofiq Vəliyev, Qurban Bayramov, Səfyar Musayev, Nisbət Mehdiyeva, Həvil Həvilov, Yaqub Mahmudov, Qüdrət İsmayılzadə, Nəriman Həsənov namizədlik dissertasiyası müdafiə etdilər. Fakültənin əyani, qiyabi və axşam şöbələrində tədris Azərbaycan və rus dillərində aparılırdı. Tələbələrin pedaqoji təcrübəsi dördüncü kursun son semestrində fakültənin təcrübəli müəllimlərinin rəhbərliyi ilə həyata keçirilirdi.

Kafedralarda Azərbaycan tarixi, etnoqrafiya, arxeologiya və tarixin digər sahələrini əhatə edən elmi seminarlar keçirilir, dərnəklər təşkil olunurdu.  Fakültənin əməkdaşları keçmiş SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərinin alimləri ilə birgə elmi tədqiqat işləri aparır, təcrübə mübadiləsi həyata keçirirdilər. Həmin dövrdə müəllimlərin altı aylıq və üç aylıq ixtisasartırma və stajkeçmə məsələsinə ciddi fikir verilirdi. Onların əksəriyyəti Moskvanın, Leninqradın (indiki Sankt-Peterburq) və digər şəhərlərin nüfuzlu universitetlərində elmin yenilikləri ilə tanış olur, müasir təhsil üsullarına yiyələnirdilər. Bütün bunlar universitetdə elmin və təhsilin inkişafına öz təsirini göstərirdi.

Hüquq fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər beş kafedrada həyata keçirilirdi. Fakültənin Mülkü hüquq kafedrasına dosent Qasım Manayev, Cinayət prosesi və kriminalistika kafedrasına professor Cəfər Mövsümov, Cinayət Hüququ kafedrasına professor Vahid Qəhrəmanov, Dövlət hüququ kafedrasına professor Murtuz Ələsgərov, Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasına professor Məsumə Məlikova rəhbərlik edirdi.

Fakültənin dekanı vəzifəsində 1952-1962-ci illərdə dosent Qurban Məmmədov, 1962-1980-ci illərdə professor Məmməd Xələfov işləmişdir.

1959-1969-cu illər fakültə əməkdaşları üçün xeyli uğurlu olmuşdur. Belə ki, həmin illərdə Əziz Əsədov, Murtuz Ələsgərov, Əyyub Əsgərov, Qasım Manayev, Ağababa Ağayev, İsa Məmmədov, Cəfər Mövsümov doktorluq, Məsumə Məlikova, Kamilə Sarıcalinskaya və Tofiq Qafarov isə namizədlik dissertasiyası müdafiə etdilər. Beləliklə də, hüquq sahəsində də elmi dərəcəlilərin sayı xeyli artdı.

Filologiya fakültəsində elmi-tədqiqat və tədris-metodiki işlər altı kafedrada həyata keçirilirdi. Fakültənin Rus ədəbiyyatı tarixi kafedrasına 1960-1966-cı illərdə dosent N.S.Pleşunov, 1967-1984-cü illərdə professor Seyfulla Əsədullayev, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasına 1965-2013-cü illərdə professor Yusif Seyidov, Rus dilçiliyi kafedrasına 1963-1970-ci illərdə professor Məmməd Tağıyev, Müasir Azərbaycan dili kafedrasına 1967-1988-ci illərdə professor Əlövsət Abdullayev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına 1951-1961-ci illərdə professor Cəfər Xəndan Hacıyev, 1961-1978-ci illərdə professor Mir Cəlal Paşayev, Ümumi dilçilik kafedrasına 1951-1981-ci illərdə professor Muxtar Hüseynzadə, Xarici ədəbiyyat tarixi kafedrasına 1959-1960-cı illərdə professor Əli Sultanlı, 1961-1964-cü illərdə professor Əkbər Ağayev, 1965-1989-cu illərdə professor Bayram Tahirbəyov rəhbərlik etmişdir.

Filologiya fakültəsinin dekanı vəzifəsində 1959-1962-ci illərdə dosent Seyfulla Əliyev, 1962-1967-ci illərdə professor Əlövsət Abdullayev, 1967-1974-cü illərdə professor Ağamusa Axundov işləmişdir.

1959-1969-cu illərdə fakültə əməkdaşlarından Muxtar Hüseynzadə, Səlim Cəfərov, Nəsir Məmmədzadə, Əlövsət Abdullayev, Məmməd Tağıyev, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Yusif Seyidov, Fərhad Zeynalov, Musa Adilov, Bayram Tahirbəyov, Ağamusa Axundov, Tofiq Hacıyev doktorluq dissertasiyası, Əkbər Ağayev, Zinyət Əlizadə, Seyfulla Əsədullayev, Vaqif Vəliyev, Kamil Əliyev, Qara Namazov, Cəlal Abdullayev, Həsən Məmmədov, Həsrət Həsənov, Abdulla Abbasov, İnayət Bektaşi, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev, Firudin Cəlal oğlu Hüseynov, Şamil Qurbanov, Bayram Əhmədov, Əbülfəz Rəcəbov, Timurçin Hidayətzadə, Əlyar Səfərli, Firudin Hüseyn oğlu Hüseynov, Əmirxan Xəlilov, Samət Əlizadə, Lalə Quliyeva namizədlik dissertasiyası müdafiə etdilər. Fakültədə güclü filoloq və dilçi alimlər nəsli yetişdi.

Ölkəmizdə yeganə ali təhsilli şərqşünas hazırlığı mərkəzi olan Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsində 1957-1960-cı illərdə professor Rəhim Sultanov, 1960-1961-ci illərdə dosent Yusif Şirvan, 1961-1962-ci illərdə professor Ələsgər Məmmədov, 1962-1964-cü illərdə professor Mübariz Əlizadə, 1964-1977-ci illərdə professor Həsən Mahmudov işləmişdir.

1969-cu ildə fakültənin tərkibində üç kafedra fəaliyyət göstərirdi. Yaxın və Orta Şərq dilləri kafedrasına 1957-1989-cu illərdə professor Rəhim Sultanov, Ərəb dili kafedrasına 1957-1989-cu illərdə professor Ələsgər Məmmədov, Yaxın Şərq xalqlarının ədəbiyyatı kafedrasına 1959-1994-cü illərdə professor Mübariz Əlizadə rəhbərlik etmişdir.

1959-1969-cu illərdə fakültə əməkdaşlarından Mübariz Əlizadə, Neyyerzaman Hatəmi, Əhmədiməhəmməd Şəfai, Mirzə Rəhimov doktorluq, Vasim Məmmədəliyev, Aida İmanquliyeva, Malik Mahmudov, Aslan Eyvazov namizədlik dissertasiyası müdafiə etdilər. Şərqşünas kadrların hazırlanmasında 30 nəfər müəllim çalışırdı ki, onlardan 3 nəfəri elmlər doktoru, professor, 16 nəfəri isə elmlər namizədi dosent idi.

Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsi 1947/48-ci tədris ilində Filologiya fakültəsi nəzdində şöbə kimi yaradılmışdı. 1958-ci ildə Filologiya fakültəsinin Şərq şöbəsi müstəqil fakültəyə çevrildiyi zaman kitabxanaçılıq şöbəsi Şərq fakültəsinin nəzdində fəaliyyətini davam etdirmişdi. 1962-ci ildə bu şöbənin bazasında müstəqil Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsi yaradılmışdı.

Fakültənin ilk dekanı vəzifəsində 1962-1970-ci illərdə müvafiq şöbənin yetişdirməsi olan Abuzər Xələfov işləmişdir. Abuzər Xələfov 1961-ci ildə kitabxanaçılıq işinin tarixi ilə bağlı namizədlik dissertasiyası müdafiə etmişdi. 1969-cu ildə fakültədə 14 müəllim, o cümlədən, 6 elmlər namizədi, dosent çalışırdı. 1962-1969-cu illərdə fakültədə iki kafedra fəaliyyət göstərirdi. Kitabxanaşünaslıq kafedrasına dosent Abuzər Xələfov, Biblioqrafiya kafedrasına dosent Əşrəf Xələfov başçılıq edirdi.

1964-1969-cu illərdə fakültənin məzunları Zöhrab Əliyev, Əşrəf Xələfov və Bayram Allahverdiyev namizədlik dissertasiyası müdafiə etdilər.

İxtisasartırma fakültəsi. 1967-ci ilin sentyabrında universitetdə riyaziyyat, fizika və kimya ixtisasları üzrə İxtisasartırma fakültəsi fəaliyyətə başladı. Fakültəni dekanı vəzifəsində 1967-1968-ci illərdə dosent Niftalı Qocayev işləyirdi. Fakültəyə hər il ixtisaslarını artırmaq məqsədi ilə Azərbaycanın və Sovetlər İttifaqının müxtəlif təhsil müəssisələrindən 150 dinləyici qəbul edilirdi. Həmin illərdə fakültə xeyli genişlənmiş və ən böyük ixtisasartırma fakültələrindən birinə çevrilmişdi. O, öz strukturuna görə Sovet İttifaqında yeganə idi. Fakültədə üç şöbə: ali məktəblər, orta ixtisas məktəbləri və orta ümumtəhsil məktəbləri şöbələri fəaliyyət göstərirdi. Ölkəmizin və SSRİ-nin tanınmış alimləri burada tədris planına uyğun olaraq, elmin və təhsilin aktual problemlərinə həsr olunmuş mühazirələr oxuyurdular. Bundan əlavə, hər il universitetin 200 əməkdaşı ixtisasartırma məqsədi ilə Sovet İttifaqının 10-dan çox universitetinə ezam olunurdular.

Ümumuniversitet kafedralar. 1955/56-cı dərs ilində Marksizm-leninizmin əsasları kafedrası Sov. İKP tarixi kafedrası adlanmağa başladı. Kafedraya 1945-1967-ci illərdə dosent Məmməd Səlimov rəhbərlik etmişdir.

Fəlsəfə kafedrasına 1950-1963-cü illərdə professor Mehbalı Qasımov, 1963-1976-cı illərdə akademik Fuad Qasımzadə rəhbərlik etmişdir.

1966/67-ci tədris ilindən universitetdə Elmi kommunizm kafedrası fəaliyyətə başladı. Fəlsəfə elmləri namizədi, dosent Həsən Şirəliyev müsabiqə ilə həmin kafedranın müdiri vəzifəsinə seçildi. Həsən müəllim ömrünün sonuna - 1997-ci ilə qədər həmin kafedraya rəhbərlik etmişdir.

1961-ci ilin sentyabrın 29-da universitetdə Etika və estetika kafedrası yaradıldı. Fəlsəfə elmləri namizədi, dosent Aslan Aslanov həmin kafedranın müdiri vəzifəsinə seçildi. Sonralar Aslan Aslanov doktorluq dissertasiyası müdafiə etdi, Azərbaycan EA-nın həqiqi üzvü seçildi.  Akademik Aslan Aslanov 1977-ci ilədək bu kafedraya rəhbərlik etdi.

1961-ci ilin oktyabrında universitet özünün Hesablama mərkəzini yaratdı. Hesablama maşınları üzrə ixtisas seçmiş tələbələr hesablama mərkəzində təcrübə keçmək imkanı qazandılar. 60-cı illərin sonunda Hesablama mərkəzi respublikada ümumi ali məktəb mərkəzinə çevrildi. Politexnik İnstitutunun, Pedaqoji İnstitutun, Xalq Təsərrüfatı İnstitutunun, eləcə də Neft və Kimya İnstitutunun tələbələri burada təhsil alır, praktika keçir, diplom işləri hazırlayırdılar. Bakıdakı 56, 34 və 132 nömrəli məktəblərin yuxarı sinif şagirdləri ilə müntəzəm məşğələlər keçirilirdi. Hesablama mərkəzinin ilk direktoru professor Qoşqar Əhmədovun,  dosent Hüseyn Çəndirovun və dosent Qəzənfər Cəfərlinin səyi nəticəsində tələbələr burada hesablama maşınları ilə işləmək təcrübəsi qazanır, peşəkar mütəxəssis kimi yetişirdilər.

1961-ci ildə SSRİ Nazirlər Soveti "Ali məktəblərdə xarici dillərin öyrənilməsini yaxşılaşdırmaq haqqında" qərar qəbul etdi. Həmin qərar 1961-ci il oktyabrın 5-də universitetin elmi şurasında geniş müzakirə olundu. Universitetin Qərbi Avropa dilləri kafedrasının müdiri dosent Ələkbər Əliyev baxılan məsələ ilə bağlı etdiyi məruzədə xarici dillərin öyrənilməsinin yarıtmaz vəziyyətinin səbəblərini açıb göstərdi. Elmi şura məsələ ilə bağlı qərar qəbul etdi. Qərarda növbəti dərs ilindən xarici dillərin öyrənilməsi üzrə akademik qruplarda tələbələrin sayının 12-15 nəfərdən çox olmaması, xarici dillərin tədrisinə ayrılan saatların artırılması, müəllimlərin dərs yükünün azaldılması, müasir linqafon kabinetlərinin yaradılması və digər məsələlər öz əksini tapdı.

Universitet 60-cı illərdə Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının və Ukrayna Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə sıx əlaqə saxlayırdı. Bir çox tələbələr staj keçmək və diplom işi hazırlamaq üçün həmin müəssisələrə göndərilirdi. Şərqşünaslıq fakültəsinin yuxarı kurs tələbələri stajor kimi xarici ölkələrə ezam olunurdular.

Həmin illərdə ali təhsilin istehsalatla əlaqəsini möhkəmlətmək məqsədi ilə axşam və qiyabi təhsil formalarına xüsusi diqqət yetirilirdi. Universitetdə axşam təhsil formasına 1958/59-cu tədris ilində Kimya və Fizika fakültələrində başlanmışdı. Qiyabi şöbə isə 1943-cü ildən mövcud idi. Əvvəlki illərlə müqayisədə qiyabi və axşam şöbələrinə ən böyük qəbul 1962/63-cü tədris  ilində olmuşdu. Həmin il gündüz şöbəsinə 750 tələbə, qiyabi şöbəyə 1025 tələbə, axşam şöbəsinə 525 tələbə qəbul edilmişdi.

Elmi kitabxana tədris prosesində mühüm rol oynayırdı. Elmi kitabxanaya 1965-ci ildən dosent Kərim Həsənov rəhbərlik edirdi. 1959-1969-cu illərdə universitetin kitabxanası ölkənin ən böyük ən böyük kitabxanalarından birinə çevrilmişdi, fondunun zənginliyinə görə Mirzə Fətəli Axundov adına Respublika Dövlət Kitabxanasından sonra ikinci yeri tuturdu.

1969-cu ildə ADU-nun elmi və tədris həyatında möhtəşəm hadisə baş verdi. Elmi və siyasi elitanın, milli ziyalı nəslinin formalaşmasında, elmi və elmi-pedaqoji kadr hazırlığında, əhali arasında təhsilin, elmin, mədəniyyətin təbliğində müstəsna xidmətləri olan ilk ali təhsil müəssisəsinin - Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi dövlət səviyyəsində keçirildi. Yubileydə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev şəxsən iştirak edərək yüksək dövlət mükafatını - Qırmızı Əmək Bayrağı ordenini universitetin bayrağına sancdı. Tədbirdə Heydər Əliyev Azərbaycan dilində çıxış edərək xalqımızın işıqlı zəka sahiblərinin 1919-cu ildə yaratdığı universiteti xalqımızın ən mühüm nailiyyəti kimi dəyərləndirdi, 50 ildə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, həm də universitetin gələcək inkişafı ilə bağlı tövsiyələrini verdi.

 

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci  qəzet.- 2019.- 19 oktyabr.- S.10-11.