Alça kimi qadın...

 

Esse

 

 

 

Söz var, deyir, sağlam meyvə görünüşcə gözəl olmaz. Əslində, təbiətdə var olan, uca yaradanın bəxş elədiyi hər şeyin anadangəlməsi - əsli gözəldir. Odur ki, bir şey görüb-bəyənəndə öncə "görəsən, əslidirmi" sualına cavab axtarırıq.

Həkimlər hər zaman mövsüm meyvələrdən dadmağı məsləhət görür. Əslində, bütün meyvələr faydalıdır, lazım olan qədər yeyəndə sağlamlıq üçün əvəzsizdir - lap sevgi kimi.

Sevgi belədir. Qədərində sevəndə ürək həmişə sağlam qalır. Dəlicəsinə sevən zaman-zaman əziyyətə, iztiraba qatlaşmalı olur - dadına doymaq olmayan meyvələr kimi. İncə ruhu hər bir insanın, yəqin ki, öz sevimli meyvəsi ona bənzədəcəyi birisi mütləq var.  Məsələn, çiyələk kimi, fısdıq kimi, alma kimi...

Çiyələk hər zaman eşqlə, romantik münasibətlərlə assosiasiya olunur. Elə buna görə çox vaxt qadın kişilərin gözündə çiyələk kimi görünür. Onların dadları da eyni olur - ŞİRİN...

Puteriyan adlı ekzotik bir meyvə var, o da şirindir, dadı heç ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində şirin olmayan yeyir-yesin, şirin dad verir, həqiqətən  şirin olan məhsullar isə adama dadsız gəlir. Ən qorxulu qadınlar da puteriyana bənzəyən qadınlardır - həmişa aldada bilərlər.

Alçaya bənzəyən qadın gördünüzmü heç? Çətin... Hələ bir onu dadmaq? Buna cəsarət lazımdır. Turşdur - ağzınız büzüşəcək. Alça kimi qadın dəyişməyən zövqü dəyişmək gücündədir. Qadının şirini tez xarab olur, əzilir  səni tez tərk edir. Turş qadın isə həmişə səninlədir - ağzını büzüşdürsə , yanındadır. Onların sevgisi qısa olmur. Zamanla yetişir sən istədiyin qadına çevrilir. Sadəcə, səbr edib böyüməsini, necə canlandığını görmək, onu əzizləmək lazımdır. Baxma ki, turşdur, o, sənə  öyrəşdiyin, adət etdiyin eyni dadı vermir, ayrı dadlar bəxş edir. Turşun şirinə çevrilməsini dada-dada hiss etmək ləzzəti...

Alça kimi qadında elə dad, elə güc var ki, yedikcə doymursan, öyrəşirsən, ondan asılı qalırsan. ziyanını bilsən , yediyin alçanın qədərini hər gün bir az da artırırsan.

Alça kimi qadınları hər kəs dada bilməz. Bu, insanda cəsarət istəyir. Bir dəfə gördünsə, həmişə marağında olur, səni özünə cəlb edir. Görəsən, necə dadır? - düşünürsən. Ona toxunmaq istəyirsən. Bəlkə, dodaqlarımda hiss etsəm, onu şirinləşdirdim deyib, özünə təsəlli verirsən. Onu istəyirsən deyə, özündə güc toplayırsan. Çətini dadana kimidir. Sonra istəsən , qopa bilmirsən.

Cəsarətin çatsa, onu yaşayacaqsan, yaşadacaqsan, bir gün öz meyvəmi yetişdirdim deyəcəksən. Könlün ondan başqa meyvə istəməyəcək. Sonda deyəcəksən ki, alça kimi bir qadın sevdim. Nə alma, nə də fısdıq?.. Alça kimi!..

 

 

Günel YAZ

 

525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.24.