Ruhun pıçıltıları...
Söykənəcək yerimiz olan "üç böyük amil" - Tanrı qədər sevimli Vətənimiz, Ata- Analarımız və Övladlarımız həyata, yaşama bağlanan qollarımızdır...
İnsan bir şəxsiyyət kimi formaşalanadək uzun bir yol gəlir. Bəzən isə bu yol elə də çox olmur. Çünki insanın özünüdərki və eyni zamanda özünütəsdiqi daha erkən mərhələdə də baş verə bilər. Əlbəttə, bu, bizi əhatə edən mühitdən, doğulduğumuz zaman və şəraitdən asılı olaraq tezləşə və yaxud gecikə bilər, yaxud bir qədər ləngiyə bilər. İnsan dünyaya gəlişindən sonunadək müəmmalı, tapmacalı bir ömür yoluna malikdir. Ən dahilərində də belədir, ən sadələrində də. Nədən ki, şəxsiyyətin özünüdərki və özünütəsdiqi müəyyən mərhələlər apara bilər.
Özünün ikinci gəncliyini yaşayan Nəzakət xanım yaradıcılığında formalaşmış bir insan - daha doğrusu, bir Ana, bir Xanım, bir övlad görünür. Başlıca dəyərlərimiz olan Vətən-Ata-Ana, övladlarımız kimi dəyərlər fonunda onu bu amillərə söykənən, bu amillərdən bəhrələnən görürük. Eyni zamanda, yaradıcılığında məhz bu böyük amillərə söykənən Nəzakət xanımı bir ziyalı kimi, bir şair kimi, öncəsi bir insan kimi açmağa çalışaq. Təbii, onun misilsiz yaradıcılığının fonunda. Yetkin bir yaradıcı - ziyalı haqqında söz demək, o ki, Nəzakət kimi bir şair-insan haqqında, məsuliyyət tələb edir. Bu gözəl xanımın söz işığında onunla söhbət etməyi özümə məsləhət bildim. Sözün işığında - sözün nurunda, ruhun işığında bir söhbət. Təbii, özüməməxsus işığımla və öz nurumla. Bölünmüş, paralanmış Vətən və bizlər! Vətən və vətəndaşlıq borcumuzu bax belə günlərdə daha dərindən duyur və hiss edirsən. "Mən nə etməliyəm bu Vətən üçün?" - qeyrətli insanlar bu sualı özlərinə bir kərə deyil, dəfələrlə verirlər:
Biz nələr etmədik bu Vətən üçün,
Birimiz nitq söylədik, birimiz öldük...
Xocalını yer üzündən sildilər, onlar öldülər, bizlərsə, bir paraları hələ də nitq söyləyir...
Onunla
"Azərnəşr"in binasında tanış
oldum. Yazı aparmışdım. Gözəl, zərif əsmər çöhrəsi
məni ürəkləndirdi. İnsana
isti-ilıq münasibət, təmkin və təvazökar
olan bu xanım demə əslində, mənəviyyat dünyasında
bir xəzinə imiş. İndi belə
insanlar olduqca azdır.
Onun mənəvi
aləmini, ruh pıçıltılarını vərəqlədikcə,
insan sanki öz həyatını onunla bərabər
yaşayır:
Unut dedin
ötənləri,
Bir yuxutək
bitənləri!
Unutmaq olmur Nəzakət xanım, sadəcə ürəyinin
hansı bir küncündəsə yavaş-yavaş kül
altında qalan köz kimi közərir. Nə
yaxşı ki, əli hələ qolumuzda olanlarımız
var, nə yaxşı ki, anlayanlarımız - qeyrət, təəssüb
çəkənlərimiz var. Hələ yaşamağa dəyər.
Məhz belə bir zamandan başlayır Nəzakət
xanımın yaradıcılıq yolu, yaradıcılıq
maneraları.
Qeyd etdiyim üç aspektdə - Vətən -
bütöv Azərbaycan, sevgili Ata-Analarımız və dəruni
eşqlə sevdiyimiz, sabahımız olacaq
övladlarımız. Bunlar uğrunda
yaşamırıqmı?..
"Yalana
dönübdü mənim gerçəyim" - deyən xanım şairəmiz
sözünü məntiqə elə "şələ"ləyir
ki, sadəcə və sadəcə başın köksünə
əyilir;
Sənə
"söz vermək"dən sözüm qaralıb...
Xəcalət çəkməkdən üzüm
qaralıb.
Qisas qiyamətə dirənib qalıb.
ğırdı çiynimdə şələ, şəhidim.
Qələbə gününü - zəfər
gününü gətir bizlərə. Nəzakət
xanım yaradıcılığında
torpaqlarımızın işğalı, mənfur
düşmənə nifrət və qələbə arzusu -
bax bu kimi ağrı-acılarla yaşayır bir çox vətən
dərdi çəkənlərlə bərabər şairə
xanımımız. Kaş dediklərin çin
olaydı:
Nə qədər
ağrın var, ağrınla varam,
Yaramdı köksünün altındakı yaran.
Sən
göydən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ şəhidim.
Bu gözəl
xanımın Vətən sevgili böyük ürəyi hərdən
böyür-başımızdakı naqisləri, çirkinləri,
xainləri də görür, onların öz xislətlərinə
məxsus "dəyər"lərini də verir:
Mən
belə görmüşəm dünyanı belə,
Gözü
düzəldən də, qaş düşür yerə,
Paxıllar,
naqislər meydan sulayır
Dilin dinc durmasa, baş düşür yerə.
Nəzakət xanımın dili obrazlıdır, təbiətlə,
aləmlə söhbət etməyi bacarır. Onun mənəvi
dunyası ağıla, məntiqə və dünyanın
gedişatını istədiyi kimi fırladan həyat fəlsəfəsinə
söykənir. Qeyd etdiyim kimi, Qarabağ mövzusu -
Qarabağ dərdi onun yaradıcılığının ana
xəttini -
leytmotivini təşkil edir. Vətənimiz gözəl
Azərbaycana zabit oğlunu təqdim edən bu Ana "Mən
zabit Anasıyam" adlı şeiri ilə bugünkü gəncliyə
örnək olası bir mesaj verir:
Səni Vətənə
verdim,
Sən Vətənin
Oğlusan!
"El
bir olsa, zərbi kərən sındırar" - əgər
bir olsa... Onun yaradıcılığı Ana Vətənə
məhəbbət üzərində köklənib. Səbrin
də bir sonu var. Səbrin sonu nəhayətində
sonsuzluğa gedir, nəhayətində insanı sonsuzluğa
aparır:
Dözməkdən
bezmişəm, ruhum ağrıyır...
Unutmayaq
ki, müqəddəs kitabımızda belə
"düşmənindən al intiqam" yazılır,
bağışla yox! O da ki, ola əzəli,
əbədi düşmənimiz erməni murdarları. Sülh gözəl bir anlayış olsa da, onun
üçün tələsmirlər. Sülh
torpaqlarımız azad edilib qalib gəldikdən sonra bağlanılmalıdır.
Düşməni diz çökdürdükdən
sonra.
İstər Ata-Analarımız, istər
övladlarımız, öncəsi isə Vətənimiz -
bunlar hamısı Tanrı-Allah sevgisindən qaynaqlanan dəyərlərdir. Söykənəcək
yerimizdir bunlar. Yaşama stimul verən də
məhz bu dəyərlərdir. O, öncəsi bir vətəndaşdır.
Bir xanım, bir Ana-Vətənin bir harayıdır,
ana-bacılarımız qarşısında
üzrxahlığımız, eyni zamanda, Xocalı faciəsi
önündəki əlacsızlığımız və
erməni gədalarından alınmamış
intiqamımız - bu intiqam, bu qisas alınacaqdır:
Al
düşmənindən ulu yurdun qisasın,
Uca
dağlar zəfər marşın çalsın!
Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş
"Şəhid zirvəsi" poemasını həyəcansız
oxumaq mümkün deyil. Böyük Azərbaycanın - türkün
düşmənlərindən intiqamımız alınacaq Nəzakət
xanım. Çünki bu torpağın
Mübariz İbrahimov kimi, Ramil Səfərov kimi yüzlərlə
deyil, yüzminlərlə oğulları var, geci-tezi var. Allah
böyük Allahdır. Daşı tərəziyə
düz salandır.
Nəzakət xanımın
yaradıcılığı bir-birinə toxunan daşlar kimi
qığılcım çıxarır. Daş
daşa dəyir, bu Anamız qədər sevdiyimiz Vətəndir.
Bu vətəndaş mövqeyidir. Zaman dərdləri azaltmır Nəzakət
xanım, sadəcə bu dərdlərin üzərinə
tül deyil, ağır daşlar yükləsə belə,
getdikcə İnsan oğlunu laqeydləşməyə
aparır. Üstü qara-qara tüllərlə
örtülən dərdlər qaysaq bağlasa da, unudulmur, elə
hey korun-korun közərir.
Lakin Qarabağ şəxsi dərdlər deyil,
böyük bir elin-obanın dəridir. İnsanlığın
dərdidir, insanlığın faciəsidir. Qarabağ dərdi bəşəri dərddir.
Üstü nə örtüləcək, nə də ki,
qaysaq bağlayacaq... Zaman onu nə unutdura biləcək,
nə də ki yaddaşlardan silə biləcək.
Aç gözlərini Vətən Oğul-Qızları - erməni
əzəli, əbədi, əsri düşmənimizdir:
Deyirlər
hər dərdə məlhəm zamandı,
Bəs zaman dərdləri niyə azaltmır?
Niyə dərd
üstünə dərdlər qalanır,
Zamanın gücümü dərdlərə
çatmır?
Vətən sevgili, ocaq həsrətli - Qarabağ da daxil
olmaqla itkinlərimiz, torpaqlarımız bu xanımın
yaradıcılığının əsas ana xəttidir.
Çıxası
gözlər var Qarabağdadır,
Oymalı
gözlər var, qıraqdan baxır...
Mən öz Ulu Göyçəm üçün
"Ətir var ki, adına Vətən ətri deyilir" demişdim. Nəzakət xanım da bu
deyim daha da sadələşir və adına
"Qarabağ qoxusu" deyilir:
Könlüm
daşa basır ayrılıqları,
Ruhumdan Qarabağ qoxusu gəlir.
Adını
çəkdikcə Mübarizlərin,
Vətən ağrısının yuxusu gəlir.
Bu günlər hər birimiz "Hər vətən
övladı Qarabağlıdır" deyən Nəzakət
xanım, bu, həqiqətən belədir. Milli hissiyat,
milli qürur, daha doğrusu, türkün min illiklərə
enən ruhudur bizləri böyük Azərbaycan edəcək.
Ümid Allahamı qalıb?! Böyük Yaradan da bizlərdən
"səndən hərəkət, məndən bərəkət"
deyir:
Bir əlçim
ümid ver, böyük Allahım,
Silim
göz yaşını Xarı Bülbülün...
Bu nədir, bu bəşəri dərdi mənim
torpağıma, mənim Naxışlı Azərbaycanıma
nədən yüklədin İlahi?! Yolunu azmışlara, qudurmuşlara,
yoxsamı satqınlar-şərəfsizlərmi etdi bu
ağır faciəni Azərbaycana...
Xarı
bülbül qaldı xara, ağladım,
Vətən
bizi bağışlama...
Bu sətirləri
oxuduqca daha da dağlanmırıqmı, daha da
acımırıqmı! Bu qədər əlacsız ola bilmərik. Nəzakət xanım Koroğlu
qeyrətli oğulları səsləyir:
Qəzəbini
öz içində hörən, gəl,
Qara
başın Babək kimi verən, gəl,
Koroğlutək
meydanlara girən, gəl,
Bəlkə
Vətən bağışladı bizləri!
Bizlərdən
kim Anası üçün darıxmır?!.
Kim ömrünü erkən xəzələ
çevirmiş Ana itkisini həyəcansız, göz
yaşlarsız anır? Şəxsən mənim
üçün ən yaralı mövzudur, ən əziz
addır bu ad. İstərdim Anam Süsənbər
xanımın adına, eyni zamanda,
bütün anaların adına ən əsrarəngiz, ən
gözəl sözlər söyləyim. Hiss etdim ki,
özümü itirdim, nə deyəcəyimi belə unutdum. Aləm baş-ayaq göründü gözlərimə.
Ana deyirəm, gözümdən deyil, qəlbimdən,
könlümdən belə qanlı yaşlar
tökülür. Nəzakət xanım necə də
gözəl ifadə edir:
Mənə
necə qıyırsan, xəzəl ömrü
yaşayım!?
Məni qovuşdur yenə Analı anlarıma.
Körpəcə quzu kimi xınalı anlarıma.
Darıxıram ay Ana.
Nəzakət xanımın Analı dünyasına,
obrazlarına, bənzətmələrinə, əzizləmələrinə
heyran qalmıya bilmirsən. Biixtiyar öz
Analı-xınalı dünyamı xatırladım.
Əlinə, dilinə sağlıq Xanım bacım:
Səsin
gəldiyi yerdən gəldi baharım, yazım,
Səsinə qurban olum, hanı o xoş avazın?
"Heç
nə yetmir dadıma, sən düşəndə
yadıma"... Bu hisslər, bu duyğular mənə
nə qədər də tanışdır. Onu da qeyd
edim ki, Nəzakət xanımın
yaradıcılığına yol gəlməyimin səbəbkarı
ilkin tanış olduğum onun
"Darıxıram, ay Ana" şeiri oldu. Daha
doğrusu, mən bir oxucu kimi bu gözəl xanımın bu
duyğulu, Ana həsrətli, Ana nəfəsli poetik nümunəsini
unudulmaz M.Arazın, R.Rzanın, B.Vahabzadının Ana
mövzusu ilə yaxınlaşdırdım.
Və Nəzakət
xanımın bu böyük dahilərin varisi olduğunu
gördüm:
Gördüyüm
hər zərrədə səni axtarıram mən...
Gəl
gözümün işığı, sənsiz
darıxıram mən...
Bu
ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl
aydınlıq gətir sən, bütün qaranlıqlara,
Gəlmək
sənə çətinsə, məni çağır
yanına,
Darıxıram
səninçin, darıxıram ay Ana...
Darıxıram
ay Ana!
Poeziya ruhun yaddaş olsa da, ruh insanına məxsusdur. Əhli-hal aləmin
görünməz tellərlə minilliklərə
bağlantısıdır. Qan
yaddaşı "zərif çiçəyi", ətrafındakı
aləmi tam ayrı bir aspektdə görür və
qavrayır. Bəlkə də bir
çoxlarına müyəssər olmayan zəriflikləri
duyur, duyduqlarından nəticə çıxarır.
Nəzakət
xanımın təbiəti anlayan, duyan ruhu bənövşəni
- təbiətin bu gözəl qızını vəsf edən
Nəzakət xanımın yaradıcılığında bənövşə
adlı gözəl özünəməxsus şəkildə
təzahür edir:
Əzəldən
bahardır sevgilin sənin,
Altından
baxırsan qarın bənövşə,
Yolunda
boynunu büküb durmusan,
Yoxsa vəfasızdır
yarın, bənövşə!?
Dünyanın
vəfasızlığı, etibarsızlığını,
bəzən ağla qaranın yanaşı dayanmasının
nə demək olduğunu bizə anladır və digər
ustadların "bənövşə"si ilə müqayisə
aparmadan Nəzakət xanımın özünəməxsusluğunun
şahidi oluruq bir daha:
Bahara ilk
könül verən sən oldun,
Kolların dibində bitdin bənövşə.
Baharsa
könlünü çox gülə verdi,
Gül-çiçək
içində itdin bənövşə!
Məntiq, fəlsəfə və obrazlar Nəzakət
xanım yaradıcılığının
üstünlüyüdür. Ən böyük fəlsəfəsi
isə Vətən sevgisidir.
Müqəddəs
bildiyim qeyrətin yolu,
Qərənfil geyinmiş yanvardan keçir.
Nəzakət xanım ruhu minilliklərə enən,
minilliklərə bağlı, köklü-köməcli bir
şairə xanım, bir ziyalıdır. Vətən-torpaq,
Ata-Analarımız və övlad sevgisindən qaynaqlanır
onun mükəmməl şeiriyyəti. Torpağının,
yurdunun, gülzar Vətənin dərdini dərdi bilir.
"Səbr elə, ey qora halva bişər səndən"
- bu aforizmi kimlər eşitməyib ki...
Lakin səbr
daşı da bir gün çat verir.
Bir sabah var - ümid atın
Sabahlara çapacağam.
Mən ömrümü sabahlara bağlayıram.
İtirdiyim
hər nə varsa,
Sabahımda
tapacağam!
Bax heyran olduğum da bu inam, bu iman oldu Nəzakət
xanım. Bu yerdə bizlərə "Amin" demək
qalır. Ancaq güc birlikdədir. Əl-ələ verib Gözəl Azərbaycanımızı,
itirdiyimiz Vətən torpaqlarını azad etməli və Azərbaycanın
əbədi var olması üçün mübariz
olmalıyıq. Keçmişinə
söykənən sabahlarımız gözəl olacaq.
Mən sadəcə bu
təvazökar, səmimi xanımın yaradıcılığında
bir qədər gəzişdim. Nəzakət
xanımın ruhunun pıçıltılarını vərəqlədikcə
orada itirilmiş Vətən torpaqlarımızın - o
taylı, bu taylı - cənublu, şimallı Azərbaycan,
Göyçəsiz, Zəngəzursuz, Mehrisiz,
Qarabağsız, Şuşasız, Ağdamsız Azərbaycan,
Laçınsız Azərbaycan - ağrıyan, acıyan
ruhumuz görünür və bu yurd yerlərimiz,
yarımçıq qalan ömürlər, yarıda
qırılmış talelər bizləri intiqama səsləyir.
Xocalı bizləri intiqama
çağırır. Və nəhayət, Nəzakət
xanımın mükəmməl yaradıcılığı
məni apardıqca aparır: "Qorqud soraqlıdır
miraların sənin" xanım bacım! Söykənəcək
yerimiz olan Vətən-Ata, Ana sevdalı, övlad məhəbbətli
bu Vətəni -
Azərbaycan adlı bu ilahi yurdu bizlərə
çox görmə Uca Yaradan! Allah, bu Vətəni bizdən alma! Vətən sevgimiz bizlərə güc
versin ki, düşməndən intiqamımızı alaq və
torpaqlarımızı işğaldan azad edək!
Yazın ilk çarçısı bənövşə adına, Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ən böyük uğurumuz isə qələbə soraqlı qalibiyyətimizi Vətən torpaqlarında qeyd edək. Amin!
Məlahət İSMAYILQIZI
Tədqiqatçı, publisist
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.21;24.