1926-27-ci illərin
"Molla Nəsrəddin" jurnalında Naxçıvan
VƏ YA
HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu Əsgərov 1955-ci il
dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar
kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika
fakültəsini bitirdikdən sonra bir il
"Şərq qapısı"qəzetində, 23 il
Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində
işləyib.
Həmin
müddətdə 4 il "Xalq qəzeti"nin
Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci
ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində
mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri vəzifəsində
çalışıb. Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Əməkdar
jurnalist, Dövlət qulluğunun baş müşaviridir.
Hazırda Naxçıvan MR Səhiyyə
Nazirliyi mətbuat xidmətinin rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik
yazıları dərc olunur."Araz", "Yeni səslər"
almanaxları,
"Heraklın 13-cü
qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə"
(2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci
il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı
kitabları oxuculara təqdim
edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin"
jurnalı haqqında əhatəli tədqiqatını
oxucularımıza təqdim edirik.
Bu il
Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük
yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi
haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə
Cəlil Məmmədquluzadənin 150 illiyinin muxtar respublikada qeyd edilməsi ilə
bağlı Tədbirlər Planını təsdiq edib. Məqsəd öz
zəmanəsinə güzgü tutmağı bacaran, Azərbaycan
ədəbiyyatında satiranı dünya səviyyəsinə
qaldıran Mirzə Cəlil
yaradıcılığının davamlı olaraq tədqiqi və təbliğidir.
Jurnalı
vərəqlədikcə ilk növbədə onun əhatə
dairəsinin
genişliyi diqqət çəkir. "Molla
Nəsrəddin"in satira aeroplanı haralardan keçməyib?
Kəlkəttə, İstanbul, Qroznı, Krasnovodsk, Kislovodsk,
Orenburq, Aşqabad, Tehran və digər şəhərlərdə
onun "desantları"
jurnalla mütəmadi əlaqə saxlayırdılar. Azərbaycanda isə demək olar ki, hər bir
regionda müxbir məntəqələri fəaliyyət
göstərirdi. Naxçıvan ölkəsi
də onlardan biri, bəlkə də birincisi idi.
... O zaman
bu yerlərdə jurnalın yüzlərlə oxucusu Molla əmini
sevir, jurnalın hər nömrəsini intizarla gözləyirdilər.
Lakin bununla belə, "Molla Nəsrəddin"i
sevməyənlər də vardı. Jurnalın 1927-ci ildə çıxan 34-cü
nömrəsində replikada qeyd olunduğu kimi, çünki
onlar "Molla Nəsrəddin"i
oxuyub lənət altında qalmaq istəmirdilər.
"Molla
Nəsrəddin" jurnalında Naxçıvan mövzusu barədə
"Darmayed meydanının behişt kandidatları"
adlı publisistik yazımda müəyyən qeydlərim var. Həmin
yazı kitabın sonrakı səhifələrində yer
alır. Amma Azərbaycan Milli Elmlər Akademiyası Nizami
adına Ədəbiyyat İnstitutu
tərəfindən jurnalın yeni nəşrinin 8-ci
cildini gözdən keçirəndə, Naxçıvan mövzusunun müasir oxuculara hələ
bələd olmayan onlarla nümunələrinə rast gəldim.
Bu cildi vərəqlədikcə, yazı və şəkil,
karikaturalarla tanış olduqca, əsl mahiyyətinə
vardıqca o dövr insanının, ziyalısının
düşüncəsinə, hadisələrə yanaşma tərzinə,
ifadə şəklinə heyrətlənməmək
mümkün deyil. Yeni nəşri vərəqləyərkən
"Molla Nəsrəddin"in bir əsrdən də çox
zaman sonra yenidən "bizi deyib gəldiyi" fikrinə
qapıldım. Bu mənada jurnalı
"Azərbaycan milli-mənəvi düşüncəsinin
öndəri" adlandırmaq fikrimcə, ona verilən ən
layiqili qiymətlərdən biri olardı.
Oxucuların diqqətinə təqdim edilən 8-ci cildə
1926-cı ilin 11-52-ci, 1927-ci ilin 1-38-ci sayları olmaqla cəmi
80 nömrə salınmışdır. Bolşevik hakimiyyətinin
ilk onilliklərində çox kəskin və radikal şəkildə
qoyulan "amansız sinfi mübarizə"nin
getdiyi illər idi bu illər. Jurnalın bu
mübarizədən kənarda dayanması zamanın tələbinə
görə mümkünsüz olsa da, o, sinfi mənsubiyyətdən
daha çox, insani mənsubiyyətə diqqət
ayırır, kapitalist və qolçomaqların ifşası
ilə yanaşı, kommunist və komsomolçuların da
bostanına daş atırdı.
"Molla Nəsrəddin"in Naxçıvan
müxbirləri jurnalın sınaqlardan
çıxmış mütərəqqi ənənələrini
yeni dövrdə də davam etdirirdilər. Yenə də
bədii ifadənin məzmun poetikasının inikası
üçün janr qıtlığı yox idi. Onlar məzmunu
teleqram, xəbər, elan, məktub, sual-cavab, lüğət,
elmi xülasə, poçt qutusu, tapmaca, bilməcə, hesab məsəli
kimi müxtəlif ədəbi, publisistik formalarda təqdim
edirdilər. Əvvəlki kimi, yenə də bu
yazılarda satirik gülüş hakim idi. Amma bu gülüşün hədəfləri də,
mahiyyəti də, ruhu da əsaslı şəkildə dəyişmişdi.
O vaxtadək köhnə dünyaya qarşı yönələn
satira indi yeni həyat quruculuğunun səmimi, ardıcıl,
fəal köməkçisi idi. O vaxt köhnə
dünyanın dağılmasına kömək göstərən
gülüş indi yeni dünyanın qurulmasına, möhkəmlənməsinə
xidmət edirdi.
"Molla
Nəsrəddin"in Naxçıvandan və bölgələrindən
yazan "Vahid", "Mığ-mığ",
"Yetim", "Təyyarə", "Xəstə",
"Avara", "Məyus", "Məza",
"Xox", "Heyf", "Bacıoğlu" və digər ləqəbli imza
sahiblərinin həqiqi kimliyinin aşkarlanmasında tədqiqatçılar
bir sıra çətinliklərlə üzləşirlər.
Şübhəsiz, yeni nəsillər
üçün böyük əhəmiyyət kəsb edən
o fədakar şəxslərin dəqiqləşməsi,
onların ictimaiyyətə tanıdılması çox
önəmlidir. Çünki bu insanlar
ölkənin ən zor anlarında öz mübariz fəaliyyətləri
ilə bir məktəb, bir örnək, bir ideal yarada
bilmişlər.
Onların mövzu dairəsi olduqca genişdir. İdarəetmədə
süründürməçilik, dövlət malını mənimsəmə,
icra orqanlarında rüşvətxorluq, rabitə, təhsil, səhiyyə,
mədəniyyət sistemindəki gerilik, hələ
kökü kəsilməmiş, tərəqqiyə mane olan
köhnəlik qalıqları, bir sözlə, cəmiyyətdəki
kəsir və nöqsanlar "Molla Nəsrəddin"in
Naxçıvan müxbirlərinin tənqid hədəfləri
idi.
Kənddə
uzundurmaçılıq, şəhərdə
süründürməçilik
Mirzə
Cəlil "Cümhuriyyət" və "Vətəndaşlara"
adlı yazılarında cümhuriyyət qəhrəmanlarını
alqışlayır və oxucularını bu cümhuriyyətin
möhkəmlənməsi uğrunda mübarizəyə səsləyərək
yazırdı: "Biz borcluyuq var qüvvəmizi o yolda işlədək
ki, məmləkətimiz sakit və səlamət olsun. Gərək biz müsəlmanlar da hamıya bildirək
və göstərək ki, bizə qaradovoy lazım deyil.
Gərək biz elə rəftar edək ki, qeyri
millətlər içində xəcalət çəkməyək".
Mirzə Cəlilin bu çağırışı bir
ziyalı, bir vətəndaş
çağırışı idi. Bu
çağırış öz xalqını azad və
inkişaf etmiş millətlər cərgəsində görmək
istəyindən yaranmışdı. Lakin
bu istəyin reallaşması enişli-yoxuşlu yollardan
keçirdi. Xüsusən idarəetmə orqanları tərəfindən
Mirzə Cəlilin təbirincə
desək "kənddə uzundurma", "şəhərdə
süründürməçilik"lər, bürokratik idarə
sistemi, dövlət malının mənimsənilməsi,
xurafat və fanatizm halları ölkənin hər yerində
olduğu kimi, Naxçıvandan da yan keçmirdi.
Jurnalın
1927-ci il 15-ci nömrəsində Mirzə
Cəlilin "Molla Nəsrəddin" imzalı baş məqaləsi
elə belə də adlanırdı: "Uzandırma".
Baş məqalədə süründürməçiliyin
hamıya məlum olduğu bildirilir. "Uzandırma"
isə təzə istilahdır və kəndlilərə məxsusdur.
Jurnalın Naxçıvandakı "ən xüsusi" müxbiri Əyyar idarə müdirlərindən yeni
ildə görəcəkləri iş barədə müsahibə alır. Jurnalın
1927-ci il 5 fevral tarixli 6-cı nömrəsində verilən
"Yeni il münasibətilə" adlı müsahibədə
torpaq komissarlığından bildirirlər ki, ölkədə
su məsələsi kəskin və əhəmiyyətli
olduğundan bu işə artıq diqqət yetirəcəklər.
Salvartı gölü hadisəsi bir daha təkrar
olunmayacaqdır. "Ən xüsusi"
müxbir burada hadisə ilə bağlı izahat verir.
Belə ki, keçən il Salvartı
gölünün təmiratına 8 min rublə xərc edilsə
də, sonra gölə su doldurulduqda təmir olunan divarları
davam gətirməyib uçmuşdur. Buna
görə oraya xərclənən paralar boşa
çıxaraq gölün suyuna ümid bağlayan kəndlilərin
də ümidini puça çıxarmışdır.
Yeni ildə bu məsələyə bir də
baxılacaqdır.
Maarif Komissarlığından söyləyirlər ki,
yeni ildən müəllimlərin maaşları vaxtında veriləcək
və hər məktəb üçün buraxılan paralar
öz yerlərinə sərf olunacaqdır. Müəllimlər
arasında münaqişələr ortadan
qaldırılacaqdır.
Duzlaq idarəsində eksklüziv müsahibədə vurğulanıb ki, təzə ildə fəhlələrə indiki kimi edilən fəna rəftarlar ortadan götürüləcəkdir. Mədən müdirlərinin piyaniskalıq ilə deyil, iş və istehsalatı artırmaq işinə diqqət yetiriləcəkdir. Duz mədənlərini təftiş etmək məqsədilə tez-tez Bakıdan Naxçıvana gəlib çoxlu paralar alan müfəttişlərin sayı ixtisar olunacaqdır. Ümumiyyətlə, izafi xərclərin əskilməsinə böyük ümid vardır.
Səhiyyə Komissarlığından isə belə məlumat verirlər ki, təzə ildən səhiyyə idarələrinə təbiblər dostluq nöqteyi-nəzərincə deyil, bilikləri və təcrübələri ölçüsü ilə təyin olunacaqlar. Səhiyyə maarifi işi ayıq doktora həvalə ediləcəkdir.
Müxbir sonda növbəti nömrə üçün kommunxoz, elektrik, sərbəst ticarət, yaylaq səyahəti və bu kimi müsahibələr də alacağını bildirir.
"İdarə" imzalı yazıda (1927,¹25) Naxçıvanda rabitənin bərbad vəziyyəti belə bir sonluqla bitir ki, Allah xeyir eləsin, telefon işləri bu tövr getsə bütün dairələr telefonlaşacaqdır.
33-cü nömrədə "Yazan deyiləm" adlı müxbir Şərur poçt idarəsinin müdirindən yazmayacağını bildirir. Baxmayaraq ki, müdir poçt xidmətçiləri ilə yaxşı rəftar etmir. Saat üçdən idarəni bağlayıb vağzala obedə gedir. Müxbir deyir ki, bunları yazsam, müdir onu padsud verər. Çünki belə halların şahididir. Məsələn, o gün poçt xidmətçilərindən birini "Şərq qapısı"nda tənqid eləmişdilər. O da müxbiri məhkəməyə verib. Göz gördüyündən qorxar. Odur ki, belə halları yazan deyiləm (Amma göründüyü kimi, müdirin enini qoyub uzununa ağlayıb).
Jurnalın 15 yanvar 1927-ci il tarixli 3-cü nömrəsində "Təyyarə" ləqəbli müxbir satira təyyarəsini Naxçıvan Ədliyyə Komissarlığına yendirir və Azərbaycan Ədliyyə Komissarlığı tərəfindən Naxçıvan Ədliyyə Komissarlığına ayrılmış 500 manatın taleyi ilə maraqlanır. Hansı ki, bu vəsait ədliyyə işçiləri hazırlamaq üçün azmüddətli kursların təşkilinə sərf olunmaliydı. Müxbir araşdırmasından məlum olur ki, Naxçıvan komissarı kursun açılmasını artıq bilib və məzkur məbləği özü götürüb xərcləyib. Üstəlik, komissarlıq üçün alınan mebel, yəni sandalya, miz, şkaf və bu kimi şeyləri evinə aparıb. Səbəbi də budur ki, komissar evdə də hökumət işi gördüyündən həmin işlər hökumət stolu üzərində ifa edilməlidir.
"Təyyarə" yazır: "Eh... nə deyim. Naxçıvan başıbəlalı olduğundan buranın işçilərinin də başları bəladan xilas olmayır. Yazıq işçilər! Məzlum işçilər...Molla əmi, Sən imanın sən bunlara yardım et. Mənim bunlara yazığım gəlir".
Bu dumanlı mühitdə isə nə desən əmələ gələr. Azərbaycanın 7 illik şuralaşması günü-aprelin 28-də "Mülhid-tənbəl"in jurnalda çap olunan satirasında olduğu kimi:
Qumar ki oldu şəhərdə,
Çoxlu xuliqan əmələ gələr.
Pişik ki yatdı tövlədə
Bollu siçan əmələ gələr.
... Adam
odur rağib ola,
İşrətə
çox talib ola,
Gər
meşə bisahib ola,
Onda qaban əmələ gələr.
(Ardı
var)
Hüseyn
ƏSGƏROV
Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
metbuat1950@box.az
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.18.