Şəxsiyyətin missiyası və çoxistiqamətli yaradıcılıq   

 

 

 

 

Akademik İsa Həbibbəyli haqqında, onun həyatı, elmi və ictimai-siyasi fəaliyyəti barədə söz demək həm şərəfli və həm də ikiqat məsuliyyətlidir.

 

Böyüklük missiyası, müdrikliyi və ağsaqqal xisləti ilə bir insan kimi İsa müəllim qəlbigeniş, həssas, nikbin, xoşovqatlı, gələcəyə inamlı, ən başlıcası isə Haqqı tanıyandır. İsa müəllimin qəlbində təkcə təzəcə açılmış badam çiçəyinin zərifliyi yox, yeri gələndə Yeni dünyanın başlandığı, kilometrlərlə uzanan, yüksəkliklərdə və dərinliklərdə lövbər salan qayaların sərtliyi, heç vaxt zirvəsindən qarı əskik olmayan uca dağların möhtəşəmliyi, zirvələrdən, daşlardan, qayalardan süzülərək axıb gələn bulaqların saflığı məskən salıb.

İsa müəllim üçün Vətən məhəbbəti təkcə payızın əvvəllərində gürşad yağışdan sonra sərin mehin gətirdiyi tozqarışıq torpaq ətri, ilk baharda yarpaqlardan daha tez açılan şaftalı çiçəyi, yaz çağında Şərurun düzlərində par-par yanan lalələr, yaxud Arpaçay deyil, həm də eyni məhəbbətlə sevdiyi Arazdır, Kürdür, Qızılüzəndir, lap elə Viləşçaydır.

Adama bəzən elə gəlir ki, akademik İsa Həbibbəyli özü əvvəlcədən bilirmiş ki, haçansa Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri seçiləcək. Uzun illər ədəbiyyat nəhəngləri haqqında irihəcmli elmi məqalələr yazması, sadəcə olaraq, "görüntü" imiş, o, daha nəhəng işlərini - layihələrini, planlarını,  konsepsiyalarını, müəyyən edilmiş yeni elmi istiqamətləri əlinin altında "hazır" saxlayıbmış ki, zamanında - Ədəbiyyat İnstitutunun rəhbərliyinə gələndə onları üzə çıxarsın. Qısa müddətdə böyük bir elmi-tədqiqat müəssisəsini sözün həqiqi mənasında ayaq üstə qaldırmaq, qaynar elmi araşdırmalarla dolu həyatına alışdırmaq təşəbbüsünə   az bir zamanda buna nail olmağa başqa cür yanaşmaq sadəcə olaraq məntiqdən kənar görünə bilər. Lakin məntiqi təfəkkür həqiqi gerçəkliyin tam inikasını hələ verə bilməmişdir. Çünki İsa müəllimin bu gün axşam 5 vərəqlə evinə gedib - səhər saat 9-da  iş yerinə həmin yazının təkmilləşdirilmiş 50 səhifəlik variantı ilə gəlməsi (bu, demək olar ki, hər gün ola bilir!) onunla birlikdə çalışanların göz önündə baş verir. Məhz belə çeşidli fəaliyyətinin geniş və əhatəliliyinə görədir ki, onun iş saatı bilinmir. Qəbuluna gələnlər üçün qapıları daima açıqdır; bəzən iş vaxtı çoxdan bitsə də, gələnləri son nəfərinədək qəbul edib onları təmkinlə dinləyir və hər kəsə yardımçı olur. Şənbə, bazar günləri, bəzən lap bayram günləri də onunçün adi iş günlərindən fərqlənmir. Bu səbəbdəndir ki, vaxtdan həddindən artıq dərəcədə qənaətlə, artıq məsrəfə yol vermədən səmərəli şəkildə istifadə edir. Məhz elə buna görədir ki, gözləri önündəki saat daima işlək vəziyyətdədir və saniyəsinəcən dəqiqdir.

Hələ üstəgəl, düşünülmüş tapşırıqlar, elmi axtarışları, tədqiqat işlərini yalnız irəliyə aparan çoxsaylı, sistemləşdirilmiş müddəalar! Belə bir institut direktorunun öz işçilərinə əlavə izahat, danlaq, nəsihət, tövsiyə, yaxud tapşırıq verməsinə bəlkə lüzum da qalmır: artıq hər kəs proqram xarakterli, dəyərli nəticə və elmi əhəmiyyət kəsb edən işini gözəl anlayır: ədəbiyyat çoxcildliyinin müəyyən cildlərinin hazırlanması, dəqiqləşdirilərək təyin edilmiş vaxtda ədəbi, yaxud digər protokol tədbirlərinin keçirilməsi, həmçinin, yubileylər, yerli və xarici elmi konfranslar, elmi sessiya və simpoziumlar, gənclər üçün xüsusi tədbirlərin yüksək səviyyədə təşkili, respublikanın, eləcə də Rusiyadan tutmuş Yaponiyaya qədər bir sıra xarici ölkələrin elmi nəşr və kütləvi informasiya vasitələrində, TV-lərdə çıxışlar... Bu məqsədlə uzun-uzadı bəhs etməyimizə ehtiyac duyulmur. Çünki İsa müəllim bütün nəzəri müddəaları vaxtından xeyli əvvəl düşünüb-daşınmış, heç bir redaktəyə-filana ehtiyacı olmayan konsepsiya, layihə və planlarını yazıb ortaya qoymuşdur. Bu zaman isə hər bir elmi işçi öz üzərinə düşən məsuliyyət hissini dərindən dərk etməyə məsuliyyətlidir.

Ölkənin qanunvericilik siyasətində də Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin meyarı həmişə göz önündə olur. Məhz onun rəhbərliyi və bilavasitə müəllifliyi ilə ərsəyə gəlmiş "Elm haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" Qanunlar artıq qüvvəyə minmişdir. Milli Məclisin Toponimiya Komissiyasının sədri kimi də akademik İsa Həbibbəylinin fəaliyyəti göz önündədir. Ölkənin ali qanunvericilik orqanının iclaslarında hər hansı həyati əhəmiyyətli dövlət sənədinin qəbulu zamanı onun verdiyi təkliflər sadəcə olaraq müzakirə edilmir, çox vaxt müddəalara və maddələrə çevrilir. Seçicilərinə xüsusi vaxt ayırıb onlarla ayrıca görüşməyi, müraciət edən vətəndaşlara hər cür köməklik göstərməyi isə təkcə deputatlıq statusundan deyil, İsa müəllimin ümumiyyətlə milli mənsubiyyətindən və nüfuzlu bəy nəslindən irəli gələn keyfiyyət olduğunu hamı bilir.

İsa müəllimin ailəcanlılığı, övlad məhəbbəti bu qədər gərgin işlərinin müqabilində bəlkə də bir göz qırpımında Naxçıvana uçub nəvələrini bağrına basması (Bakıdakılar isə hər axşam yanındadır), onları yanına alıb heç olmasa bir-iki saatlığa birlikdə olması, nəvələrinin doğma nəfəsini duyması ilə də ölçülə bilər. Bu il ali məktəblərə qəbul imtahanlarında nəvəsinin yüksək bal toplayaraq ADA Universitetinə qəbul olunması isə nəvə məsuliyyəti ilə yanaşı, tam əminliklə demək olar ki, həm də bir baba öyüdünü özündə ehtiva edir.

Onun ana məhəbbətinin isə min illik yaşı var: mötəbər məclislərdə belə, ani də olsa vaxt tapıb telefonla "Gözümün nuru, başımın tacı ana! Verdiyin tərbiyəyə görə hər gün qarşında baş əyirəm" - söyləyən İsa müəllim anasının yuxusuna girdiyini, "Bəlkə nəsə olub?" sualına lap uşaq kimi "Dişim ağrıyırdı ana, ürəyinə düz damıb. Daha sağalmışam, vaxt tapan kimi gələcəyəm" - kimi cavab verməsini köməkçisi kimi bəlkə yeganə olaraq mən eşitsəm də, həmin əhvalatı oxucu üçün fəxrlə yazıram və təkrarlayıram: bu sevginin düz min illik yaşı var!

Azərbaycan ədəbiyyatının elə bir görkəmli ədəbi siması yoxdur ki, akademik İsa Həbibbəyli onun haqqında heç olmasa məqalə yazmamış olsun. Şifahi xalq yaradıcılığından başlayan ədəbiyyatımızı bugünümüzə qədər tədqiq edib ümumiləşdirən İsa müəllimin çoxşaxəli yaradıcılığı da elə şifahi xalq ədəbiyyatının təhlilindən başlayır.  Hələ orta məktəbdə oxuduğu zaman Arpaçayın vəsfi ilə bədii yaradıcılıqda tanınan, "Şərq qapısı", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi"... qəzetlərində müxtəlif mövzulu şeirləri ilə çıxış edən, sonralar bu işi arxa plana keçirən İsa müəllim heç də təsadüfi deyildir ki, AMEA-nın tarixində ilk dəfə olaraq yazılıb səsləndirilən "Akademiya Marşı"nın da müəllifidir. "Akademiya Marşı" bütövlükdə Milli Elmlər Akademiyasının poetik mahiyyəti və gələcək manifestidir. İsa Həbibbəylinin özünün xalqın və dövlətin inkişafında elmin roluna baxışı "Akademiya Marşı"nda ifadə edilmişdir. Eyni zamanda, İsa Həbibbəylinin ssenarisi əsasında və onun özünün rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası haqqında film çəkilib nümayiş etdirilmişdir.

Akademik İsa Həbibbəyli elmə də gənc yaşlarından gəlmişdir. Digər yazılarını demirəm, təkcə böyük azərbaycançı ədib, dahi mütəfəkkir Cəlil Məmmədquluzadə ilə bağlı yazıb çap etdirdiyi cild-cild əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslıq elminə möhtəşəm töhfə vermiş, Azərbaycan mirzəcəlilşünaslığında öz qranit möhürünü vurmuş İsa müəllimin mövzuları həm ideya, həm də məzmun etibarilə həddindən artıq geniş coğrafi ərazini, dərin və rəngarəng təfəkkür dairəsini əhatə edir.

Akademik İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyətindən danışarkən təkcə bir faktı qeyd etmək oxucuda dolğun təsəvvür yaradar: İsa müəllim özünün şah əsəri hesab olunan Naxçıvan Dövlət Universitetində rektor olduğu 17 il ərzində  bu ali təhsil müəssisəsini böyük bir coğrafiyada tanıtmış, regionda fəaliyyət göstərən bir institutu dünyanın ən qabaqcıl universitetləri sırasına çıxarmağa müvəffəq olmuşdur. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə nəinki ayaqlaşır, hətta birbaşa rəqabət apara bilir və nəticə etibarilə bu gün də bəzi fəaliyyət istiqamətləri ilə ön sıralarda qərar tutur.

İsa müəllim çox məhsuldar ədəbiyyatşünas-tənqidçidir. Onun 2013-2019-cu illər arasında yazıb nəşr etdirdiyi elmi məqalə və monoqrafiyalar (bu sıraya günün mövzusu ilə əlaqədar olan müxtəlif səpkili müsahibə, çıxış və publisistik məqalələri daxil etmirik) Azərbaycanda təkcə humanitar və ictimai elmlər sahəsində deyil, eləcə də digər elmi istiqamətlər üzrə tədqiqat aparan elmi əməkdaşların hamısının işindən çox saydadır. Mən daha əvvəlki illəri hesablamamışam, lakin tam əminliklə deyə bilərəm ki, bu göstərici Azərbaycan alimləri arasında ən yüksək nəticədir. Təsadüfi deyildir ki, təkcə 2016-cı ildə yazıb çap etdirdiyi elmi əsərlərinin yalnız mənbələrinin qeyd olunduğu "Akademik İsa Həbibbəyli. Biblioqrafiya-2016" kitabı nəşr olunmuşdur. Mən hələ indiyədək heç bir alimin bir illik əsərlərinin toplandığı belə bir biblioqrafiyaya rast gəlməmişəm. Onun il ərzində yazdığı əlyazmalarını bir yerə toplamış olsaq, sözün həqiqi mənasında bir dolu maşının yükündən artıq olar.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi təkcə akademiyada deyil, ümumilikdə ölkəmizdə ictimai və humanitar elmlərin yeni epoxada - müstəqillik dövrünün aşkara çıxardığı müasir tələblər səviyyəsində inkişaf etdirilməsi məqsədilə taleyüklü məsələlərin həllində var qüvvəsi ilə çalışır. Təkcə bir faktı demək yerinə düşür ki, Nizamnamə Komissiyasının sədri kimi onun AMEA-nın yeni Nizamnaməsini tamamilə fərqli yanaşmalarla müasir dünyanın çağırışlarına cavab verən strukturda işləyib hazırlaması bu sənədin Akademiyanın Ümumi yağıncağında müzakirə edilərək qəbul olunması, daha sonra isə ölkə Prezidenti tərəfindən təsdiq edilməsi elm aləmində mühüm hadisə sayılır. Yaxud ictimai və humanitar elmlər sahəsində dövlətin bu sferada apardığı siyasətin davamı olaraq yeni elmi istiqamətlərin yaradılması və müzakirəyə çıxarılaraq tətbiq edilməsi əhəmiyyətli elmi hadisələr kimi qiymətləndirilməlidir. O, Humanitar və İctimai Elmlər üzrə alimlərin reytinq prinsiplərini hazırlamış, ilk dəfə 2013-cü ildə Bölmələr üzrə 14 elmi-tədqiqat institutunun reytinq siyahısı müəyyən olunmuşdur.

İsa müəllimin müəllifi olduğu və ümumiyyətlə ilk dəfə meydana çıxan Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasıda müstəqillik dövrünün tələbləri üzrə hazırlanmış proqram səciyyəli mükəmməl elmi dəyərləndirmədir. Bu konsepsiyalar elmi mahiyyəti etibarilə bir çox monoqrafik tədqiqatlar toplularından da belə daha qiymətli sayıla bilər. Ölkə miqyasında geniş elmi diskussiyalara səbəb olmuş, bir sıra dövlət, yaxud özəl mətbuat orqanlarının səhifələrində, elektron mediada təkrar-təkrar işıq üzü görmüş bir sıra dəyərli konseptual məqaləsi son illərin ölkə elmində təsdiq üçün qəbul edilməsi qaçılmaz olan fundamental tədqiqat layihələri kimi xarakterizə olunur. Akademiya rəhbərliyində vitse-prezident kimi fəaliyyəti ilə yanaşı, İsa Həbibbəylinin elmi əsərləri və ideyaları Azərbaycanda akademik elmi fikrin formalaşması və inkişafına öz dəyərli töhfələrini verməkdədir. Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər üzrə vitse-prezidenti kimi İsa Həbibbəyli bu geniş sahənin müstəqil dövlətçilik təfəkkürünün işığında yenidən qurulması, bu istiqamətdə islahatların keçirilməsi üçün var qüvvə ilə çalışır. Akademiyada qısa müddətdə bu sahədə bir neçə elmi-tədqiqat müəssisələrinin yaradılması, institutların demək olar ki, hamısında yeni şöbələrin yaradılması, yeniləşməsi prosesi İsa Həbibbəylinin də adı və fəaliyyəti ilə bilavasitə bağlı olan məsələlərdir.

İsa müəllim üçün Müstəqil Milli Dövlətçilik siyasəti hər şeydən önəmlidir. Ümummilli lider Heydər Əliyevin elmi əsaslara söykənən dövlətçilik siyasətini əldə rəhbər tutaraq onu daima təbliğ və təşviq edən akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla və yaradıcılıqla irəliyə doğru aparmasından ilham alır və dövlətçiliyin bu məlum istiqamətlərini təkcə akademik sferada deyil, ictimaiyyət arasında təbliğ edir, eləcə də xarici ölkələrdə keçirilən mötəbər yığıncaqların tribunalarından sistemli şəkildə, özü də şərəflə bəyan edir. Məhz bu siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Respublikası uğurlu strateji xətt götürmüş, inkişafın Azərbaycan modelini yaradaraq bu mexanizmi böyük bacarıqla təsdiq etmişdir. Azərbaycançılıq ideyası da məğzini təşkil edən həmin siyasətin müəllifinin Ulu öndər Heydər Əliyev olduğunu fəxrlə vurğulayan İsa Həbibbəyli bu uzunmüddətli konsepsiyaların irəliyə doğru daha da inkişaf etdirilməsi naminə daima yorulmaq bilmədən mübarizə aparır. Akademik İsa Həbibbəylinin hazırladığı "Azərbaycançılıq ideologiyası konsepsiyası" müstəqil dövlətçilik təfəkkürünün daha da inkişaf edib möhkəmlənməsinə ölkə üzrə elmi borcu və xidmətidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında" kitabı da onun yaxından iştirakı və müəllifliyi ilə hazırlanmışdır. "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin ideya rəhbəri və həmin kitablarda toplanmış bir çox fundamental məqalələrinin müəllifi də məhz İsa Həbibbəylidir.

Tarixə Heydər Əliyev partiyası kimi daxil olmuş Yeni Azərbaycan Partiyasının ideallarının inkişaf etdirilməsində xüsusi xidmətləri olan İsa Həbibbəyli həmişə bu ideallarına sadiqliyi ilə seçilir və cəmiyyətdə tanınır. Və sabit mövqeyi onu cəmiyyət həyatında mükəmməl söz sahibinə çevirmişdir. Onun Yeni Azərbaycan Partiyası Siyasi Şurasına və YAP Yasamal rayon təşkilatının İdarə Heyətinə üzv seçilməsi də dediklərimizə əyani sübutdur. İsa Həbibbəyliyə görə Heydər Əliyevçilik və Yeni Azərbaycançılıq bir-birindən ayrılmazdır.

Akademik İsa Həbibbəyli AMEA rəhbərliyində də, institut direktoru kimi fəaliyyətində də gənc alimlərə xüsusi diqqət yetirir, onların elmi yaradıcılığını xüsusi diqqət və nəzarətdə saxlayaraq müəyyən istiqamətlərdə formalaşmalarına zəmin hazırlayır. O, düşündüklərini tətbiq etmək bacarığının sahibidir. Lap bir neçə il əvvələ qədər əllərində elmi araşdırmaları əhatə edən məqalələri ilə aylarla, bəzən də illərlə nəşr "növbəsini" gözləyən gənclər üçün yaşıl işıq yandırılmışdır. Təsadüfi deyildir ki, Ədəbiyyat İnstitutunda nəşr edilən elmi jurnalların qapıları gənc alimlərin üzünə həmişə açıqdır. "Ədəbiyyat məcmuəsi"nin xüsusi bir nömrəsinin gənclərə ayrılması isə akademiya həyatında unudulmaz tarixi hadisə kimi yaddaşlara köçmüşdür. Belə bir başlanğıc 75 yaşlı akademiya üçün ilk sayılır, çünki bu səpkili nəşrə hələ heç bir elmi-tədqiqat müəssisəsində rast gəlinməmişdir. Gənc alimlər üçün xüsusi nömrənin hazırlanması təqdir olunması ilə bərabər, həm də öyünüləsi tarixi nailiyyətdir. Bundan başqa, Nizami adına Ədəbiyyat İnstitutunda 2014-cü ildən bəri hər il üzrə "İlin gənc alimləri" müsabiqəsinin keçirilməsi və qaliblərə diplomların təqdim edilməsi də Akademiyanın həyatında yeni hadisədir.

Akademik İsa Həbibbəyli bir sıra beynəlxalq elmi qurumlarla yanaşı, Türk dünyası ilə də sıx əlaqəli fəaliyyətdədir. Onun Beynəlxalq Türk Akademiyasının bütün tədbirlərində Azərbaycanı ali səviyyədə təmsil etməsi, bu qurumun mötəbər toplantılarında yaxından iştirak və çıxış etməsi qürurverici hal kimi dəyərləndirilməlidir. Müxtəlif vaxtlarda o, Türk respublikalarında keçirilən bir sıra beynəlxalq elmi konfranslarda Azərbaycan dövlətini uğurla təmsil etmişdir. Beləliklə, Beynəlxalq Türk Akademiyası ilə bərabər, Türkdilli ölkələrin elə bir tədbiri olmur ki, akademik İsa Həbibbəyli xüsusi dəvət əsasında orada yüksək rəhbərlik səviyyəsində təmsil olunmasın və türk dünyası elminin inkişafına töhfə verməmiş olsun. Fəxrlə qeyd etmək yerinə düşür ki, türkdilli ölkələr üzrə ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyasının da müəllifi akademik İsa Həbibbəylidir. Həmin konsepsiya Qazaxıstanda türk ölkələrini təmsil edən görkəmli ədəbiyyatşünaslar arasında geniş müzakirə edilmiş və qəbul edilmişdir.

Əlbəttə, akademik İsa Həbibbəylinin elmi, elmi-publisistik, ictimai-siyasi, bütövlükdə isə ölkənin humanitar siyasət sferasında fəaliyyəti, deputatlığı, pedaqoqluğu, rəhbərlik bacarığı, alim nüfuzu və s. haqqında daha ətraflı tanış olmaq üçün sadəcə olaraq, internet şəbəkəsinə daxil olub qlobal axtarış sistemində "Akademik İsa Həbibbəyli" sözlərini yazmaq kifayət edər. Belə bir əməliyyatdan sonra yüzlərlə material kompüterin ekranında pəncərə-pəncərə açılacaq.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin çoxcildlik əsərlərinin yeni-yenicildləri işıq üzü görür. İsa müəllimin çox istiqamətli və hərtərəfli yaradıcılıq fəaliyyəti bütün dolğunluğu ilə bu cildlərdə əhatə olunur. "Nuhçıxandan Naxçıvana" kitabında toplanmış əsərləri isə həm akademik İsa Həbibbəylinin ciddi elmi axtarışlarını, həm də həyatının mənasını və ümumiyyətlə insanın doğma torpağa bağlılığının mahiyyətini çox dolğun şəkildə ifadə edir. İsa Həbibbəylinin doğma torpağa bağlılığındakı əbədi borc hissi örnəkdir.

Akademik İsa Həbibbəyli dünyagörüş etibarilə azərbaycançıdır. O, azərbaycançılığın təkcə elmini, ideologiyasını öyrənmək, yaxud da təbliğ etməklə qalmır, elm adamı kimi də, vətəndaş olaraq da əsl azərbaycançı bir ömür yaşamaqda davam edir.

70 yaşınız mübarək olsun, İsa Müəllim!

Sizə uzun Ömür, yeni-yeni Həyat və Yaradıcılıq uğurları arzu edirik!

 

 

Ağahüseyn ŞÜKÜROV

 

525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.16-17.