Cavid ocağının istedadla
nurlanmış övladı
Azərbaycan xalqı arasında geniş
yayılmış "Ot kökü üstə bitər"
məsəli dahilərin dahi övladı olanda işlənir. Təbii ki, Azərbaycanda
belə hadisələr çox tez-tez təkrar olunduğu
üçün bu deyim də yaranıb.
Bu il 100 yaşı tamam olan Ərtoğrol Cavid
1919-cu il oktyabr ayının 22-də dünyaya gəlib. Hüseyn Cavidlə ömür-gün yoldaşı
Mişkinaz xanım Cavidin üç övladının
(Tumrus - 1921-ci il 23 avqust, Turan - 1923-cü il 2 oktyabr)
böyüyü Ərtoğrol Cavid olub. Gənc
ailənin ilk övlad nubarı kimi Ərtoğrol Cavid ilk
gündən ata-ana qayğısı, nəvazişi, məhəbbəti
ilə əhatə edilib. Amma tale ona həm
də Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyini
vermişdi. Bəlkə də
tay-tuşlarının çoxu bu baxımdan Ərtoğrola
həsəd aparırdı. Amma
Ərtoğrol Cavidin özü də, ona həsəd aparanlar
da hələ bilmirdilər ki, Cavid övladı olmaq xoşbəxtliyi
tezliklə bir nəslin, bir ocağın, xüsusən də
Ərtoğrol Cavidin faciəsinə çevriləcəkdir.
Məhz bu cəhət - Hüseyn Cavidin oğlu
olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin
qısa, mənalı ömrünün tam mənzərəsini
əks etdirirdi.
Ərtoğrol
Cavidin 1939-cu ildə öz əli ilə yazdığı
qısa tərcümeyi-halda oxuyuruq:
"AVTOBİOQRAFİYA
Mən,
Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda
Bakı şəhərində doğulmuşam.
Bu günə kimi daimi yaşayış yerim Bakı
şəhəridir.
1926-27-ci il Azərbaycan Darülmüəllimatı
yanındakı nümunə məktəbinə daxil olub,
1927/28-ci il (2-ci sinifdə oxurkən) 8-ci şura məktəbinə
(indiki 1 nömrəli tam orta məktəbə) dəyişilmişəm.
1935-36-cı illərdə tədris zərbəçisi
kimi oranı bitirmişəm. 1936-37 tədris
ilində Az.P.İ-ya daxil olub, indi dil və ədəbiyyat
fakültəsində oxumaqdayam.
Valideynlərimə gəlincə, atam Hüseyn Cavid
1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə
məşğul olub (revolyusiyadan sonra da davam etdirmiş).
Müəllimlik stajını nəzərə
alaraq ona personal pensiya verəcəkdilər. Lakin onun əsas sənəti
yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən,
mənə hələ də məlum olmayan səbəblərlə
Az.XDİK tərəfindən həbs edilmiş. 1939-cu ildə
8 il hüquqdan məhrumluqla məhkum
edilmiş. Anam isə ibtidai savad almış bir
qadındır, daima ev təsərrüfat
işlərini aparmış. Son il
tikiş artelində işlədi (IV 1938-dən 1939/VII qədər),
lakin əlləri ağrıdığından və gözləri
zəif gördüyündən işi tərk etdi.
Ailəmiz
3 üzvdən ibarətdir: Anam, bacım və mən.
Heç birimiz seçki hüququndan məhrum edilməmişik.
Maddi vəsait
mənim stependiyam və iş maaşımdır.
Dərs oxumaqla bərabər, ailə şəraitinin
ağırlığı ilə mən
Az.Döv.Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat
Kabinetində elmi işçi kimi işləməkdəyəm".
Orta məktəbi uğurla başa vurduqdan sonra
Ərtoğrol Cavid 1936-cı ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə qəbul
olunur. Bununla da onun həyatında və taleyində yeni mərhələ
başlayır. O, burada ədəbiyyatı artıq
sistemli və kompleks şəkildə öyrənməyə
imkan tapır. O, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda oxuyarkən Azərbaycan Dövlət
Konservatoriyasının nəzdində qüdrətli sənətkar
Bülbülün rəhbərlik etdiyi musiqi Elmi Tədqiqat
Kabinetində (METK) işə düzəlir. 1932-ci il iyul
ayının 29-da yaradılmış kabinetin işində
Bülbül, Ü.Hacıbəyov, S.Rüstəmov,
C.Qaryağdı, S.Şuşinski, Q.Primov, M.Mansurov, L.M.Rudolf
kimi yaşlı sənətkarlarla yanaşı, Q.Qarayev,
C.Hacıyev, T.Quliyev, Z.Bağırov və başqa gənclər
də fəal iştirak ediblər. Azərbaycanın
xalq musiqisinin toplanmasında, nota alınmasında, musiqi
folklorşünaslığının inkişafında
mühüm rol oynayan kabinetdə Ə.Cavid də səmərəli
fəaliyyət göstərməyə başlayır.
Ərtoğrol Cavid 1941-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olur. Ali musiqi məktəbinə daxil
olana qədər Ə.Cavid öz üzərində ciddi şəkildə
çalışır, anketdə yazdığı kimi, iki il işləyir, musiqi təhsilini daha da
artırır. Musiqi təhsilini o dövrdə
Bakıda tanınmış musiqiçi pedaqoqlardan biri
sayılan Rudolfdan alması onun bir musiqişünas kimi
formalaşmasında böyük rol oynayır. Şagird-müəllim arasında elə isti və səmimi
münasibət yaranmışdı ki, Ə.Cavid kimi diqqətcil
bir gənc onun xeyirxahlığını unuda bilməzdi.
1941-ci ildə Ə.Cavid "Skripka üçün
poema"sının əlyazmasında müəlliminə
minnətdarlıq əlaməti olaraq yazmışdı:
"M.R-fa ithaf".
Ərtoğrol
Cavid Konservatoriyada oxuyarkən "Məhsəti",
"Marş", "Eşq olsun", "Leylanın vəsfi",
"9 variasiya", "Səninlə olaydım" və
başqa musiqi əsərlərini yazmışdır.
Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi
parlayıb tez də sönən Ərtoğrol Cavid
çoxyönlü istedadı ilə diqqəti çəkməkdədir. O, həm atası dahi Hüseyn Cavid kimi şair, həm
müəllimləri dahi Bülbül və Üzeyir bəy
Hacıbəyli kimi istedadlı musiqişünas və bəstəkar,
həm də öz dövrünün böyük ümidlər
verən musiqi və folklor tədqiqatçısı
olmuşdur. Etnoqrafiya sahəsində də Ərtoğrolun
xüsusi bilik və qabiliyyətinin olduğunu söyləmək
üçün hazırda Azərbaycan Milli Elmlər
Akademiyası Hüseyn Cavidin Ev Muzeyində saxlanılan, həm
özünün, həm də başqa yoldaşlarının
topladığı çoxsaylı folklor materialları haqda tədqiqat
işləri əsas verir. Atası Hüseyn Cavid kimi, fəlsəfi
dünyagörüşünün
daşıyıcısı olan Ərtoğrol Cavid,
yaşının və təcrübəsinin az olmasına baxmayaraq,
məşğul olduğu elm və sənət sahələrində
heyrətamiz bir erudisiya göstərmiş və toplama
materiallarına yazdığı lakonik qeydlərində
peşəkar, böyük ümidlər bəxş edən tədqiqatçı
alim olduğunu sübuta yetirmişdir.
Əlbəttə,
hər şeydən öncə, Ərtoğrol Cavid peşəkar
bir musiqiçidir və musiqi nəzəriyyəsi, musiqi əsərlərinin
yaradıcılığı, eləcə də musiqi folkloru
sahəsində onun irəli sürdüyü fikirlər və
ərsəyə gətirdiyi əsərlər bu gün də
öz aktuallığını və əhəmiyyətini
qoruyub saxlamaqdadır. Örnək
üçün onun klassik musiqi sahəsindəki əsərlərini
göstərmək kifayətdir. Bu əsərlər
Hüseyn Cavidin Ev Muzeyi tərəfindən
nəşr edilmiş və kompakt disklərdə dinləyicilərə,
eləcə də cavidsevərlərə
çatdırılmışıdır. Bu disklər
Ərtoğrol Cavidin peşəkar bir bəstəkar kimi necə
böyük ümidlər verdiyini və həyatı
yarımçıq kəsilmədiyi halda, öz müəllimi
Üzeyir Hacıbəyli səviyyəsinə yüksələ
biləcəyini, hətta onun çiyinləri üzərində
ucala biləcəyini söyləməyə əsas verir.
Hər
bir istedadlı adam kimi, Ərtoğrol
Cavidin qabiliyyəti də çoxyönlü olmuşdur. Onun qələmindən və fırçasından
çıxan bir sıra portretlər, yazdığı
şeirlər belə deməyə əsas verir ki, ömür
vəfa etsəydi, bu sahələrdə də müəyyən
uğurlar qazana bilərdi. Ancaq
Ərtoğrolun əlimizdə olan qısa tədqiqatları,
onda elmi təfəkkürün və analitik düşüncənin
də kifayət dərəcədə güclü olduğunu
göstərməkdədir. Hər şeydən
öncə, Ərtoğrolu bu baxımdan tədqiq etdiyi
materiala sağlam və ayıq bir araşdırıcı
münasibəti gös-tərməsi, predmetə məntiqi
yanaşma qabiliyyəti nümayiş etdirməsi fərqləndirir.
Yüzlərlə səhifə materialı nəzərdən
keçirən gənc tədqiqatçı, bunlara aludəçilik
göstərmir, həqiqi estetik və ideoloji dəyəri
yalançı, saxta dəyərlərdən, xalqın
etik-estetik tərbiyəsinə xidmət edə biləcək
örnəkləri ziyanlı nümunələrdən
ayırd edə bilir.
Ərtoğrol Cavid həm də klassik mətni duyan,
orijinala sədaqət göstərən, onu bərpa etməyin
yollarını bilən bir mətnşünas kimi diqqəti cəlb
edir. Xüsusən, el aşıqlarının
yaradıcılığına yaxşı bələd olan gənc
tədqiqatçı, ona qədər çap olunmuş mətnləri
də gözəlcə bilməsi ilə seçilir.
Hüseyn
Cavidin 1956-cı ildə - ölümündən, daha
doğrusu, şəhidliyindən 15 il keçərkən bəraət
almasından sonra bütün Cavidlər də bəraət
aldılar; Hüseyn Cavid haqqında qədirşünaslıq
əsərləri meydana çıxdıqca onun istedadlı
oğlu da bu qədirşünaslıq prosesindən kənarda
qalmadı. Ancaq Hüseyn Cavidin həqiqi bəraəti
xalqımızın dahi oğlu Heydər Əliyevin 1981-ci ildə
onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi
qərardan sonra baş tutduğu kimi, Ərtoğrol Cavidin də
həqiqi bəraəti və onun haqqında layiq olduğu və
haketdiyi sözlərin deyilməsi və yazılması məhz
keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşdi.
Beləliklə,
Ərtoğrolşünaslığın tarixi o qədər
də qədim olmayıb, 40 ilə yaxın bir dövrü əhatə
edir. Bu müddət ərzində
Ərtoğrol Cavidin həyat və
yaradıcılığı görkəmli
ziyalılarımızın və tədqiqatçılarımızın
araşdırma və dəyərləndirmə obyektinə
çevrilmişdir.
Buna
görə də biz Ərtoğrol Cavidin çoxyönlü
fəaliyyətinin bütün yönlərinə, onun təkraredilməz
şəxsiyyətinə bir daha toxunmayaraq, yalnız Hüseyn
Cavidin Ev Muzeyində saxlanan materiallar əsasında
onun folklorşünaslıq irsinin bəzi cəhətlərinə
işıq tutmaqla kifayətlənəcəyik.
Ərtoğrol Cavidin folklor materiallarına
yazdığı rəylər bir tərəfdən şərh,
digər tərəfdən elmi tədqiqat xarakteri
daşıyır. Bir qayda olaraq, gənc tədqiqatçı
axırda öz tövsiyələrini də verir. Hələ Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat
fakültəsinə daxil olduğu 1936-cı ildən
özünü istər tələbə yoldaşları, istərsə
də müəllimləri arasında peşəkar filoloq,
mütəfəkkir bir gənc kimi göstərən
Ərtoğrol Cavid 1938-ci ildə ilk elmi əsəri sayıla
biləcək "Məktəb və ailə"
referatını yazmışdı. Öz üzərində
durmadan çalışan, xüsusən, atasının həbsindən
sonra məsuliyyətini ikiqat artıran Ərtoğrol, III-IV
kurslarda oxuyarkən, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan
Dövlət Konservatoriyasının nəzdində SSRİ
Xalq artisti Bülbülün 1932-ci ildə yaratdığı
və rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində,
məhz professor Bülbülün himayəsi altında işə
başlayır. Burada işləyərkən
Ə.Cavid daha çox musiqi nəzəriyyəçisi kimi fəaliyyət
göstərərək müxtəlif musiqi əsərlərinə,
eləcə də folklor musiqisi örnəklərinə rəy
yazır və bu lakonik rəylərdə hər bir əsərin
layiqli qiymətini verməyə nail olurdu. Eyni
səriştəni və peşəkarlığı biz
Ə.Cavidin folklor materiallarına yazdığı
yığcam rəylərdə görürük.
Bu zəngin xəzinə gənc tədqiqatçı tərəfindən
rəyləşdirilərək öz qiymətini
almışdır. Bunların arasında xalqın içərisindən
toplanmış nağıllar, dastanlar, müxtəlif
janrları əhatə edən aşıq poeziyası örnəkləri,
bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları,
muğam mətnləri, oyun havaları, toy və yas mərasimlərinin
təsviri və s. folklor-etnoqrafiya materialları vardır.
Bütün bu rəngarəng materiallara eyni səviyyədə,
eyni səriştədə rəy yazmaq üçün insan
doğrudan da dərin erudisiyaya, yüksək savada malik
olmalı idi ki, bütün bunlar 20 yaşlı gənc
Ərtoğrolda kifayət qədər var idi. Məsələn,
bir yazısında toplanmış materiala əsaslanaraq toy adətlərindən
danışan Ərtoğrol Cavid, özünü həm də
Azərbaycanın ərazisini, inzibati-ərazi
bölgüsünü yaxşı tanıyan, müxtəlif
rayonların analoji adətlərinə, bu adətlərin kənd
və şəhər fərqlərinə dərindən bələd
olan bir el ağsaqqalı kimi göstərir.
Bu materialların içərisində otuz dörd xalq
mahnısı nota salınmışdır ki, bu da mədəni
sərvətlərimizi gələcək nəsillərə
çatdırmaq yönümündə Ərtoğrol Cavid tərəfindən
atılmış ilk addım və böyük xidmətdir.
Materialların
böyük bir qismini xalqımız arasından
toplanmış nağıl və dastanlar, aşıq
poeziyası örnəkləri təşkil edir ki,
Ərtoğrol Cavid bu sahədə də öz erudisiya və
biliklərini həmin folklor materiallarına yazdığı
rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi
fikirlərdə yüksək səviyyədə ifadə etməyə
nail olmuşdur. Ən çox razılıq doğuran odur ki,
gənc alim, həmin materialları yalnız dar bir xronoloji
çərçivədə deyil, tarixi-di-daktik perspektivdə
nəzərdən keçirməyə və qiymətləndirməyə
üstünlük verir ki, bu da Ərtoğrol Cavidin Azərbaycanın
zəngin folklor irsinə mücərrəd bir anlayış
kimi deyil, tarix boyu hərəkətdə və zənginləşməkdə
olan və gənc nəsillərin vətənpərvərlik
ruhunda, milli-mənəvi dəyərlərə hörmət
ruhunda tərbiyəsi, milli mentaliteti dərindən qavramaq
yönündə necə böyük əhəmiyyət
daşıya biləcəyini sayıq bir vətəndaş
kimi anlayaraq təbliğ etməyə çalışır.
Hüseyn
Cavidin Ev Muzeyində saxlanan folklor materiallarının bir qismi
orijinaldır, bir qisminin variantları çap olunub; ancaq onlar əsas
etibarilə bir də ona görə qiymətlidir ki, onları
böyük Cavidlər nəslinin istedadlı nümayəndələrindən
biri olan Ərtoğrol Cavid bu gün də əhəmiyyətini
itirməyən elmi aparatura ilə təmin edib. Bütün
bu materiallara yazılmış Ərtoğrol Cavid rəylərinin,
elmi fikirlərinin əyani folklor materialları kontekstində
çağdaş oxucuya çatdırılması, zənnimizcə,
müstəqil respublikamızda gedən ədəbi-mədəni
inkişafın göstəricilərindən biri və Cavidlər
irsinə verilən qədirşünaslıq örnəyi
olacaqdır. Xüsusən, müstəqil
dövlətçiliyimizin etibarlı əllərdə
gündən-günə möhkəmləndiyi indiki
tarixi-siyasi şəraitdə xalqımızın qeyri-maddi mənəvi
irsinin dünya ictimaiyyəti tərəfindən daha
böyük qədirbilənliklə qəbul edildiyi vaxt bu
işlərin həyata keçirilməsinin
aktuallığının birə-beş
artdığını bir daha söyləməyə ehtiyac
yoxdur.
Dahi
Hüseyn Cavidin və onun istedadlı oğlu Ərtoğrol
Cavidin unudulmaz xatirələrinə və xalqımız
qarşısındakı xidmətlərinə göstərilən
hörmət və ehtiram, ədəbi və elmi irslərinə
verilən qiymət və dəyər,
yaradıcılıqlarının yüksək səviyyədə
nəşri və təbliği üçün Ümummilli
Lider Heydər Əliyevin müqəddəs ruhuna rəhmət
oxuyur, Ulu Öndərin mədəniyyət siyasətinin
layiqli da-vamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə, Cavidlər
ocağının çıraqsuzu kimi, dərin təşəkkürümüzü
bildiririk.
Respublika
rəhbərliyinin, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyevanın sevgi və diqqətlə həyata
keçirdikləri qayğı nəticəsində artıq
Azərbaycan muğamı və Azərbaycan aşıq
yaradıcılığı YUNESKO tərəfindən bəşəriyyətin
qeyri-maddi mənəvi sərvətləri siyahısına
daxil edilmişdir. Bunu da söyləmək xoşdur ki,
Ərtoğrol Cavidin topladığı və şərhlər
verdiyi materialların əksəriyyəti məhz mədəni
irsimizin bu iki qoluna aiddir və onların nəşri bu
baxımdan təkcə ölkəmiz üçün deyil,
bütün mütərəqqi bəşəriyyət
üçün, başqalarının mədəniyyətinə
hörməti öz mədəniyyətinə hörmətin
təsdiqi kimi qəbul edən xalqlar və insanlar
üçün əhəmiyyət daşıyır.
AMEA
Hüseyn Cavidin Ev Muzeyində son zamanlar
cavidlər irsinin nəşri və təbliği sahəsində
bir sıra mühüm əhəmiyyət kəsb edən
işlər görülmüşdür. Bu mənada, mütəfəkkir-şair
Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin tədqiq
və tərtib edərək rəy verdiyi materiallar əsasında
hazırlanmış "Azərbaycanın qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrol Cavid" adlı
sanballı nəşrin 2011-ci ildə on cilddə, nəfis tərtibatla
işıq üzü görməsi, xüsusilə
vurğulanmalıdır.
Ötən dövr ərzində muzeyin əməkdaşları bu istiqamətdə araşdırma və tədqiqatlarını davam etdirmiş, "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" xəzinəsini zənginləşdirmək üçün əmək sərf etmişlər. Nəticədə, "Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid", "Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları" və "Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri" adlı yeni cildlər ərsəyə gəlmişdir.
Bu əsərlər əsasən musiqi sənəti ilə bağlı olduğundan və notları əks etdirdiyindən oncildliyə nisbətən daha böyük formatda çap olunmuşdur. Buna baxmayaraq, əvəllki nəşrlərin bədii tərtibat və nəşr prinsipləri bu cildlərə də uğurla tətbiq olunmuş, çoxcildliyin bədii-estetik tamlığına xələl gəlməmişdir.
"Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid" adlı bir cild, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan və üzərində Ərtoğrol Cavidin də böyük əməyi olan "Balaman məktəbi" adlı dərsliyin ilk nəşridir.
Azərbaycan musiqi sənətinin bilicisi, musiqişünas Saleh Əbdüləlimovun yazdığı musiqi məktəbləri üçün nəzərdə tutulan "Balaman məktəbi" adlı dərslik 1937-ci ildə tərtib olunsa da, həmin dövrdə onun kitab şəklində çapı mümkün olmamışdır. Daha doğrusu, o dövrdə bu kimi dəyərli əsərlərin işıq üzü görə bilməməsində "erməni barmağı" öz işini "layiqincə" görmüşdür.
Aydın məsələdir ki, Azərbaycan xalqının qədim musiqi aləti olan balaban və balabanda ifanın tədrisi ilə bağlı dərsliyin nəşri 30-40-cı illərin repressiya siyasəti və siyasi-ideoloji konyunkturası ilə uzlaşmırdı. Və o da gün kimi aydındır ki, bütün bunların arxasında erməni snobizmi, paxıllığı, gözügötürməzliyi dayanırdı.
Əfsuslar olsun ki, ermənilərin digər xalqların əraziləri ilə yanaşı, maddi mədəniyət nümunələrini də mənimsəmə xəstəliyi xroniki şəkildə davam edir. Ermənilər çox ciddi cəhdlə dünyaya sübut etmək istəyirlər ki, balaban alətinin adı "duduk"dur və onlara məxsusdur. Əslində isə, tarixi faktlar sübut edir ki, ermənilərə məxsus 18-ə yaxın qədim lüğətdə "duduk" sözü yoxdur. Əlbəttə, bu, ermənilərin tarixi saxtalaşdırmaq üçün atdığı növbəti çirkin addımdan başqa bir şey deyil.
"Balaman məktəbi" dərsliyinin orijinalının qorunaraq günümüzə qədər gəlib çıxması Ərtoğrol Cavidin xidmətidir. O, uzun illər, çətinliklə də olsa bu əsəri mühafizə edə bilmişdir. Ərtoğrol Cavidin əməyi təkcə bununla bitmir. Belə ki, o, dərsliyə ön söz yazmış, dərslikdəki bir sıra materialların, o cümlədən, iclas protokollarının toplanaraq hazırlanmasında yaxından iştirak etmişdir.
Dərslikdən bir daha görünür ki, özünəməxsus gözəl və yumşaq səs tembrinə malik balabanın nəfəsli musiqi aləti kimi ifa imkanları çox genişdir. Kitabda balabanın ifasında nota köçürülmüş bir sıra xalq mahnılarımız da yer alır. Bu alətdə muğam, xalq mahnıları, aşıq havaları ilə bərabər, instrumental pyesləri də çalmaq mümkündür.
"Balaman məktəbi" dərsliyi üzərində Ərtoğrol Cavidin apardığı işlər onun musiqi nəzəriyyəçisi kimi hərtərəfli istedada malik olduğunu bir daha nümayiş etidirir. Bu nəşr Ərtoğrol Cavidin fenomenal fikir və yaradıcılıq sistemini qiymətləndirməyə kömək edir.
Dediklərimizdən aydın olur ki, çox qısa bir ömür sürmüş Ərtoğrol Cavid dahi atası Hüseyn Cavidin layiqli övladı olmuş, doğma xalqına xidmət yolunda onun işini davam etdirməkdən bir an belə usanmamışdır.
Heç şübhə yoxdur ki, Ərtoğrol Cavidin 100 illik yubileyini ona layiq səviyyədə keçirmək üçün respublika ziyalıları əllərindən gələni əsirgəməyəcəklər. Bu işdə biz də üzərimizə düşən vəzifəni sevə-sevə yerinə yetirəcəyik.
Gülbəniz
BABAXANLI
Filologiya
elmləri doktoru, Əməkdar mədəniyyət
işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.14;23.