Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu 60 ildə

 

Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlaması ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycanda sırf riyazi tədqiqatlarla məşğul olan ilk riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilmişdi. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olmuşdur. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat Sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha məqsədyönlü tədqiqatlara başlanıldı. 1945-ci ilin oktyabr ayında Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldı. 1950-1957-ci illərdə Zahid Xəlilov həmin institutun direktoru vəzifəsində işləmişdir.

Fizika və Riyaziyyat İnstitutunun ilk elmi jurnalı 1940-cı ildən nəşr olunan "Əsərlər" jurnalı idi.

14 ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 nömrəli qərarı ilə Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun Riyaziyyat Sektorunun bazasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradıldı. İnstitutun ilk direktoru vəzifəsinə akademik Zahid Xəlilov təyin olundu.

Azərbaycanda riyaziyyatın və mexanikanın bir elm kimi sonrakı inkişafında və dünyəvi riyazi təhsilin formalaşmasında akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov və akademiyanın müxbir üzvü Maqsud Cavadovun rolu danılmazdır.

1946-cı ildə Zahid müəllim doktorluq dissertasiyasını müdafiə edir və ilk azərbaycanlı riyaziyyatçı elmlər doktoru olur. Akademik Zahid Xəlilov funksional analizin, funksional metodların diferensial və inteqral tənliklər nəzəriyyəsində böyük əhəmiyyəti olduğunu hiss edən ilk sovet alimlərindən biri idi.

1967-ci ildən Zahid Xəlilov yenidən Riyaziyyat və Mexanika İnstitutuna qayıtmış, ömrünün sonuna qədər institutun direktoru vəzifəsində çalışmışdır.

Yarandığı vaxt institutda altı şöbə, bir laboratoriya və Hesablama Mərkəzi fəaliyyət göstərirdi. Bunlar "Funksional analiz" şöbəsi, "Funksiyalar nəzəriyyəsi" şöbəsi, "Diferensial tənliklər" şöbəsi, "İnteqral tənliklər" şöbəsi, "Təqribi analiz" şöbəsi, "Elastikiyyət nəzəriyyəsi" şöbəsi, "Dinamik möhkəmlik" laboratoriyası və  "Hesablama Mərkəzi".

1960-cı ildə Hesablama Mərkəzi institutdan ayrılaraq akademiyanın müstəqil Hesablama Mərkəzi kimi fəaliyyət göstərmiş və 1965-ci ildə bu mərkəz əsasında akademiyanın Kibernetika İnstitutu (indiki İdarəetmə Sistemləri İnstitutu) yaradılmışdır.

Zahid Xəlilov 1959-cu ilin oktyabrında Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə akademik-katib seçildikdən sonra, instituta 1959-1963-cü illərdə Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı görkəmli riyaziyyatçı, akademik İbrahim İbiş oğlu İbrahimov rəhbərlik etmişdir. O, 1959-cu ildən "Funksiyalar nəzəriyyyəsi" şöbəsinin yaradıcısı və ilk müdiri olmuşdur.

İbrahim müəllim görkəmli riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi ilə 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olmuşdur. O, 1947-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. İbrahim müəllim dünya riyaziyyatçıları tərəfindən qəbul edilən tanınmış bir alim idi. Onun rəhbərliyi ilə ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sisteminin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların böyük bir hissəsi İbrahim müəllimin yazdığı, o cümlədən, Moskvada çap edilən monoqrafiyalarına daxil edilmişdi.

1963-1967-ci illərdə instituta professor Həşim Nizam oğlu Ağayev rəhbərlik etmişdir. O, 1948-1953-cü illərdə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunun "Riyaziyyat" şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, 1948-1950-ci illərdə isə Qiyabi Pedaqoji İnstitutunun "Cəbr" kafedrasına rəhbərik etmişdi. 1953-1954-cü illərdə Bolqarıstana ezam olunmuş və orada Sofiya Universitetinin "Riyazi analiz" kafedrasına rəhbərlik etmişdir. Həmin dövrdə o, universitetin türk şöbəsi üçün riyazi terminlərin lüğətini tərtib etmişdi.

Həşim müəllim 1959-1963-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdi. Həşim Ağayev xüsusi törəməli diferensial tənliklər sahəsində yüksək ixtisaslı tanınmış alim idi. Onun rəhbərliyi ilə uzun illər ərzində Riyaziyyat və Mexanika İnstitutunda müvəffəqiyyətlə təbiətşünaslığın fəlsəfi məsələlərinə həsr olunmuş seminar fəaliyyət göstərmişdi.

1970-ci ildən ömrünün sonuna - 1974-cü ilin fevral ayına qədər Riyaziyyat və Mexanika İnstitutuna, eyni zamanda, "Funksional analiz" şöbəsinə akademik Zahid Xəlilov rəhbərlik etmişdir.

1974-cü ildən İnstituta və eyni zamanda, "Funksional analiz" şöbəsinə akademik Fəraməz Qəzənfər oğlu Maqsudov rəhbərlik etmişdir. O dövrdə İnstitutda riyaziyyat və mexanika sahəsində elmlər doktorlarının hazırlanması işində böyük bir canlanma yaranmışdı. 1959-1974-cü illər ərzində Azərbaycanda cəmi 3 doktorluq dissertasiyası müdafiə edildiyi halda, bundan sonrakı 15 ildə institutun əməkdaşları tərəfindən 15 doktorluq dissertasiyası müdafiə edilmişdi. Fəraməz Maqsudov 1976-cı ildə akademiyanın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmiş, 1980-1996-cı illərdə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 1997-2000-ci illərdə akademiyanın prezidenti vəzifəsində işləmişdir.

Azərbaycan Nazirlər Sovetinin 23 iyun 1978-ci il Sərəncamı ilə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində Xüsusi Konstruktor Bürosu (XKB) yaradıldı. XKB-nin əsas məqsədi elmi və təcrübi-konstruktor tədqiqat işlərinin nəticələrinin istismar şəraitinə ən yaxın olmaq şərti ilə xalq təsərrüfatına tətbiqini işləyib hazırlamaqdan ibarət idi.

1983-cü ildə XKB-nın bir qrup əməkdaşları "Çatadavamlılıq kriteriyaları əsasında enerji avadanlıqlarının möhkəmliyinin artırılması elmi əsaslarının işlənməsi və tətbiqi" işinə görə SSRİ Nazirlər Sovetinin Mükafatına layiq görülmüşlər.

1970-1980-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun 78 nəfər əməkdaşı namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 5 nəfər doktorluq dissetasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru  elmi dərəcəsi almışlar.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən siyasi qarşıdurma, iqtisadi tənəzzül, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elmin inkişafına da öz mənfi təsirini görtərmişdir. Həmin illərdə yüzlərlə tanınmış alimlər ölkəni tərk etmiş, Akademiyanın işinə münasibət o qədər də yaxşı deyildi, hətta 1992-ci ildə o vaxtkı hakimiyyət Akademiyanın bağlanması təklifini irəli sürmüşdü.

Xoşbəxtlikdən 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində qısa müddət ərzində ölkədə siyasi stabillik bərpa olundu, iqtisadi inkişafın təməli qoyuldu. Elmin inkişafına xüsusi diqqət yetirildi və ölkə həyatının bütün sahələrində, o cümlədən, elm və təhsil sahəsində geniş islahatlara başlanıldı.

Sevindirici haldır ki, müstəqillik əldə etdikdən sonra yaranmış siyasi və iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə riyaziyyat və mexanika sahələri inkişaf etmiş, alimlərimiz ölkə daxilində və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə elmi tədqiqat işləri apararaq, Azərbaycanın adını daha yüksək səviyyədə təmsil edən yeni riyaziyyatçı və mexaniklər nəsli yetişmişdir.

1991-2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun 40 əməkdaşı namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) və 5 nəfər doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışlar.

2001-2010-cu illərdə Riyaziyyat və Mexanika İnstitutunun 124 əməkdaşı namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) və 24 nəfər doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışlar.

 2013-cü ildən İnstituta və 2015-ci ildən onun təşəbbüsü ilə yaradılan "Optimal idarəetmə" şöbəsinə optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Misir Cumail oğlu Mərdanov rəhbərlik edir. O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri, 2011-2013-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.

2011-2018-ci illərdə institutun müdafiə şurasında 89 nəfər namizədlik (riyaziyyat və mexanika üzrə fəlsəfə doktoru) dissertasiyası müdafiə etmişdir.

Həmin illərdə institutun müdafiə şurasında 46 nəfər doktorluq (riyaziyyat və mexanika üzrə elmlər doktoru) dissertasiyası müdafiə etmişdir.

Hazırda Riyaziyyat və Mexanika İnstitutunda elmi tədqiqatlar Riyaziyyat və Mexanika sahələri üzrə (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) 7 elmi istiqaməti əhatə edir:

* Harmonik və qeyri-harmonik analiz. AMEA-nın müxbir üzvləri: Bilal Bilalov, Vaqif Quliyev; professor Həmidulla Aslanov.

* Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar. AMEA-nın professoru Vüqar İsmayılov.

* Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi. AMEA-nın müxbir üzvü Rauf Hüseynov, professor Əkbər Əliyev, dosent Əbdürrəhim Quliyev.

* Optimal idarəetmə və variasiya hesabı. AMEA-nın müxbir üzvü Misir Mərdanov.

* Qeyri-xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırılması və kompyuter texnologiyaları. Dosent Həsən Nağıyev.

* Azərbaycanda riyaziyyatın inkişafı tarixi. Dosent Əli Babayev, professor Ramiz Aslanov, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov.

* Deformasiya olunan bərk cism, maye və qaz mexanikasının nəzəri və tətbiqi problemləri. AMEA-nın müxbir üzvü Qeylani Pənahov, professorlar: Cəfər Ağalarov, Vaqif Hacıyev, Qabil Əliyev, Lətif Talıblı.

Hazırda institutda 213 nəfər çalışır. Onlardan 127-si elmi işçi, 47-si elmlər doktoru, 61-i fəlsəfə doktoru, 5-i AMEA-nın müxbir üzvüdür.

Hazırda institutda 14 şöbə və 1 laboratoriya fəaliyyət göstərir: "Funksional analiz", "Riyazi analiz", "Funksiyalar nəzəriyyəsi", "Diferensial tənliklər", "Optimal idarəetmə", "Riyazi-fizika tənlikləri", "Qeyri-harmonik analiz", "Səbr və riyazi məntiq", "Hesablama riyaziyyatı və informatika", "Maye və qaz mexanikası", "Elastiklik və plastiklik nəzəriyyəsi", "Dalğa dinamikası", "Sürüncəklik nəzəriyyəsi", "Tətbiqi riyaziyyat" şöbələri və "Siqnalların emalının riyazi problemləri" laboratoriyası.

Hazırda institutda 4 elmi jurnal nəşr olunur: "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri", "AMEA-nın Xəbərləri" (riyaziyyat buraxılışı), "Azərbaijan Journal of Mathematics", "AMEA-nın Xəbərləri" (mexanika buraxılışı).

Riyaziyyat və Mexanika İnstitutunun "Əsərləri" jurnalı 1946-cı ildən, "AMEA-nın Xəbərləri" (riyaziyyat və mexanika buraxılışı) jurnalı 1992-ci ildən, "Azerbaijan Journal of Mathematics" jurnalı isə 2011-ci ildən nəşr olunur. Hər üç jurnal ildə iki dəfə olmaqla ingilis dilində çap olunur.

Onu da qeyd etmək lazımdır ki, hələ 1970-ci illərdə "AMEA-nın Xəbərləri" (riyaziyyat və mexanika buraxılışı) jurnalı Thomson Reutersin (Clarivate Analiytcs) bazasına daxil idi.

22 dekabr 2015-ci il tarixində Azərbaycan Riyaziyyat Cəmiyyətinin Riyaziyyat və Mexanika İnstitutunda çap olunan "Azerbaijan Journal of Mathematics" jurnalı Clarivate Analytics agentliyinin "Emerging Sources Citation İndex" (ESCİ) bazasına daxil edilmişdir.

1 iyun 2016-cı il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Proceedings of the Institute of Mathematics and Mechanics" jurnalı Clarivate Analytics agentliyinin "Emerging Sources Citation İndex" (ESCİ) bazasına daxil edilmişdir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik tarixində AMEA İnstitutlarının jurnalları içərisində həmin bazaya daxil olmuş ilk elmi jurnaldır.

"AMEA-nın Xəbərləri" jurnalı (fizika-riyaziyyat və texnika elmləri seriyası) 2015-ci ildən "AMEA-nın Xəbərləri" (riyaziyyat buraxılışı) və "AMEA-nın Xəbərləri" (mexanika buraxılışı) adı ilə dərc olunur.

1 yanvar 2018-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Transactions of National Academy of Sciences of Azerbaijan" (series of physical-technical and mathematical sciences, issue mathematics) jurnalı Scopus bazasına daxil edilmişdir.

Son 4 ildə institut əməkdaşlarının 200-dən çox məqaləsi Web of Science və Scopusun siyahısına daxil olan elmi jurnallarda çap olunmuşdur.

AMEA Riyaziyyat və Mexanika İnstitutu fəaliyyətə başlayan gündən hər həftənin üçüncü günü saat 10:00-da Ümuminstitut elmi seminarı keçirilir. Seminarda institutun əməkdaşları ilə yanaşı, respublika və xarici ölkələrdən gəlmiş tanınmış alimlər məruzə ilə çıxış edirlər.

1968-ci ildən hal-hazıra kimi institutda namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiya şurası fəaliyyət göstərir. Bu müddət ərzində 649 nəfər dissertasiya müdafiə etmiş, onlardan 556-sı fəlsəfə doktoru, 93-ü elmlər doktoru elmi dərəcələrini almışlar.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq magistratura yaradılmış, Riyaziyyat və Mexanika İnstitutunda "Təhsil" və "Beynəlxalq əlaqələr" şöbələri fəaliyyətə başlamışdır.

Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.

60 il ərzində Riyaziyyat və Mexanika İnstitutu şərəfli bir yol keçmiş, ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafı yolunda xüsusi rol oynamış, digər elmlərin inkişafına həlledici təsir göstərib.

 

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.10.