BDU-da Nəsiminin 650 illik
yubileyinə həsr olunmuş beynəlxalq
simpozium
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi” beynəlxalq simpoziumu keçirilib.
BDU-nun rektoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən söz açıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini vurğulayıb. 2017-ci ildə UNESKO-nun Parisdəki baş qərargahında böyük söz ustadının vəfatının 600 illiyinin qeyd edildiyini xatırladan rektor ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyini söyləyib.
Əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsiminin bütün türk dünyasının fəxri olduğunu vurğulayıb, böyük ortaq dəyərlər əsas götürülərək BDU və Sivas Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumun onun zəngin irsinin daha yaxşı öyrənilməsinə imkan yaradacağına, elmi, ədəbi və mədəni əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
E.Babayevin
sözlərinə görə, Nəsimi
yaradıcılığına lirik şeirlərlə başlasa da, sonradan
ictimai-siyasi mövzularda kifayət qədər çox əsərlər
yaradıb və o, sözün əsl mənasında fəlsəfi
qəzəlin banisi kimi tarixə düşüb. Nəsimi
yaradıcılığının Azərbaycan dilinin tarixini,
inkişafını öyrənmək baxımından da əhəmiyyət kəsb etdiyini
deyən rektor dahi şairin ən böyük
işlərindən biri kimi
ana dilində yazıb-yaratmasını və
özündən sonra bir
məktəb yaratmasını xüsusilə qeyd edib.
Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını və BDU-nun bu aksiyada fəal iştirak edəcəyini qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yubileylə əlaqədar çox gözəl təşəbbüslər irəli sürüldüyünü vurğulayan Elçin Babayev ölkə üzrə bu cür tədbirlərin davam etməkdə olduğunu diqqətə çatdırıb.
Sonra Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərdən danışıb və XIV əsr türk dünyasının böyük şairlərindən olan Nəsimi ilə bağlı keçirilən simpoziumun gələcək əməkdaşlığa xüsusi töhfə verəcəyini qeyd edib.
Simpozium işini
bölmə iclasları ilə davam etdirib. Ümumilikdə səkkiz bölmədə
31 məruzə dinlənilib.
S.Qarayeva
525-ci qəzet.- 2019.- 25
oktyabr.- S. 4.