İslahatlar davam
edir
PREZİDENT İLHAM
ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ RAMİZ
MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ,
BİR NEÇƏ MÜHÜM DÖVLƏT QURUMU
BİRLƏŞDİRİLDİ VƏ
RƏHBƏRLİYİNƏ MİKAYIL CABBAROV
GƏTİRİLDİ
Prezident İlham Əlliyev hakimiyyətdə
islahatları davam etdirir.
Oktyabrın 23-də dövlət
başçısının sərəncamı ilə Ramiz
Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən
azad edilib. Digər sərəncamla Ramiz Mehdiyev "Heydər
Əliyev" ordeni ilə təltif olunub. Bu
münasibətlə İ.Əliyev Ramiz Mehdiyevi qəbul edib və
ona ordeni təqdim edib. Prezidentin digər sərəncamı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi
yığıncağında Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər
oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.
Dövlət başçısının digər sərəncamları
ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən
azad olunuraq iqtisadiyyat naziri təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat
Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında fərman imzalayıb. Fərmana əsasən,
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət
Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi müvafiq dövlət xidmətləri
statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Fərmanla
müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna
daxil olan dövlət orqanlarının və onların
tabeliyində olan qurumların strukturu, işçilərinin
say həddi, hüquqi vəziyyəti, vəzifə
maaşları, əməyin ödənilməsi sistemi və
xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri
ilkin mərhələdə dəyişməz olaraq qalır.
Fərmanda bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturuna
daxil olan dövlət orqanlarının yeni əsasnamələri
təsdiq edilənədək onlar öz fəaliyyətlərini
mövcud əsasnamələri əsasında davam etdirəcəklər. Nazirlər
Kabinetinə fərmandan irəli gələn məsələləri
həll etmək tapşırılıb.
Fərmanla
İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:
İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr
və sektorlar).
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.
İqtisadiyyat Nazirliyinin regional bölmələri.
Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və
konsulluqlarında ticarət nümayəndələrinin aparatları.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə
- İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar
qəbul edib.
Prezident
İlham Əliyev deyib: "Mən qərara gəldim ki, sizi
İqtisadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən,
İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində
çalışmısınız, Təhsil naziri, Vergilər
naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin Vergilər naziri kimi fəaliyyətinizi
qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində
vergilər sistemində şəffaflıq təmin edilir,
biznes dairələri üçün vahid qaydalar tətbiq
olunur.
Azərbaycanda sahibkarlığın inkişafı
üçün vergilər stimulverici rol oynayır və nəticələr
də göz qabağındadır. Bu il Vergilər
Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan
çox vəsait toplayıb və əlbəttə ki, bu,
şəffaflığın təzahürüdür. Təbii
ki, bu vəsait bizə bu il çox
geniş və ciddi sosial paket icra etmək imkanı verdi.
Mən
Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail
olmaq üçün çalışmışam, müvafiq
göstərişlər vermişəm. Bu
gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən,
siyasi baxımdan heç kimdən, heç bir ölkədən
asılı deyil, prinsipial müstəqil siyasət aparır,
o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin
edir. Azərbaycan xalqının
maraqlarını, dövlət maraqlarını bütün
beynəlxalq tribunalardan müdafiə etmək
üçün əlbəttə ki, bizim iqtisadi
imkanımız olmalıdır.
Biz indi dünyada gedən proseslərə diqqətlə
baxırıq və görürük ki, hansı ölkələr
iqtisadi cəhətdən başqa ölkələrdən,
yaxud da beynəlxalq maliyyə qurumlarından
asılıdırsa, o ölkələr müstəqil siyasət
apara bilməz, o ölkələr bir növ böyük
ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin
hökumətlərini bəzi hallarda öz xalqına, öz
milli maraqlarına görə istifadə etmək
üçün onlara təzyiq edilir və onlar bu təzyiqə
davam gətirə bilmir. Bizə də təzyiq
göstərilir və mənim Prezident kimi fəaliyyətimin
bütün dövrlərində göstərilən təzyiqlə
üzləşmişik. Ancaq buna davam gətirə
bilmişik, müqavimət göstərmişik, öz
sözümüzü demişik və heç bir təzyiq,
heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə
təsir edə bilməz. Nə
üçün? İlk növbədə,
biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy
sorğuları göstərir ki, bizim hökumətimizə
ictimai dəstək nə qədər yüksəkdir. O
cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun son
hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə
olan inam baxımından biz dünya miqyasında ön
sıralardayıq. Ona görə iqtisadi müstəqillik
bizim üçün əsas vəzifə olaraq qalır.
Bizim iqtisadiyyatımızın əsas hissəsini
neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün
ölkələrdə müşahidə edilən mənzərədir
və bu, faktdır. Bəzi hallarda bunu mənfi
amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə
bilmərəm, çünki məhz neft-qaz sektorunun
inkişafı hesabına biz böyük infrastruktur layihələri
icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz
300 mindən çox köçkünü yerləşdirmişik,
biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri
icra etmişik. Əgər bizdə neft-qaz sektoru
olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik,
biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı?
Hansısa ölkə, yaxud da ki, beynəlxalq
maliyyə qurumu bizə köməkmi göstərəcəkdi?"
Prezident
bildirib ki, bizim iqtisadiyyatımız dayanıqlı
olmalıdır: "İndiki iqtisadi artım templəri məni
qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var.
Hazırda neftin hasilatının bir qədər
aşağı düşməsi nəticəsində
ümumi daxili məhsulda müəyyən dərəcədə
yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd
təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi
15 faizdən çox artıb. Bu, çox
müsbət hallardır. Ancaq biz elə
etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da
çox ciddi islahatlar aparılmalıdır.
İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model
haqqında öz andiçmə mərasimimdə fikirlərimi
ifadə etmişəm. Əsas konturlar o
vaxt müəyyən olunub. Ondan sonra
aparılan islahatlar, o cümlədən, kadr islahatları bu məqsədi
güdür. Kadr islahatları
labüddür, bu, qaçılmazdır. Çünki
mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə
uğurlara imza ata bilmərik. Əlbəttə,
yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə
bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən
azad olmalıdırlar və vətənpərvər
olmalıdırlar ki, Vətənin inkişafı
üçün öz səylərini göstərə
bilsinlər.
Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm
ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək
müqaviləsi qeydiyyata alındı. Yəni
bu, nə deməkdir? Yəni bu yüz min
insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi.
Onlar zərflərdə maaş
alırdılar. Bəzi hallarda onlara yazılan aşağı
maaş reallığı əks etdirmirdi.
Bu, bizim iqtisadiyyatımızı təhlükə
altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə
pensiyaya çıxacaqlar. Bəs
onların pensiya haqqı nəyin hesabına hesablanacaq?
Ona görə mən, o cümlədən, muzdla işləyən
vətəndaşlara da üz tutub deyirəm: bu işlərə
baş qoşmayın. Əgər hansısa sahibkar sizə
tutaq ki, 500 manat maaş verirsə və
onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı
olmayın. Çünki sabah pensiya
almayacaqsınız. Sosial sığorta problemi
olacaq. Biz indi icbari tibbi sığortaya
keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha
güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən
çox iş yerinin rəsmiləşdirilməsi ilə bu
iş yerlərini, o cümlədən, o
sahibkarların fəaliyyətini biz kölgədən
çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft
sektorunda qeydiyyata alınıb. Hələ ki, ən
azı on minlərlə insan indi demək olar ki, bir növ
kölgə iqtisadiyyatında fəaliyyət göstərir.
Ona görə bu sahə çox ciddi diqqət tələb
edir, çox ciddi addımlar atılmalıdır. Əminəm
ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən
gələcək. Ümumiyyətlə,
bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru
hesabına davam etdirilməlidir. Buna nail
olmaq üçün son illər böyük işlər
görülüb, sənaye zonaları yaradılıb, orada
xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar
yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir.
Ancaq bütün bu işləri biz, ilk növbədə,
biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş
ölkələrdə ümumi daxili məhsulda əsas rolu
kiçik və orta sahibkarlar oynayır. Bizdə
isə hələ ki, belə deyil. Biz də
çalışmalıyıq elə bir şərait yaradaq
ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi
olan hər bir insan bizneslə məşğul ola
bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad
olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər
gərək kəsilsin. Bəzi hallarda
dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri,
nümayəndələri imkan vermirlər, xüsusilə
bölgələrdə. Əgər indi kimsə
özü üçün bir balaca iş qurursa, gəlib zəli
kimi onun bədənindən yapışırlar, qanını
sorurlar. Belə adamlara qarşı çox ciddi
tədbirlər görüləcəkdir. Hüquq-mühafizə
orqanları artıq məndən çox ciddi
tapşırıq alıblar və siz nazir kimi
çalışmalısınız ki, belə hallara yol verilməsin,
əgər yol verilərsə, dərhal məni məlumatlandırın.
Belə yaramaz məmurlara qarşı ən
ciddi sanksiyalar və tədbirlər görüləcəkdir.
Ona görə biz sahibkarlara nəfəs verməliyik
ki, onlar rahat işləsinlər. Vergidən başqa
heç bir ödəniş ola bilməz.
Eyni zamanda, haqsız rəqabət, bu da bizim
üçün böyük yaradır. Buna təkan
verən dövlət məmurlarıdır, hansıların
ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə
edərək rəqibləri sıradan çıxarırlar,
bəzi hallarda şərləyirlər. Elə
şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini
satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən.
Mən bilirəm, sizə nazir kimi, xüsusilə
Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə
çalışırdılar ki, bizim biznesimizə dəymə.
Mən bilirəm ki, siz onların
qarşısında çox mətanətlə
çıxış etmişiniz. Mən
bunu həmişə dəstəkləmişəm və sizə
həmişə dəstək olmuşam. Demişəm
ki, heç kimə baxmadan bütün işlər ən
yüksək səviyyədə görülməlidir.
Heç kim heç bir imtiyaza sahib ola bilməz.
Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə
xidmət etmək və pozuntulara yol verməmək.
Ona görə sizin qarşınızda çox
böyük vəzifələr dayanır. Ölkə
iqtisadiyyatının dayanıqlı inkişafı bizim
üçün hazırda əsas prioritet məsələdir.
Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə
daha böyük vəsait ayıraq".
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 5.