Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı əsas prioritetdir
Azərbaycan iqtisadiyyatının inkişafı dinamik
xarakter alıb. Son günlər aparılan islahatlar, o
cümlədən, kadr dəyişiklikləri də göstərir
ki, iqtisadi sahədə daha böyük nəticələrə
nail olmaq hədəflənib.
Eyni zamanda, həm iqtisadi, həm digər sahələrdə
daha böyük nailiyyətlər qazanmaq üçün
ölkədə bütün istiqamətlərdə şəffaflığın
təmininə diqqət artıb. Bir sözlə, Azərbaycan
Prezidentinin həyata keçirdiyi islahatlar dayanıqlı
iqtisadi inkişafın, ölkədə şəffaflığın,
əlverişli biznes mühitinin təmin edilməsi,
inkişafı əngəlləyən neqativ halların aradan
qaldırılması məqsədini daşıyır.
Azərbaycan
Prezidenti İlham Əliyev bir neçə gün əvvəl
Şahin Mustafayevi baş nazirin müavini, sonra isə Mikayıl Cabbarovu
yeni vəzifəyə - İqtisadiyyat naziri təyin
olunmaları ilə əlaqədar qəbul edərkən
görülmüş işlərə toxunub, qarşıya
yeni vəzifələr qoyub. Dövlət
başçısı Azərbaycanın strateji hədəfləri,
prioritetləri barədə danışaraq, Nazirlər
Kabinetinin qarşısında duran vəzifələri və
önümüzdəki dövrdə iqtisadi
dayanıqlığı daha da gücləndirmək
üçün icrası vacib olan vəzifələri
göstərib.
Məlumdur ki, bu gün daha çox diqqət qeyri-neft
sektorunun inkişafına yönəlib. Həmçinin,
ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin
cəlb edilməsi vacibdir ki, bu sahədə də bir çox
zəruri addımlar atılmalıdır.
Qarşıya qoyulan məsələlər
sırasında kölgə iqtisadiyyatına qarşı
mübarizənin mütəşəkkil xarakter alması,
inhisarçılığa qarşı çox ciddi
mübarizənin aparılması da var.
Əldə ediləcək nəticələr isə
heç şübhəsiz ki, dövlət
başçısının dediyi kimi, xalqın mənafeyinə,
daha yaxşı yaşamasına, sosial rifahının
atmasına yönəldiləcək.
Xatırladaq
ki, vergilər sahəsində də müsbət göstəricilər
var. Bu il Vergilər Nazirliyi plandan əlavə
350 milyon manatdan çox vəsait toplayıb ki, bu da şəffaflığın
təzahürüdür. Bu vəsait isə il
ərzində daha geniş və ciddi sosial paket icra etmək
imkanı verdi. Yəni
dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən
faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə,
minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə
görə Azərbaycan MDB məkanında birinci yerdədir,
amma orta pensiyanın səviyyəsinə görə
üçüncü yerdədir. Bu,
doğrudan da çox böyük sosial təşəbbüsdür.
Mövzu
ilə bağlı fikirlərini açıqlayan
iqtisadçı ekspert Pərviz Heydərli deyib ki, bundan əvvəl,
yəni oktyabrın 15-də dövlət
başçısının yanında keçirilən
iqtisadi müşavirədə ölkədə bu ilin əvvəlindən
etibarən reallaşdırılan islahatların uğurlu nəticələr
verməsi ilə yanaşı, daha da irəli getməyə
mane olan və hətta, əldə olunmuş nəticələrə
xələl gətirə bilən sədlərin
mövcudluğu barədə də fikirlər səsləndi. Təkcə cari ilin əvvəlindən
bəri dövlət büdcəsinə 100 milyonlarla manat əlavə
vəsait daxil olduğunu deyən ekspert vurğulayıb ki,
ölkədə kölgə iqtisadiyyatına qarşı həyata
keçirilən tədbirlər, vergi siyasətindəki
yeniliklər büdcə gəlirlərində artımlar
yaradıb, iqtisadiyyatda böyük kəskin keyfiyyət dəyişiklikləri
baş verib.
"Başqa sözlə desək, intensiv dəyişikliklər
baş verib və verir. İlin ortasında dövlət büdcəsi keyfiyyətcə
yeni formada dəyişdirildi ki, təkrar edirəm, dövlət
büdcəsindən DSMF-ə ayrılan vəsaitin 150 milyon
manat azaldılması ilk dəfə baş verdi.
Sözün qısası, həmişə
dediyim kimi, sosial maliyyələşdirməni həm
üfüqi, həm də şaquli istiqamətdə
ardıcıl genişləndirmək və artırmaq
üçün, dövlət büdcəsinə gəlirlərdə
şəffaflıq yaratmaq, gizli gəlir mənbələrini
aşkarlamaq və mədaxilin ardıcıl templə yüksəlməsini
təmin etmək başlıca hədəf seçilməlidir.
Əhalinin maddi rifahını fasiləsiz olaraq
yaxşılaşdırmaq sağlam maliyyələşdirmə
tələb etdiyindən, "donor mənbələri"
işə yaramır. Bu sahədə təkcə neft və
qaz gəlirləri hesabına nəyəsə nail olmaq
mümkün deyil və ola da bilməz.
Odur ki,
irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat
sağlam olmalı və bütün növ gəlir mənbələri
üzrə mənzərə şəffaf, leqal, aşkar və
stimullaşdırıcı xarakter kəsb etməklə,
kölgə amillərinin yaranması və təşəkkül
tapması üçün ortada heç bir zəmin mövcud
olmamalıdır", -deyə P.Heydərov əlavə edib.
O
xatırladıb ki, 2018-ci ildə "kölgə
iqtisadiyyatı"nın səviyyəsinin azaldılması
istiqamətində görülən işlər nəticəsində
iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə
marketlərdə 122 milyon, özəl tibb müəssisələrində
230 milyon manat vəsait aşkar olunaraq dövlət büdcəsinə
daxil edildi. Bunlar hələ vergi yoxlaması nəticəsində
ortaya çıxandı: "Ümumiyyətlə, vergi və
gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla
bağlı addımlar öz səmərəsini gözlənildiyindən
də daha tez və yüksək nəticədə verdi və verməkdə də davam edir ki,
gömrük və vergi orqanları tərəfindən cari
ilin 9 ayında (yanvar-sentyabr aylarında) büdcəyə
plandan əlavə 700 milyon manatdan çox vəsait daxil
edilib. Prezident demişkən, bu, bir daha onu
göstərir ki, nə qədər böyük
ehtiyatlarımız var. Ona görə də, şəffaflıq
prinsiplərinin genişmiqyaslı tətbiqi və
iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə
keçid sahəsində islahatların bundan sonra da davam
etdirilməsi fasiləsiz xarakter daşımalıdır”.
Ekspert Azərbaycan
hökumətinin indiyədək vergi yükünün azaltmaq
istiqamətində bu və ya digər formada bir çox tədbirlər
həyata keçirdiyini və ümumilikdə dövlətin
vergi siyasətinin stimullaşdırıcı xarakter
daşıması üçün çox işlər
görüldüyünü deyib: "Lakin bununla belə,
mövcud vergi siyasətinin hətta cari ildəki dəyişikliklərdən
sonra da belə iqtisadiyyatın inkişafı üçün
stimullaşdırıcı xarakter
daşıdığını söyləmək hələ
tezdir".
Millət
vəkili Aydın Hüseynov isə deyib ki, Prezident İlham
Əliyev keçirdiyi qəbullarda çox açıq
mesajlar verdi və ötənilki prezident
seçkilərindən sonra andiçmə mərasimindəki
çıxışında Azərbaycanda başlanılan
yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri
elan etdiyini vurğuladı: "İslahatların əsas hədəflərindən
biri də dövlət qurumlarının fəaliyyətinin
yeni dövrə, çağırışlara uyğun
qurulmasıdır. Yeni
çağırışlar nədir? Yeni
hədəflər bürokratik idarəetmədən
uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan
əl çəkməkdir, vətəndaşa xidmət etməkdir,
yeniliyə uyğunlaşmaqdır".
Deputatın
sözlərinə görə, təəssüf ki, dövlət
orqanlarında olan bəzi vəzifəli şəxslər
iqtisadi və sosial sahədə bir sıra xoşagəlməz
halların baş verməsinə səbəb olurlar, islahatlara
qarşı çıxış edirlər: "Bu islahatlar
onların şəxsi maraqlarına toxunur. Onlar
hər vəchlə hökumətin işinə əngəl
törətmək istəyirlər. İslahatlara
meylli olan, yeni təfəkkürə malik kadrları
qaralayırlar. Ona görə də,
köhnə təfəkkürə malik bu adamlarla sürətlənən
islahatlar kursunda bərabər addımlamaq mümkün deyil,
artıq yeni komandada onlarla davam edilə bilməz. Dövlət başçısı da konkret və qəti
xəbərdarlıq etdi, bütün dövlət məmurları
artıq dərinləşdirilən bu islahatların ruhuna
uyğun işləməlidirlər. Əgər
bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu ola bilmərik.
Azərbaycan İlham Əliyevlə yeni davamlı
uğurların və uzunömürlü xoşbəxt gələcəyin
astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan
həqiqətən zəngin bir ölkəyə çevrilmək
mərhələsinə daxil olub. Yeni
iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın
qurulması Azərbaycanın yaxın illərdə yüksək
inkişafa və keyfiyyətli həyat şəraitinə
çatmasına imkan verəcəkdir. Respublikamızda
qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri
iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı
yaxın onillikdə qeyri-neft məhsullarının
ixracatçısı kimi dünyada böyük nüfuza
malik olmasını təmin edəcək.
Qarşıdakı illərdə demokratik cəmiyyətin,
liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin
yeni müstəvidə və modern mərhələdə
gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü
idarə olunması və birbaşa insan amilinə, yəni
intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin
innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi,
kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən
yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi
də cənab İlham Əliyevin hədəflədiyi sahələrdir".
Hüquq
müdafiəçisi Sahib Məmmədov isə deyib ki, istər
əhalinin rifah halının
yaxşılaşdırmasına yönəlmiş sosial
islahatlar, istər kadr islahatları, istərsə də digər
sahələrdə aparılan islahatlar barəsində Prezident
İlham Əliyev hələ prezidentliyə namizədliyini irəli
sürərkən ölkədə əsaslı və kardinal
dəyişikliklər aparılacağını və
islahatların sürətlə davam edəcəyini
demişdi. S.Məmmədov
bildirib ki, cənab Prezident 2018-ci il aprel
ayında yenidən ölkə prezidenti seçiləndə
ilin sonuna qədər bu proqramlar hazırlanmağa
başlayıb, hesablamalar aparılıb. "İlin
əvvəlində bank problemi ilə bağlı böyük
dəyişikliklər edilməsi, minimum əmək haqları
və pensiyaların minimum miqdarının
artırılması kimi proseslər baş verib və demək
olar ki, il boyu kadr islahatları davam edib".
O
vurğulayıb ki, bildiyiniz kimi, əvvəlcə
hüquq-mühafizə orqanlarında uğurlu təyinatlar
olub: "Son təyinatlarda həm kadr islahatı, həm də
idarəetmədə islahatlar var. Nazirliklərin, xüsusən
fiksal sahədə siyasət aparan nazirliklərin birləşdirilməsi
də özlüyündə struktur islahatıdır. Eyni zamanda, Baş nazirin müavinlərinin əvəzlənməsi,
bunun ardınca Prezident Administrasiyasının rəhbərinin
xahişinə baxılaraq onun istefasının qəbul
olunması və s. bunlar hamısı ciddi islahatların tərkib
hissəsidir. Biz əlbəttə, bunu
görürük və bir qədər də təəccüblənirik,
lakin bu islahatlar əvvəlcədən
planlaşdırılıb. İslahatların
dərinləşdiriləcəyi barədə vədlər
verilib. Prezident tərəfindən və
onlar həyata keçirilməkdədir. Mən
hesab edirəm ki, bu islahatlar davam edəcək. Yalnız struktur, kadr və sosial islahatlar sahəsində
yox, eyni zamanda bizim həyatımızı əhatə edən
digər sahələrdə, də islahatlar var və onlar dərinləşdiriləcək.
Biz yəqin ki, yaxın günlərdə nəinki
kadr, struktur, sosial reformlar sahəsində, digər sahələrdə
bu kimi islahatların aparılacağının şahidi
olacağıq".
PƏRVANƏ
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 6.