Azərbaycan müasir icbari tibbi sığorta sisteminin
tətbiqinə hazırdır
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm həftəsi” çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təşkil olunub.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, tibbi sığorta üzrə mütəxəssislər və digər qonaqlar iştirak ediblər.
Rektor Ədalət Muradov UNEC-də elmin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparan 30-dan çox tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əsas məqsədindən söz açıb. Bildirib ki, məqsədimiz 2020-ci ildə ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara bu sahədə araşdırmaların aparılması və hesabatların hazırlanması istiqamətində xidmət göstərməkdir. Ölkədə bu sahədə mütəxəssis çatışmazlığının olduğunu və tədqiqatların aparılmadığını deyən Ədalət Muradov, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təcrübəli ekspertlər tərəfindən real sektorda baş verən problemlərin araşdırılaraq, həmin problemlərə elmi baxışların ortaya qoyulacağını bildirib.
Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıraraq mərkəzin rəhbəri, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Mirsahib Eminovun da məhz həmin gənclərdən olduğunu deyib.
Sonra Mirsahib Eminov “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda çıxış edib. Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə 4 istiqamətin mövcud olduğunu deyən məruzəçi onları təhlil edərək, Azərbaycanın icbari tibbi sığorta sistemində tətbiqini açıqlayıb. M.Eminov Azərbaycanda icbari tibbi sığortada 2 xidmət paketinin təklif ediləcəyini, birinci zərf üçün tələb olunan 29 manatlıq vəsaitin dövlət hesabına qarşılanacağını qeyd edib. Əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyini qeyd edib.
Təqdimatdan sonra iştirakçıların səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri, dövlət büdcəsindən icbari sığortaya ayrılan vəsaitin məbləği, adambaşına düşən tibbi sığorta xərcləri və mövzu ilə bağlı digər sualları cavablandırılıb.
Millət vəkili Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən millət vəkili, Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıqların olduğunu bildirib. Z.Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı elmi araşdırmaların aparılacağına əminliyini ifadə edib.
Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat
Mərkəzində icbari tibbi sığorta ilə
bağlı vahid məlumat və statistik baza
formlaşdırılacağını, mərkəzin ekspertlərindən
ibarət işçi qrupu
tərəfindən icbari tibbi
sığortanın uğurla tətbiq olunduğu
postsosialist ölkələrdə bu sistemin tətbiqi
zamanı üzləşdikləri problemlər və
onların aradan qaldırılması
yolları ilə bağlı kitabçanın
hazırlanacağını bildirib. Həmçinin
UNEC-in müəllim və tələbələrindən
ibarət “İcbari tibbi
sığorta” elçilər komandasının
formalaşdırılacağını və regionlarda
maarifləndirici tədbirlərin aparılacağını qeyd edib. Rektor Tədqiqat Mərkəzi
tərəfindən ölkədə icbari
tibbi sığortanın tətbiqindən
sonra tibbi xidmətin
keyfiyyətinin monitorinq sisteminin
və maliyyə vəsaitlərinin səmərəliliyi ilə
bağlı diaqnostik sistemin
yaradılacağını diqqətə çatdırıb.
İcbari tibbi
sığortaya cəlb olunan əməkdaşlara
UNEC Eksterndə distant təlimlərin
keçirilməsinin vacibliyini
vurğulayıb.
S.Qarayeva
525-ci qəzet.- 2019.- 25 oktyabr.- S.
7.