Tanınmış
jurnalistlərin yubileyləri qeyd olunub
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində üç tanınmış jurnalistin - "Xalq qəzeti"nin əməkdaşları Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov 60 yaşı tamam olan hər üç jurnalistin - Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun Azərbaycan mətbuatı və mətbu sözünün nüfuzunun qorunması sahəsində göstərdikləri xidmətlərdən danışıb. Ə.Amaşov qeyd edib ki, bu illər ərzində onlar xəbərdən tutmuş oçerkə qədər jurnalistikanın ən müxtəlif janrlarında çoxlu yaradıcılıq nümunələri qələmə alıblar və hər fakta, hər cümləyə peşəkarlıqla yanaşıblar. Elə bunun nəticəsidir ki, bu gün təcrübəli qələm sahibləri mətbuat sahəsində çalışan gənclər üçün örnək hesab olunurlar.
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə deyib ki, əsl jurnalist insani keyfiyyətlərə və dəyərlərə malik, xalqının tarixini, dilini, mənəvi dünyasını bilən və sevən, özünəqədərki jurnalistika və mətbuat tarixindən xəbərdar olan, əqidəsinə, doğru bildiyi yoluna sadiq qalan vətəndaşdı. "Xalq qəzeti"nin üç əməkdaşı - Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədov da məhz belə vətəndaş-jurnalistdilər.
Millət vəkili Aqil Abbasın dediyinə görə, "Xalq qəzeti"nin üç əməkdaşı Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun imzası çoxsaylı oxuculara və media mənsublarına yaxşı tanışdır. Onlar mətbuat tariximizə, xələflərimizin həyat və yaradıcılığına dərindən bələddir. Keçmişimizi yaxşı bilir, bu günümüzün salnaməsinin düzgün yazılmasını prioritet hesab edirlər”.
"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay isə qeyd edib ki, İlqar Həsənovla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində birgə təhsil alıblar: "İlqarla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən İlqar hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. İlqarda qeyri-adi cazibə keyfiyyəti vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti olmaq istəyirdi. Onun cazibəsini heç nə neytrallaşdıra bilmirdi. İllər keçdi və biz bu gün İlqarın 60 yaşını qeyd edirik. Mən İlqar Həsənovu, eləcə də 60 yaşı tamam olan Tahir Aydınoğlu və Namiq Əhmədovu ürəkdən təbrik edirəm, onlara cansağlığı və uğurlar arzulayıram".
Əməkdar jurnalist İttifaq Mirzəbəyli vurğulayıb ki, İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. O, "Xalq qəzeti"nin bölgə müxbiri kimi qələmə aldığı çoxsaylı xəbər, təhlili material və silsilə məqalələri ilə Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramlarının icrasının təbliği baxımından kifayət qədər iş görüb: "İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazana bilib. Bölgə müxbiri kimi işlədiyi rayonlarda hamı ona İlqar müəllim yox, eləcə müəllim deyir. İlqar Həsənovun Azərbaycan Mətbuat Şurasının təsis etdiyi "Ali Media Mükafatı"na layiq görülməsi məhsuldar və peşəkar jurnalist yaradıcılığına verilən qiymətdirsə, minlərlə insanın ona olan inam və rəğbəti kollektivin, jurnalist cameəsinin və ümumilikdə cəmiyyətin ictimai-siyasi həyatındakı fəallığının qarşılığıdır". İ.Mirzəbəylinin dediyinə görə, Tahir Aydınoğlu jurnalist kimi özünəməxsus üslubu, istənilən məsələyə orijinal münasibəti, ən başlıcası, istənilən yazıda kifayət qədər cəsarəti və qeyri-adi dərəcədə məsuliyyəti ilə seçilən qələm adamlarındandır: "Namiq Əhmədov imzası isə hər kəs tərəfindən sevilir, yazıları maraqla oxunur. O, üstün yaradıcılıq keyfiyyətlərinə malik, jurnalistikasının tanınmış simalarından biridir".
Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov bildirib ki, jurnalist söz sənətkarıdır: "Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Jurnalist isə həmin mənaya özünün hiss və duyğularını bükərək həyəcanını yükləyəndə söz rəngarəng çalarlara bürünür, xoş ovqatla bəzənir, mükəmməl bir sənət əsərinə çevrilir. Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədov belə jurnalistlərdəndilər. Jurnalist o zaman hörmətə, diqqətə layiq olur ki, sənətinə, qələminə, imzasına hamıdan əvvəl özü hörmət edir, peşəsinin məsuliyyətini hiss edir, ağırlığına tab gətirir. Bu üç insan məhz bu cür sanballı, ağır ləngərli jurnalistlərdəndir".
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, dosent Mahmud Mahmudovun sözlərinə əsasən, insan dönüb arxaya baxanda keçmişin acılı-şirinli xatirələrini vərəqləyərək ötən günlərin nostalji hisslərinə yüklənir. Təbii ki, bu yükün nə olduğunu özü daha yaxşı bilir. 60 illik ömrün dolaylarındakı yaşantının nədən ibarət olduğunu özündən başqa kimsə bilməz. Sadəcə bu yaşantının görünən tərəfinin, həm də sözün geniş mənasında işıqlı səmtinin və söz dünyasındakı fəaliyyətinin cüzi bir hissəsini yada salır. Əslində, 60 yaş nədir ki?! Hələ ömrün uzun yolları var, bu yollarda addımlamaq var. Bu yolda yıxılsan da, büdrəsən də, yenidən ayaqda durmaq var. Nə etməli, həyat belədir: tufanlı, boranlı. Gərək bu tufanlardan keçib borandan adlaya biləsən. Hər üç peşəkar jurnalisti yubileyləri münasibətilə ürəkdən təbrik edirəm və ona ən xoş arzularımı çatdırıram".
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib ki, bu gün yubileyləri qeyd olunan hər üç jurnalist - "Xalq qəzeti"nin üç əməkdaşı - Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədov mətbuatda öz dəsti xətti ilə seçilən jurnalistlərdəndirlər: "İlqar Həsənov yaxşı nə varsa özündə ehtiva edən xarakter sahibidir. Duzlu-məzəli söhbətləri, yerində etdiyi zarafatları, məqamında dediyi sözləri, hədsiz bilgisi, məlumatlılığı onu hər kəsdən fərqləndirir. İlqarla həmsöhbət olmaq insanı fərqli ovqatlara salır. İlqar eyni zamanda, çox kövrək və həssas insandır. O, hər bir dostunun kədərinə şərik çıxan, dərdini, kədərini paylaşmağı bacaran etibarlı dostdur. İlqar həm də jurnalist kimi çox fərqli və istedadlıdır. Müşahidə qabiliyyəti, başqalarının görə bilmədiklərini görməyi bacaran biridir. Tahir Aydınoğlu isə çox maraqlı həmsöhbət, zəngin yaddaşa, geniş informasiyaya malik insandır. Ciddi yaradıcılıq axtarışları ilə seçilən tədqiqatçı-jurnalist kimi tanınır. T.Aydınoğlu son vaxtlar Ahıl Jurnalistlər Məclisində Məzahir müəllimlə birgə jurnalistlərin yubileylərinin keçirilməsində cani-dildən iştirak edir. Mən bu gün yubiley tədbirinə toplaşdığımız Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovu ürəkdən təbrik edirəm".
Əməkdar jurnalist Bəbir Hüseynov bildirib ki, jurnalist o zaman hörmətə, diqqətə layiq olur ki, birinci növbədə özü sənətinə, qələminə, imzasına, özünə hörmət edir, peşəsinin məsuliyyətini hiss edir, bu yükün ağırlığına tab gətirir: "Bu gün yubiley tədbirinə toplandığımız ölkənin aparıcı qəzetlərindən biri sayılan "Xalq qəzeti"nin üç əməkdaşı - Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədov jurnalistikaya, bu peşəyə məsuliyyətlə yanaşan, sevən insanlardandılar. Ömürlərinin yarıdan çoxunu bu peşəyə həs ediblər. Onları təbrik edirəm və bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıram".
Əməkdar artist Ağalar Bayramov vurğulayıb ki, 60 insanın üzündəki cizgilərdə ötən illərin acısını-şirinini gizlədən, yüzlərlə kövrək ümidi saxlayan və bu ümidlərlə gələcəyin qapısını açan bir yaşdır. 60 keçmişlə bu günün üz-üzə gəldiyi, sevginin, məhəbbətin şəfqətə, mərhəmətə döndüyü bir yaşdır. 60 dopdolu bir ömür, 60 min yaşanmış öyüddür: "Xalq qəzeti"nin üç əməkdaşı - Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədov 60 yaşının tamam olması münasibətilə təbrik edirəm. 60 yaş parlaq işıqdı. İşığınız sönməsin, əziz dostlar. Və qalan ömrünüz bu işığın nuruna boyansın".
Sonra Ağalar Bayramov ifa etdiyi poeziya nümunələri ilə jurnalistləri təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.
Yubilyarlara Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin hədiyyələri təqdim olunub.
S.QARAYEVA
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 8.