Bakı Ali Neft Məktəbinin tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdirdi

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunub.

Tamaşada SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vitse-prezidentlər SOCAR-ın müəssisə rəhbərləri, BANM-in rəhbərliyi, ictimai-siyasi xadimlər, eləcə də BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər. 

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşanın təqdimat mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platforması sayılan əfsanəvi Neft Daşları yatağının 70 illiyinə həsr olunduğunu bildirib.

Rektor qeyd edib ki,  tamaşada Bakı Ali Neft Məktəbinin yerli tələbələri ilə yanaşı, əcnəbi tələbələri də çıxış edirlər.

“Tələbələri ölkənin ictimai-mədəni həyatının fəal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan, “O olmasın, bu olsun” operettası da onların həyatında xüsusi iz buraxacaq. Kompozisiya zənginliyi təbii olaraq tələbələrimizin üzərinə böyük məsuliyyət qoyur. Amma, ümidvaram ki, onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər”, - deyə rektor əlavə edib.

 

525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 9.