Xoşbəxtlik üçün doğulmamış
dostum
Yeddi ilin sözüdür. Altmış üç yaşında qəfil ölümün səni yaxından tanıyanları, təbii
ki, məni də - qırx beş ilin
dostunu da sarsıtdı. Özün öz ayağınla
Qubaya getmisən, doğma Nügədi kəndinə. Elə bil
əcəl aparıb səni, dəfn yerinə yaxın olasan, heç kimə artıq zəhmət verməyəsən.
Həqiqi təvazökar
insanların ölümü
də təvazökar
olur, heç kimi incitmədən, heç
kimə yük olmadan, səssiz-səmirsiz
köçür dünyadan.
Hələ torpağı qurumamış
qəbrinə baxanda
ilk tanışlığımız düşdü yadıma,
uzaq 1967-ci ilin sentyabrı, Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsinin
axşam şöbəsi. Sən əyani
şöbəyə qəbul
olunsan da, sonralar bildim, çətin maddi duruma görə axşama keçməli olmusan, odur ki,
dərslərə gec
qatılmışdın. İsmayıl Əlizadənin mühazirəsinin
şirin yerində auditoriyaya girdin, boş kürsü yox idi. Mən səni səslədim, bir az sıxlaşıb
sənə yer elədik. Elə o gündən səninlə
tanışlığım, sonra dostluğum o hüznlü günədək
- 2012-ci ilin 16 avqustunadək
- bu dünyaya əlvida dediyin günədək davam etdi və
bitdi. Bəs nə qaldı?
Hər şeydən əvvəl yaxşı insan, istedadlı alim, həqiqi dost haqqında xatirələr.
Nazif Qəhrəmanlı
tələbə dostlarımız
arasında elə birinci kursdan seçildi öz təmkini, ağlı, intellektual səviyyəsi və mütaliəsi ilə. Bizim hələ
indi-indi oxumağa başladığımızı o, çoxdan oxumuşdu, çoxdan bilirdi, ona görə də dərslərə biganə
yanaşırdı, "beş"
almaq həvəsində
deyildi. O, hadisələr,
adamlar, əməllər
haqqında dərhal, tələskən fikir bildirməz, danışığında
sözə qənaət
edər, rəyini bildirəndə xəsislik
göstərərdi. Bu da danılmaz fakt idi ki,
tələbə dostlarımızın
hamısını məhz
Nazifin fikri, rəyi daha çox maraqlandırar, filologiya sahəsində nəyəsə nail olmaq istəyənlər müəllimdən
öncə Nazifin fikrini bilmək istərdilər. Biz hamımız
Nazifə doğru can ataraq, ona yaxın
olmağa, dostluq etməyə çalışırdıq.
Axşam şöbəsində oxuduğumuzdan
tələbə yoldaşlarımız
arasında 17-dən 45-dək yaş müxtəlifliyi vardı. Nazif yaşda hamımızdan
kiçikdi, amma bu, onun nüfuzuna
xələl gətirmirdi.
Səbəb də aydındı: Nazif çox şeydə təmənnasız, verdiyi
qiymətdə obyektiv,
qərəzsizdi. Bu keyfiyyətlərin,
xüsusilə aktual olduğu və yüksək qiymətləndirildiyi
gənclik illərində
tez-tez düşən
elmi-ədəbi mübahisələrimizdə,
lap məişət müstəvisində
olan münaqişələrimizdə
də Nazifin münsifliyini hamımız
qəbul edirdik. Onun bütün mübahisələri qərəzsiz
həll edəcəyinə,
ədalətli hakim olacağına
heç kim
şübhə etməzdi.
Dərin
savadı, geniş mütaliəsi, güclü
erudisiyası onun dediyi fikirləri kəsərli edərdi.
Bəlkə elə bu keyfiyyətləri, üstəlik,
özünəməxsus təhlil
qabiliyyəti, ədalətli
hökm çıxarmaq
bacarığı yaxşı
nasir qələmi olmasına baxmayaraq, onu elmi yaradıcılığa,
çağdaş ədəbi
tənqidə gətirdi.
O, ömrünün sonuna
qədər də ədalət hissini, obyektivliyini qoruyub saxlaya bildi.
Nazif Qəhrəmanlı istər
ədəbi-tənqidi mülahizələrində,
istər ədəbiyyat
tarixinə aid araşdırmalarında,
istərsə də müasir ədəbi proseslə bağlı onlarca analitik məqaləsində kiməsə
yarınmaqdan, indi bərk dəbdə olan saxta tərifdən,
qərəzli tənqiddən
yan keçmiş, dediyi sözün çəkisini hiss etmiş,
tənqidçi prinsipiallığını
nəfsinə qurban verməmişdi.
Yaxşı olan həm də o idi ki,
Nazif heç vaxt nə taledən,
nə qismətdən,
nə də həyatdan şikayətləndi,
çünki bu çətin, amma vicdanlı, namuslu yolu o, özü könüllü seçmişdi.
Hesab eləmişdi ki, onun yolu hamar-humarlıqdan
uzaq olmalıdır.
O, xoşbəxtlik, bəxtəvərlik
üçün gəlməyib
dünyaya. Bu fani dediyimiz dünyanın, aldanışa bənzər
həyatın sınaq
olduğunu hələ
iyirmi yaşlarından bir
gəncin erkən müdrikliyi ilə anlamış və özü özünü
dəfələrlə sınaqlara
tuş eləmişdi.
Bəlkə elə bu keyfiyyətlərinə görə
idi ki, o, həmişə çiynini
çətin mövzuların
altına vermiş, ağır, faciəli taleyi olan ədəbi
şəxsiyyətlərin həyat və yaradıcılığını tədqiq etmiş, asan, uduşu nağd olan müasir mövzulardan yan keçmişdi. Mikayıl Rəfili, Bəkir Çobanzadə,
Salman Mümtaz, Almas İldırım, Əhməd Cavad, Səməd Mənsur və başqa çətin taleli ədiblərin həyat və yaradıcılığını
tədqiq edən, öyrənən, elmi təhlilini verən monoqrafiya və məqalələri, "Azərbaycan
ədəbiyyatı tarixçiliyi.
XIX - XX əsrlər" kimi çətin, mübahisələrlə müşayiət
olunan samballı bir mövzunu əhatə edən doktorluq dissertasiyası,
"Milli ədəbiyyat
tarixçiliyi: genezis,
inkişaf, dövrləşdirmə
problemləri" fundamental monoqrafiyası Nazif Qəhrəmanlının öz
gücünə inanan
iddialı ədəbiyyatşünas
olduğundan xəbər
verirdi.
İlk baxışda çox şeyə biganə, hamar-humar, eleqant çərçivəyə sığmayan,
hər şeyi, bəlkə də min cür məişət xırdalıqlarını görməyən
adam təsiri bağışlayan dostum,
əslində, lazım
olandan artıq həssas idi, duyğusal və məqamında emosional idi. Bunu Nazifin
ilk və son nəsr kitabı "Kəndimizin
yaddaşı"nda görməmək
mümkün deyil. Bir povest və iki hekayədən ibarət bu kitabda müəllif özünü istedadlı
və səriştəli
nasir kimi göstərə bilmişdi.
"Alatava" hekayəsində
60-70-ci illərin tələbəlik
ab-havasını, sovet
cəmiyyətinin çox
maraqlı, təzadlarla
dolu bir dövrünü, kəskin
ədəbi-siyasi mübahisələri,
çayxanalarda formalaşmış
"ədəbi klublar"ın
ictimai fikrin inkişafındakı unikal rolunu Nazif ustalıqla təsvir edə bilmişdi. Bu hekayədə
həmin illərin şahidi, fikir hadisələrinin iştirakçısı
kimi Nazif özünü yazmış,
həssas və analitik nasir qələmi ilə öz avtoportretini uğurla çəkmişdi.
Çox
şeyə, elə özünə də ironiya ilə yanaşan və bunu ədəbi fakta çevirməyi bacaran yazıçının
bu gözəl hekayəsi onun özünə həssas və obyektiv münasibətinin nəticəsi,
sözün həqiqi
mənasında özünüdərk
aktı idi. Dünyanın dərki isə,
yəqin ki, elə özünüdərkdən
başlayır. Sən kimsən,
nəsən, bu həyatda sənin bir insan kimi
missiyan nədən ibarətdir? Düşünməyi bacaran hər kəs ömrü bitənəcən bu suallara cavab axtarır, özünü
öyrənir, deməli,
dünyanı anlamaq qabiliyyətini itirmir.
Dostum Nazif Qəhrəmanlı belə insan idi. O, öz həyat missiyasını yaxşı bilirdi. Bu missiya Azərbaycan
ədəbiyyatına vicdanla,
namusla xidmət etməkdən ibarət idi.
Həyatın müdrik bir qanunu da var
- dünyanın tarazını
qorumaq qanunu, bəlkə elə ona görədir ki, başlayan hər bir şeyin
mütləq bir sonu var. Bu, insan həyatına da aiddir, müdriklər demiş,
ölüm də Allahın bir nemətidir, hamı bu
nemətdən dadır. Təəssüf
ki, Nazif o neməti çox tez daddı. Bu il yetmiş yaşı tamam olan dostumun ömrü 63 yaşında bitdi,
başa çatdı. Bu
çoxdu-azdı biləni Allahdı! Bizə isə
xatırlamaq qalır.
Əli ƏMİRLİ
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 11.