Tanrı olmaq

 

Bax, həmişə belə olur, işi yarım qoyub gedirik, əldə imkan da var, vaxt da, amma sabahlara saxlayırıq. Sabah da ki, çox, amma gələ bilər, gəlməyə . Bu dəfə SƏMİMİLİKdən yazacam, sizə söz verirəm ki, səmimi olacam, həmişəki kimi. Amma oxuyandan sonra bunun cavabını sizdən eşitmək istərdim, görüm siz qədər səmimi oldunuz...

 

Bəs görək nədir bu səmimilik?!

 

Səmimilik, şəxsiyyətin özünü necə varsa elə, yəni əsl üzünü gizlətmədən qarşısındakı adama təqdim etməsidir. Səmimiliyi təqlid etmək mümkün deyil, çünki baxışlar, danışıq tərzi, üzün mimikası açacaq sandığı, tökəcək pambığı!.. Səmimilik bir ibadətdir, zikrdir, imandır. Yaradan hər varsa səmimiliyin içərisində ehtiva etmişdir. Təvazökarlıq, dürüstlük, həqiqətə əyilmək, səmimiliyin göstəriciləridir. Səmimilik insanı bir çox pisliklərdən çəkindirir, o, böyük qüvvədir insana birbaşa təsir göstərir.

Tibb Universitetinin subardinasiya səviyyəsində idik, yəni 6-cı kursu bitirirdik, səhv etmirəmsə, iyul ayı idi, bir aydan sonra internatura başlayacaq biz gənc həkimlər sərbəst işləyəcəkdik. Düzdür, ümumi rəhbərimiz olacaqdı, amma xəstə-həkim təması, münasibəti tam özümüzlükdü. Birbaşa qəbul, müayinə, müalicə üçün təyinat verilməsi, resept yazılması bizim kursu necə başa vurduğumuzun göstəricisi olacaqdı. Yadımdadı, Q.Qarayev adına Uşaq Xəstəlikləri xəstəxanasında son günümüz idi. Dərslər bitdi biz elə ixtisas dərsi keçən həkim-müəllimimizlə (heyif adı yadımda deyil) xəstəxananın həyətinə toplaşdıq. Yadigar şəkillər çəkdirdik, şirin söhbətlər elədik, kim bilir bir üz-üzə gələcəkdikmi...

Tədris boyu bizimlə dostlaşan, ana-bala münasibəti yaradan xanım həkim bizə uğurlar dilədi sonda məsləhət verməyi unutmadı. Dedi:

- Siz artıq həkimsiniz, az vaxtdan sonra hərəniz bir yerdə işə başlayacaqsız. Çox müxtəlif insanlarla üz-üzə gələcək, fərqli xarakterlərə şahid olacaqsız. Heç vaxt xəstə yiyəsinin sözünə aldanmayın, işinizi, xəstəyə münasibətinizi ona görə qurmayın! Xəstənin adamı canı yanğılı olur, adama desən söz verir, inanmayın. Mənim adıma kənddə ağaca quzu bağlanıb böyüyüb qoç olub, amma sonda həmin adam xəstəsini gecə yarısı üçüncü mərtəbədən qaçırıb aparıb. Gözünüzü, nəfsinizi tox saxlayın, düzdür, həkimə işi müqabilində hədiyyə falan verilə bilər, bu, tarixən olub, amma sənətinizi qoruyun, onu uca tutun, xəstəyə səmimi yanaşıb lazım olduğu müalicəni edin. Bəri başdan zirək fəndgir tərpənib özünü şirin satmaqla sizi aldatmaq istəyənlərə inanmayın, ummaq sonra adama əzab verir!

Bu deyilənlər tam mənim xarakterimə uyğun idi, qulağımda da sırğa oldu. işlədiyim illərdə buna dəfələrlə şahid oldum! Xəstəsini "aqoniya", yəni ölüm ayağında xəstəxanaya çox zaman vaxtlı-vaxtsız evimə çatdıran bəzi valideyn xəstənin qohum-əqrabası dönə-dönə yanıma gəlir sanki vədləri ilə bəhsə girirdilər. Mənsə təbii ki, öz ampluamda idim!

SÖZ - Allahın insandan əvvəl yaratdığı canlıdır, onu öldürən , diri saxlayan da biz insanlarıq. Hamı bir-birindən səmimilik umur, amma özü necə, səmimidirmi!? Hamı digərini qeyri-səmimilikdə qınayır, bəs özü qədər səmimi olur!?

Sözlə hisslərimizi bildirir, fikrimizi çatdırır, ünsiyyət yaradırıq, bəs qədrini bilirikmi? Təsəvvür edin ki, iraq olsun nitq qabiliyyətinizi itirmisiz, vəziyyətinizi təsvir edə bilərsiz?! Ağır olar, çox ağır. Anam deyərdi ki, haran ağrısa canın orda olur! Bir yazıçı dostum vardı, qəfildən udmaq aktını itirdi, adam neçə gündə bir yol bircə qurtum su, yarım fincan çay içib, para peçenye yeyə biləndə Allaha saysız şükürlər edirdi! Elə bu dərdlə dünyası qaraldı (Allah rəhmət eləsin!).

Heç söz verdiyiniz olubmu? Bəs sözünüzü tutmusunuzmu? Tutmamısınızsa havada fırlanan, sahibsiz, yiyəsiz qoyduğunuz sözünüzə sahib çıxın, yiyə durun, qədər ki, gec deyil. Siz onu unuda bilərsiniz, amma o qətiyyən! Yeri düşdükcə gözünüzə görünəcək, yuxunuza girəcək, çəkdirdiyinizi çəkdirməyincə sizdən əl çəkməyəcək, inanın! Bəs bilmişdiniz! Tanrı dünyanı "ol" kəlməsilə yaratmadımı? Yaratdıqlarına məlum vədlərdə bulunmadımı?! Sözünü tutmadımı? Ondan - Yaradandan nümunə götürün ... Tanrı olun!

 

Adamlara yuva qurmağı,

Quşlara uçmağı öyrətdik...

Adamlar uçmağa həris...

 

Ağaclar yarpaq-yarpaq seyrəlir,

Dünya adam-adam azalır.

Belə gəlir payız...

 

Dam-dam uçub dağıldı bu kənd,

Küçə-küçə azaldı.

Səssiz... hoysuz...

 

Dava-dava oyunuyla başladıq

müharibələri,

Oyuncaq güllələrdən öldü

uşaqlığımız...

 

Sevdik.., qınandıq...

Anlaşılmadıq...

Heyif, bu dünyada quş olmadıq...

 

Qapımı bir gəlişinə taybatay açdıqlarım oldu, yoluna ürək qoyduqlarım. Necəsiniz? Bəhanələrə sığınanlar, arxayın olun, mən dərsimi çoxdan almışam. Sizə başdan inanmadım...

 

P.S. "Budağından şübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən!.."

 

Paulo Koelyo

 

 

Şahnaz ŞAHİN

 

       525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 11.