Bir "Azərkitab" vardı...

 

1923-cü il may ayının 29-da Azərbaycan SSR Xalq Maarif Komissarlığının nəşriyyat şöbəsi iki bölməyə - nəşriyyat və ticarət bölmələrinə ayrıldı.

Həmin il avqust ayının 21-də nəşriyyat şöbəsi yenidən təşkil edilərək Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" yarandı. Ticarət bölməsi bu nəşriyyatın tərkibində olmuşdur.

Daha sonralar, 1927-ci ilin yanvar ayında "Azərnəşr" "Bakı fəhləsi" kooperativ nəşriyyatı ilə birləşdi və ticarət bölməsi artıq şöbə kimi fəaliyyət göstərməyə başladı Azərbaycan KP Mərkəzi Komitəsinin 1933-cü il 1 avqust tarixində qəbul etdiyi qərarına əsasən, ticarət şöbəsi "Azərnəşr"dən ayrılaraq tam təsərrüfat hesablı müstəqil idarə - "Azərkitab" yarandı.

"Azərkitab"ın fəaliyyət dairəsi Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir, Lənkəran, Naftalan, Şuşa, Xankəndi şəhərlərini əhatə edirdi. Bu şəhərlər sovet dövründə ümumittifaq əhəmiyyətli şəhər statusu daşıyırdı. Respublikanın digər ərazisindəki əhaliyə "Azərittifaq"ın "Kəndkitab" birliyi xidmət göstərirdi.

Ümumilikdə "Azərkitab"ın tabeçiliyində 78-i Bakı şəhərində olmaqla cəmi 124 mağazası olub. Kitab mağazaları əsasən əhalinin sıx olduğu məkanlarda yerləşirdi. Vaxtilə Bakı şəhərində yeni mikrorayonlar salınarkən fəaliyyəti vacib sayılan obyektlər kimi kitab mağazalarının və ya köşklərinin yerləşdirilməsi də mütləq nəzərdə tutulurdu.

Bakı ətrafında - Mərdəkan, Buzovna, Şüvəlan, Maştağa, Pirallahı, Balaxanı, Bülbülə, Biləcəri, Ələt, Sahil, Lökbatan, Hövsan, Qobustan qəsəbələrində də kitab mağazaları var idi. Təsəvvür edin, 1998-ci ilə qədər Neft Daşlarında da kitab mağazası fəaliyyət göstərirdi.

Kitab mağazalarının ixtisaslaşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Məsələn, Bakı şəhəri keçmiş Hüsü Hacıyev küçəsi 39-da (indiki Azərbaycan prospekti) "Təranə" musiqi ədəbiyyatı mağazası yerləşirdi. Sahəsi 140 kv metr olan mağazanın satış zalında ağ rəngli royal var idi. Mağaza yerləşən bina "bəstəkarlar binası" kimi məşhurdur. Orada Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov kimi görkəmli bəstəkarlar yaşayıb. Musiqi mövzusunda yeni çıxan kitabların təqdimatı əsl musiqi axşamlarını xatırladırdı.

Neftçilər prospekti 93-də yerləşən "Abunə nəşrləri" mağazasında dünya ədəbiyyatının rus dilində çıxan ən yaxşı nümunələrini əldə etmək üçün kitab həvəskarları gecədən növbə tuturdular.

Bakının mərkəzində fəvvarələr bağında məşhur "Kitab passajı" vardı. Mağaza 1906-cı ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı. Şəhərlərimizin əksər ziyalı təbəqəsi "Kitab pasajı"nın daimi müştərisi olub. Oradakı "Tibbi ədəbiyyat" şöbəsi bir neçə həkim nəslini ixtisas kitabları ilə təmin edib.

F.Əmirov küçəsi 1-də yerləşən "Kitab evi" 1980-ci ildə Ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi və iştirakı ilə açılmışdı. Mağaza sahəsinə görə keçmiş SSRİ-də 2-ci idi. Buranın ümumi sahəsi 2400 kv metr, ticarət sahəsi 1670 kv metr idi. "Kitab evi"ndə müxtəlif məzmunlu ədəbiyyat satan şöbələrilə yanaşı, sorğu-məlumat şöbəsi də var idi. Müştəri axtardığı kitabın hansı mağazada satılması barədə şöbəyə zəng etməklə ətraflı məlumat ala bilərdi.

Paytaxtın 28 aprel küçəsi 2-də məşhur "Bukinist ədəbiyyatı" mağazası antikvar kitab həvəskarlarının ən sevimli yeri idi. Bu mağazada qədim və nadir kitabları əldə etmək mümkün idi. Bundan əlavə, "Vətən" kinoteatrının sırasında,  Nizami küçəsi 47-də "Uşaq ədəbiyyatı", Ə.Əlizadə küçəsi 14-də "Kənd təsərrüfatı ədəbiyyatı", İnşaatçılar prospekti 31-də "Siyasi ədəbiyyat", D.Əliyeva küçəsi 241-də "Texniki ədəbiyyat", N.Rəfibəyli küçəsi 41-də "İncəsənət ədəbiyyatı" üzrə ixtisaslaşdırılmış mağazalar yerləşirdi.

Təəssüf ki, yuxarıda sadaladığım məlumatlar hamısı yaxın keçmişi yada salan xatirələrə çevrilib. 1990-cı ilin ortalarında "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramı”nın icrasına start verildi. Bu proses "Azərkitab"dan yan keçmədi. 1997-1998-ci illərdə kitab mağazaları tələm-tələsik özəlləşdirildi. Halbuki 1994-cü ildə qəbul edilmiş Dövlət proqramında kitab mağazalarının özəlləşdirilməsi nəzərdə tutulmamışdı (onların özəlləşdirilməsi 10 avqust 2000-ci ildə qəbul edilmiş Dövlət proqramında nəzərdə tutulmuşdu. Bu proqrama uyğun olaraq kitab mağazaları özəlləşdirildikdən sonra da əsas profilini dəyişməməli idi). Yalnız 2001-ci ilin 29 mart tarixində "Azərkitab" kitab ticarəti birliyinin ləğvi, onun müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında sərəncam verildi. Burada məqsəd iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə səmərəliliyi artırmaq idi. Özəlləşdirmə, sərəncamda göstərildiyi kimi, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramı"na uyğun aparılmalı idi. Lakin məsələ bundadır ki, kitab mağazaları müvafiq sərəncam gözləmədən özəlləşdirilmişdi. Bu azmış kimi, mövcud profilin saxlanması şərtləri də pozulmuşdu.

Kitab mağazaları əvvəllər də həmişə müxtəlif dairələrin maraq dairəsində olub.

Məsələn, keçmiş Baş nazir Sürət Hüseynov "Kitab evi"ni Misir səfirliyinə verilməsi barədə sərəncam imzalamışdı. Lakin o vaxt Mətbuat və İnformasiya naziri vəzifəsində işləyən Sabir Rüstəmxanlının qəti mövqeyi sayəsində sərəncam icra olunmadı.

1994-cü ildə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı "Kitab evi"nin 2-ci mərtəbəsinin modalar atelyesinə verilməsi barədə xahiş məktubu göndərmişdi. Həmin vaxtlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı kitab mağazasının yarısında kommersiya dükanı açmağa cəhd göstərmişdi. Əhmədlidəki 9 saylı "Kitab evi"nin bir hissəsində Xətai İcra Hakimiyyətinin başçısı tərəfindən iki kommersiya mağazası yerləşdirilmişdi.

Bu cür faktlar çoxdur. Hələ 1990-1992-ci illərdə kitab mağazalarının bir hissəsində ərzaq, geyim və digər xalq təsərrüfatı mallarının satılmasına cəhdlər olmuşdu. Sonralar nazirlikdə və "Azərkitab"da rəhbərlik dəyişdikdən sonra kənar müdaxilələr aradan qaldırıldı.

Özəlləşdirmədən sonra kitab mağazalarının nə gözlədiyini sanki qabaqcadan görmüşdüm. Bu barədə 1994-cü ildə "Azərbaycan" qəzetində "Kitab mağazaları özəlləşdirilsə..." sərlövhəli yazım çıxmışdı.

Özəlləşdirmədən sonra əvvəlki profilini qoruyub saxlayan cəmi bir neçə obyekt qaldı. Bunlardan biri "İçərişəhər"də Qala küçəsi 8-də yerləşən kitab mağazasıdır (ən azı, mağazanın müdiri, jurnalistlərin dostu kimi tanınan Elman Mustafayev bu yaxınlarda rəhmətə gedənə qədər).

Əvvəlki profilini saxlayan digər obyekt Fəvvarələr bağında, N.Rəfibəyli küçəsi 41-dəki kitab mağazasıdır. Hazırda bura Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Kitab evi" kimi fəaliyyət göstərir. Bura yüksək səviyyədə təmir edilib və oxucu kasadlığı yaşamır.

"Azərkitab"ın ləğvindən sonra “Azərittifaq”ın tabeçiliyindəki "Kəndkitab" kitab ticarəti birliyi də öz fəaliyyətini dayandırdı. Ölkənin bütün rayon mərkəzlərində nümunəvi layihəyə uyğun tikilmiş 2 mərtəbəli "Kitab ev"lərinin yerində əsasən şadlıq sarayları fəaliyyət göstərir. Ümumiyyətlə, kitab mağazaları özəlləşdirildikdən sonra əksəriyyətinin yerlərində restoran, market, ofislər fəaliyyət göstərir.

Ən acınacaqlı aqibət Bakı şəhəri F.Əmirov küçəsi 1 ünvanda yerləşən "Kitab ev"ində yarandı. Hazırda mağazanın yalnız 50 kv.metrində kitab satılır. Qalan sahələrdə müxtəlif yöndə fəaliyyət göstərən obyektlər yerləşir. Bu azmış kimi, 2-ci mərtəbənin bir hissəsi qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə çevrilib və mənzil kimi istifadə olunur.

Son dövrlər mətbuatda kitab mağazalarının azlığı barədə çoxlu yazılar gedir. Bu günlərdə baş tutan Bakı Beynəlxalq kitab sərgi yarmarkalarında da kitab mağazalarının çatışmazlıqları bir daha vurğulandı.

Sərgi göstərdi ki, yüksək səviyyədə, olduqca maraqlı, müxtəlif mövzularda kitablarımız var. Belə kitabların satışında problem yaranmadı. Lakin yarmarka hər gün olmur ki, oxucu da ora üz tuta. Oxucu istədiyi kitabın satıldığı yeri axtarmalı deyil, ona konkret ünvan lazımdır.

Hazırda qeyri-rəsmi məlumatlara görə, şəhərdə 200-ə qədər özəl kitab mağazaları fəaliyyət göstərir. Təxminən eyni qədər nəşriyyat mövcuddur. Bunların qarşılıqlı münasibətini tənzimləyən qurumun olmaması səbəbindən fəaliyyətlərində kor təbiilik var. Mağazalar nəşriyyatların buraxdıqları kitablar haqqında məlumatsızdırlar. Eyni zamanda, nəşriyyatlar da mağazaların dislokasiyasından xəbərsizdirlər.

Əvvəllər nəşriyyatlarda gələn il üçün çap edəcəkləri kitabların qısa məzmunu barədə məlumat verən tematik planlar hazırlanırdı. Həmin tematik planlar kitab mağazalarına paylanılır, oxucular da maraqlandıqları kitabları əvvəlcədən sifariş verir, nəşriyyatlar da həmin sifarişlərin əsasında tirajı müəyyən edirdilər.

Hazırda əksər nəşriyyatlar 100-200 manat müqabilində müəlliflərə qrif satmaqla məşğuldular. Çap olunacaq kitabın məzmunu onları maraqlandırmır. Adətən belə nəşriyyatların ştatı tək müdirdən ibarət olur. Halbuki nəşriyyatlarda korrektor, texniki və bədii redaktor olmalıdı, onlar kitabın texniki meyarlarına məsuliyyət daşımalıdırlar. Bir çox hallarda çap olunan kitablarda nəşriyyat və mətbəənin ünvanı, tirajı belə göstərilmir. Nəşriyyat və kitab mağazaları arasındakı uçurumu aradan qaldıracaq qurumun hökümət tərəfindən yaradılması daha məqsədəuyğundur.

Bir məqamı unutmayaq ki, kitabları təkcə Bakı şəhərində oxumurlar. Respublikanın başqa bölgələrində isə kitab mağazaları yox dərəcəsindədir. Yerlərdə kitab mağazalarının və ya köşklərin açılmasında sahibkarlar heç də maraqlı deyil. Həqiqət budur ki, kitab ticarəti gəlirli sahə deyil. Tutaq ki, ərzağa gündəlik təlabat, geyimdə dəb və mövsüm amilləri satış prosesinə müsbət təsir göstərirsə, kitabda dərsliklər istisna olmaqla, satış müddəti bilinməyən məhsula (kitaba) maya qoyulmayacaq. Kitabları mağazalara nisyə vermək üçün isə nəşriyyatın artıq vəsaiti olmalıdır.

Kitabın satılmasında reklamın rolu əvəzsizdir. Ayrı-ayrı qəzet səhifələrində konkret kitablar haqqında çıxan məlumatları hamı oxumur, televizorda isə belə proqram yoxdur (vaxtı ilə "Kitab köşkü" verilişi böyük tamaşaçı kütləsi yığırdı).

Bir şey nəzərə alınmalıdır, elə mövzuda kitablar var ki (xüsusən vətənpərvərlik, Qarabağ mövzusunda), onların təcili satışı mümkün olmasa belə onlar bütün kitab mağazalarının ən görünən yerində olmalıdır. Ümumiyyətlə, kitabın nəşri, çapı və yayımı barədə qanun qəbul edilərsə, bir çox problemlər  həllini tapar, hazırkı naməlum vəziyyət aradan qaldırılardı.

Zaman təsdiqlədi ki, biz kitabın bazar iqtisadiyyatı şəraitindəki taleyinə biganəlik göstərdik. Kitabın, sözün əsl mənasında, cəmiyyətə qayıtmasına böyük ehtiyac var.

 

Rauf MƏMMƏDZADƏ

 

525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 12.