“Şollerin
arxivi” bədii filmi ABŞ-da bir gündə iki mükafat qazanıb
Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal olan “Şollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain Christian” Film Festivalında bir gündə iki mükafata layiq görülüb. Festival ABŞ-da Baptist Fellovship kilsəsində keçirilib. Ekran əsəri festivalın “Ən yaxşı xarici film” və “Ən yaxşı xarici direktor” kateqoriyası üzrə qalib olub.
Bu barədə “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki,
dünyada böyük
marağa səbəb olan
“Şollerin arxivi” bədii
filmi Azərbaycan kino
tarixində beynəlxalq festivallarda ən çox uğur əldə
edən ekran əsərlərindəndir.
525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 13.