1926-27-ci illərin "Molla Nəsrəddin"
jurnalında Naxçıvan
VƏ YA HACI MƏHƏMMƏD QURDUN
AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu Əsgərov 1955-ci il
dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar
kəndində anadan olub.
1977-ci ildə
ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində,
23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri
Komitəsində işləyib. Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR
üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci
ilədək Naxçıvan MR Ali Məclisində mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun
baş müşaviridir. Hazırda
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin
rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik
yazıları dərc olunur."Araz", "Yeni səslər"
almanaxları,
"Heraklın 13-cü
qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə"
(2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci
il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı
kitabları oxuculara təqdim
edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin"
jurnalı haqqında əhatəli tədqiqatını oxucularımıza
təqdim edirik.
(Əvvəli ötən
sayımızda)
"Molla Nəsrəddin" öz imzası ilə məhkəmələrdə
süründürməçilik və rüşvət
probleminə də toxunur. Sual verir ki, nə səbəbə
altı abbasıya dəyən üzüyə Naxçıvan xalq hakiminin
arvadı 250 manat veribdir? Ayda 150 manat maaş
alan xalq hakimi necə imkan verib ki, arvadı dəyərsiz bir
üzüyə 250 manat versin? Bəs binəva
hakim ayın qalan günlərini nəynən dolanır?
Ayə bunlar ki, biraylıq maaşlarını
üzüyə verirlərsə, bə həmin ay nəynən
dolanırlar? (1928, ¹2)
"Müvəqqəti istifadə" felyetonunda (¹35)
"Gəzən"i narahat edən odur ki, digər yerlərdən
Naxçıvana gələn bəzi idarə müdirləri
arvad-uşağını özü ilə gətirmir. Başlayır
burada özünü subay qələmə verməyə və
cəvanələri özünə cəlb etməyə.
Sonra ara sazlanır. Nəhayət,
qadın zaqsa getməyi tələb edir. Gedirlər zaqsa,
burada ortaya çıxır ki, kişi
arvadlıdır. Yazıq qadının əli
qalır qoynunda. Yazıq qadın nə eləsin?
Əlbəttə, gərək
Naxçıvandan çıxıb getsin. Mən bunları açmaqdan Köybirliyi idarəsinin
ticarət şöbəsi müdirliyinə, yaxud başqa
adamlara dolaşmıram. Ancaq belə bir dəb
barədə əhalini xəbərdar edirəm.
Bilirəm,
oxucu bu sətirləri gözdən keçirəndə,
dodağı qaçacaq, kimisə xatırlaylb deyəcək:
- Ay
qırışmal!
22-ci nömrədə "Xudam" mövzunu davam etdirərək
yazır ki, deyirdilər Naxçıvana təzə gələn
bir idarə müdirinin xasiyyəti qabaqkı müdirin xasiyyəti
ilə birdir, mən inanmırdım. Amma indiki hərəkətlərdən
aşkar oldu ki, bunun da xasiyyəti fəna imiş. Bu zalım oğlu təkcə rəhbəri
olduğu idarədə deyil ha, harda bir zənən
gördükdə ruhu başından çıxır, lap dəli
olur. Müxbiri narahat eləyən odur ki, hələ
havalar soyuqdu, zənən xəlayıqlarının bərk-bərk
geyinən vaxtında müdir bir belə başını
itirib, yay gələndə gör nələr eləyəcək.
Hər halda bu cür müdirlər sərin yerə
göndərilməlidir ki, bəlkə havası yata.
Qeyd edək ki, Naxçıvandan yazan müxbirlər
arasında ordubadlılar, xüsusən "Yetim" ləqəbli
müxbir məhsuldarlığı ilə diqqət çəkir. Jurnalın əksər
nömrələrində onun imzası ilə yazılar var.
Ustadı Mirzə Cəlildən bəhrələnən
"Yetim"ın yazılarında satirik maneralar, kinayələr
sarkazm səviyyəsinə qalxır. O, tiplərin üzərinə
birbaşa hücuma keçir, onları yolda, evdə, həyətdə,
meydanda yaxalayır, onlara özünəxas şəkildə
yanaşır. Tənqid hədəfləri də
bu yanaşma tərzindən yayına bilmirlər. Müxbirin "Qurd ağzı bağlamaq"
felyetonu isə artıq sadəcə tənqid deyil, satirik kinayə
və qəzəb, satirik eyham və ifşa, satirik faciə və
lənətdir. Müəllifin dediyinə
görə, neçə illərdir qəzetlərdə
yazırlar ki, filan kooperativ qulluqçusu, yaxud filan xidmətçi
idarənin bu qədər pulunu yeyib dağıdıb. Rüşvətxorluğa və korrupsiyaya
qarşı mübarizə tədbirləri bir səmərə
vermir. Nə qədər tutasan, nə qədər
doldurasan türməyə. Təzə gələn də
uzağı bir ilə səbr eləyib ikinci il
girişir idarənin pullarına. "Yetim" məsləhət
görür ki, belələrini türməyə bassalar,
Ordubadda adam qalmaz, çünki xırda yerdir, əhalisi
azdır. Yaxşısı budur ki, bir adamı
ki vəzifəyə təyin eləyirlər, əvvəlcə
gətirsinlər Ordubadda Hacı Məhəmmədin
üstünə, dua yazdırıb ağzını
bağlatdırsınlar ki, idarənin pul-parasını yeyib tələf
eləməsin. Çünki
Hacının bu işdə zəngin səriştəsi var.
Belə ki, qurd ağzı duası oxumaqla qonşusu Səfərin
itmiş qoyunlarını qurdun ağzından o qoruyub. Səfər də sabahısı günü
qoyunlarını sağ-salamatca öz samanlığında
tapıb.
Müxbir bu sınanmış metodun bütün idarələrdə
tətbiqini məsləhət görür. Əmin edir
ki, o zaman idarə müdiri qazamat təhlükəsindən
qurtular və ailəsi başsız qalmaz (22 yanvar 1927, ¹4).
Böylə qənaətmi olar? Hop!
Bəhs olunan illərdə sovet iqtisadiyyatında
aparılan islahatların kökündə əsasən qənaət
problemi dayanırdı. Məsələn, qənaət uğrunda
mübarizədə ordubadlılar belə fərqlənirdi ki,
su haqqında sözə, vaxta və danışığa qənaət
eləyirdilər. Çünki keçən il bunları israfı ucbatından nəticə
alınmayıb. Əkinlər, bağ-bağat
quraqlıqdan yanıb. Yaxud satıcı malı əskik
çəkir ki, qənaət dövrüdür (1926, ¹21).
Jurnalın
1927-ci il 14-cü nömrəsində
"Bisavad" bir məsələ həllində aciz
qalıb (Nahaqdan bisavad adlanmır ki). Savadlılardan
soruşur ki, Naxçıvan maliyyə idarəsində və
kənd təsərrüfatı bankında neçə katib
olmalıdır? Bir məsul katib 150 manat, bir nəfər
də türk katibi məsul katibin müavini ki, kəndçi
gələndə onun ərzi-halını tərcümə
etsin, o da 100 manat, hərgah təftiş şöbəsinin və
mühasibatlığın qulluqçularının qədərini
və aldıqları maaşlarının miqdarını
yazsam, o vaxt qorxuram mənə azığınız tuta,
suallarıma cavab verməyəsiniz.
"Yengicədən" "Avara" da qənaət
rejiminə özünəməxsus münasibət bildirir. Yazır ki, bir il əvvəl Yengicə Köybirliyi elan
buraxdı ki, Yengicəyə işıq vermək
üçün bir elektrik dinaması gələcəkdir. Kommunxoz bunu eşitcək həm qənaət edib, həm
də vaxtından hazırlıq apararaq küçələrdə
yanan fanarları xamuş etdi ki, camaat qaranlıqda qalıb daha
çox elektrik alsınlar (¹25).
Jurnal
növbəti nömrəsində "Laməzhəb"in
"Qənaət mahnısı"nda səmərəsiz
iqtisadi metoda "Türçanka" havası üstündə
gülür:
Deyirlər qənaət eləmək-gərəkdir itaət
eyləmək.
Başlamadan
əvvəl bir işi-o işə riayət eləmək
Birisini
qulluğundan qovar, ikisini onun yerinə qoyar
Böylə qənaətmi olar? Hop!
Tamah eyləyir bir bu qədər, verməyir işi zərrəcə
səmər.
Qorxuram axır eləyə zərər. Hop!
Qənaət üçün idarəetmə sistemində
aparılan kadr ixtisarlarına işarə edən "Xəstə"
27-ci nömrədə yazır ki, Naxçıvanda ixtisar məsələsi
meydana buraxıldığından idarə işçiləri
qüssədən hər axşam şəhər bulvarına
toplanıb sübhədək eyşü-işrətlə məşğul
olurlar ki, bəlkə kefli olub bu məsələni yada
salmayalar. Hesab vaxtı isə 30-40 manat əvəzinə 7-8
manat verirlər ki, bu da həqiqətən qənaət deməkdir.
Yazıq bufetçinin xəbəri olmur ki, onlar
içdikləri arağın şüşələrini
kolluğa atır, stolun üstündə qalır bircə
şüşə.
Tələbə Züleyxanın qəmli
məhəbbəti
Mollanəsrəddinçilərin yeni keyfiyyətli sovet
satirasının hədəflərindən olan maarif, təhsil
məsələləri jurnalın başlıca
mövzularından biri idi. Belə ki, onlar bilik və
savadı cəmiyyətdəki bütün rəzalət, cəhalət
və məhrumiyyətlərin, zülm, haqsızlıq və
ehtiyacların dərmanı kimi qiymətləndirir, xalqın
kütləvi maariflənməsi üçün mübarizə
aparırdılar. Bu sahədəki
nöqsanlar jurnalın təqdimatında özünəməxsus
döyüşkən xarakteri ilə fərqlənirdi.
"Nəzarətçi"nin "Əlaqələr sıxdır"
adlı yazısında Naxçıvan Zükür Pedaqoji
Texnikumu ilə Ünas Pedaqoji Texnikum tələbələrinin
sıxlığından, get-gedə daha möhkəmlənməsindən
bəhs olunur. Lakin bu əlaqələr sən
demə, elm, savad üzərində qurulmayıb. Tələbə və talibələrdən bu əlaqələri
eşq, məhəbbət üzərində quranlar var və
bu əlaqələrin də əksəriyyəti belə bitir
ki, onlar texnikumdan qovulurlar. Bununla əlaqədar
Züleyxanın qəmli məhəbbətindən, digər
texnikumun tələbəsi tərəfindən aldadılaraq
rüsvay olduğundan söz açılır (1927, ¹18).
Jurnalın 1926-cı ilin 39-cu nömrəsində də
bu tələbələrdən bəhs edilir. Belə ki,
Naxçıvan Pedaqoji Texnikumunun müəllim və tələbələri
yığışır Türk teatrının bufetinə,
müəllimlər saat 9-dan 12-ə qədər tələbələrə
nərd öyrədir.
Ordubadda gənc
köylü məktəbinin müəllimləri də usta
sayıla bilər. Amma dərs deməklə yox,
nərd oynamaqla. Belə ki, nərdin zərbindən
gecələr leyli tələbələr yata bilməzmiş.
Bu dairədə ən usta zər atanları bu məktəb
yetirib (¹21). Həmin nömrədə
Naxçıvandan bir müəllimin mərkəzi toxucular
ittifaqına göndərdiyi iki məktub çap olunub.
Jurnal bu kəmsavad müəllimin nə demək istədiyini
anlatmaq üçün oxuculardan yardım istəyir və
"Kəmsavad" sonluğu belə bitirir: "Molla əmi!
Müəllimin dilini biz başa düşməyəndə,
görəsən, yazıq məktəb cocuqları necə
başa düşürlər?"
34-cü nömrədə Əylis məktəbində
şagirdlərdən şəkil çəkdirmək
üçün 12 manat pul yığıldığıdan bəhs
olunur. Lakin pul yığılsa da, dərslər
qurtardığından şəkillər çəkilməyib,
qalıb yeni dərs ilinə.
(Ardı var)
Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalisti
525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 14.