Qarabağın
qanlı tarixinə işıq tutan kitab
Yaradıcılığında Qarabağ mövzusuna geniş yer ayıran qələm dostum Vahid Məhərrəmovun yeni bir kitabı işıq üzü görüb. Böyük həcmli bu romanı vərəqləyib oxuduqca elə zənn edirsən ki, Azərbaycan xalqının öz müstəqilliyi və Qarabagın azadlığı uğrunda apardığı mübarizənin və həmin ərəfədə yaşanılan məşəqqətli günlərin salnaməsini vərəqləyirsən. Əsərin əvvəlki fəsilləri rahat oxunsa da, sonradan sanki qaysaq bağlamış yaralarımızın qaysaqları qoparılır və hər səhifəni ürək arğısı ilə oxumadan keçmək olmur. Kitabın adı “Müharibənin qanlı kölgəsi” adlansa da, əslində müəllif bütün kölgələrə işıq tutmağa və həmin dövrdə birtərəfli gördüklərimizi 30 il sonra müxtəlif rakuslardan bizə təqdim etməyə çalışmışdır. Əsərdə bədii ədəbiyyata xas olan zavyazka, kulminasiya nöqtəsi, razvyazka elə də güclü nəzərə carpmasa da, müharibənin real həyat həqiqətləri bədii çalarlarla dəqiq əks etdirilmişdir ki, bu da müəllifin uzun illər hərbi müxbir kimi çalışmasından irəli gəlir. Kitabda müstəqillik ərəfəsində xalqımızın oyanışı, sadə zəhmətkeşlərin bu oyanışlara, meydan hərəkatına, aramsız davam edən mitinq və tətillərə münasibəti, yaşlı nəslin Sovet imperiyasına və partyaya inamı real lövhələrlə təsvir edilmişdir. Müəllif qanlı yanvar gecəsi, böyüyündən tutmuş uşağınacan hec kəsin, sovet hökumətinin dinc əhali üzərinə zirehli texnika yeridəcəyinə və sovet əsgərinin dinc əhaliyə atəş açacağına inanmadığını ürək ağrısı ilə qeyd edir. Buna inansayıdılar, yəqin ki, həmin gecə itkilərimiz bir o qədər çox olmazdı. Ancaq ən təəcüblüsü dünyada sülhün keşiyində dayanan sovet əsgərinin dinc əhalini tankın təkərləri altına salmaları deyildi. Təəccüblüsü bu hadisələrə haqq qazandırmaq istəyən insanların tapılması idi ki, ilk dəfə olaraq Vahid Məhərrəmov bu acı həqiqətləri öz əsərində qələmə alır. Sovet hökümətinin əminəmanlığı və ədaləti bərpa edəcəklərini düşünən köhnəfikirli mədən işçıləri başa düşmürlər ki, Bakı nefti ilə faşizmə qalib gələn ruslarda azacıq ədalət hissi olsaydı, o vaxt Bakıya da qəhrəman şəhər adı verərdilər və həmin şəhərin qoynunu qana boyamazdılar. Əminamanlıq yaratmaq üçün Bakıya deyil, yenicə baş qaldırıb camaatı mitinqə səsləyən daşnakların kökünü kəsmək üçün Stepanakertə qoşun yeritmək lazım idi. Bax onda ədalət bərpa oluna bilərdi! Yaşlı nəslin nümayəndələri heç cür inana bilmirlər ki, partiya, hökümət Qarabağda baş qaldıran daşnaqların özbaşınalığına göz yuma bilər. Əlbətdə, bu fikirlərinə görə onları çox da qınamaq olmaz. Çünki onlar sərt Stalin rejiminin qəlibindən çıxmış insanlardır və Qarbaçovun siyasi fahişəliyini heç cür anlaya bilmirlər. Gənc nəsil isə bunu yaxşı anlayır və partiya biletlərini cıraraq qorxmadan-çəkinmədən kommunist rejimni və Qarbaçovu lənətləmək üçün meydanlara axışırlar.
Əsərinn əsas özəyini Qarabağ məsələsi təşkil edir və ilk zamanlar xalq müstəqillik əldə etməkdən çox ermənılərin Qarabağdan əl çəkmələri üçün mübarizəyə qoşulur və bunu Mərkəzi hakimiyyətdən tələb edir. Ancaq Mərkəzi hakimiyyətin laxladığını gordükdən sonra xalq öz müqəddəratını həll etmək üçün müstəqillik mübarizəsinə qədəm qoyur və müstəqillik əldə etməyimiz Qarabağın itirilməsi ilə nəticələnir. Minlərlə soydaşımızın didərginlik və qaçqınlıq həyatı başlayir. Nəticədə təkcə Qarabağı deyil, əzəli yurdymuz sayılan Qərbi Azərbaycanı da həmişəlik itiririk. Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin düşmələri, bu zaman onların yaşadığı ağrı-acılar da kitabda Məleykə və onun ailəsinin timsalinda boyalı lövhələrlə geniş şəkildə təsvir edilmişdir. Yeri gəlmişkən onu da qeyd edim ki, əsərin əsas qəhrəmanlarından biri olan Məleykə, haqq dünyasına qovuşmuş, 2 qardaşı Ermənistanda ermənılər tərəfindən müəmmalı şəkildə qətlə yetirilən, sonuncu qardaşı Kamandar isə Qarabağ müharibəsində şəhid olan tibb bacısı, Qarabağ müharibəsi mövzusunda bir neçə əsərin müəllifi, Ulu Öndərimiz tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş və təltif zamanı vətənpərvər çıxışına görə leytenant rütbəsinə də layiq görülmüş şairə-publisist Məleykə Səmanın bədiiləşdirilmiş obrazıdır.
Əsərdə Qarabağ döyüşləri, müharibə səhnələri, kəşfiyyatçı əsgərlərimizin şücaətləri geniş işıqlandırılır və torpaqlarımızı ıtirməyimizin əsas səbəbi kimi vahid komandanlığın və nizami ordunun, həmçinin hərbi qruplaşmalar arasında birliyin olmaması göstərilir. Uğursuzluqların əsas səbəblərindən biri kimi də o vaxt könüllülərin ordudan gerı çağrılması göstərilir və bu qərar səhv addım kimi qiymətləndirilir. Əsərin baş qəhrəmanı döyüşçü-əsgər Fikrətin, Şəhidlər xiyabanında şəhid olmuş döyüşçü yoldaşlarının məzarlarını ziyarət etdikdən sonra avtobus dayanacağında gördüyü mənzərə onu heyrətləndirir. Ordudan buraxılmış könüllülərin yerini doldurmaq üçün komissarlığın zabitləri əsgər yaşı çatmış cavanları harda gəldi tutub, avtobusa basaraq zorla xidmətə göndərirlər. Fikrət bunları birmənalə qarşılamır və öz-özünə deyir: “Məntiqsizliyə bir bax. Vətənin bu dar günündə könüllü döyüşənləri ordudan buraxıb, küçələrdən könülsüzləri məcburi tutub müharibəyə aparırlar. Bu nəyə lazımdır axı? Gül kimi vuruşurdu da könüllülər. Axı nə üçün bu addımı atdılar? Görəsən bütün bunlar kimə lazım idi?” Bu gün həmin sualların cavabı gün kimi aydındır. Müharibədən mənfəət güdənlərə lazım idi bu!
Kitabda ən təsirli səhnə səhra hospitalında tibb bacısı ışləyən Məleykənin qardaşı, igid döyüşçü və cəsur kəşfiyyatçı Kamandarın şəhid olması və onun hərbi hospitala gətirilməsidir. Həmin əhvalatı sağlığında biz Məleykə Səmanın öz dilindən də dəfələrlə eşidib kədərlənmişdik. Elə bilirəm Vahid Məhərrəmov da hərbi jurnalist işlədiyi vaxtlar bu hadisələri Məleykə Səmanın özündən eşidib. Bu səbəbdəndir ki, həmin bölmə olduqca təsirli alınıb və istəzr-istəməz bu səhifələri göz yaşı axıtmadan oxuyub keçmək olmur. Bu yerdə mən məşhur Alman yazıçısı Ştefan Şvayqın “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” kitabından bir sitat gətirmək istərdim. “İnsanlar başa düşməlidirlər ki, müharıbə özü özlüyündə ədalətsizlik deməkdir, çünki onun zərbəsi, adətən, müharibənı başlayıb aparana dəymir, əksinə, az qala, həmişə günahsız insanlara – nə qələbədən, nə də məğlubiyyətdən heç nə qazanmayan kasıb xalqa dəyir”. Həqiqətən də talesiz bacımız, didərginlik və müharibə yolu keçən, bu yolda üç qardaşını itirən, sonda məşəqqətlərə dözməyərək xərçəng xəstəliyinə tutularaq dünyasını dəyişən Məleykə Səmanın timsalında bu sətirlərin nə qədər həqiqət olduğunu anlayırıq. Sağ olsun Vahid Məhərrəmovu ki, Məleykə Səmanın həyatını əsərin sonunda bədii lövhələrlə əbədiləşdirərək ona ölməzlik bəxş edir, O, oxucuların yaddaşında həmişəyaşar tibb bacısı kimi qalır...
Düzdür bu gün kitab oxumaq dəb deyil və internet səhifələrini dolduran lazımsız və lüzumsuz boş-boş məlumat və əyləncələr gənclərin diqqətini daha çox cəlb edir.Bu gün ağrılı-acılı günlərimizə işıq tutan bu salnaməni vərəqləmək, həmin salnaməni yaşayanların övladlarına, televizyadakı ucuz şou proqramlardan maraqsız gəlir. Bəlkə elə bu səbəbdəndir ki, itirə-itirə gedirik. 20-30 il əvvəlki tariximizlə maraqlanmırıqsa 200-300 il əvvəlki tariximizlə necə maraqlanacağıq. Əgər 20-30 il əvvəl başımıza gətirilən müsibətlərdən xəbər tutmaq istəmiriksə, demək hələ itirəcəklərimiz cox olacaq.
Sonda isə bu əsəri ilə Qarabağ müharibəsinin qanlı köıgəsinə işıq tutaraq qəlbimizin yarasını yenə sızladan qələm dostum Vahid Məhərrəmova yeni yaradıcılıq uğurları arzulayıram və Qarabağ mövzusunda silsilə yazılarının ardının gəlməsini arzulayıram. Yaz qardaşım, nə qədər oxucu qıtlığı olsa da, yenə oxuyanlar tapılacaq!
Elman Rüstəmov
Yazıçı-publisist
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 15.