İnsan təkəbbürü və ya Babil
qülləsi
esse
Əfsanələrə və dini mənbələrə
görə, min illər
öncə yer üzündə insanların
hamısı bir dildə danışıb,
bir-birlərini başa
düşürlərmiş. Onlar tufandan
xilas olan Nuhun övladlarından törəyənlər imiş.
Daşqından xilas olduqdan
sonra Dəclə və Fərat çaylarının qovuşmasının
yaxınlığında yurd
salıb, bolluq içində, mehribanlıqla
yaşayırlarmış.
Tədricən ailələr genişlənir,
nəsillər artmağa
başlayır. İnsanlar zamanla yeni bacarıq və biliklər əldə edirlər. Lakin günlərin bir
günü bu insanları olduqları vəziyyət qane etmir və onlar
bir şəhər qurmaq qərarına gəlir, şəhərdə
isə nəhəng bir qüllə tikməyə başlayırlar.
Daşları yığıb, kərpic yandırıb, təməl qoyurlar. Qüllə göyə ucaldıqca, insanlar yaratdıqlarından
çox məmnun olurlar. Bu qüllə
dünyanın hər
yerindən görünməli
imiş. Qülləni tikib, Tanrıya çatmaq istəyirmişlər.
Beləcə, insan təkəbbürünün ən
bariz nümunələrindən
biri olan "Tanrının qapısı"
mənasını verən
"Babil qülləsi" inşa edilir.
Qüllənin yeddinci qatı hazır olmağa başlayanda insanlar mübahisə edir və fikir ayrılıqları
yaranır. Əslində isə insanlığın
özülündə olan
qürur, təkəbbür
hissləri baş qaldırır. Bu vəziyyət Tanrıya xoş gəlmir, baxır ki, insanlar daşqından əvvəlki vəziyyətlərinə,
yenidən öz günahkar hallarına qayıdırlar. Çünki onlar yuxarı qatlara qalxdıqca Tanrıya ruhən yaxınlaşmaq yerinə,
cismən özlərini
Tanrılıq kürsüsünə
hazırlamağa başlayırlar.
Tanrı
qəzəblənərək insanları cəzalandırmaq
qərarına gəlir.
Amma bu dəfə onları daşqında olduğu kimi ölüm hökmüylə
yox, dillərini qarışdıraraq cəzalandırır.
Ertəsi
gün hər kəs qüllə inşasını davam etdirmək üçün
geri dönür və danışmağa başlayanda heç kim bir-birini
başa düşə
bilmir. Mübahisələr getdikcə artır,
ağız deyəni qulaq eşitmir, hər kəs işi yarımçıq
qoyub qüllədən
enir. Beləcə tikili yarımçıq
qalır, başa çatdırılmır.
Zaman keçdikcə
insanlar artıq bir-biri ilə sakitcə əlaqə qura bilmədikləri üçün yarımçıq
qalmış şəhəri
tərk edərək ayrı-ayrı tayfalar şəklində dünyanın
dördbir tərəfinə
dağılırlar. Bir müddət
sonra isə tamamilə yadlaşır və bir-birilərini unudurlar. Hər tayfa öz milləti, adət-ənənələri,
dillərilə yaşamağa
davam edir. Babil şəhəri və
"Babil qülləsi"
isə zamanla unudulmağa məhkum olur.
"Tanrının qapısı"
mənasını verən
"Babil qülləsi"
Akkad dilindəki "Bab-ilu"
sözündən qaynaqlanır. Bəzi mənbələrdə
isə "Babil" kəlməsi "qarışıqlıq"
mənasında da başa düşülür
(Dediyimiz kimi, Allah özünü cismən yüksəklikdə görmək
istəyən, hər
şeylə sərhədsiz
maraqlanan, üstün
olmağa can atan, sahibkar iddiasına düşən insanların
bu hərəkətindən
qəzəblənərək onları cəzalandırmaq
üçün danışıq
dillərini qarışdırır
və bir-birlərini başa düşmələrini
çətinləşdirir).
Lakin insan israrcıdır, inadkardır. Zamanla bir-birlərinin
dilini mənimsəməyi
də öyrəndi.
Yenə də yarımçıq
qalmış "Babil
qüllə"ləri yaratmaq
istədi. İstəyir də. İstəyəcək də. E.ə.
331-ci ildə Babili fəth edən və gördüyü
möhtəşəm tikilidən
təsirlənərək, qüllənin
tikilişini başa çatdırmaq istəyən,
lakin ömrü vəfa etməyən Makedoniyalı İsgəndər
kimi. Eləcə də əsrlər
boyunca ölümlü,
lakin tanrılıq iddiasında olan insanlar kimi. A.Puşkinin
"Qızıl balıq"
nağılındakı qarı
kimi. Ucaldıqca valideynini bəyənməyən
övlad kimi. Müvəffəqiyyət qazandıqca ustadını
bəyənməyən şagird
kimi. Varlandıqca dünənini unudan
insan kimi. Asılı olduğunu bildiyi üçün şagirdinə
və ya xəstəsinə xor baxan bəzi müəllim və ya həkim kimi.
Sevildiyini bildiyi üçün
qarşısındakının sevgisindən sui-istifadə
edən bəsit bir insan kimi
və s.
Bitmək tükənmək bilməyən bu zirvə iddiası, fəth etmək, daha böyük sahibkar olmaq istəkləri yenə də insan övladını bu yeddi qatlı məbədləri tikməyə sövq edir, edəcək də. Hər dəfəsində də "qüllənin" ta zirvəsinə çatdıqlarında anlaşa bilməyib, işi yarımçıq qoyacaq, öz əməklərini hədər edəcək, bir-birlərini anlamaz hala gələcəklər. Çünki o zirvəyə çatdıqlarında hər kəs özünün daha çox əziyyət çəkdiyini, ora yalnız öz gücü sayəsində çatdığını və o yerin sahibi olmağa özünün layiq olduğunu düşünəcək.
Bu gün insanlar eyni dildə danışdığı, hətta digər xalqların da dillərini mənimsədiyi halda nədənsə anlaşa bilmir. Dinin aşırı dərəcədə təbliğinə rəğmən azğınlıq azalmır. Tibbin inkişafına baxmayaraq, xəstəliklər tükənmir. Elm tərəqqi etdikcə cahillik aradan qalxmır.
Babil qülləsi - qürurun, təkəbbürün təcəssümü və bir-birini anlamayan izdihamın yaratdığı xaosdur. Eyni dildə danışdıqları halda bir yaxınını və ya sevdiyi birini unutmağın nə qədər asan olduğunun göstəricisidir. Özülündən ayrıldıqca bir neçə nəsildən sonra öz nəsil ağacını xatırlamamasıdır. Maddi dəyərlər mənəvi dəyərlərə üstün gəldiyində insanların fərqli və ya eyni dildə danışmalarının əhəmiyyətsizliyidir. Şöhrət və əzəmət ardınca, həyatın boşa gedən vaxtının və sürətinin qiymətini itirməsidir.
Bu gün insanlar, hətta özündən olanla belə qışqıraraq danışır. Çox yaxın məsafədə olduğu halda belə qışqırır. Ya qarşısındakına fikrini çatdırmaq, ya da onun üzərində hökm etmək üçün qışqırır. İnsan sözünün dəyərini hiss etmədikdə qışqırır. Qışqırdıqda isə düşünə bilmir. Düşünə bilmədikdə və çıxış yolu tapmadıqda isə dava edir. Qışqırdıqca, dava etdikcə də uzaqlaşır. Məsafəcə yox, qəlbən uzaqlaşır. Qəlblər uzaqlaşdıqca isə insanlar bir-birindən uzaqlaşır və geriyə yolu tapmır. Beləcə də ya özündəki, ya da qarşısındakı "mən"in qurbanı olur.
Odur ki, Rəbbim yolunu
itirməyəcək qədər qəlblərimizi
uzaqlaşdırmasın. İşlərimiz "Babil qülləsi" kimi
yarımçıq qalmasın. İrs
ağacımız övladlarımız tərəfindən
unudulmasın. Çünki insan övladının növbəti dəfə
nə ilə qarşılaşacağını
Tanrıdan başqa heç
kim bilmir.
Fidan MALİK
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 16.