Mənim anam
Azərbaycan
qadınının sədaqətli, mətanətli olduğunu
hələ məktəb vaxtlarından kitablardan öyrənirdik.
İllər ötdükcə belə qəhrəmanlarımızı
ətrafımızda, ailəmizdə görüb, onların həm
gözəl ana, həm qayğıkeş həyat
yoldaşı, həm də güclü bir qadın
olduğunun şahidi oluruq.
Çox
gözəl deyiblər, qadınlar zəifdir, amma analar
güclüdür. Mənim qəhrəmanım illərini
övladlarına bəxş edən fədakar ana,
yetişdirdiyi şagirdləri ilə fəxr edən, ilk
müəllimim olan güclü qadın - anam Gülnarə
müəllimdir.
Gülnarə
Hüseynova hazırda Sabirabad rayonunda N.Gəncəvi adına
5 saylı orta məktəbin
ibtidai sinif müəllimidir. Artıq uzun illərdir, bu
işdə sevərək çalışır, yüzlərlə
vətənpərvər və savadlı şagirdlər
yetişdirir. Həmçinin, ibtidai sinifdə mənim də
müəllimim olub. Gülnarə müəllim şagirdlərə
vətənpərvərliyi aşılamaqla yanaşı,
respublikamızın tarixi məkanlarına ekskursiyalar təşkil
edərək, müxtəlif mövzularla əlaqəli tədbirlər
keçirib .
Məktəb
illərindən yadımdadır ki, evimizdə həmişə
məktəb ab-havası hökm sürürdü.
Ata-anamın müəllim olması bizi həmişə bu
ab-havaya kökləyirdi. Elə bir gün olmurdu ki, bizim evdə
nəsə dərslərlə, hər hansı maraqlı
tapşırıqlarla bağlı müzakirələr
olmasın. Ailədə ən böyük mən idim. İki
bacım və qardaşım məndən kiçik idilər.
Atam rayonda çox hörmətli və nüfuzlu bir riyaziyyat
müəllimi idi. Onun vaxtsız vəfatı bizi həddən
artıq sarsıtmışdı. Onu itirəndə mən
19 yaşımdaydım, tələbə
idim. Anam atamın yoxluğundan sonra bizə həm ana, həm
dost və sirdaş oldu. O zaman 3 bacı tələbə idik.
Zaman keçdikcə biz də həyatın çətinliklərinə
anamın gücü-qüvvəsi sayəsində qalib gəldik.
Bacılarım da ailəmizin yolu ilə getdilər, hər ikisi müəllim peşəsini
seçdilər.
Beləliklə,
övladlarının hamısına savad verdi, gəncliyinin
necə ötüb keçdiyinin fərqində olmadı mənim
anam. Doğrudur, anam mənə həyat verdi, savad verdi,
güclü qadın necə olmalıdır, onu öyrətdi.
Bəlkə də, heç özü də bilmədən
ondan daha çox xüsusiyyətləri,
dözümlülü, səbrli olmağı öyrəndim.
Sən
bizə doğru yolu təməldən düzgün
işıqlandıra bildin. Kitab oxumağı, elm öyrənməyi
sevməyi öyrədə bildin. Səni bu uğuruna görə
də təbrik edirəm. Deyim var ki, 3 qız anası olmaq cənnəti
qazanmaq deməkdir.
Həm məktəbdə
vətənpərvər, savadlı, məntiqli şagirdlər
yetişdirərək, həm də öz ailəsinin
yükünü daşıyaraq gəlib bu gün 60
yaşına çatdı mənim anam. Anadan ən
böyük hədiyyə - onun mənə hədiyyə
etdiyi həyatdır. Mən sənə nə hədiyyə edə
bilərəm ki, gəncliyinin, qayğısız günlərinin
bircə anını sənə qaytara bilim?
Bu
yubileyini təbrik edərək onu sənə demək istəyirəm
ki, xatirələrimizi xatırladıqca bir daha sənə
qibtə edirəm. Gücünə, bacarığına
görə sənə həsəd aparıram və
varlığının qarşısında baş əyirəm.
Tanrıdan
sənə can sağlığı arzu edirəm. Heç
vaxt üzülmə həyatın belə tez keçməsinə,
ən gözəl illər tez keçənlərdir... Sənin
üçün nə etsək belə, bir gecəlik
yuxusuzluğunun, sonsuz əziyyətlərinin əvəzini verə
bilmərik. Ürəyində niskil, dilində dua,
üzündə məsum təbəssüm yaşayan anam.
Ömrün uzun olsun!..
Suma HÜSEYNOVA
fizika üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.-
25 oktyabr.- S. 16.