1926-27-ci illərin
"Molla Nəsrəddin"
jurnalında Naxçıvan
VƏ YA
HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu
Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur
rayonunun Şəhriyar
kəndində anadan olub.
1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən
sonra bir il "Şərq
qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində
işləyib.
Həmin
müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan
MR üzrə müxbiri
olub. 2001-ci ildən
2011-ci ilədək Naxçıvan
MR Ali Məclisində mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri vəzifəsində
çalışıb. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar
jurnalist, Dövlət
qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan
MR Səhiyyə Nazirliyi
mətbuat xidmətinin
rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur."Araz", "Yeni
səslər" almanaxları, "Heraklın 13-cü qoçaqlığı"
(2001-ci il), "Aylı
bir gecə"
(2014-cü il), "Naxçıvan
səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci il),
"Biz necə mütaliə
edirik" (2017-ci il) adlı kitabları oxuculara təqdim edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı
haqqında əhatəli
tədqiqatını oxucularımıza
təqdim edirik.
(Əvvəli ötən sayımızda)
Jurnalın 1926-cı ildəki 18-ci nömrəsində xəbər
verilib ki, Naxçıvanda uşaq evlərində uşaqların
çoxu 29 yaşındadır
və bu "uşaqlar" eşitdikləri
nəsihəti bu qulaqlarından alıb o biri qulaqlarından çıxarırlar.
Qızdırma Stansiyasının (GEM) böyüyünün arvadı
Əvvəlcə o dövr səhiyyəsinə
qısa ekskursiya edək. Bəhs olunan dövrdə - 1927-ci ildə
Naxçıvanda səhiyyə
şəbəkəsinin vəziyyəti
belə idi: 115 çarpayılıq 2 xəstəxana,
30 çarpayılıq zöhrəvi
dispanser, 10 çarpayılıq
malyariya stansiyası,
7 ambulatoriya (onlardan biri mərkəzi ambulatoriya bütün ixtisaslı kabinələrlə),
uşaq məsləhətxanası,
bakterioloji laboratoriya,
4 həkim məntəqəsi,
2 səhiyyə məntəqəsi,
4 feldşer məntəqəsi,
4 aptek (onlardan biri xəstəxana nəzdində) əhaliyə
tibbi xidmət göstərirdi. Bu müəssisələrdə
22 həkim, 2 diş həkimi, 1 diş texniki, 18 feldşer, 15 tibb bacısı, 8 mama, 9 əczaçı və
87 kiçik və texniki personal işləyirdi.
1926-cı ilin başlanğıcında
respublikanın müalicə
profilaktika şəbəkəsi
3 rayon səhiyyə şöbəsinə
tabe idi - Naxçıvan (Culfa da daxil olmaqla),
Şərur və Ordubad. Bunlar da öz növbəsində Naxçıvan
MSSR Səhiyyə Komissarlığına
tabe idi. Bu barədə 2015-ci ildə Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində çap olunan "Naxçıvan
səhiyyəsi inkişaf
və tərəqqi yollarında" adlı kitabımda kifayət qədər bəhs etdiyimdən keçirəm
mətləbə.
Sovet hakimiyyətinin
ilk onilliyində maddi-texniki
bazanın olmaması,
həkim çatışmazlığı
səhiyyə sistemində
ciddi problemlər yaratmışdı. Naxçıvan
və Şərur qəzalarında bir sıra xəstəliklərlə
yanaşı, qanlı
ishal, qızılca, malyariya o dövrdə hər il
yüzlərlə adamı,
xüsusən uşaq
və hamilə qadınları məhv edirdi. Əhali arasında malyariya
Naxçıvan qəzasına
nisbətən Şərur
qəzasında daha geniş yayılmışdı.
Jurnal bu məsələyə 4 dekabr
1926-cı il nömrəsində öz
münasibətini bildirir.
Yazır ki, qanuna görə, bir kişi
bir idarənin başçısı olanda,
onun arvad-uşağı
həmin idarədə
qulluq edə bilməz. Amma Şərurdakı Qızdırma
Stansiyasının (GEM) böyüyünün
arvadı da yanında işləyir. Ayda bir aləm pul
alır. Nə var,
nə yox, qızdırmalıları qeyd
edir. Arvad çox xoşrəftarlıdır.
Belə ki, bir mığ-mığ
xanımı çılpaq
qolundan sancanda, xanım kəndlilərin üstünə acıqlanır,
guya ki, xanımın qolunu yazıq qızdırmalı
kəndli dişləyibdir.
Kəndlilər onun üzünü
görməmək üçün
həkimxanaya getməyib
gənəgərçək yağından-zaddan içirlər.
Yekə qulluqçular gələndə
isə xanım ayağa qalxıb altına stul çəkir, tez də yola salır.
Belələri də elə
bilir ki, xanım hamı ilə yaxşı rəftar eləyir. Daha mığ-mığ məsələsini
yadlarına salmırlar.
"Laməzhəb" qızdırmalı
xəstələrin halını
jurnalın 35-ci nömrəsində
belə qələmə
alırdı:
Mığ-mığa isə öz işini görür
Molla əmi, sən özün insaf elə
Gəldim
axır canə bu qızdırmadan
Hərçi əlac eyləyirəm
olmayır
Döndü ürək qanə bu qızdırmadan.
Lap məni qızdırma edib dəstgir
Vicvicə əndamımı buztək
edib.
Baş götürüb yayda həkimlər gedir
Hər biri bir yanə
bu qızdırmadan
Döndü ürək qanə bu qızdırmadan.
Jurnal
1927-ci ilin 34-cü nömrəsindən
"Tibbi məsləhətlər"ə
start verir. Bildirilir ki, bundan sonra dədə-babamızdan
qalan və ölkəmizdə nümunə
olacaq qoca qarıların, aralıq həkimlərin və bəzi mötəbər mollaların məsləhətlərini
çap edib biliyinizi artıracağıq.
Bu dəfə tibbi məsləhətlərdən
"Aralıq" kəndindən
Zöhrəbanu Kəblə
Abbas qızının
tikə ötürmək
barədə olan məsləhətini çap
edirik.
Məsləhət görülür ki, tikəsi olan çıxsın bir hündür damın üstünə və oradan ağzını su ilə doldurub
əllərini boynunun
ardına daraqlasın
və hoppansın yerə. Əgər sağ qalsa,
tikəsi rəf olacaqdır.
20-ci nömrədə Ordubad xəstəxanasının
işçiləri and içirlər
ki, bundan sonra axşamlar xəstələrlə qumar
oynamasınlar, çünki
xəstələr də
bu oyunu öyrənər. Şəhər əczaxanasındakı Xosaşvili söz verib ki, necə
ki rus arvadları
ilə gülə-gülə
danışır, eləcə
də başqaları
ilə danışıb,
onların üstünə
çığırmayacaq (¹13).
Hələ Xosaşvili yaxşıdır. Bu şəhərdə bir İvanov da olub ki, bəd əməlləri ilə ad qazanıb, belə ki, günlərin bir günündə yazıq ögey qızının könlünü şad eləmək üçün namusuna təcavüz eləyib. Camaat bu barədə küçə-bacada o qədər danışıb ki, axırda doktoru basıblar qazamata. "Vahid" kinayə ilə bildirir ki, camaatdı da, danışır, axı burada danışmalı nə iş var ki. Qız onun, ixtiyar onun, kef onun, xalqa nə düşüb (1927, ¹10).
Sovet hakimiyyətinin ilk onilliyində səhiyyə sisteminin ləng inkişafı jurnalın diqqətindən yayınmır. "Doktor gəldi" adlı yazıda (¹26) xəbər verilir ki, Naxçıvan qəzasına Nuh peyğəmbər varid olub, vəfat edib orada dəfn olunandan indiyədək ora göz həkimi gəlməmişdi. Gözləri ağrıyanların kor olanı kor olurdu. Xədiceyi-Kubra pirinin kəramətindən şəfa tapanların gözləri açılırdı. Ancaq səhiyyə idarəsinin təlaşı nəticəsində bu günlərdə Naxçıvana bir göz həkimi varid oldu. Göz xəstələri toy-bayram edir.
"Molla Nəsrəddin" xəbərə özünəməxsus münasibət bildirir: "Heç olmaqdansa, gec olmağı yaxşıdır. Lənət heçə".
Həmçinin, "Şərq qapısı"na istinadən xəbər verilir ki, Naxçıvanda uşaq evlərində uşaqların çoxu 29 yaşındadır və bu "uşaqlar”eşitdikləri nəsihəti bu qulaqlarından alıb o biri qulaqlarından çıxarırlar.
Digər nömrədə (¹33) qeyd olunur ki, səhiyyə yolunda çox işlər görülmüş və yaxşı da nəticələr əldə edilmişdir. Belə ki, axşam saat 9-dan sonra şəhərdə bircə nəfər də xəstələnən olmur. Buna görə şəhərin bircə aptekini də saat 9-dan sonra bağlamaq lazım gəlir.
"Məsəlçi" jurnalın ənənəsinə sadiq qalaraq 33-cü nömrədə (1927) oxuculara sual verir ki, doktorlar ambulatoriyaya saat 11-də gəlib 12 olan kimi gedirlər. Görəsən, bunlar ayda neçə saat işləyirlər? Məsələni tapana Ordubaddan bu doktorların əlacından göndərəcəyik.
Bu dövrdə binaların, həkim kadrların qıtlığı müəyyən çətinliklər yaradırdı. Ordubadın hifzüsəhhə şöbəsinin müdiri isə bu çətinliklərdən öz mənafeyi üçün istifadə edir. Belə ki, kimi istəsə, "Quduz it dişləyib" adıyla Tiflisə müalicəyə göndərir. Bəzən müalicə adı ilə Tiflisə gedənlərə özü də qoşulur."Mozalan" 33-cü nömrədə şöbənin müdirinə müraciət edir ki, həmin quduz it asqırıb və ağzının suyu mənim üstümə çilənib. İndi mən Tiflisə Şeyx Sənan dağında müalicəyə gedim, ya yox. Ümidvaram ki, yox deməyəcəksiniz. Çünki gedənlər belə gedir, istər kişi, istərsə də kampaniyanın arvadları. Tiflis xəstəxanasından bildiriblər ki, o quduz itin məsələsini həll edin, yoxsa bütün Ordubad əhlini müalicə etmək imkansızdır.
O vaxt Naxçıvan Mərkəzi Xəstəxanasının təsərrüfat müdiri kim olubsa, lotu adam olub. Yetənə yetib, yetməyənə bir daş atıb. Belə ki, baş həkim-filan saymayaraq öz bildiyini eləyib. 33-cü nömrədə onunla faytonçu arasındakı dostluqdan bəhs olunur. Belə ki, faytonçunun belinə soyuq dəydiyindən müdir şunur ilə faytonçunun belinə o qədər döyüb ki, faytonçu tərləyib və soyuqdəymə rəf olub.
35-ci nömrədə həmin təsərrüfat müdiri and içir ki, bir daha keflənib dava salmayacaq. Ambar müdiri isə and içir ki, bundan sonra xəstələrin yeməyi üçün iylənmiş ət və başqa ərzaq almayacaq.
22-ci nömrədə qaçaqmalçılara istinadən, İranda doğulan uşağın həcəmət kimi iki buynuzu və qarabağlarlı Kəblə Müseyibin bığları kimi də iki uzun bığının olmasından bəhs edilir. Arvad uşağı belə görəndə iki buynuzundan yapışıb gücü gəldikcə atmışdır. Uşaq dilə gəlib demiş ki, ay ana, yaxşı ki, mənim buynuzumdan yapışıb atdın. Əgər bığlarımdan tutub atsaydın, dünyada olan kişilərin hamısı öləcəkdi. Sənki məni buynuzlarımdan tutub atdın, innən belə buynuzlu malların hamısı qırılıb qurtaracaqdır.
İndi Naxçıvan mollaları və dul qarıları deyirlər ki, Naxçıvanda olan mal azarı bunun əlamətidir.
(Ardı var)
Hüseyn
ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının
Əməkdar jurnalisti
metbuat1950@box.az
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.23.