Ay tutulan gecənin səhəri
hekayə
Bu səhərim Bəhruzun gül üzünə
açıldı. Həmişəkindən tez
oyanmışdı. Məni elə yataq
otağımda salamlayıb halımı da xəbər
aldı, sonra çəkilib getdi. Bir ara
görünmədi, Bəhruzdu da, yəqin ümumi otaqda, elə
divanın üstündə döşəksiz-yorğansız,
güllü çit mələfəyə bükülüb
şirin-şirin yatan qardaşı Nəcəfi oyatmağa
gedib, - deyə düşündüm.
Hərçənd
ki, Bəhruz adətən səhər yuxudan qalxan kimi əl-üzünü
yuyub dişlərini fırçalayandan sonra həyətə
qaçır, quyruğunu başının altına qoyub
mürgüləyən Qarabaşı yuvasının
qabağından yerindən tərpətmək
üçün bəzi həmlələr edir, iş
alınmayanda isə topa əl atır, topu da tulladımı,
Qarabaşın da ayaqları əlbəəl yerdən
üzülür. Elə it özü də top kimi havada
yumbalanır.
... Həə,
Bəhruz səsi həyəti "başına götürən"
sövzibarilərə, kəkilli sarı anacın ardınca
qaçıb "cik-cik" cikkildəyən cücələrinə
də göz yetirib kefinə düşəndə də o biri
toyuqları da ürkütmək üçün əyri dəstək
çomağını barının divarına
çırpa-çırpa dönüb evə, içəri
qayıdır.
Səbri çatıb bu yazdıqlarımı
işdir-şayət Bəhruz özü də oxusa,
sözümün bu yerində mənimlə
razılaşmayacaq. Boğazının damarları şişib göyərənəcən
səsinə güc verib:
- Mən
ki, quşlara, heyvanlara əziyyət verib incitmirəm, - deyib
etiraz edəcək. Əslində, düz də
deyəcək, həqiqətən, o, heyvanları da,
quşları da, böcəkləri də (böcəkləri
yox) çox sevir. Burasını, onun şuluq adam olduğunu mən qəsdən
şişirdirəm.
Yeri gəlmişkən, həyətimizdə bir ana
sövzibari var. Cücələrini çoxdan pərvazladıb. Bu quş həyəti,
bağı-bağçanı döşünə qatıb
hara gəldi ayaqlayır, hey gəzir-gəzir, yerişi də
itidir, bir an belə dayanıb durmaq bilmir. Otunu qaça-qaça otlayır, dənini də
qanad vurub uça-uça dənləyir. Su
içdiyini və o suyu da tapıb hardan içdiyini hələ
ki heç mən özüm də gözlərimlə
görməmişəm, bəlkə Bəhruz görüb -
bilər. Bu quş həm də o qədər
çığır-bağır salıb haray qoparır ki, səbr
lazımdı dözməyə.
Ötən
gün dostumuz, həm də qonşumuz olan yastı Şakirə:
- Bu
quş daha balalarından ayrılıb. Təkcənə
gəzib dolaşır. Quşcığazların
daha ona ehtiyacları yoxdur. Qulaqlarımızı
"dəng" eləyib, "dil qəfəsə
qoymur", tut apar, ver qonşumuz Feyruza (Feyruz da dostumuzdu.
Həm də bu sövzibari quşunu yaxamıza
elə o keçirib. Tərifini göylərə
qaldırıb, bizi həvəsləndirib
tamahsılandırmışdı, "al gətir",
demişdik. Bu da axırı. Bundan
sonra cəzasını daha özü çəksin), qoy
saxlasın, - deyə tapşırmışdım.
Yastı Şakir də axşamtərəfi quşu, ana
sövzibarini tutub, ayaqlarını da bağlayıb, qoyub
karton qutuya. Ancaq aparıb dediyim yerə, qonşumuz Feyruzgilə
çatdırmayıb.
İşdən
xəbər tutub quşu həyətdən
yığışdırıb əvvəl Feyruzgilə
aparmağı bir də ona tapşıranda, səsimi eşidən
Bəhruzun qardaşı Nəcəf:
- Oxx, nə
yaxşı oldu, sabah bir doyunca yataram, - deyə
ləzzətlə gərnəşib ertəsi günün
şirin səhər yuxusunu xəyal edərək
gülümsünmüşdü.
Ancaq bu gün də sübh erkən elə özüm
yuxudan yenə o quşun səsinə oyandım. Zalım
sövzibari elə karton qutudaca haray salmışdı, hərgünkü
"nəğməsini" oxuyurdu.
Qayıdaq Bəhruzun yanına. Bəhruz nəsə
ortalıqda görünmürdü.
Mən səhərin "əl-ayağını"
yığışdırıb elə yataq
otağımdakı yığcam, özümə və hərdən
oturmaq istəyəndə elə Bəhruza da bəs edən
xudmani yazı masamın arxasındaca əyləşib səhər
çayını içirdim.
Yeri gəlmişkən; Nəcəf də qardaşı
kimi yazı-pozu işini çox sevir. Ancaq o, yazını
qarnı üstə uzanıb döşəmədə,
kitabı isə kürəyi üstə yıxılıb sinəsinin
üstünə qoyaraq bir gözü də mavi səmada
qala-qala oxuyur.
Ötən axşam da qaranlıq düşəndən
sonra həyətdə taxta ləmin üstə uzanıb
üçümüz - mən, Nəcəf və Bəhruz
şirin-şirin söhbət edirdik. Üçümüz
bir yerdə olanda eniylə uzunu iki arşın olan taxta ləmdə
hansı böyrümüz üstə rahat olsaq, elə o tərəfə
də çevrilib qorxusuz-ürküsüz uzana bilirik.
Burada, ləmin üstündə Nəcəflə Bəhruza"Böyüklərin
yanında uzanmazlar, düz otur", - deyib irad tutan da yoxdur,
özümüzük axı.
Beləcə,
rahatca uzandığımız yerdə gah Nəcəf tarixin
dərinliklərinə baş vurur, gah da səkkiz
yaşın içində olan Bəhruz sözü
özündən beş yaş
böyük qardaşının ağzından alıb
düzünə səmtləndirirdi.
Bəhruz ulduzlar haqqında sorğu-sualından
ötüb indi də planetlərdən söz
salmışdı. Mənim Bəhruzun yaşından irəli,
ağıldan iti suallarına izahatda çətinlik çəkib
dolaşdığımı hiss edən Nəcəf də
yardımını əsirgəmir, göy cisimlərinin
adlarını səbirlə sıralayıb düzərək
səmada yerbəyer edirdi.
Nə isə qayıdaq evə; beləcə aramla səhər
çayı içirdim ki, Bəhruz gəlib
çıxdı. Keçib çarpayı üstə
yanını qoyub oturdu və ötən axşamkı ay
tutulmasından söz açdı.
- Baba! Xəbərin var da, Ay tutulması Amerikadan
görünüb. Tramp özü də
baxırmış (Tramp haa, bu adı elə adi tərzdə,
saymazyana ifadə edir ki, sanki o boyda Amerika Birləşmiş
Ştatlarının prezidentindən yox, öz sinif
yoldaşlarının birindən söz açır). - Bəhruz
söhbətinə şövqlə davam edərək: - Təyyarədə
uçanlar da görüblər, həm də daha
yaxından... - dedi.
Bəhruz
bir də altmış il sonra, bu dəfə
Türkiyədə Ay tutulmasının müşahidə ediləcəyini
xəbər verdi. Bizim vətənimizdə, Azərbaycanda
da bəs belə bir hadisənin nə vaxt baş verəcəyi
barədə mənə suallar yağdırır, susduğumu
görəndə də suallarına elə özü izahlar
verirdi. Əlbəttə, hamısı da ağla batan, məntiqə
uyğun (Bəhruzun hesablamasına görə isə məmləkətimizdə
Ayın tutulması 45 il sonra baş verəcəkdi).
Nəcəf
isə hələ də görünmürdü, səs-sədası
da yox idi, yəqin ki, axşamdan tutulub karton qutuya qoyulan
sövzibarinin çoxdan qonşumuz və dostumuz Feyruzgilə
"köç" etdiyini zənn edərək
mışıl-mışıl yatırdı.
Sövzibari isə arxa həyətdə qutuda,
qoyulduğu yerdə hələ də öz "köhnə
nəğməsini" oxumaqdaydı.
Çayımı içib, ayağa qalxdım. Elə pəncərədən
küçəyə açılan həyət
qapısının qabağında var-gəl edən yastı
Şakiri səslədim:
- Apar, ay
Şakir, götür apar bu quşu, ver Feyruza, canımız
qurtarsın, axı nə çətin işdi ki, - deyib dəhlizə
yollandım.
Bəhruz da ardımca gəlirdi. Anası ilə birgə
məni yolacan ötürmək üçün
qapının önündə, yanımda
dayanmışdılar.
Çəkmələrimi geyindim. Çantamı
əlimə alanda ağlıma bir fikir gəldi. Bu
gün Ay tutulması hadisəsini təfsilatı ilə
danışıb hələ bir gələcəkdə
olacaqlardan da mənə kifayət qədər məntiqi bilgi
verən Bəhruza tərəf dönüb:
- Bəhruz,
gəl bir yarışma edək, nə deyirsən? - deyə ona üz tutdum.
Bəhruz:
- Nə
yarışması, baba! - deyib zəndlə
üzümə baxdı, cavabımı gözlədi.
Mən:
- Məsələn,
gəl mən, sən və Nəcəf ötəngünkü
və ya da elə bugünkü
yaşantılarımızı, təəssüratımızı
qələmə alaq, axşam da oxuyaq. Təklifimi söyləyib
sonra da: - Səfura da münsif olsun, nə deyirsən? - soruşdum.
- Səfura?
- Bəhruz təəccüblə soruşdu.
Mən
özüm də bu qəfil münsif təklifimə
güldüm və:
- Həə,
Səfura! - deyib fikrimi möhkəmləndirmək
istədim.
Əlbəttə, belə bir təklifə Bəhruzun təəccüblənməyə
əsası vardı. Bu ağlı yaşından iti olan oğlan dönüb deyə bilərdi
ki, ay baba, məgər görməmisən ki, bu Səfura dəftərin
iki vərəqi boyda kələm yarpağına ət qiyməsini
bükəndə gözlərinə eynək taxır? Ancaq demədi. Cavab verməyə tələsmədiyindən
yəqin düşündü ki, mən də dönüb:
- Ay, Bəhruz!
Bəs sən necə? (Səfura da
qonşumuzdu, mətbəx qonşumuz) Bəyəm sən onun
qapımızın ağzındakı girdəkan
ağacının altındakı kətildə oturub əlində
də qara cildli qalın kitab "mütaliə" etdiyini və
küçədən, yoldan ötüb keçənlərin
isə bu "müdhiş mənzərəyə" necə
maraq və heyrətlə tamaşa etdiklərini öz gözlərinlə
azmı görmüsən?
"Çünkisi" də odur ki, indi eynəklə
də kitab oxuyan görmək hadisədir. O ki qaldı Səfura? Səfura oxuyar, axı təqaüdə
çıxana qədər bu arvad poçt şöbəsində
kargüzar işləyib.
Nə isə,
mətləbdən uzaqlaşmayaq, bax beləcə, Bəhruz
ciddiləşdi, sonra gülüb dayandı, nə
düşündüsə, nə hə dedi, nə də
yox!-Baba, sağ ol, - deyib geriyə, Nəcəfin
şirin-şirin yatdğı ümumi otağa tərəf
yeriyib sürətlə uzaqlaşdı.
Çanta əlimdə mən də yeyin-yeyin addımlayıb
işə getmək üçün həyətdən
çıxdım.
... Bir
günün bundan şirin təəssüratı nə ola bilər ki? Mən istədiyimi yazdım, elə
bunlar bəs deyilmi?..
Ancaq bu Səfura əhvalatı ortalığa
çıxmasaydı. Dediyim kimi, Səfura da qonşumuzdu, mətbəx
qonşusu.
***
Bəhruz öz işini görüb. Görün bir nə
yazıb:
"Səhər yuxudan duran kimi özümü yalandan
artistiyə qoydum və babamın otağına
qaçdım. O dəqiqə babama dedim ki, salam,
baba! Ondan sonra qonaq otağına keçib
televizoru qoşdum və izlədiyim filmə baxmaq istədim,
amma hələ film başlamamışdı. Yenə o dəqiqə babamın yanına cumdum.
Babamı
işə yola salanda o dedi ki, gəl bir yarış edək.
- Nə
yarışı? - soruşdum.
- Bu
gün olanların hamısını düzgün şəkildə
yazaq. Münsif də Safura olsun.
-
Yaxşı, baba.
Bu vaxt qardaşım Nəcəf yatmışdı.
Bəhruz
Novruz,
22.08.2017"
P.S. Nəcəf
də öz təəssüratını yazmamış olmaz,
yəqin hələ yoldadır, gəlib çatmayıb...
22.08.2017
Beləcə, nə başınızı
ağrıdım, həyətə çıxdım, sakitlik
idi. Hər şey həmişəki yerindəydi. Ağaclar, gül kolları, toyuq-cücə də
ot-ələfin içində eşələnirdi. Sövzibarinin də daha səsi gəlmirdi. Deməli, yastı Şakirlə Feyruzgilə tərəf
yoldaydı.
Bircə şəkillərin üstündəki ovuc
içi boyda girdə, çəki daşlarına bənzər
çay daşlarının düzümü genişlənmiş,
sayları çoxalmışdı. Deməli, girdəkan
(qoz) yetişir, ya da elə yetişib. Mətbəx
qonşumuz Safura da yel əsdikcə tappıltıyla
tökülüb yerə düşən qozaları elə
düşdüyü yerindəcə sındırıb yemək
üçün zəhmət çəkib uzağa
daşımasın deyə iri ağacın çətiri boyu
bu girdə çaylaq daşlarını səkinin
üstüylə sıralayıb, düzüb.
Ustadı, iz saxlamaz, meyvənin gərzəki-filanı
(qabığı) isə gözə dəymir, heç dəyməyəcək
də...
Darvazanın qapısını itələyib
açdım, küçəyə çıxdım. Burda da üzbəüz
meydançadakı süni şəlalənin
şırıltısını nəzərə almasaq, ətraf
sükut içindəydi.
"Şəlalə"nin yan-yörəsindəki daş kətillər
də, qarşısındakı kiçik meydança da bu
gün bom-boş idi. Su isə yuxarıdan
üzüaşağı şırhaşırla axıb
aramla dövr etməkdəydi. Yəqin eynəkli
qonşumuz, keçmiş dəmiryolçu, indi də neft
işinə verdiyi sanballı töhfələrin
dadını əməkliliyi ilə gen-bol çıxaran Yədulla
kişi "sal qayanın" arxasında metal şkafda
mühafizəyə alınmış su mühərrikini
dövrəyə qoşub, özü də hardasa
yaxınlıqa daldalanıb, - deyə düşündüm.
"Şəlalə"nin pünhan yerdəki
nasosxanasının qıfılının onda olduğunu
qonşular qədər elə mən də dəqiqliyi ilə
bilirəm. Onu da deyim ki, Yədullanın bizimlə
qonşuluğu elə əməkliliyi ilə bir
başlayıb. İşi avand olsun.
Bu kişi də Sabir Rüstəmxanlı
demişkən "at belində gəzdiyi üçün
yetmişində ata olanlardandı!”
Həə, buralar axşamlar adamlarla dolu olur. Yaşlılar,
kişili-qadınlı su şırnaqlarından sağ tərəfdə,
qız-gəlinlər isə sol tərəfdə sıra ilə
düzülmüş daş kətillər üstə oturub,
məhəlləmizdən tutmuş dünyanın bu yerlərdən
çox-çox uzaqlardakı o başınacan hər şeydən
danışıb-düşünürlər. Yeniyetmələr, gənclər də meydan boyu yerbəyer
olub gecəni yoranacan söhbət edir, gəzişir, şənlənirlər.
Mən də
axşam düşüb qaranlıq şöynük vurarkən
evə dönəndə "ağır" addımlarla
yaxınlaşıb elə yeriyə-yeriyə uzaqdan kamal və
ehtiramla cəmiyyəyə salam verirəm.
Elə salam verib ötə-ötə onu da
düşünüb bilirəm ki, "əleyk" deyib
hörmət əlaməti olaraq oturduqları yerdən
ayağa duranları da, yanını qaldırıb yerindən
tərpənməyənlər şəksiz ki, qınayır,
ardınca kimisi isti, kimisi də soyuq nəzərlərlə
baxıb, bəlkə də rişxəndlə (uşaqlar və
yeniyetmələrdən başqa) müzakirələr də
açırlar. Olsun! Nə olar!
Məhəlləmizin uşaqları bu gün gözə
dəymirdilər. Deməli, hündür dəmir torlarla
çəpərlənmiş kiçik futbol
meydançalarının darvazası açıqdı,
topları da əllərində. Nə Süleyman qəzəblənib
futbol meydançasının qapısını kilidləyib,
nə də qonşumuz yastı Şakir "çəpər-çoluq,
gül-çiçək kolu qoymadınız", - deyib
gileylənə-gileylənə uşaqların toplarını
düşdüyü yerdən qapıb, aparıb gizlətməyibdir.
Əgər
futbol meydançaları kilidli, topları da əllərində
olmasaydı, uşaqlar məni elə dəstə ilə
qapının ağzında gözləyib uzaqdan, yer-yerdən
salam verib bir-birinin sözünü kəsə-kəsə hərə
daha uyğun saydığı özünəməxsus tərzdə,
kimisi "baba", kimisi "müəllim", bir
başqası "Həbib baba", çoxu da şövqlə
hətta - "icra baba", - deyə qarşılayıb sonra
da: - Süleyman müəllim bizi neçə gündür
stadiona buraxmır, yastı Şakirdə bir həftədir
topumuzu alıb gizlədib, indi də vermir (əlbəttə,
zamanı şişirdərək), - deyə şikayət edəcəkdilər.
Bu Süleyman deyilən yeniyetmələrin fiziki və mənəvi
tərbiyəsi məsələlərinə
"böyüklük" edir. Yastı Şakir də
elə həmin yastı Şakirdir ki, əl-ayağını
bağlayıb qutuya qoyduğu sövzibarini iki gündür hələ
də ünvanına çatdıra bilmir. Ancaq məhəlləmizin ortasındakı parkda onun
razılıq işarəsi olmadan quş-quşluğu ilə
qanad çalıb uçmaz. Uşaqlar: - Yastı
Şakir əmi, minməsəm, ölləm, - deyib yalvarsalar
da, manatını almamış xeyriyyəçilərin
parkda hədiyyə etdiyi əlli metrlik "əyləncə
qatarını" qıyıb qoymaz ki, kimsə minsin, olmaz,
bala, olmaz, - deyib durar.
Uşaqlar
özlərinin belə
müşküllərindən söz açanda mən
də işgüzar və qayğıkeş bir görkəm
alıb:
- Asan məsələdir,
uşaqlar, ürəyinizi sıxmayın, darıxmayın, həll
edərik, - deyib bir-bir hər birinin əllərini sıxacaq,
onlar da əsl bəyzadələr kimi başlarını
şəstlə irəli-geri tərpədib sonra da bir
addım kənara çəkilərək əsgər
sayağı sıra ilə dayanacaqdılar.
... Həə, uşaqlar məni bəzən başqa
xüsusatlarda, "fövqəladə" hallarda da
arayıb-axtarırlar. Məsələn, məhəllədə
yad adam və yaxud nabələd
maşın görünəndə, həm də o
maşın lövbər salıb gün uzunu yerindən tərpənmədən
səki kənarında, dalan başında boş-bekar
dayanıb duranda. Belə hallarda yeniyetmə
dostlarım məndən məsləhət alırlar. Əvvəldən belə şərtləşmişik.
Özüm xahiş eləyib uşaqlarla
razılaşmışam ki, "filan-filan" hallarla
rastlaşdınızmı, həmən mənə xəbər
verin. Müzakirəsiz qərar qəbul
edib özünüz əlüstü "tədbir"
görməyin. İnsafən, uşaqlar da
öhdəliklərinə ciddi əməl edir, zərurət
yarananda məndən "böyük" məsləhəti
alırlar.
Aramızda qalsın, bir gün: - Məhəllənin filan yerində bir neçə dəfə yad maşın dayanıb və xeyli ləngiyib, təkrar görünsə nə edək? - deyə dostlarım qulağıma "pıçıldayıb" məsləhət istəmişdilər.
Mən də daha nə gizlədim, ani olaraq elə həmin andaca:
- Bəzəmək! - deyə qəfil bir qərar qəbul edib tövsiyəmi vermişdim. Uşaqlar da mənim "bəzəmək" tövsiyəmi öz məntiqlərinə uyğun yozub növbəti "gəlişində" o maşını sürənciyəzi necə daşlamışdılarsa, bir daha nəinki məhəlləmizdə, heç kiçik şəhərciyimizdə də gözə görünmədi (nömrəsi cibimizdəydi, görünüb eləsəydi, görüb-bilərdik).
Mənim özümün də məhəlləmizin uşaqlarını axtardığım, həm də tez-tez axtardığım vaxtlar olur. Dərs ili ərəfəsində və bütün tədris ili boyu.
Nə üçün? - Əlbəttə, ilk növbədə necə oxuyurlar, məktəbə dərs davamiyyətləri necədir? Mənlik bir işləri varmı? Bir də, oxuduqları yerdə, bax, orada, məktəbdə nə var, nə yox, onların təlim-tərbiyəsi ilə məşğul olan vəzifəlilər öz işlərini necə yerinə yetirirlər.
Bu barədə ünsiyyətimiz də çox sadə, ancaq olduqca səmimi və mənalıdır.
Səhər evdən çıxanda ya onlar mənim üçün göz gəzdirir, ya da mən ayaq sürüyərək ləngərlə yeriyib onların nə vaxt evdən çıxacaqlarını gözləyirəm.
Beləcə, kiçik şəhərimizin məktəblərini bir-bir ötüb mən təklənənəcən söhbət edir, yolumuzla gedirik.
Elə bu da kifayət edir, söhbətimizin içindən onlar mənim işlərimi, mən də "onların" və o birilərin "işlərini" öyrənirəm.
Bu gün isə uşaqlar görünmürlər, nə qapının ağzında, nə də məhəllənin başında yoxdurlar. Tətildi axı, yay tətili, tətilin dadını çıxarırlar. Bəlkə Nəcəf kimi onlar da öz "sövzibarilərindən" qurtulub şirin-şirin yatırlar, ya da kəndə-kəsəyə səpələniblər...
Nə gizlədim, məhəlləmizin uşaqları ilə məni belə çox yaxın edən bir səbəb də var. Bu da onların Nəcəflə, Bəhruzla, bu il hələ ki, mərkəzdən gəlib yanıma yetişə bilməyən o biri nəvəm Nicatla da yaxın dostluqlarıdır (Böyük nəvəmi, Turalı deyə bilmərəm. O, bir az böyükdür; bu il tələbə olub, yaşıdları, dostları da, şəksiz, tələbədirlər).
Nəcəf yeniyetmələrin rayon futbol klubunun sayılan oyunçularındandır, hörmətli nömrəsi də var maykasında, doqquz! Yazılıb. Nicatın da məşqlərdə "rəqib" qapısına hərdən bir "qol" atması da olur. Bəhruz isə oyunçudur, yaxşı futbolçu ola bilər. Bunu adlı-sanlı məşqçiləri Nəriman müəllim də deyir, deyir ki, "Bəhruz iki ayağı ilə də zərbə vura bilir".
Vursun da, baxaq görək. Millimizin "qolkiperi" olan bizim şabranlı Kamran Ağayevin ardıcılları elə yenə bu torpaqdan yetişməlidirlər dəə.
Bu gün heç Mövlud da yolda-izdə görünmədi. Bizdən beş ev sağda-şimal tərəfdə binə olan Mövlud "kişinin" "meydanı" daha genişdir. Bu kiçik şəhərin harasından desən boy verir, gedib-gəlməyə, gəzib dolaşmağa ərki çatır. Səngəri isə o biri qonşumuz, qəzetpaylayan Mətləbin qədimdən-qədim taxta evinin, taxtapuş balkonunun altıdır. Məhəlləmizə gələn bütün yollar da Mətləbin balkonunun altında kəsişir, bircə qərb tərəfdən başqa. Çünki evin arxası qərbi kəsir, qabağı isə şərqə açılır.
Mövlud da hara getsə, öz həyətində yox, dönüb Mətləbin taxtapuş balkonunun altında çömbələn oturur. Arada ayaq üstə yonma-taraş stəkanda çay içən halları da olur.
Bir dəfə elə o yol ayrıcından yola yoldaşlıq edib yürüyəndə söhbət arasında:
- Ay Mətləb, bəlkə bu balkonu bir balaca "restavrasiya" edəsən, əl gəzdirib yeniləşdirəsən ("sökəsən" deməyə dilim gəlmədi), lap biz də "yır-yığışına" əlimizdən gələni edərik, - dedim. Onu da əlavə etdim ki, a kişi, bəs Mövlud da gecə-gündüz o balkonun altındadır, uçub eləyər, kişiyə bir xətər toxunsa, arada ədavət olar, vallah.
Mətləb israr etdiyimi görüb:
- Yaxşı, mən indi bu taxtapuşu söküb qoydum qırağa, bəs Mövlud harda oturar?..
- Mövlud üçün oturmağa yerə nə gəlib. Əl tutarıq, elə sən özün bir söhbətgah tikərsən, - deyib zarafata saldım.
Mətləb başını yırğaladı.
- Xeyirxahlığına görə sağ ol, - dedi, - ardınca da, - yox ee, müəllim, bu taxta ev atamdan da o yana, baba yadigarıdır. Uçmaq təhlükəsi də yoxdur. Axıb tökülsə Mövludun başına nə gəlib, söykənib saxlayacaq, - deyib ürəkdən güldü. Üzünü yana çevirib qətiyyətlə:
- Yox, ay müəllim, yox, əl vurub toxuna bilmərəm, - deyib birdəfəlik kirtimi vurdu.
- Ay Mətləb, Allah köməyin olsun, a kişi, sən bu taxtapuş balkonu ata mülkü bilib əzizləyib qorumaqnan valideynlərinin min əziyyətlə qazandıqlarını havaya sovuran harın, naxələf övladları yaman utandırırsan, vallah.
Daha nə deyəydim...
Mövludun bir şakəri də ərki çatan, sevdiyi adamlardan "nəmər" istəməyidir. "Nəməri" ona nə səbəbdən, hansı xidmətlərinə görə vermələrinin isə bu kişiyə heç dəxli yoxdur.
Məsələn, məni görən kimi (ən çox da uşaqların, nəvələrimin əhatəsində olanda) elə uzaqdan qaça-qaça:
- Müəllim,
pul ver, pul! - deyə haray salır. Hələ
bir məbləğini də deyir: - On manat, on manat. Gəlib yetişənəcən mən də on
manatı çıxarıb əlimdə hazır tuturam,
uzadıram Mövluda. O da alıb baxır:
- Yox, on
manat, on manat verməlisən, - deyir. Bir
manatlıq tapıb uzadıram məhəlləmizin bu bərkgedən
ər kişisinə. Alır.
- Həə,
verdi, on manat verdi, - deyə-deyə bir
manatlığı da əlində yellədə-yellədə
uzaqlaşıb gedir evinə, ya da Mətləbin taxtapuş
balkonunun altına tərəf.
Bir dəfə
də bizim bir-birimizlə, yəni mənim Mövludla bu həsbi-halıma
şahid olan bizim Bəhruz:
- Baba, bu kişi səndən niyə pul istəyir və
ardınca da: - məgər sən ona pul borclusan? - deyə soruşdu.
Düzü, əvvəl nə cavab verəcəyimi bilmədim. Sonra da hıqqana-hıqqana: - Dostumuzdu da, məhəlləmizin "kralıdı" bu kişi, ehtiyacından istəmir ki? Sadəcə əliaçıqlığımı sınayır ki, görək qonşuluğu bacarırammı. Bax, bunu bilmək istəyir. Görmürsən, on manatı almır, bir manata qane olur, - deyə bu çoxbilmiş oğlana əməlli bir izahat verməli oldum. Bəhruza onu da dedim ki, bu Mövludun iki oğlundan dörd nəvəsi var, nəvələri ilə də elə dostdur ki, ən azı səninlə mənim kimi. Üzünə baxdım, oğlanın rəngi durulmuş, həmişəki halına qayıtmışdı, gözləri işıqla dolu idi, mənə zəndlə baxırdı.
... Darvazanın qabağında təkcənə durub, beləcə ora-bura döyükür, üzbəüzdəki evdən Familə arvadın əri, keçmiş hərbçi, indi təqaüddə olan Heybətağa kişinin indicə küçə qapısını itələyib görünəcəyini gözləyirdim. Bu kişi də görünən kimi məni qabaqlayıb ucadan elə əsl hərbçi kimi salam verəcək. Mən isə onun salamını sağ əlimi sol döşümə, sinəm üstə qoyub başımla yüngülvari təzim etməklə alacağam. Çünki kişi ağır eşidir. Şax duruşuna baxma, qulaqları batıb. Bəhruz belə halımı görsə, yenə soruşacaq:
- Baba, bu kişiyə niyə belə təzim edirsən? Cavabım çətin olmaz, "əsgər olub, zabit olub" deməyim kifayətdir, anlayacaq.
Sinnini öyrənməmişəm, ancaq qapımızla üzbəüz, o ikicə alaqapı aralıdakı qonşumuz, bu keçmiş əsgərin-zabitin, Heybətağa kişinin xanımı Familə arvad çox yaşlıdır. Evdə Heybətağa kişi ilə rəftarını da bilmirəm, ancaq bu il dördüncü sinifdə oxuyan nəvəsi Əkrəmi də əzizləyib oxşadığını, "nənə qurban"ını isə mən yox ee, heç zənnimcə "əlləri qızıl"dı, - çağrılıb alqışlanan oğlu dülgər Elton da yəqin ki, eşitməyib. Evlərindəki qız-gəlinlə səmimiyyətinin isə, əlbəttə, bizə qətiyyən dəxli yoxdur. Amma bu arvad çöldə-bayırda bizlərin gününü qara edib, göy əsgiyə düyünləyib. Allah tərəfi, səsini eşitməmişəm, salam-sağolunu isə heç. Üz-üzə birisiylə ilə heriş-veriş etdiyini, söz-sözə gəlib dava-dalaş saldığını da görməmişəm. Di gəl, səhər-axşam evin-küçənin hansı tərəfindən çıxsan Familənin "silueti" ilə üz-üzəsən. Allah insaf vermiş eyni anda inanın, hər yerdən boy verir, görünür, salamsız-kalamsız ya çönüb uzaqlaşır, ya da elə dönüb uzaqlaşır. Elə də qıvraq yeriyir ki... İnanın mənə, Familə təkcə ayaqları ilə yox ee, əlləri ilə də yeriyir. Qollarını elə açıb yelləyir ki, yumruğu burnunun ucunacan çatır. Familəyə o yerişi ilə rastlaşanda ani olaraq ürəyimdən keçir ki, arvadla üz-üzə gələn yəqin fəhm edib birtəhər özünü qoruyar. Vay arxadan gələnin halına...
Familə arvad bütün təhər-tövrü ilə mənə öz uşaqlığımda daşlı-çınqıllı torpağından çox, yalı-yamacı hamarını sıxıb-sıxışdırıb sinəsi üstə oturan, indi səksəkəli yuxularımın "qonağı" kəndimiz Göyəmlidə gördüyüm qonşumuz Güləbətin arvadı xatırladır. Elə Familə də yaşlı xanımlara yaraşan qəhvəyi, uzun don geyinir. Ancaq Güləbətin arvad baharı (don) geyinirdi, zil qara rəngdə beli büzməli baharı.
Ətəkləri az qala yeridiyi yolu süpürsə də, zərif əndamını sıx qucaqlayan donunun içində arvad elə qıvraq yeriyirdi ki, "qırğı" kimi. Yaşıdlarımla ardınca qaçaraq Güləbətin arvada çatmaq üçün yarışardıq. Elə o zamanlarda da o sayaq yeriş hələ mənim üçün müəmmaydı. Bəzən uşaq təxəyyülümlə o vaxt düşünərdim: "Yeriyən Güləbətindi, ya baharısı?"
İndi, budur ee, Familə arvad göründü. Səhərdən
gözüm tanış üz
axtarırdı. Familə odur ey, "Euroves"
şirkətinin "Niva"sı həyətində duran
kişinin evi tərəfdən göründü və əlbəəl
də qeyb oldu.
Yəqin mən burda yubanmasaydım, gövdəsi həyətimizi,
çətirinin yarısı isə küçəni
boya-boy tutub qucaqlayan, elə meyvələri də
yarıbayarı, tən-bərabər tapbatapla yola-izə
tökülən girdəkanların (cevizlərin) peşində
olacaqdı. Bəlkə
də səhərdən bəri bir-iki hovur yığıb
aparıb da, nuşu canı olsun, axı ondan erkən belə
tez kim oyana bilər ki? Heç gecə də
ondan tez yatanı bu aralıqda ağlıma gəlmir, arvad elə
bil məhəlləmizin hər yerində bitib, hər yerində...
Hər
halda yaxşı oldu, tanış üz
gördüm axır ki, gözümün acısı getdi, bu
gün bu acını Familə arvad götürüb
apardı...
Uzaqdan Məzahiri gördüm, bağçanı sulayırdı. Kişi mənim məəttəlçiliklə ora-bura baxa-baxa qaldığımı görüb əlindəki rezin su şlanqını suvardığı gül kollarının altına atıb gəlib mənə yaxınlaşdı. Salamlaşandan sonra əlini uzadıb çantamı aldı. Kişiylə söhbət edə-edə həyətdən ayaq götürdük. Uzaqdan İlkinlə Vüsalın dördyolda, işıqforun yanında, həmişəki yerdə durduqlarını gördüm. Onlarla da bir həsbi-hal edəm gərək, - deyə ürəyimdən keçdi.
Sabirin evinin yanından ötüb parkla üzü aşağı, dördyola, işıqfora tərəf yeriyirik.
Tanrı Spitakı ermənilərin başına uçuranda bizim qonşu Sabir çiyinlərinə "SA" hərfləri tikilmiş hərbi geyimdəymiş, bir sözlə, "xilaskar" sovet ordusunda əsgərlik edirmiş. Daş-kəsək altında qalan erməni törtöküntülərini yığıb-yığışdırmağa yardıma göndərilənlərin siyahısında və elə yola düşənlərin arasında da bu kişi də varmış.
"Xilaskar" heyəti yığırlar bir
uçağa.
Uçaq da qalxır səmaya, ermənilərin
başı üstə enhaendə uçaq qəzaya
uğrayır. Uçaqdakı hər kəs,
pilotlar qarışıq həlak olurlar, Sabirdən başqa.
Kişini uca yaradan necə sevib-əzizləyibsə bir
tükünə də xələl toxundurmayıb, göydən
yerə əlləri üstə piləyə-piləyə
sağ-salamat endirib.
Sabirə daha torpaq altda qalan erməni leşini təmizləmək
qisməti olmasa da, elə-obaya vaxtından əvvəl dönmək
nəsib olur.
Gələr-gəlməz də tikinti sahəsində iş
icraçısı kimi fəaliyyətə başlayır və
bu günəcən də elə o peşəsinə sadiqdir,
inşaat işlərində sədaqətlə xidmət edir.
Bu sədaqətli xidmətindən qazandığı ən
yaxşı sərvəti qonşuluğumuzdakı
sabirsayağı evidir,
yığcam, möhkəm, çəpəri də
qala kimi. Özü alaqapını açıb
başını göstərməsə, o boyda qəzada
Tanrının heç bircəciyinə belə
qıymadığı saçlarının nə zaman, necə
tökülüb yox olduğunu kimsə duymaz, bilməz.
Bu kişini çox sevsəm də, onunla üz-üzə
gəlmək mənə cəbrdi. Çünki gözüm ona
baxa-baxa kişinin yaraşıqlı, nurani sifəti
yavaş-yavaş çəkilir, əvəzində sir-sifəti
bürüş-bürüş, gözləri sulu,
donuq, yastı-yapalaq bir erməni sifəti peyda olur. Gəl indi döz də.
Sabir həm də ciddi adamdır, uşaq-muşaqla
deyib-gülən deyil. Başı aşağı adam olmasa da, zəhmi də
var. Sabirin qonşumuzda zəhmli olmaq imicini formalaşdıran
bir başlıca səbəb də "erməni leşinin təmizliyinə"
gedərkən uçaqdan tappıltıyla göydən yerə
çırpılıb sağ qalması, ölməməsi
ilə bağlıdır. Dəqiq deyə bilmərəm,
ancaq qonşu bacadakı gənc analar bəlkə də ipə-sapa
yatmayan uşaqlarının qəlbinə "Sabir" xofu
salıb qorxudurlar.
Nə isə,
başını kəndardan çıxarıb,
bağrımızı yarmamış hələ
sağ-salamat ötüb keçək bu kişinin evinin
yanından!
Qeyri-ixtiyari sol tərəfə, uşaqların əyləncə
meydançasına tərəf baxıram. Yenə uzun,
döngəli sürüşkən borunu qırıblar,
düşüb yerdə qalıb. Ay dəcəllər,
gərək İlkinlə Vüsala tapşıram,
quraşdırıb yerinə qoysunlar, yoxsa bu dəcəllər
yenə axşam dəstə ilə qabağıma
çıxıb: - Baba müəllim,
meydançamızın əyləncə qurğuları
sınıq-sökükmiş, əl vuran kimi
dağılıb töküldü, baxıb eşidən də
yoxdu, deyin düzəltsinlər də, nə olar, - deyə elə
İlkinlə Vüsalı yamanlaya-yamanlaya, sındırıb
dağıtdıqları qurğulara görə onların
istehsalçılarını qınayacaqlar.
Axşama
isə hələ çox var, daha nələr olacaq, kimlərlə
görüşüb, kimlərlə...
Tələsməliyəm, gərək axşam erkən dönəm, on il əvvəl top bağışladığım oğlan sabah əsgər gedir. Mən də qonşularla yolasalmaya qatılmalıyam.
Şabran
10 oktyabr 2017-ci il.
Novruz
NƏCƏFOĞLU
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.20-21.