Süveydaya məktublar

 

 (kitabdan parçalar)

 

 

 

11-ci məktub

Havada bulud görsəm; sanıram ki, səndən nişandı.

Könlüm, zöhr vaxtı yağan yağmurların həsrətini çəkir, ağlamaq gəlir içimdən, amma ağlamıram.

İnsanın psixologiyası düzgün olmayınca ehtirasların cazibədarlığı azalır və insan hər şeyi dumanlı görməyə başlayır. Artıq məcbur olmadıqca insanlarla danışmıram. Hal-əhval aldığım dostlarımdan belə, sənin üçün ayrıldım.

Hər gün 3-5 saat, bəlkə gələrsən deyə səni o ilk gördüyüm məkanda gözləyirəm. Söylə artıq gözəlim, gəlişinə bəslədiyim ümidlər mənasızdırmı?

Səndən mənə yadigar qalanların ən acısı, mütəmadi olaraq üzündən əskik olmayan istehza xatırladan təbəssümündü.

Ruh aləmim qarmaqarışıq, yaddaşımda gəl-get yaşamaqdan bezdim. Özümü bir təzyiq içində hiss etməyimin səbəbi sənsən.

Mən səni bu qədər sevərkən, uğrunda hər şeyi fəda edərkən tale tərəfindən mükafatlanmağı gözləyirəm, amma bilirəm ki, gözləməyim faydasızdır.

Fikrimdə o nurani qocaya verdiyim ilk sual: "Yağış nə vaxt yağacaq?"

Bu sualı mənə verdirən nə idi? Məlum olmayan bir gücmü, yoxsa beynimmi? Yağış kəlməsini sevməyimin və yağışa aid bitib tükənməyən bu arzumun səbəbi nədir?

Yağışın bərəkətli olması və hər şeyi təmizləmək xüsusiyyətimi onu cəlbedici edir? Təbiəti oyandıracaq qədər qüdrəti olan damcıların, göz yaşlarımla bir əlaqəsi varmı? Yağışdan sonra çıxan göyqurşağının mənası nədir?

Sevgili, eşqindən turab (toz, torpaq, qum - red.) olmaq üzrəyəm. Sənin bu şəhərdə yaşamadığını düşünür və səni tapmaq üçün çıxacağım səfərlərə hazırlaşıram.

Səni o ilk dəfə gördüyüm çay bağçasına bəlkə təsadüfən gəlmişdin, bəlkə də bu şəhərdə bir qonaq idin və yaşadığın yerə qayıtdın, məni tənhalığımla buralarda qoyub getdin.

Mühərrirlərin (yazarların - red) həyatları ifşa edilsə, romanların bir cazibəsi qalmaz deyənlərlə eyni fikirdə deyiləm. Sadəcə nəsrdə deyil, nəzmdə də bu belədir.

Ötən gün yazdığım şeirdəki: "Necə unudaram aylardan apreli?" - misrasında, nə üçün "aprel" ayının unudulmayacağına dair mənanı tapmaq hər oxucu üçün asan olmayacaq.

Burada təsirli olan, səni bir aprel günü görməyim olsa belə, bu ayda yağan davamlı yağışlarla, göz yaşlarım arasında bir əlaqə qurulmasa, şeirin həssas və lirik bir hal alması çətinləşər.

Şeir təcrübələrim nəticəsində anladım ki, baş verənlər bizə istiqamət verir və yaddaşımızda sözlərin estetik dəyərini anlamadan öncə, xatirələrinizlə əlaqəli olduğu mütləqdir.

Sevgili, nə zaman havada bulud görsəm, bir quş səsi eşitsəm, təbiətin gözəl və insanı mütəəssir edəcək bir görüntüsüylə qarşılaşsam, ağlımda üzünə, gülüşünə və səsinə dair çağırışlar eşidirəm.

Bu dolaşıqlıq nə zaman bitəcək və könlüm sükutun əmin qollarında, bir gün doyunca vüslətini qoxlaya biləcəkmi?

12-ci məktub

Naməlum gəmilərdən biriylə gəl, ey gözəl!

Daha əvvəllər mülayim bir xarakterə sahibkən, bəlkə də, hicranın təsirilə əsəbi olmağa başlamışam.

Divanlar, qəzəllər arasında eşitdiyim bülbül səsləri, sənin o gül üzünə aid bəslədiyim ehtirasın şiddətini artırır və ayrılığa dözməyə gücüm qalmır.

Sənin cazibənə qapıldığım o ilk gündən bəri, bu gün, ilk dəfə fasiləsiz davam edən növbəmi tərk etməyi qərara aldım.

Artıq izdihama qarışaraq, hüsnünə dair bir iz tapmağın həvəsiylə, səni axtarmağın zamanı gəldiyinə inanıram.

Rəssamlara bənzəmək istəsəm də, məndə o istedad yoxdur, sevgili.

Sözlərlə və poeziya ilə sənin gözəlliyini anlada bilərəm, amma fırçalar və boyalarla bunu edə bilmərəm.

Bəlkə də sənə aid yazdığım şeirlər söz olur və bəstələnib çalınır əsrlərlə, sevgimin böyüklüyünü anladır insanlara. Bu böyük eşqi duyanlar, xüsusən də, şairlər və nasirlər həsədindən çatlaya bilər, qısqanclıqlarından sənə də, mənə də istehza edə bilərlər.

Sənə dair yaratmağa başladığım - hələlik adı bəlli olmayan - o adsız bölgəni dəyərsiz görənlərə ədəb-ərkan qaydaları içində təbii ki, cavab verə bilərəm, sükutumu yalnız sənin üçün poza bilərəm.

Bilirsənmi, ilhamımı hər an gizləyərkən, təkcə səni aşkar etməkdən çəkinmirəm.

Süveydam, bu günə qədər, Haşimin (türk şairi - red) su kənarlarını niyə sevdiyini həmişə düşündüm. Günəşin batma vaxtı məftunedicidir, amma niyə su kənarı - deyə min dəfə özümü sorğuladım.

Bəlkə də gözlədiyi biri vardı, ona görə mütəmadi şəkildə su kənarındaydı. Haşimin ölümündən bir müddət əvvəl evlənməyi zərurətdən olsa da, gözlədiyinin gəlməməsi uzun illər Haşimin bekar qalmasına ölçü ola bilərmi?

Eşqin qarşısında acizliyimi görən, sənin füsunkar sirrini öyrənmək istəyər.

Haşim və mən, əslində, bir-birimizə nə qədər çox bənzəyirik. Onun "O Beldə" şeirində dediyi:

"sənə yalnız incə təzə bir qadın

mənə yalnızca köhnə bir sərsəm deyən

bugünkü bəşər bu səfil həvəsə, bu kirli nəzər"

misralarındakı mənanı anlaya bilməyənlər, həm Haşimdə, həm səndə, həm də məndə bir məna tapa bilməzlər.

Eşq bəzən beynimizi, bəzən də gözümüzü kor edir, sevgili, amma hisslərimə sərhəd qoymaq o qədər çətin ki...

Bu gün bir su kənarındayam. Mavi həmişə sonsuzluğu yadıma salır. Məgər sən mənim limanımsanmı?

Liman, "O Beldə"dən gəlməsini gözlədiyim ahunu qarşılayacağım, o sakit məkan.

İndi səni gözlədiyim iskələdəyəm (dənizdə, göldə gəmilərin yanaşması üçün körpü - red.), ümmana baxıb üfüqdə görünən gəmilərdən birinin limanıma gəlməsini gözləyirəm.

Bəlkə də o gəmilərdən birinin içindəsən və sən də məni axtarırsan. Səni mənə gətirən gəminin adı, yəqin ki, "Vüslət" olmalıdır, amma Yəhya Kamalın:

"Bir çox gedənin hər biri məmnun ki, yerindən,

Bir çox illər keçdi, dönən yox səfərindən".

misralarında dediyi doğrudursa, səni boşuna gözləməkdəyəm.

Yox, sevgili, yox! Getdiyin yerdə xoşbəxt olmadığını düşünürəm, sənin xoşbəxt olacağın yer, ruh yoldaşının, yəni mənim yanımdır.

Gözləmənin çətinliyini, hicran adlanan və insanı kamala çatdıran qazanda qaynamayanlar bilməz, amma gözlədiyin geciksə, hər saniyə gözləyən üçün min əsr olur, sevgili.

Müqəddəratımla razıyam, amma taleyim bir gün məni təəccübləndirsə və səni bir saniyə belə mənə göstərsə, nə olar?!.

13-cü məktub

Süveydanı bilməyən necə Məcnun oldum deyər?

"Eşq gələcək, bütün dərdlər bitəcək" deyən Yunus, eşqi təsvir etmək olarmı?

Hansı təşbehlə eşqi təsvir etməyə başlasam, hansı məfhumla izah etməyə çalışsam, sözlər kifayət etmir.

Sən, eşqə müqavimət edə biləcək qədər güclüydün. Bəs mən?

Qayğısız və bir çox şeydən xəbərsiz yaşayarkən, indi məhəbbətin cazibəsinə qapılmış bir damcıyam və dəryamı axtarıram.

Kədərimi sevincə çevirmək üçün hansı kitaba baxsam da, dərdimin tərifini və şəfasını tapa bilmirəm.

Cəhalətimi bilmədən çıxdığım bu yolda düzəldilməsi mümkün olmayan səhvlər etmək istəmirəm.

Mənə yol göstərin, şeirlər, sevgilimin adını gizlədən örtüyün qalxmasına kömək edin.

Yenə küçələrdəyəm.

Fikrimdə yuxuma girən qocanın sözləri əks-səda verir: "Sevdiyinin adı, qəlbində gizli".

İnsanı var edən qüvvələri düşünürəm və çıxış yolu axtarıram. "Ağıl, nəfs və könül".

Beynim darmadağın, sıxışıb qaldığım bu eşq dəhlizindən xilas olmaq üçün çırpınıram.

Nəfsim, hər gün artan həvəslə sevdiyimi görmək, onun saçlarına toxunmaq və gözəlliyi qarşısında rahatlıq tapmaq istəyir. Könlüm, qaynayan qazandan geri qalmır.

Həlli çətin olan bir müəmmanın ortasında qalmış kimiyəm, ağlım bu qədər ağır bir yükü qaldıra bilməyəcəyini desə də, nəfsimi tənzimləyə və könlümə söz keçirə bilmirəm.

Adını axtararkən, oxuduğum kitablardan biri, bu üç qüvvədən ikisinin mütəmadi olaraq, bir savaş halında "könül" qalasına sahib olmaq üçün vuruşduğunu və ona qalib gələnin könülə, bu səbəbdən də insana hökm edəcəyini söyləyir.

Bəzi vaxtlar könlümü ağlımın, bəzən də nəfsimin idarə etdiyinin fərqindəyəm.

Könlümü mühasirə altında hiss etməyim, özümü günahkar kimi görməyimə səbəb olsa da, günahsızlığımı sübut etmək və sənə çata bilmək üçün iradəli olmalıyam.

Lüğətləri qarışdırıram, şeirlərə baxıram və insanın qəlbiylə bağlı hər şeyi oxuyub anlamağa çalışıram.

"Qəlbin ortasında nə var?" - deyə düşünərkən, ürəyimə ağrılar girir.

Çarəsiz bir halda, məlum olmayan bir yerdən kömək gözləyərkən, beynimdə şimşəklər çaxır və sənin adınla bağlı suala cavab tapıram.

Sən, qəlbimin içində bir nöqtəsən. Zühur etdiyin yer oradır; sən o qara nöqtəsən. Adın hər nə olursa olsun, artıq sən mənim üçün Süveydasan.

Onu bil ki Süveydam, ürəyimin tam ortasındasan. Sənə sahib olan, "qəlb diyarının" ağasıdır; səni tanımaq, eşqi anlamaq deməkdir.

Sən, sevgiylə varsan, səni sevgisiz qoymaq, dərmansız qoymağa bərabərdir. Sən eşqlə açarsan, eşq səndə açar. Sən, güllərin sultanısan, hər aşiqin çatmaq istədiyi son nöqtəsən.

14-cü məktub

Nə zaman aynaya baxsam, səni qarşımda görürəm.

Qafillər nə anlar ayrılıqdan, Süveydam.

Sehrini görməyən göz heç agah ola bilərmi?

Söylənişlər ancaq könül əhli olanda xaliqələr yaradır. Eşqin zirvəsində səninlə olmaq inan ki, hər aşiqin dadmaq istədiyi bir həyəcan halıdır.

Orada tərəddüdlərə yer yoxdur, könül adını vəhdətə sürənlər, sənin günəşini təqib edirlər və sənin işığında könüllər coşar.

Aləmin bir-birinə zidd olan iki qütbü - şərq ilə qərb - sənin məhəbbətində yekparə olur.

Və mən Süveydam, nə zaman aynaya baxsam, səni qarşımda görürəm.

Sükutun ritmi olmaz deyirlər, amma yalnız yaşayan bir mürid kimi dolaşan arzularım, sənin dünya deyilən nəğməni dinlədikcə şəhvətdən uzaqlaşır və kölgəni hər an yanımda hiss edirəm.

Mərifət, səni görmədən sevə bilmək və qayğılar içində yenə də sənə düçar ola bilməkdir.

Səni xatırlamadığım anlar dözümlü olmağa çalışıram.

Sərxoş kimi dolaşdığım və mənzilimdən çıxdığım zamanlar, səni mənə unutduran müsibətlərdən uzaqlaşmağa və aynada səni tapmağa çalışıram.

Və Süveydam, nə zaman aynaya baxsam, səni qarşımda görürəm.

Yaradılmış hər kəs üçün bu dünya həqiqətən şəhanədir, amma könlünü sən abad etmiş olanlar ancaq hadisənin iç üzünü görə bilirlər.

Sənin sevginlə parlayanlar, şanı da, şöhrəti də tərk edər. Onların tək bir məqsədi vardır, vaxtı gəlmədən eşqə olan borclarını ödəyə bilmək.

Aynanı bizlərə doğru çevir, Süveydam.

Yağmurunda islanıb, amma hələ də gerçəyi görməyənlər, əllərindəki xəzinənin həqiqi dəyərini bilməyən və eşqində yoxluq çəkən cahillərlə eyni sıradadır.

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.19.