Fuadın Cəbrayıl dastanı   

 

 

 

..." Fuad dünyası" kitabı ilk növbədə ona görə xüsusi maraq doğurur ki, onun ideyası bir ailənin haqlı olaraq öz qəhrəman övlad ilə fəxr duyması miqyasından çox-çox kənara çıxıb kifayət qədər dərin mənəvi-ictimai məzmun kəsb edir.

 

Orta məktəb müəllimlərinin, tələbə dostlarının, cəbhə yoldaşlarının xatirələrindən məlum olur ki, Fuad yaddaşlarda istedadlı şagird, çalışqan tələbə və mübariz, vətənpərvər döyüşçü kimi qalıb. Cəmisi on doqquz il ömür sürmüş bu gəncin özünəməxsus mənəvi aləmindən (və şəxsiyyətindən!) gələcək nəsillərə biz də onun çoxcəhətli yaradıcılığıdır ki, buraya şeirləri, gündəlikləri, rəsm əsərləri daxildir.

Və mən Qərib müəllimlə tamamilə razıyam ki, "kitabı oxuyacaq hər bir yeniyetmə və gənc burada onlara örnək, nümunə ola biləcək, onların həyat yolunu işıqlandıra biləcək əsrarəngiz bir aləmin özəllikləri ilə tanış olacaq.

Bu - həyatı dərindən dərk edən, doğmalarını, dostlarını, xalqını, vətənini, bəlkə də, bütün bəşəriyyəti ilahi məhəbbətlə sevən kamil bir insanın özü üçün müəyyənləşdirdiyi bir taledir.

Bu - sakit, ağır təbiətli, bir az da xəyalpərvər olan bir gəncin zirvəyə gedən şərəfli həyat yoludur.

Bu - həqiqət axtarışında olan, zəmanənin eybəcərlikləri ilə barışmayan, az yaşında el- oba qeyrəti, millət dərdi çəkən, son məqamda cihada üstünlük verən bir Vətən oğlunun yanaraq nur saçmasıdır..."

Fuad Əsədov 1972-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində doğulmuş, orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsində davam etdirmiş, üçüncü kursda ikən Cəbrayıla qayıdaraq yerli müdafiə batalyonuna yazılmış, 1992-ci ildə erməni işğalçılarına qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Fuadın gündəliklərində, yəqin ki, heç zaman öz təsirini itirməyəcək (və ən yeni tariximizin yalnız həyəcanlarını yox, fəlsəfəsini də zaman-zaman daha yaxşı dərk etməyə yardımçı olacaq) təsirli sətirlər az deyil:

"Məni arada bir dəfə instituta çağırdılar. Batalyondan arayış alıb getdim. Məni bir az institutda incitdilər. Amma yenə qayıtdım batalyona.

Bəli, bu, müharibə idi. Amansız müharibə... Bu müharibənin dəhşətlərini görməyən, hiss etməyənlərə müharibə zarafat gəlir.

Mayın 8-də Şuşa ermənilər tərəfindən alınmışdı. Biz də Bakı yolunda post qurub silah yoxlayırdıq. Laçından, Şuşadan yük maşınları, köç gedirdi. Arvad, uşaq, qoca yük maşınlarının üstündə, küləyin, yağışın altında, üzlərində nifrət qarışıq dəhşət..."

Məsələ burasındadır ki, həmin sətirləri peşəkar hərbçi yox, cəbhəyə, el-obasını qorumağa ürəyinin hökmü ilə, müxtəlif maneələri aşaraq getmiş könüllü döyüşçü yazır. Və davam edir:

"Heç bir ürək dözməzdi bu səhnəyə. Mənim də ürəyim dözmədi, validol sərinliyi gəldi köməyə. Dişim bağırsağımı kəsirdi... Bilmirdim millətimə necə kömək edim, birdən az qalırdım üz tutub qaçam Laçına, Şuşaya tərəf".

Fuad şeir yazmağa bu qanlı-qadalı günlərdən xeyli əvvəl - 80-ci illərin ortalarında başlayıb. Hər nə qədər yeniyetməlik emosiyalarının məhsulu olsa da, həmin şeirlərdə aydın seçilən peşəkarlıq maneraları az deyil:

Atasına oxşayır,

Qıvrım-qıvrım saçı.

Sözə-zada baxmayır,

Qaraçıdır, qaraçı.

Deyirlər: "Dur, çay gətir",

Deyir: "Fudu gətirsin".

Deyirlər: "Yemək gətir",

Deyir: "Allah yetirsin".

... Ana işə buyurur,

Deyir: "Qalsın sabaha".

Pianinoya cumur,

Heç nə eşitmir daha.

Bu şeir ilk növbədə ona görə təbii, səmimi və təsirlidir ki, həyatın yeniyetmə şairə doğma olan naturasından gəlir. Burada qərara gəlmək çətindir ki, natura şeiri yaradır, ya şeir naturanı, ancaq bir məsələ aydındır ki, onların arasındakı münasibət həm kifayət qədər yaradıcı həm də estetikdir.

Fuadın ilk gənclik illərində qələmə aldığı "Cəbrayıl haqqında düşüncələr"i var ki, bulaq kimi axan, mənsur şeir ladındakı bu düşüncələri onun Cəbrayıl dastanının başlanğıcı sayıla bilər:

"Cəbrayıl! Mələk xislətli, mələk qədər gözəl. Mələk qədər təmiz, mələk qədər günahlardan uzaq diyar!

Qartal qayası - qartal duruşunun, qartal cəsarətinin, qartal qürurunun, qartal uzaqgörənliyinin - qaya möhkəmliyi, qaya əzəməti, qaya mətanəti ilə vəhdəti, qovuşması.

Çinar kəhrizi - çinar vüqarının, çinar kövrəkliyinin, çinar kölgəsi qalınlığının - kəhriz suyunun bolluğu ilə, saflığı ilə, sərinliyi ilə birləşdiyi məkan.

... Xudafərin - həsrətliləri vüsala çatdıran, uzağı yaxın edən, küsülüləri barışdıran, tarixlərin şahidi körpü.

... Hacı Qaraman - inam, iman yeri, tarixi müqəddəsliyi yaşadan, insanları mənəvi təmizliyə, saflığa çatdıran ocaq.

... Cəbrayılı mən cüssəcə böyük olmayan, görkəmcə yığcam, zahirən gözəl, mənəviyyatca zəngin insanlara bənzədirəm. Mən Cəbrayılı sevirəm. Axı həm də o, mənim vətənimdir".

Bu sətirlərin müəllifinin yaşı yoxdur, bu sətirləri onun müəllifinə nə əvvəli, nə də sonu olan İstedad diktə edib... Və bu İstedad "Qartal qayasından, Çinar kəhrizindən, Xudafərin körpüsündən, Hacı Qaraman ocağından gəlir...

"Qurban təpəsi, "Əzizləmə", "Burda hər addımda mənim izim var"ı Fuad tələbəlik illərində qələmə alıb, ancaq bu şeirlərdə uşaqlıq, yeniyetməlik illərinin xatirələri çox hərarətlidir...

Sən pirsən, ocaqsan, ibadətgahsan,

Vətən sevənlərçün ziyarətgahsan,

Həm qala, istehkam, iqamətgahsan,

Ey mətin, vüqarlı Qurban təpəsi!

Cəbrayıl diyarlı Qurban təpəsi!

Ancaq o da aydın hiss edilir ki, təhlükə Vətənin bir addımlığındadır, xalq isə nəinki feilən, mənən, ruhən də tərksilah edilib. Və ümid Allaha qalıb:

Qoru ətrafını sardan, amandır,

ALLAH hifz eləsin dardan, amandır,

Olma yağılara qurban, amandır,

Ey mətin, vüqarlı Qurban təpəsi!

Qartallı, çinarlı Qurban təpəsi!

Sonrakı bənd isə yalnız vətənpərvər, cəsarətli bir gəncin son dərəcədə səmimi hisslərinin ifadəsi deyil, eyni zamanda şair öncədən görməsidir:

Düşmən hazırlaşır hücum etməyə,

Barı əməyimiz hədər getməyə,

FUAD da hazırdı qurban getməyə

Yolunda, əsrarlı Qurban təpəsi!

Ey mətin, vüqarlı Qurban təpəsi!

"Əzizlərimə", əslində, ailə-nəsil şeiridir, lakin bu yaşantılarda mütəvaze bir qürur, fəxarət, hörmət-ehtiramla yanaşı, bütün bu hisslərin içərisində "gizlənmiş" mənəvi məsuliyyət, hətta aydın sezilən yeniyetmə mənəmliyi var.

Əgər bir xalq qarşıdakı təhlükəni öz gənc nəslinin timsalında bütün əzaları ilə irəlicədən duyursa, həmin təhlükənin törətdiyi faciələr nə qədər dözülməz olsa da, o xalqı çökdürmək heç bir dağıdıcı qüvvəyə müyəssər ola bilməz.

Və "Burda hər addımda mənim izim var" da doğma el-obaya - doğulub boya-başa çatdığı Quycaq kəndinə sonsuz övlad məhəbbətinin təzahürüdür. Özü də konkret detallar, etnoqrafik təfərrüat və təfsilatlarla... Şeir belə bitir:

Doğmadır bu kəndin hər bir bucağı,

Zəmisi, xırmanı, piri, ocağı.

Doğmadır bu kəndin yalı, yamacı,

Çəməni, tarlası, kolu, ağacı.

Burda hər addımda mənim izim var,

Gördüyün hər səhnə qəlbimdə yaşar.

Fuadın "Çinar oxşamaları", "Səngər"i, "Dağdağan"ı onun Cəbrayıl dastanını davam etdirir. Və hər üç şeirdə etnoqrafik olduğu qədər də canlı, müasir və həyəcanlandırıcı obrazlar çoxdur.

Sultan çinar, xan çinar,

Göylərə qalxan çinar.

Asimandan boylanıb

Dünyaya baxan çinar

 

- misraları ilə başlayan "Çinar oxşamaları" janrın təbiətinə uyğun həzin hissləri bir-birinin ardınca çəkir:

Ay çinar, uca çinar,

Əsrdən qoca çinar.

Uzanıb budaqların

Boynumu quca çinar.

Və gənc şair öz duyğularını yüzillərin şeir texnikasında da çox rahat, yüzillərin söz adamı kimi əks etdirir:

Əndamı bəyaz çinar,

Gözəlsən bu yaz, çinar.

Bədnəzəri qabaqla

Ver nəzir-niyaz çinar.

"Dağdağan" da "bir cavan dağdağan ağacına oxşamaq" istəyən gəncin dağdağan "xislət"li arzuları əksini tapır:

İnsanların xeyrinə-şərinə yarayaydım,

Körpə uşaqları bəd nəzərdən qoruyaydım,

Yananda onun kimi sidq-ürəklə yanaydım,

Eşqimin istisiylə qəlbləri dolanaydım,

Tavana mil, dama dirək olaydım...

Fuadın Cəbrayıl dastanı "Səngər" şeirilə etnoqrafik-psixoloji həzinlikdən uzaqlaşır. Və şeirin sərt intonasiyası xəbər verir ki, qarşıda qanlı döyüşlər var:

Bu səngər məbəddir, pirdir, ocaqdır,

Bu səngər tarixə qovuşacaqdır.

Bu səngər bir parça Vətən torpağı,

Bu səngər düşmənə sipər, göz dağı.

Niyə doğmalaşıb bir parça torpaq?

Elə bil evimdi, yuvamdı mənim.

Elə bil suyumdu, havamdı mənim.

Dadıma bir fikir yetişir bu dəm:

Bir parça torpaqdan yarandı Adəm.

Lap aşıb-daşsa da var-dövlətimiz,

Bir parça torpaqdır son qismətimiz.

Mənim də payıma düşüb bu səngər -

Hamımız bu ruhda köklənsək əgər,

Yurda tamah salmaz hər yoldan ötən,

Basılmaz Vətən, basılmaz Vətən!

Gənc şairin çox böyük ümid etdiyi qələbədən öncə isə Şuşanın işğalı xəbəri gəlir. Və bu sarsıdıcı xəbər ona aşağıdakı acı misraları yazdırır:

İlahi, nə yaman bərkmiş üzümüz,

Bu nə dəhşətdir, gördü gözümüz?

Oddan kül törəyər demiş atalar,

Biz külə çevrildik, söndü közümüz.

Mərdlər qurban getdi HAQQ savaşında,

Namərdlər çoxaldı ocaq başında.

Onlardan törəyən keçəl həmzələr

Çanaqtək çatladı xalqın başında.

... Deyirlər, Babəkik, Koroğluyuq biz.

Deyirlər, atəşik, qor oğluyuq biz.

Şuşanı düşmənə verən biziksə,

Gorbagor oğluyuq, gor oğluyuq biz.

Bu, pessimizmə qapılmaq, əlini hər şeydən üzmək deyil, "oğuz igidi"nin hayqırtısıdır, mənəvi güc toplaması, düşmən üzərinə əli yalın yeriməsidir. Və bu elə bir etnik arxetipdir ki, hər an oyana bilər.

"Komandirə məktub", heç şübhəsiz, Cəbrayıl dastanının kuliminasiyasıdır:

Qulaq qa, əzizim, yaşım azsa da,

Bu, yaşca böyüyə etirazsa da,

Mənim də sözüm var bu gün deməyə.

... Bil, mənim yaşımda Xətai şahdı,

İskəndər sərkərdə, Nadir padşahdı.

Koroğlu bu yaşda çıxdı meydana,

Teymur "Gəlləm" dedi bütün cahana.

... Sus mənə qulaq as, dinlə diqqətlə,

Qəlbim silahlanıb kinlə, nifrətlə.

Düşmən üstün gəlsə, qorxu törənsə,

İnan nifrət dolu od püskürərəm.

Patronum qurtarsa, gücüm tükənsə,

Dişim, dırnağımla cəngə girərəm.

Vətən torpağını müdafiə arxetipi (yaddaşı!) İskəndəri (o, yunan olsa da, qədim türklərə öz qəhrəmanları qədər doğma olmuşdur), Teymuru, Koroğlunu, Nadiri yada salır, yüz igidin qanı bir igidin damarlarında qaynayır... Və Cəbrayıl dastanının müəllifi eyni zamanda, onun qəhrəmanına çevrilir.

Fuadın "Qarğış"ı, əslində, lirik-intim ricət olmalı idi, ancaq dastanın xarakterindən irəli gələrək bu ricət öz ideya- estetik təyinatını dəyişdirib sərt ictimai məzmun kəsb edir:

Görüşünə gəlmişəm əsgər paltarında,

Əsgər yerişiylə, sakit, aramla,

Daha cəsarətlə, daha inamla.

Artıq utanmıram, artıq qorxmuram,

İndi tərəddüd də uzaqdır mənə.

Başqa təmənnam yox, heç nə ummuram,

Ümidsiz gəlmişəm tək bircə damla

... İstərəm deyəsən arxayın vuruş,

Mənim məhəbbətim dayağın olar,

... Bumu xeyir-duan, bumu təsəllin?

Başa düş, bu yolda ölüm var, qan var,

Özüyçün son güllə saxlayan kəsə,

Dodağı ümidçün çatlayan kəsə

Bir damla ümidi qıymamaq olar?

... Sənəsə ürəkdən bir QARĞIŞIM var:

Mənimlə, "kiminlə", onu bilmirəm,

Xoşbəxt ol, xoşbəxt ol, xoşbəxt ol yenə!..

Bununla belə, Vətən uğrunda döyüşə gedən əsgərin həmişə mənəvi dayağa ehtiyacı var - bu dayaq həm ailədən, həm dost-yoldaşlar mühitindən, həm də gəncliyin ruhi aləminin bilavasitə bağlı olduğu sevgi-məhəbbətdən gəlir. Və Fuadın sevgi-məhəbbəti nə qədər ümidsiz olsa da, şeirdə giley-güzar motivləri nə qədər qabarıq təsir bağışlasa da, dastanın ümumi ideyası baxımından həmin ümidsizlik və giley-güzar yalnız epizodik səciyyə daşıyır. O zaman ki Vətənin taleyi həll olunur, bütün rəngarəngliyi (və intim çalarları!) ilə insan taleyi hansı müzakirənin predmeti ola bilər ki?..

Fuad Əsədov bu dünyaya bir Cəbrayıl dastanı yaratmağa gəlmişdi. Və bu dastanı yalnız bədii söz istedadı ilə deyil, bütün tərcümeyi-halı (və taleyi!) ilə yaratdı.

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.18.