Var olmaq üçün düşünək:
düyünlər və açarlar
II yazı
Cogito,
ergo sum - Düşünürəmsə, deməli, varam.
Rene
Dekart
Hər nə qədər eyni cəmiyyətdə
yaşasaq da, hər kəs öz düşüncəsinə
və dünyagörüşünə uyğun problem
yaşayır.
Əlbəttə, ümumi problemlər də
var, lakin onların həlli də ayrı-ayrı fərdlərdən
deyil, aidiyyətli dövlət qurumlarından
asılıdır. Məsələn,
ölkədə işsizlik cəmiyyətin ümumi
problemidir, bir şəxsin seçdiyi ixtisasda öz
potensialını reallaşdıra bilməməsi və buna
görə də ya işsiz qalması, ya işindən həzz
almayıb depressiya yaşaması, ya da xaricə üz tutub
ixtisasından başqa bir fəaliyyətə qane olub
ömrü boyu peşmanlıq çəkməsi həmin fərdin
problemidir. Birinci halda bunun qayğısına rəsmi
orqanlar qalır - qanunlar hazırlanır, yeni iş yerləri
açılır, ali məktəblərdə
qəbul zamanı tələbat olan ixtisasların sayı
artırılır və s. İkinci halda isə hər
şey asılıdır insanın düşüncə
qabiliyyətindən, özünü tanıma dərəcəsindən,
öz potensialını və biliyini dəyərləndirib
düzgün seçim etmək bacarığından. Başqa sözlə desək, var olmaq
üçün düşünməyindən. Bunun qayğısına isə fəlsəfə
qalmalıdır. Yəni istənilən
ixtisasın mahiyyətini də, fərqə şəxsiyyət
və vətəndaş kimi öz missiyasını dərk
etdirən də fəlsəfədir. Xatırladaq ki, ali məktəblərdə fəlsəfə
ikinci ildən tədris edilməyə başlayır. Hazırda o da sual altındadır, çünki bəzi
yerlərdə ümumiyyətlə fəlsəfə tədris
olunmur.
Həyat
ipinin problem adlı düyünü
Hər ideyanın inkişaf trayektoriyası dairəvidir. İlk
nöqtədən çıxan ideya müəyyən
çevrə cızandan sonra öz ilkin nöqtəsinə
qayıtmalıdır. Hegel deyir: "Bu, əvvəlin və
sonun birləşməsidir - bu, anlayışın
özünün mövcudluğu prosesi boyunca özünə
qayıtmasıdır..." Çevrə
tamamlananda ideya bir mərhələ üst qata qalxır, kamilləşir.
İnsan da bütövlükdə mürəkkəb
bir ideyadır, daha doğrusu, ideyalar kompleksidir. Bu səbəbdən onun həyatı fərqli
diaqonallı çevrələrdən ibarətdir. Deməli, əslində, çevrə özünüdərk
prosesidir, ilk nöqtəyə, yəni öz "mən"inə
yeni baxışın formalaşmasıdır. Ömrü boyu bilik qazandıqca, həm fiziki, həm
də əqli baxımdan böyüdükcə, bu çevrələr
də kiçikdən böyüyə doğru davam edir.
Beləcə, prosesin hər yeni mərhələsinin
çevrəsi əvvəlki ilə ilk və son nöqtədə
üst-üstə düşsə də, çevrə
özü əvvəlkindən daha geniş olur. Eyni çevrə boyunca hərlənmək
durğunluqdur. Çevrənin ilk və
son nöqtəsi birləşməsə, ideya
tamamlanmamış qalır və deməli, yeni ideyanın
doğuluşu baş verməz - yeni tsikl başlaya bilməz.
Burada söhbət yalnız yaşına görə
deyil, zehninə görə də böyüməkdən
gedir. Başqa sözlə desək, uşaqlıq
çevrəsini tamamlaya bilməyən bir insan yeniyetməliyə,
daha sonra gəncliyə və s. keçə bilməz. Yaşı keçsə də, düşüncəsi
keçməz.
İnsanın həyat xətti haradasa ya əyilərsə,
ya düyünə düşərsə, hərəkət
dayanır və bu, onu incidir. Bu, problemin yaranma məqamdır.
Məsələn, Türk musiqisinin
ustadlarından biri Rəhmi Oruc Güvənin bildirdiyinə
görə, insan orqanizmində hər hüceyrənin öz səsi
var və yalnız bu səslər harmonik şəkildə səslənəndə
insanın həm bədəni, həm də düşüncəsi
rahat və sağlam olur. Musiqi terapiyası
da məhz harmoniyadan çıxan və bununla da öz sahibini
narahat edən hüceyrəni sakitləşdirməkdir. Problemli insan - həyat xətti dolaşmış,
düyünə düşmüş insandır. Necə ki, harmoniyası pozulmuş hüceyrə
orqanizmi xəstələndirir, eləcə də, ipə
düşmüş düyün həyatı mürəkkəbləşdirir.
Əlbəttə, düyünlər fərqli olur: bir cəhddə
açılan, ciddi əmək, düşüncə tələb
edən. Ən betəri kor düyündür
ki, ilgəyə çevrilib sahibinin boğazına keçə
bilir. Bəzən Qordi düyününə
çevrilib illərlə həllini gözləyənlər
də olur. Ancaq Qordi düyünündən
fərqli olaraq, həyat düyününü hər vaxt kəsmək
olmur, onu məhz açmaq lazımdır. Yəni
istənilən düyünün açılmasında
İsgəndərin qılıncından çox, Aristotelin
düşüncəsinə, məsləhətinə ehtiyac
var. Bəs bu düyün necə düşür?!
İnformasiya
seli və tənhalıq
Selin ilk assosiasiyası dağıntılardı. Adətən
sel bütövü uçurdur, pərən-pərən
salır və onun "ağzına" düşən
insanlar hətta doğmasına da yardım edə bilmir,
yalnız öz başının çarəsini axtarmağa
gücü çatır. Bu gün
dünyanı belə bir fəlakət basıb - informasiya
seli. Hər nə qədər
informasiyanın yaradıcısı, mənbəyi insan
özü olsa da, yenə də bu selin hökmü altında,
onun diktəsi ilə hərəkət etməli olur. Kant
deyirdi ki, "şəxsiyyətdə, doğrusu, yüksək
heç nə yoxdur, çünki əxlaq qanununa tabedir, lakin
onda ali bir şey də var, çünki
bu qanunu onun özü qoyur, buna görə də ancaq ona tabe
olur". Əxlaq anlayışını
informasiya ilə əvəz etsək, müasir dövrün
aydın bir mənzərəsi yaranar - İnsan öz
yaratdığı informasiyanın quluna çevrilib. Biliklər yalnız informasiya şəklində qəbul
edilir və bu hal o dərəcədə geniş
yayılıb ki, bütün sahələri idarə etməyə
başlayıb, hətta fəlsəfəni də. Hələ XX əsrin ikinci yarısında Karl Yaspers
yazırdı ki, "çox vaxt fəlsəfə öz təbiətini
düzgün anlamayaraq özünü müasir elmlə eyniləşdirirdi
və ya bütün bu əsrlər ərzində "o da
elm" kimi çıxış edirdi. Bu
günün vəzifəsi onu özünə
qaytarmaqdır". Yaspersin zamanından bəri
texnika və texnologiyanın imkanları daha da genişlənib,
nəticədə informasiyanın yayılma sürəti və
bilavasitə şüuraltına təsir qüvvəsi də
artıb. Bütün bunlar insanın diqqətini
daha çox kənar aləmə, ətrafa fokuslanmağa məcbur
edir və o, özünü də bu kontekstdə
görür. Başqa sözlə desək,
insan özünü kamilləşdirib ətrafa da o kamilliyi
ötürmək yerinə, özünü ətrafın
ümumi mənzərəsinə kökləməyə,
uyğunlaşdırmağa çalışır. Nəticədə o, bir növ öz ruhu, öz
nüvəsi ətrafında toplaşmaq, sıxlaşmaq əvəzinə,
dağılır, parçalanır və ... ruhu yalqız
qalır. Bir paralel aparsaq, görərik ki, bütün
elmlərə ev sahibliyi edə-edə bu
gün özü tənha qalan fəlsəfə kimi insan da
yaratdığı texnologiyalar, informasiya xaosu, sosial şəbəkələr
arasında tək-tənhadır.
Burada əhəmiyyətli bir məqam da mütləq
vurğulanmalıdır. Düzdür, hər insanın mənəvi
kamilləşməsi üçün onun təkliyə bir
ehtiyacı var - öz ruhu ilə baş-başa qalıb, ruhu
vasitəsi ilə ilahi aləmə yüksələ bilməsi,
oradan bilik ala bilməsi üçün. Bu
gün vəziyyət fərqlidir - insan nəinki öz ruhu ilə
baş-başa qala, onu dinləyə bilmir, heç onu görməyə
macal da tapmır, çünki diqqət başqa obyektlərə
yayınıb. Deyilənlərin fonunda müasir insan
portretinə baxaq: informasiya selində boğulan, yalqız
olduğu üçün kimsədən kömək gözləyə
bilməyən və hansı isə uzaq təşkilatlara,
mücərrəd qüvvələrə üz tutub yardım
gözləyən, hər addımda problemlər yaşayan və
tapdığı həll yolu mütləq başqa problemin
yaranmasına səbəb olan, bunları yaşamamaq və
gündəlik informasiyaları vaxtında və lazımi qədər
mənimsəmək üçün robotlaşma səviyyəsinə
çatan sosial bioloji varlıq. Burada kiçik, ancaq əhəmiyyətli
bir düzəliş də edək - virtual sosial varlıq! Bəli, bugünün insanı tənhadır və
bu hiss get-gedə dərinləşməkdə, faciə həddinə
çatmaqdadır. Tənhalıq
insanın əksər problemlərinin ya bilavasitə mənbəyi,
ya da qida mənbəyidir. Bir daha təkrar
edək, problem - insanın ya öz daxili aləminin, ya da ətraf
aləmlə harmoniyasının pozulmasıdır. Eyni zamanda, problem insanın ruhunun və maddi
orqanizminin arasında harmoniyanın pozulmasından yarana bilər.
Deməli, problemin həlli yolu insanı tənhalıqdan
çıxarmaqdan, "ünsiyyətə" cəlb etməkdən
başlayır. Amma ünsiyyətlər də
fərqli olur axı. Bir var dəmir mülayim su, nəmlə
"qol-boyun ola", bir də var sərt çəkic, od, zindanla çəkişə-bərkişə.
Birinin sonunda ortada pas atmış, çürüməkdə
olan lazımsız dəmir parçası qalır, digərinin
sonunda qılınc! Deməli, hər ruhun, eyni
zamanda, hər məqsədin öz "həmsöhbəti"
olmalıdır ki, nəticə mükəmməl olsun. Əks halda, gərəksiz bir şey alınar.
Fəlsəfə insanların daxili işığını
görüb "cilalamağı" bacaran "zərgərin",
doğru ünsiyyəti təmin edən və
düşüncəni düzgün istiqamətə yönəldən
bələdçinin, düyünü kəsmədən
açan səbr sahibinin peşəsidir.
Filosofun
missiyası
Kimdir filosof?! Dağın başında, ya da kimsəsiz mağarada
lotos şəklində oturan, universal aləmlə əlaqələr
qurub həyatın bütün gizli sirlərindən agah
olmaqla kifayətlənən, Nitsşenin təbirincə desək,
bir Fövqəlinsan, yoxsa bildikləri ilə insanları
qaranlıqdan çıxaran, nankorluğa baxmayaraq, lazım
olanda ürəyini çıxarıb məşəl edən
bir Danko?! Çətin sualdı... Bu suala Plutarxın
cavabı belədi: "Əgər filosoflar insan xarakterində
ibtidai qəddarlığı əhliləşdirməyi
özlərinin ən böyük xidməti hesab edirlərsə,
o zaman böyük miqdarda tayfaları yenidən tərbiyə
etdiyinə görə, İsgəndər ədalətlə
böyük filosof hesab edilməlidir". Deməli,
hər şeydən əvvəl filosof qaranlığa bir
aydınlıq, xaosa bir sistem gətirən kəsdir.
Qəribə
bir paradoks yaranıb: insanı öyrənən elm sahələrinin,
metodların sayı günü-gündən artdıqca,
insanın problemləri də artmaqda davam edir. Uzaq ulduzları,
yetin yeddi qatını öyrənməyə qadir olan insan
öz şəxsiyyətini tam dərk edə bilmir, 5000 il əvvəlki tarixi yaza bilən 15 dəqiqə
sonra nə baş verəcəyindən xəbərsizdir. Rus yazıçısı Mixail Bulqakovun qəhrəmanı
Volandın dediyi kimi, insanın "öz həyatını
idarə edə bilməsi üçün heç olmasa bir
layiqli planı olmalıdır". Bu isə
qeyri-mümkündür. İnsanın
qadir olduğu ən kamil addım tarixdən, kitablardan əldə
etdiyi biliklərə, özünün və
başqalarının qazandığı təcrübəyə
əsaslanaraq həyatının indi adlanan anını
düzgün dərk edib, növbəti ana şüurlu və
problemsiz keçə bilməkdir.
Bu istiqamətdə çıxış yolları
axtaranlardan biri filosofdur. Problemləri həll etmək üçün gah mətnlərin
sətiraltına enərək hermenevtik üsula baş vurur,
gah praqmatik mövqedən yanaşaraq real həyatın ən
məhsuldar tərəfini yaşamağa
çalışır, gah hər şeyi kənara ataraq
bütün cavabları yalnız şüurda axtarır,
adını da fenomenologiya qoyur, gah da olanları dərindən
təhlil edərək ənənəvi fəlsəfəyə
rəqib olan anlayışların analitik təhlilini verir və
mətnlərə baxmaq üçün linqvistik bucağa
çəkilir. Bu və adını çəkmədiyimiz
neçə fəlsəfi cərəyan insan
varlığını, cəmiyyəti öyrənməyə
çalışsa da, yeni nəzəriyyələr irəli
sürsələr də, özləri də yeni sualların
yaranmasına səbəb olublar. Bu proseslər
zəncirvari reaksiya kimidir və necə, nə vaxt, harada bitəcəyi
məlum deyil. Məlum olan budur ki, 10, hətta
100 əsr bundan əvvəlki insanı narahat edən problemlər
bu gün də öz həllini tapmayıb. Yəni Qordi
düyünü açılmasını gözləyir...
Fəlsəfi cərəyanların üsulları,
yanaşma metodları fərqli olduğu kimi,
"axtarış məkanları" da fərqlidir. Biri insanın
ruhunda, digəri maddi bədəndə, biri kosmosun
harmoniyasında, bir başqası hətta cəmiyyətin
xaosunda həqiqət axtarır. Əslində,
bunun səbəbi çox sadədir - insan özünü
harada kəşf edirsə, bütün digər
suallarının cavabının da orada olduğuna əmin
olur. Başqa sözlə desək,
özünü kəşf etmiş insan özünün
axtarış çərçivəsini, yəni
bütün gələcək təhlillərinin,
düşüncə gərdişlərinin
hüdudlarını təyin etmiş olur. Deməli, insan öz varlığında nə qədər
böyük həqiqətlər kəşf edərsə,
düşüncə üçün üfüqləri də
bir o qədər geniş olacaq.
Bu gün insanlar, qeyd etdiyimiz kimi, informasiya bolluğu
içində boğulur, özünü unudur. Hər nə
qədər fəlsəfə kütləvilikdən aralı
qaçsa da, özü də boğulmaqdadır. Düzdür, bütün dünyada fəlsəfə
üzrə yazılan elmi işlər, keçirilən
simpozium və konfranslar artmaqdadır. Fakt
kimi yalnız bunu vurğulayaq ki, 2018-ci ildə Pekində
keçirilən Dünya Fəlsəfə Konqresində 10
mindən çox insan iştirak edirdi. Adı
fəlsəfə ilə bağlı olan bu mötəbər
tədbirdə 10 min nəfərlik insan selinin içində
görünməz olan həqiqi filosofları
düşündükcə, bu gün dünyada ən dəyərsiz
şeyin nə üçün insan olduğunu anladım.
Əlbəttə, Platon "Respublika" əsərində
təqdim etdiyi filosof portretindən belə məlum olur ki, o,
digər insanlara xas olmayan ən yüksək keyfiyyətli,
biliyə, həqiqətə istəkli, ədalət hissi
güclü, ən vacibi isə zərif ruha malik
olmalıdır. Əks halda həm fəlsəfə, həm
də dövlət tənəzzülə uğrayar. Bəli,
filosofun düşüncə tərzi, ilahi həqiqət
dünyası ilə maddi dünya arasında bir
"ötürücü" olmaq missiyasına,
bacarığına görə digər insanlardan fərqlənir,
lakin bu, onu təcrid etmir, etməməlidir. Əksinə,
filosof "yalnız öz kamilliyi ilə məhdudlaşmır
və insanların şəxsi və ictimai gündəlik həyatlarının
qayğısına qalır" və ən vacibi bunu etmək
üçün əvvəlcə insanların mənəviyyatını
ağ lövhə kimi təmizləməlidir.
Yəni özü yüksək keyfiyyətə
və dərin biliyə malik olan filosof ətrafındakı
insanları və cəmiyyəti də öz səviyyəyə
çatdırmağa cəhd edir. Rabindranath
Tagor demiş, "Güclü və qüdrətli olmaq
qüvvəyə görə üstün olmaq deyil, zəifi
öz zirvənə qaldıra bilməkdir". Bəli, əgər
bir şəxsə ilahi aləmlə əlaqəli olub, ən
ali həqiqətlər dərk etmək
qabiliyyətinə malikdirsə, deməli,
qazandıqlarını digər insanlarla bölüşməlidir,
bir bələdçi, ötürücü missiyasını
daşımalıdır. Məsələn, amerikan şairi
Ezra Paund Nobel mükafatı alan Rabindranath
Tagora məhz "Qərb həyatının xaosu içərisində
unudulan müdrik həqiqətləri bir daha
xatırlatdığına görə" xüsusilə
böyük dəyər verir. Deməli, filosof
yalnız öz şəxsiyyətində qala bilmədiyi kimi,
düşüncələrinin təqdimində də bunu nəzərə
almalıdır - dərk etdikləri cəmiyyətin, fərqlərin
düşüncələrinin yüksəlməsinə, təmizlənməsinə
xidmət etməlidir. Başqa sözlə
desək, Şərqdən Qərbə insan mənəviyyatını
ucaldan, düşüncələrə aydınlıq gətirən
bütün fəlsəfələri tətbiq etməyi
bacarmaqdır.
Həyat müəyyən bir xətt boyunca irəliləməkdir.
Var olmaq bu xətti dərk edərək keçməkdir. Məsələn, bir var çayda axınla üzən
bir tir, bir də var bu çayda öz qayığı ilə
gedən bir yolçu - dörd tərəfi öyrənən,
lazım gələndə suyun dibinə baş vuran, gözəlliyini,
təhlükəsini, həyəcanını öz
canında, ruhunda yaşayan, yosuna ilişəndə
ağıl işlədib yoluna davam etməyi bacaran bir insan.
Biz ikinci haldan danışırıq - var olmaq
üçün düşünən insandan. Həyatda
yaranan problemlər isə yalnız düyün deyil, həm də
artıq qət edilmiş yolun və gedəcəyin yolun
saf-çürük edilməsidir. Deməli, müəyyən
mənada problemlər düşünmək üçün
bir qidadır. Fəlsəfə qəliz terminlərlə
mürəkkəb cümlə qurmaq deyil, öz keçdiyin həyatı,
öz şəxsiyyətini dərk etməkdir. Fəlsəfə
problemin yaranmasının qarşısını almır, amma
həmin problemi rahat və minimum ağrıyla
çözüb həyatının müəyyən tsiklini
başa vurub yenisini başlamağa kömək edir. Fəlsəfə
var olmaq üçün düşündürür.
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.16-17.