Azərbaycan Dövlət
Universiteti 1969-1979-cu illərdə
XX əsrin 60-cı illərinin sonu, 70-ci illər Azərbaycanda
elmin, təhsilin və mədəniyyətin inkişafında
xüsusi bir mərhəlidir.
Ulu
öndər H.Əliyevin siyasi hakimiyyətə gəlişi
ilə Azərbaycan cəmiyyətində köklü dəyişikliklər
baş verdi. Digər sahələrdə
olduğu kimi, elm və təhsil sahəsində də ciddi
quruculuq işlərinə başlanıldı. Təhsil millətin mənəvi inkişafına və
milli özünüdərkə istiqamətləndirildi.
Elm və təhsil dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndərin siyasi hakimiyyətə gəlişi
ilə milli ruhun dirçəldilməsi sahəsində
uğurlu addımlar atıldı. ADU-nun 50 illik yubiley tədbirində
Heydər Əliyevin ana dilində etdiyi çıxış
milli ruhu universitet divarları arasına qaytarmaqla
yanaşı, həm də dövlət təşkilatlarında,
idarə və müəssisələrdə, xüsusilə də
təhsil müəssisələrində ana dilinin işlənmə
səviyyəsinin yüksəlməsinə güclü təsir
göstərdi. Milli tarixi, milli dili və ədəbiyyatı
araşdıranlara yüksək dövlət mükafatları
verildi. Cənubi Azərbaycan tarixi, ədəbiyyatı
və mədəniyyətinin öyrənilməsinə
başlanıldı. Güclü siyasi və
elmi potensial formalaşdırıldı. Yeni ali təhsil müəssisələri
yaradıldı, istedadlı azərbaycanlı gənclər
SSRİ-nin ən nüfuzlu ali məktəblərinə
oxumağa göndərildi.
Bu illərdə ADU özünün
inkişafının yeni bir mərhələsinə qədəm
qoydu. Qətiyyətlə demək olar ki, əvvəlki illərdə
olduğu kimi, 70-ci illərdə də Azərbaycanda milli-mənəvi
yüksəlişin önündə məhz Azərbaycan
Dövlət Universitetinin dayanırdı. Elə
bu səbəbdən də universitetin məzunu olması ilə
fəxr etdiyini bildirən Heydər Əliyev Bakı Dövlət
Universitetini Azərbaycan xalqının milli sərvəti
adlandırırdı.
Həmin
dövrdə universitetin tərkibində 14 fakültə, 88
kafedra, elmi kitabxana, iki muzey, aspirantura şöbəsi, 4
problem laboratoriyası, elmi-tədqiqat hesablama mərkəzi və
hazırlıq şöbələri, tələbə şəhərciyi,
ixtisasartırma fakültəsi, elmi-tədqiqat bölməsi,
nəşriyyat, mətbəə və ali məktəbə qəbul
olmaq istəyənlər üçün hazırlıq
kursları var idi.
Universitetin tədris korpusları üç binada yerləşirdi. Onlardan ikisi
Patris Lumumba 23 (indiki Zahid Xəlilov 23) ünvanında yerləşirdi.
Həmin korpuslarda universitetin rəhbərliyi, Mexanika-riyaziyyat,
Tətbiqi riyaziyyat, Fizika, Kimya, Biologiya, Geoloji-coğrafiya,
Tarix, Filologiya, Hüquq, Kitabxanaşünaslıq fakültələri,
6 ümumuniversitet kafedraları yerləşirdi. Üçüncü tədris korpusu Kommunist 8
(indiki İstiqlaliyyət 8) küçəsində yerləşirdi.
Həmin korpusda Şərqşünaslıq və
Jurnalistika fakültələri yerləşirdi.
1978/79-cu tədris ilində universitetdə 13425 tələbə
təhsil alırdı. Onlardan 6325-i əyani, 3092-si axşam,
4008-i qiyabi şöbədə təhsil alırdı. Əyani şöbədə təhsil alanların
273 nəfəri xarici ölkə vətəndaşları
idi.
Aspiranturada 177 nəfər (onların 79 nəfəri əyani
şöbədə, 98 nəfəri qiyabi şöbədə)
təhsil alırdı. 31 nəfər xarici ölkə vətəndaşı
olan aspirantlar əyani şöbədə təhsil
alırdı.
Universitetdə 2384 əməkdaş
çalışırdı, onlardan 853 nəfəri
professor-müəllim idi. Kafedraların sayı
artaraq 64-dən 88-ə çatmışdı. Həmin illərdə universiteti 16000 mütəxəssis
bitirmişdi.
1979-cu ildə
universitet müəllimlərinin 7 nəfəri Azərbaycan
EA-nın müxbir üzvü (Faiq Bağırzadə, Məcid
Rəsulov, Cümşüd Zülfüqarlı, Qədir
Sultanov, Abdulla Muxtarov, Yusif Əmənzadə, Arif Babayev), 116 nəfəri
professor, 311 nəfəri dosent, 419 nəfəri baş müəllim,
müəllim və assistent idi. Universitetdə
çalışan 853 nəfər müəllimin 121-i elmlər
doktoru, 502-si elmlər namizədi idi.
Həmin illərdə universitetin 70 müəllimi
doktorluq, 175 müəllimi namizədlik dissertasiyası
müdafiə etmişdi. Müəllimlərin 4 nəfəri - bioloq Mirəli
Axundov, tarixçi Məmməd Qazıyev,
coğrafiyaçı Hadı Əliyev Əməkdar elm
xadimi, tarixçi Səidə İmanzadə, kimyaçı
Cəlal Əfəndiyev, dilçi Məftun Əkbərov
Əməkdar müəllim, hüquqşünaslar Məsumə
Məlikova, N.Məmmədov və Məmməd Xələfov
Əməkdar hüquqşünas, kitabxanaşünas Abuzər
Xələfov Əməkdar mədəniyyət
işçisi, idmançı Rza Baxşəliyev Əməkdar
idman ustası idi.
Universitetdə 18 ixtisas və 64 ixtisaslaşma üzrə
tələbə hazırlanırdı. Həmin dövrdə
Azərbaycan Elmlər Akademiyasının tanınmış
alimləri, həmçinin, SSR-in ayrı-ayrı şəhərlərindən
dəvət olunmuş alimlər müxtəlif kurslar üzrə
universitetdə mühazirələr oxuyurdular. Universitetin
alimləri də, öz növbəsində həmin ölkələrin
ali məktəblərində mühazirələr
oxuyurdular.
Universitetin müəllimləri ixtisaslarını
artırmaq və təcrübə keçmək məqsədi
ilə sistematik olaraq Moskva, Leninqrad (indiki Sankt-Peterburq - M.M.),
Kazan və SSRİ-nin digər şəhərlərinin
ixtisasartırma fakültələrinə gedirdilər.
1979-cu ildə universiteti 2329 tələbə
bitirmişdi.
Onların hamısı gənc mütəxəssislərin əvvəlcədən
təsdiq olunmuş təyinat planına uyğun olaraq
ixtisasları üzrə iş yerinə göndərilirdi.
Vyetnam Sosialist Respublikası üçün kadr
hazırlanmasında böyük xidmətlərinə görə
Azərbaycan Dövlət Universiteti 1979-cu ildə həmin
ölkənin "Dostluq" ordeni ilə təltif
olunmuşdu.
1978/79-cu tədris ilində universitetdə
hüquqşünaslıq, beynəlxalq hüquq, geologiya,
şərq dilləri və ədəbiyyatı, rus-dili və
ədəbiyyatı, biologiya, tətbiqi riyaziyyat, kimya, fizika,
riyaziyyat ixtisasları üzrə xarici ölkələrdən
gəlmiş 273 tələbə təhsil alırdı. Universitetin 9 fakültəsində 10 ixtisas üzrə
47-dən çox sosialist və inkişaf etməkdə olan
ölkələrin tələbələri təhsil
alırdılar.
Həmin illərdə tələbələr pulsuz təhsil
alırdılar. Onlar təhsil sahəsində müvəffəqiyyətlərindən
asılı olaraq təqaüdlə təmin olunurdu. Təhsildə və ictimai fəaliyyətində
xüsusi fərqlənən tələbələrə
adlı təqaüd verilirdi. 1978/79-cu tədris ilində universitetdə
16 tələbə adlı təqaüdlə təhsil
alırdı.
Universitetin bütün fakültələrində tədrislə
yanaşı, elmi-tədqiqat işləri də
aparılırdı. Fakültələrin 6-da təbiət
elmləri sahəsində, yerdə qalan 6-da və
ümumuniversitet kafedralarında humanitar və ictimai elmlər
sahəsində tədqiqat işləri həyata
keçirilirdi. Elmi-tədqiqat hesablama mərkəzində
və 4 problem laborotoriyasında sistemli elmi tədqiqat işləri
aparılırdı. Alimlərin bir
çoxunun elmi tədqiqatları yalnız Azərbaycanda və
Sovetlər Birliyində deyil, ölkəmizdən kənarda da
tanınırdı. Həmin illərdə universitetin əməkdaşları
- Bəxtiyar Vahabzadə ədəbiyyat sahəsində, Səttar
Süleymanov və Vasif Babazadə geologiya sahəsində, Yəhya
Məmmədov riyaziyyat sahəsində, Bəhram Əsgərov
fizika sahəsində, Əlövsət Abdullayev, Yusif Seyidov,
Muxtar Hüseynzadə və Ağamalı Həsənov
dilçilik sahəsində Azərbaycan Respublikasının
Dövlət Mükafatına layiq
görülmüşdü. Alimlərimiz
müxtəlif Ümumittifaq və beynəlxalq elmi sessiyalarda,
konfranslarda, simpoziumlarda fəal iştirak edirdilər.
Yalnız 1978-ci ildə universitetin alimləri 60-da çox
Ümumittifaq və respublika konfranslarında 400-ə yaxın elmi məruzə
ilə çıxış etmişdilər.
Universitet alimlərinin rəhbərliyi ilə tələbələr
məhsuldar elmi tədqiqat işləri aparırdılar. 1978-ci ildə
universitetin tələbələri respublika elmi
konfranslarında iştirak edərək 6 medal və 12 diploma
layiq görülmüşdülər. Mexanika-riyaziyyat
fakültəsinin professoru Valeri Salayevin rəhbərliyi ilə
elmi tədqiqat işləri aparan tələbələr bir
neçə dəfə Ümumittifaq və respublika
müsabiqələrinin qalibi olmuş, universitetin keçici
Qırmızı Bayrağı ilə təltif
olunmuşdular.
Universitetin gənc alimləri Fikrət Babayev kimya sahəsində,
Əhməd Abdinov və Aydın Kazımzadə fizika sahəsində
Azərbaycan SSR-in Lenin Komsomolu mükafatı laureatı
olmuşdular.
Universitet mükəmməl nəşriyyat bazasına
malik idi. Hər
il nəşriyyat tərəfindən
respublika ali məktəblərarası nəşr orqanı
hesab olunan 11 seriyadan ibarət "Elmi əsərlər"
çap edilirdi. Bundan əlavə hər il
10-15 dərslik, 15-20 metodik vəsait və tədris proqramları
nəşr olunurdu.
Azərbaycan
Dövlət Universitetinin 60 nəfərdən ibarət olan
Elmi Şurası böyük iş aparırdı. Onların 46 nəfəri professor və ya elmlər
doktoru, 7-si AMEA-nın müxbir üzvü, 12-si elmlər namizədi,
dosent idi. Elmi Şura özünün
müntəzəm olaraq keçirilən iclaslarında
universitet həyatına aid olan ən aktual məsələləri
müzakirə edir və müvafiq qərar qəbul edirdi.
Elmi kadrların hazırlanmasında elmi dərəcələrin
verilməsi üzrə Elmi Şura böyük rol
oynayırdı. 1979-cu ildə universitetdə 13
ixtisaslaşdırılmış Elmi Şura fəaliyyət
göstərirdi. Onlardan 10-u namizədlik, 3-ü isə
doktorluq elmi dərəcəsi verən şuralar idi: riyaziyyat,
fizika, deformasiya olunan bərk cisim mexanikası, petroqrafiya,
vulkonologiya və geologiya, SSRİ xalqlarının ədəbiyyatı
və dili, fiziki kimya, fiziki coğrafiya, landşaftların
geokimyası və geofizikası, geoloji-mineroloji elmlər, ədəbiyyat
nəzəriyyəsi, fəlsəfə elmləri, elmi
kommunizim, etika və estetika, elmi ateizim və tarix elmləri.
Universitetin
tədris işləri üzrə prorektoru, professor Teymur Vəliyev,
elmi işlər üzrə prorektoru, Azərbaycan
EA-nın müxbir üzvü,
professor Yəhya Məmmədov, axşam və qiyabi
şöbə üzrə prorektoru dosent Aida Ağayeva, xarici
vətəndaşların təhsili üzrə prorektoru Ramiz
Sultanov idi.
1340-dan
çox kommunisti özündə birləşdirən
universitet partiya komitəsinə 1969-1973-cü illərdə
akademik Aslan Aslanov, 1973-1975-ci illərdə professor İzzət
Rüstəmov, 1975-1988-ci illərdə professor Qurban Bayramov,
6637 komsomolçunu əhatə edən təşkilata
Niftalı Usubov, 8500-dən çox əməkdaşı
özündə birləşdirən həmkarlar təşkilatına
1972-1978-ci illərdə Azərbaycan EA-nın müxbir
üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Sabir
Hacıyev, tələbə həmkarlar təşkilatına
isə Rəcəbəli Əliyev rəhbərlik edirdilər.
Mexanika - riyaziyyat fakültəsi. 1958/59-cu tədris
ilindən müstəqil fakültə kimi fəaliyyət
başlayan Mexanika-riyaziyyat fakültəsində 1979-cu ildə
7 kafedra fəaliyyət göstərirdi. Riyazi analiz
kafedrasına Azərbaycan EA-nın müxbir üzvü Arif
Babayev, Diferensial və inteqral tənliklər kafedrasına
dosent Qəmbər Namazov, Hesablama riyaziyyatı kafedrasına Azərbaycan
EA-nın müxbir üzvü Yəhya Məmmədov, Nəzəri
mexanika kafedrasına Azərbaycan EA-nın müxbir
üzvü Yusif Əmənzadə, Cəbr və topologiya
kafedrasına dosent Məmmədəli Bunyatov, Funksiyalar nəzəriyyəsi
və funksional analiz kafedrasına professor Əmir Həbibzadə,
Həndəsə kafedrasına dosent Nazim Abbasov rəhbərlik
edirdi. Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində
1969-1970-ci illərdə professor Mirabbas Qasımov, 1970-1972-ci
illərdə Azərbaycan EA-nın
müxbir üzvü Qoşqar Əhmədov, 1972-1975-ci
illərdə dosent Qəmbər Namazov, 1975-1978-ci illərdə
dosent Rüstəm Sultanov, 1978-ci ildən 1994-cü ilə qədər
Azərbaycan EA-nın müxbir üzvü Arif Babayev
çalışmışdır.
Həmin illərdə fakültənin əməkdaşları
Əmir Həbibzadə, Karlen Xudaverdiyev və Valeri Salayev
müvəffəqiyyətlə doktorluq dissertasiyası
müdafiə etdilər. 10 il ərzində fakültə əməkdaşlarının
15 monoqrafiyası, dərslik və dərs vəsaiti, 600-dən
çox elmi məqaləsi dərc olunmuşdu. Bunların arasında
Qoşqar Əhmədov, Kazım Həsənov, Məmməd
Yaqubovun "Maarif" nəşriyyatı tərəfindən Azərbaycan
dilində çap olunmuş "Adi diferensial tənliklər",
Əmir Həbibzadənin "Funksional analiz", Yəhya Məmmədovun
"Adi diferensial tənliklərin təqribi həll
üsulları", Yusif Əmənzadənin Moskvada çap
olunmuş "Elastiklik nəzəriyyəsi", Latviyada
çap olunmuş "Elastiklik nəzəriyyəsinin
müstəvi məsələləri" kitablarını
xüsusi qeyd etmək lazımdır.
Mexanika-riyaziyyat
fakültəsinin əməkdaşları Moskva Dövlət
Universitetinin, Steklov adına Riyaziyyat İnstitutunun, Leninqrad və
Tbilisi Dövlət Universitetlərinin, Tbilisi Riyaziyyat
İnstitutunun əməkdaşları ilə sıx əməkdaşlıq
edir və birgə elmi tədqiqat işləri
aparırdılar. Fakültənin təşkilatçılığı
ilə 1972-ci ildə Bakı şəhərində "Optimal
idarəetmənin riyazi üsulları"na həsr olunmuş
Ümumittifaq konfransı, 1974-cü ildə Moskva Dövlət
Universiteti ilə birlikdə "Mexanikanın müasir problemləri"
adlı, 1976-cı ildə isə Azərbaycan EA-nın
Riyaziyyat və Mexanika İnstitutu, Steklov adına Riyaziyyat İnstitutu
və Moskva Dövlət Universitetinin iştirakı ilə
funksiyalar nəzəriyyəsi üzrə Bakı Yay Riyaziyyat
məktəbləri keçirilmişdi. Xüsusi qeyd etmək
lazımdır ki, 1978-ci ildə Novosibirski şəhərində
keçirilən "Tələbə və elmi texniki tərəqqi"
adlı XVI ümumittifaq müsabiqəsində fakültənin
tələbəsi Tofiq Səlimovun məruzəsi II dərəcəli
mükafata layiq görülmüşdü.
Tətbiqi riyaziyyat fakültəsi. 1972-ci ildə
Mexanika-riyaziyyat fakültəsinin bazasında
yaradılmış Tətbiqi riyaziyyat fakültəsində
1978/79-cu tədris ilində 334 tələbə təhsil
alırdı. Fakültənin 2
kafedrasında 24 nəfər çalışırdı.
Tətbiqi riyaziyyat kafedrasına 1972-2008-ci illərdə
professor Mirabbas Qasımov, Riyazi fizika tənlikləri
kafedrasına 1972-1993-cü illərdə Azərbaycan
EA-nın müxbir üzvü Məcid Rəsulov rəhbərlik
etmişdir. Fakültənin professor-müəllim heyəti
sayca az olmasına baxmayaraq, elmi
yaradıcılıqla çox ciddi məşğul olurdular. Onlar SSRİ-nin nüfuzlu elmi jurnallarda 200-dən
çox elmi məqalə və iki monoqrafiya çap
etdirmişdilər. Əməkdaşlardan
iki nəfəri doktorluq, 7 nəfəri namizədlik
dissertasiyası müdafiə etmişdi. Onlar
Azərbaycan Elmlər Akademiyasının əməkdaşları,
Moskva Dövlət Universiteti və Leninqrad Dövlət
Universitetlərinin müvafiq fakültələrinin əməkdaşları
ilə sıx əlaqədə birgə elmi-tədqiqat işləri
aparırdılar. Fakültənin tələbələrinin
elmi işləri müxtəlif konfrans və simpoziumlarda
yüksək qiymətlər almışdı. 10 tələbənin elmi işi jurnallarda çap
edilmiş, 20 tələbə respublika daxili və
respublikalararası yarışların qalibi olmuşdu. Fakültənin ilk dekanı dosent Mustafa Vəliyev,
dekan müavini dosent Şahbaz Bayımov olmuşdu.
Fizika fakültəsi. Fakültədə 10
kafedra və yarımkeçiricilər fizikası adlı bir
problem laboratoriyası fəaliyyət göstərirdi. Nəzəri
fizika kafedrasına 1967- 2013-cü illərdə Azərbaycan
EA-nın müxbir üzvü Abdulla Muxtarov,
Yarımkeçiricilər fizikası kafedrasına professor
Vladimir Tahirov, Optika və molekulyar fizika kafedrasına
1968-1984-cü illərdə qədər professor Niftalı
Qocayev, Bərk cisimlər fizikası kafedrasına
1971-2014-cü illərdə akademik Bəhram Əsgərov,
Astrofizika kafedrasına 1975-1992-ci illərdə professor Rəhim
Hüseynov, Elektronika kafedrasına professor Qafar Əfəndiyev,
Ali riyaziyyat kafedrasına professor Hüseyn Çəndirov,
Ümumi fizika kafedrasına professor Azər Zeynallı, Maddə
quruluşu kafedrasına professor Sabir Hacıyev, Atom və
molekulların kvant mexanikası kafedrasına professor İsrafil
Hüseynov rəhbərlik edirdi. Bu
kafedraların altısı 70-ci illərdə
yaradılmışdı. Bu illər ərzində
elmlər doktorları və professorların sayı artaraq 2-dən
13-ə çatmışdı. Həmin illərdə
fakültənin əməkdaşları Sabir Hacıyev,
İsmət Nəcəfov, Faiq Sadıqov, Abuzər Rəsulov,
Bəhram Əsgərov, Qafar Əfəndiyev, Azər
Zeynallı, Hüseyn Çəndirov, Əhməd Abdinov və
Vaqif Salmanov doktorluq dissertasiyası müdafiə etmişdilər.
1969-1979-cu illərdə fakültənin əməkdaşları
fizikanın mühüm prolemləri ilə bağlı
geniş elmi-tədqiqat işləri aparmış,
aldıqları əsas nəticələri 900-dən çox
elmi məqalə şəklində Ümumittifaq və
respublika jurnallarında çap etdirmişdilər. Bunlardan əlavə, Bərk
cisimlər fizikası kafedrasının müdiri, professor Bəhram
Əsgərovun "Yarımkeçiricilərdə kinetik
effektlər" adlı monoqrafiyası Moskvada "Nauka" nəşriyyatında
çap olunmuş, müəllif həmin monoqrafiyasına
görə 1974-cü ildə Respublika Dövlət
Mükafatına layiq görülmüşdü. Professor Niftalı Qocayevin "Optika" adlı dərsliyi
rus dilində Moskvada çap olunmuşdu.
Fizika fakültəsinə 1967-1970-ci illərdə dosent
Əlicavad Cavadov, 1973-1979-cu illərdə professor Faiq
Sadıqov rəhbərlik etmişdir.
Biologiya fakültəsi. Biologiya fakültəsinin
tərkibində 9 kafedra və biologiyanın müasir problemləri
istiqamətində elmi tədqiqat işləri aparılan bir
laboratoriya fəaliyyət göstərirdi. Genetika və
darvinizm kafedrasına 1937-1988-ci illərdə professor Mirəli
Axundov, Bitki fiziologiyası kafedrasına 1960-1978-ci illərdə
professor Abdulla Tağızadə, Mikrobiologiya kafedrasına
1967-1988-ci illərdə professor Həbibə Qasımova,
İnsan və heyvan fiziologiyası kafedrasına professor Tələt
Qayıbov, Botanika kafedrasına 1966-1992-ci illərdə professor
Cəlal Əliyev, Onurğasızlar zoologiyası
kafedrasına 1967-1974-cü illərdə dosent Şamil Cəfərov,
Biofizika və molekulyar biologiya kafedrasına 1977-1993-cü illərdə
professor Tofiq Məmmədov, Biokimya və biotexnologiya
kafedrasına 1972-1977-si illərdə professor Akif Quliyev,
1973-1979-cu illərdə professor Aydın Nəsibov rəhbərlik
etmişdir. Həmin illərdə fakültədə 1054
mütəxəssis hazırlanmış, fakültənin əməkdaşlarından
Cəlal Əliyev, Arif İsmayılov, Sahib Hüseynov və
Nemət Qasımov doktorluq, 49 nəfər isə namizədlik
dissertasiyası müdafiə etmişdi. Fakültə
əməkdaşlarının 1056 elmi məqaləsi, 16 dərsliyi,
6 monoqrafiyası çap olunmuş, 4 müəlliflik şəhadətnaməsi
alınmışdı. Fakültə tələbələrinin
elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində
də uğurlar əldə olunmuşdu. Petrozavodski
şəhərində keçirilmiş 27-ci Ümumittifaq tələbə
elmi konfransında fakültənin tələbələri
Z.Zeynalova və S.Manafovanın məruzələri təşkilat
komitəsinin fəxri fərmanına layiq
görülmüşdü. Fakültənin alimləri
Moskva, Leninqrad, Kiyev, Xarkov, Minsk, Voronej, Daşkənd, Ufa,
Düşənbə, Riqa və Aşqabad universitetlərinin
alimləri ilə birlikdə elmi tədqiqat işləri
aparırdılar.
Fakültə tələbələrinin tədris və
istehsalat praktikaları Quba rayonunda yerləşən tədris-təcrübə
sahəsində, Moskvanın, Leninqradın, Kiyevin, hətta
Çexoslavakiya və Bolqarıstanın elmi-tədqiqat mərkəzlərində
həyata keçirilirdi.
Biologiya fakültəsinin dekanı vəzifəsində
1972-1975-ci illərdə professor Hüseyn Hüseynov,
1975-1978-ci illərdə professor Arif İsmayılov, dekan
müavini vəzifəsində 1968-1973-cü illərdə
professor Akif Quliyev işləmişdi.
Kimya fakültəsi. Kimya fakültəsində
6 kafedra və bir problem laboratoriyası fəaliyyət göstərirdi.
Analitik kimya kafedrasına 1941-1979-cu illərdə
professor Murtuza Əhmədli, Qeyri üzvi kimya kafedrasına
1957-1982-ci illərdə Cümşüd Zülfüqarlı,
Fiziki və kolloid kimyası kafedrasına 1965-1983-cü illərdə
professor İsrafil Səttarzadə, Üzvi kimya kafedrasına
1965-1992-ci illərdə professor Şamil Əhmədov,
Yüksək molekullu birləşmələr kafedrasına
1965-1983-cü illərdə professor Ziyəddin Sadıqov, Kimya
texnologiyası kafedrasına 1971-1978-ci illərdə professor
Ağarəfi Ağayev rəhbərlik etmişdi. 1969-1979-cu illərdə fakültənin 2 əməkdaşı
doktorluq, 32 əməkdaşı isə namizədlik
dissertasiyası müdafiə etmişdi. Fakültə
əməkdaşlarının 6 monoqrafiyası və dərsliyi,
100-dən çox məqaləsi çap olunmuş, 40 müəlliflik
şəhadətnaməsi alınmışdı.
Kimya fakültəsinin dekanı vəzifəsində
1969-1974-cü illərdə dosent Bəşir Mirzəyev,
1974-76-cı illərdə professor Fikrət Babayev, 1976-1979-cu illərdə
professor Dəmir Qəmbərov, dekan müavini vəzifəsində
1968-75-ci illərdə Təhməz Quliyev işləmişdi.
1979-cu ildə fakültədə 160 əməkdaş, o
cümlədən, 73 müəllim
çalışırdı. Onlardan 5 nəfəri
elmlər doktoru, professor, 50 nəfəri elmlər namizədi,
dosent idi.
1969-1979-cu illərdə fakültənin əməkdaşları
Tolio, Edinburq və Moskvada keçirilən beynəlxalq konqreslərdə,
Ümumittifaq və respublika konfranslarında məruzə ilə
çıxış etmişdi.
Geologiya-coğrafiya fakültəsi. Fakültədə fəaliyyət
göstərən doqquz kafedradan üçü 1969-1979-cu illərdə
yaradılmışdı. Xarici ölkələrin
iqtisadi və siyasi coğrafiyası kafedrasına 1960-1980-ci illərdə
professor Hadı Əliyev, İqtisadi və sosial coğrafiya
kafedrasına 1960-1991-ci illərdə professor Əbdürrəhim
Hacızadə, Geodeziya və kartoqrafiya kafedrasına
1972-1988-ci illərdə professor Rizvan Piriyev, Fiziki-coğrafiya
kafedrasına 1960-2011-ci illərdə professor Müseyib
Müseyibov, Hidrometeorologiya kafedrasına 1973-1990-cı illərdə
professor Nəriman Vəliyev, Ümumi geologiya və hidrogeologiya
kafedrasına 1949-1993-cü illərdə Əziz Əsgərov,
Faydalı qazıntılar kafedrasına 1958-1986-cı illərdə
professor Səttar Süleymanov, Kristalloqrafiya, mineralogiya və
geokimya kafedrasına 1958-2009-cu illərdə professor Sübhi
Bektaşi, Paleontologiya kafedrasına 1956-1995-ci illərdə
professor Qədir Sultanov rəhbərlik etmişdir. Fakültənin
dekanı vəzifəsində 1967-1972-ci illərdə professor
Rizvan Piriyev,1972-1980-ci illərdə
professor Vasif Babazadə işləmişdi. Fakültənin 7 əməkdaşı
- Əbdürrəhim Hacızadə, Rizvan Piriyev, Sübhi
Bektaşi, Vasif Babazadə, Vasif Əliyev, Fəsli Hacıyev,
Çingiz Xəlifəzadə doktorluq, 10 əməkdaşı
isə namizədlik dissertasiyası müdafiə etmişdi. Fakültədə 16 nəfər elmlər doktoru, 27
nəfər dosent çalışırdı. Fakültə əməkdaşlarının 25
monoqrafiyası, dərslik və dərs vəsaitləri, yerli,
mərkəzi və xarici jurnallarda 600-dən çox elmi məqalələri
çap olunmuşdu.
1970-ci illərdən başlayaraq fakültənin
geologiya ixtisasına mütəmadi olaraq xarici ölkə vətəndaşları
(Kuba, Vyetnam, Əlcəzair, Yəmən, İordaniya, Tunis,
Banqladeş, Zair, Suriya, Misir, İran, Kolumbiya, Qvineya və b.)
təhsil alırdılar. Onlarla xarici ölkə
vətəndaşı namizədlik və doktorluq
dissertasiyaları müdafiə etmişdi.
Həmin illərdə fakültədə coğrafiya və
faydalı qazıntı yataqlarının axtarışı və
kəşfiyyatı ixtisasları üzrə kadr
hazırlanırdı. İstehsalat təcrübələri tədris
planına uyğun olaraq III və IV kursların sonunda
SSRİ-nin müxtəlif regionlarında və Azərbaycanın
bir çox rayonlarında fakültə müəllimlərinin
rəhbərliyi ilə həyata keçirilirdi. Hər iki ixtisas üzrə tədris Azərbaycan və
rus dillərində aparılırdı. Fakültənin
əyani, axşam və qiyabi şöbələrində 1150
nəfərə yaxın tələbə təhsil
alırdı.
Tarix fakültəsi. Universitetin
yaşıdı olan fakültədə 1979-cu ildə 11 elmlər
doktoru, professor, 40 elmlər namizədi, dosent işləyirdi.
Fakültədə altı kafedra fəaliyyət
göstərirdi. Azərbaycan tarixi
kafedrasına 1967-1972-ci illərdə professor Zülfəli
İbrahimov, Ümumi tarix kafedrasına 1970-1998-ci illərdə
professor Ruhulla Orucov, Arxeologiya və etnoqrafiya kafedrasına
1976-1992-ci illərdə professor Məmmədəli
Hüseynov, Asiya və Afrika ölkələri tarixi
kafedrasına 1969-1991-ci illərdə professor Zakir Abdullayev,
SSRİ tarixi kafedrasına 1969-1971-ci illərdə professor
Yusif Səfərov, 1971-1994-cü illərdə professor Aslan
Atakişiyev rəhbərlik edirdi.
Tarix fakültəsinin dekanı vəzifəsində
1967-1970-ci illərdə professor Zakir Abdullayev, 1970-1977-ci illərdə
professor Məmmədəmin Qazıyev, 1977-1980-ci illərdə
professor Mahal Məmmədov işləmişdi.
Həmin illərdə fakültənin 6 əməkdaşı
doktorluq dissertasiyası müdafiə etmişdi. On il ərzində fakültə
əməkdaşlarının 30 monoqrafiyası, 24 dərslik
və dərs vəsaiti, 300-dən çox elmi məqaləsi
çap olunmuş, 3 dərslik rus dilindən Azərbaycan dilinə
tərcümə edilmişdi.
Fakültə
əməkdaşları Moskva Dövlət Universitetinin Tarix
fakültəsi, SSRİ Elmlər Akademiyasının Tarix
institutu, Tbilisi, İrəvan, Saratov, Polşanın Lodz və
Fransanın Marsel universitetləri əməkdaşları ilə
birgə elmi tədqiqat işləri aparırdılar.
Kafedralarda etnoqrafiya, arxeologiya, Azərbaycan tarixi və
tarixin digər sahələrini əhatə edən elmi
seminarlar və dərnəklər keçirilirdi. Fakültənin əməkdaşları
keçmiş SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərinin alimləri ilə birgə
elmi tədqiqat işləri aparır, təcrübə
mübadiləsi həyata keçirirdilər. Həmin
dövrdə müəllimlərin altıaylıq və
üçaylıq ixtisasartırma və stajkeçmə məsələsinə
ciddi fikir verilirdi. Onların əksəriyyəti
Moskvanın, Leninqradın və digər şəhərlərin
nüfuzlu universitetlərində elmin yenilikləri ilə tanış olur, müasir təhsil
üsullarına yiyələnirdi. Bütün
bunlar universitetdə elmin və təhsilin inkişafına
öz təsirini göstərirdi.
Hüquq fakültəsi. 1928-ci ildə Şərqşünaslıq
fakültəsinin hüquq şöbəsinin bazasında
yaradılmış Hüquq fakültəsi respublikada ali təhsilli hüquqşünas hazırlayan
yeganə elmi-tədris müəssisəsi idi. 50
illik fəaliyyəti dövründə Cənubi Qafqaz və
Orta Asiyanın universitetlərinin fakültələri
arasında ən böyük fakültəyə
çevrilmişdi. 1977-ci ildə fakültədə
"Beynəlxalq hüquq" ixtisası üzrə
dünyanın 32 ölkəsindən olan tələbə təhsil
alırdı. 1978/79-cu tədris ilində
fakültədə 1640 tələbə təhsil
alırdı. Fakültədə 9 kafedra fəaliyyət
göstərirdi. Mülki hüquq kafedrasına
1952-1990-cı illərdə professor Əziz Əsədov, Beynəlxalq
hüquq və xarici ölkələrin dövlət hüququ
kafedrasına 1976-1995-ci illərdə professor Əyyub Əsgərov,
Dövlət və hüquq nəzəriyyəsi tarixi
kafedrasına 1968-2019-cu illərdə AMEA-nın müxbir
üzvü, professor Məsumə Məlikova, Cinayət prosesi
və kriminalistika kafedrasına 1968-1979-cu illərdə
professor Cəfər Mövsümov, Konstitusiya hüququ
kafedrasına 1965-2011-ci illərdə professor Murtuz Ələsgərov
rəhbərlik etmişdir.
Hüquq fakültəsinin dekanı vəzifəsində
1962-1980-ci illərdə professor Məmməd Xələfov
işləmişdir.
1979-cu ildə fakültədə 9 elmlər doktoru,
professor, 25 elmlər namizədi, dosent
çalışırdı. Fakültədə
dövlət və hüquq tarixi, mülki hüquq və
prosesi problemləri, cinayət hüququ və prosesi problemləri,
sosialist qanunçuluğunun möhkəmləndirilməsi, vətəndaşların
hüquqlarının qorunması və beynəlxalq hüquq
problemləri istiqamətində elmi tədqiqat işləri
aparılırdı.
Filologiya fakültəsi. Fakültədə 12
kafedra fəaliyyət göstərirdi. Ümumi
dilçilik kafedrasına 1951-1981-ci illərdə Professor
Muxtar Hüseynzadə, Azərbaycan ədəbiyyatı tarixi
kafedrasına 1961-1978-ci illərdə Mir Cəlal Paşayev,
1978-1986-cı illərdə professor Firudin Hüseynov,
Müasir Azərbaycan dili kafedrasına 1967-1988-ci illərdə
professor Əlövsət Abdullayev, Rus dilçiliyi
kafedrasına 1963-1970-ci illərdə Məmməd
Tağıyev, Müasir rus ədəbiyyatı tarixi
kafedrasına 1967-1984-cü illərdə professor Seyfulla Əsədullayev,
Türk xalqları ədəbiyyatı kafedrasına 1973-1989-cu
illərdə professor Pənah Xəlilov, Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası kafedrasına
1965-2013-cü illərdə professor Yusif Seyidov, Türkologiya
kafedrasına 1969-1984-cü illərdə professor Fərhad
Zeynalov, Rus dilçiliyi kafedrasına 1969-1990-cı illərdə
professor Firudin Hüseynov rəhbərlik etmişdir.
Fakültənin
dekanı vəzifəsində 1967-1974-cü illərdə
professor Ağamusa Axundov,1974-1976-cı illərdə
professor Əkbər Ağayev, 1977-1980-ci illərdə professor
Firudin Hüseynov işləmişdi.
10 il ərzində
17 nəfər - Əkbər Ağayev, Bəxtiyar Vahabzadə,
Vaqif Vəliyev, Firudin Cəlal oğlu Hüseynov, Xəlil
Əlimirzəyev, Bayram Tahirbəyov, Muxtar Hüseynzadə,
Abdulla Vəliyev, Abdulla Abbasov, Firudin Hüseyn oğlu
Hüseynov, Təhsin Mütəllimov, Əbülfəz Rəcəbov,
İnayət Bektaşi, Şamil Qurbanov və Camal Əhmədov
doktorluq dissertasiyası müdafiə etmişdi. Həmin illərdə fakültə əməkdaşlarının
98 monoqrafiya, dərslik və dərs vəsaitləri, 800-dən
çox elmi və elmi-populyar məqalələri çap
olunmuşdu.
Fakültənin tələbələri elmi-tədqiqat
işlərinin aparılmasında fəal iştirak edir, elmi dərnəklərdə,
konfranslarda məruzələrlə çıxış
edirdilər.
Şərqşünaslıq fakültəsi. 1969-1979-cu illərdə
Şərqşünaslıq fakültəsi yüksək
ixtisaslı şərqşünaslar, filoloq və tərcüməçilər
hazırlayan böyük mərkəzlərdən birinə
çevrilmişdi. Fakültədə 7
elmlər doktoru və 14 elmlər namizədi işləyirdi.
Burada Ərəb dili, Yaxın Şərq dilləri
və Yaxın Şərq xalqları ədəbiyyatlarının
tarixi kafedraları yaradılmışdı. Ərəb dili kafedrasına 1957-1989-cu illərdə
professor Ələsgər Məmmədov, Yaxın Şərq
dilləri kafedrasına 1957-1989-cu illərdə professor Rəhim
Sultanov, Yaxın Şərq xalqları ədəbiyyatlarının
tarixi kafedrasına professor Mübariz Əlizadə rəhbərlik
edirdi.
Fakültənin məzunları Moskvanın,
Leninqradın, Orta Asiya və Zaqafqaziya respublikalarının
elmi mərkəzlərində, İranda, Türkiyədə və
bir çox ərəb ölkələrində müvəffəqiyyətlə
çalışırdılar. Burada həmçinin,
Bolqarıstan, Macarıstan, Polşa, Monqolustan, Almaniya Demokratik
Respublikası, Vyetnam, Kuba və başqa ölkələr
üçün kadrlar hazırlanırdı. Fakültədə
yüksək ixtisaslı şərqşünasların
hazırlanmasında akademik Vasim Məmmədəliyev, professor
Neyyerzaman Mehdiqulu qızı ?Hatəmi, professor Aida
İmanquliyeva, professor Təhminə Rüstəmova, professor
Mirzə Rəhimov və başqalarının böyük
xidmətləri olmuşdur.
Fakültənin dekanı vəzifəsində 1965-1977-ci
illərdə professor Həsən Mahmudov, 1977-1981-ci illərdə
professor Şulan Şirəliyev işləmişdir.
Jurnalistika fakültəsi. 25 ildən çox
Filologiya fakültəsinin nəzdində bir kafedra -
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrası ilə təmsil olunan jurnalistika şöbəsi,
1969-cu ildə sərbəst fakültəyə çevrilmişdi.
1969-cu ildə fakültənin əyani
şöbəsində 110, qiyabi şöbəsində 271 tələbə
təhsil alırdı. 1979-cu ildə həmin
rəqəmlər uyğun olaraq 180 və 196 olmuşdur.
1969-cu ildə fakültədə bir nəfər
də professor yox idi. 1979-cu ildə
fakültədə artıq 2 nəfər professor
çalışırdı. Fakültənin
dekanı vəzifəsində 1969-1970-ci illərdə professor
Nurəddin Babayev, 1970-1976-cı illərdə professor Şirməmməd
Hüseynov, 1976-1979-cu illərdə dosent Seyfulla Əliyev,
1979-1980-ci illərdə professor Tofiq Rüstəmov işləyirdi. Fakültədə
iki kafedra fəaliyyət göstərir. Mətbuat tarixi
və ideoloji iş metodları kafedrasına 1976-1980-ci illərdə
professor Şirməmməd Hüseynov, Jurnalistika nəzəriyyəsi
və təcrübəsi kafedrasına 1973-2003-cü illərdə
professor Famil Mehdi rəhbərlik etmişdir. Fakültədə
yüksək ixtisaslı milli jurnalist kadrlar
hazırlığında Həsən Şahgəldiyev, Nəsir
İmanquliyev, Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov,
Əliş Nəbili və digər alim-pedaqoqların
böyük xidmətləri olmuşdur.
Kitabxanaçılıq fakültəsi. 1947-1962-ci illərdə
Filologiya fakültəsinin tərkibində olan
kitabxanaçılıq şöbəsi, 1962-ci ildə
müstəqil fakültə kimi fəaliyyətə
başlamışdı. Fakültə
ölkəmizdə yüksək ixtisaslı kitabxana
işçiləri, kitabxanaşünaslıq, biblioqrafiya və
kitabşünaslıq kadrları hazırlayan yeganə mərkəz
idi. 1979-cu ildə fakültədə iki
kafedra fəaliyyət göstərirdi. Kitabxanaşünaslıq
kafedrasına 1963-2013-cü illərdə bu sahədə
ölkəmizdə ilk elmlər namizədi və elmlər
doktoru olan professor Abuzər Xələfov, Biblioqrafiyaşünaslıq
kafedrasına dosent Əşrəf Xələfov rəhbərlik
etmişdir. Fakültəyə 1970-1979-cu illərdə
professor Zöhrab Əliyev, 1979-1993-cü illərdə
professor Abuzər Xələfov rəhbərlik etmişdir. 1979-cu ildə
fakültədə 22 müəllim, o cümlədən, 1
elmlər doktoru, professor, 11 elmlər namizədi, dosent işləyirdi.
İxtisasartırma fakültəsi. 1967-ci ildə riyaziyyat,
fizika və kimya ixtisasları üzrə fəaliyyətə
başlamış fakültə 1969-1979-cu illərdə xeyli genişlənmiş ən
ölkədə ən böyük ixtisasartırma fakültələrindən
birinə çevrilmişdi. Fakültəyə
1969-1979-cu illərdə dosent Həzrətqulu Əmənov rəhbərlik
edirdi. Buraya hər il 18 ixtisas üzrə
2 mindən artıq dinləyici qəbul edilirdi. Fakültədə
ixtisaslarını artıran müəllimlər öz
ixtisasları ilə bağlı mühazirələri dinləyir,
seminarlarda və laboratoriya məşğələlərində
biliklərini dərinləşdirir, universitet
kafedralarının elmi-tədqiqat fəaliyyəti ilə tanış olurdular.
Xarici vətəndaşların təhsili fakültəsi. 1968-ci ildə
Vyetnamdan 110 tələbə və aspirant universitetin
Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya-coğrafiya və
Şərqşünaslıq fakültələrində məşğələlərə
başladı. Həmin ildə Universitetdə
Xarici vətəndaşların təhsili fakültəsi
yaradıldı. Fakültənin
yarandığı vaxtdan 7 buraxılışı
olmuşdur. 1979-cu ilədək fakültədə Əfqanıstan,
Suriya, Misir, Yəmən üçün 372 ali
təhsilli mütəxəssis hazırlanmışdı. 1968-1979-cu illərdə fakültənin dekanı vəzifəsində
professor Ramiz Sultanov işləmişdir.
Elmi
Kitabxana. Universitetin elmi kitabxanası respublikamızın ilk ali məktəb kitabxanasıdır. 1919-cu ildə onun fondunda cəmi 250 kitab var idi.
1979-cu ildə isə onun fondunda 2 milyon adda kitab
var idi. Oxucuların ixtiyarında 900 oturacaq
yeri olan 11 oxu zalı var idi. Həmin illərdə
kitabxana 15 mindən çox tələbə, müəllim və
professora xidmət edirdi. Kitabxana SSRİ-nin
və ölkəmizin 270 elmi müəssisəsi ilə ədəbiyyat
mübadiləsi edirdi. 1974-cü ildə kitabxanaya "Elmi Kitabxana" statusu
verilmişdir. Həmin illərdə universitetin elmi
kitabxanası respublikanın ali məktəbləri
və texnikumlarındakı kitabxanaların elmi-metodik mərkəzinə
çevrilmişdi. Bununla əlaqədar
kitabxanada iki yeni şöbə - metodika və elmi-texniki
informasiya şöbələri yaradılmışdı.
Kitabxananın əməkdaşları
kitabxanaşünaslıq və biblioqrafiya sahəsində tədqiqat
işi aparırdılar. Universitetin
"Elmi əsərləri" dünyanın əksər
ölkələrinə göndərilirdi. Elmi kitabxanaya 1966-1983-cü illərdə professor Kərim
Həsənov rəhbərlik etmişdir. Kitabxananın
inkişafında Kiçikxanım Zeynalova, Nigarxanlm Aslanova,
Nisəxanım Məmmədova, Zərri Qaracayeva, Şəmsi
Piriyeva, Şərqiyə Dadaşova, Nailə Kərimova, Rəhim
İsmayılov və başqalarının böyük xidmətləri
olmuşdur.
Ümumuniversitet
kafedraları
Həmin
illərdə universitetdə 10 ümumuniversitet kafedrası fəaliyyət
göstərirdi:
Sov.İKP tarixi tarixi kafedrası universitetin müstəqil,
aparıcı kafedrası kimi 1946-cı ildən fəaliyyətə
başlamışdır.
Kafedraya 20 ildən çox - 1946-1967-ci illərdə
dosent Məmməd Səlimov, 1968-1973-cü illərdə
professor Xəlil Əlimirzəyev və professor Seyfəddin Qəndilov,
1974-1986-cı illərdə professor Zakir Şılinski rəhbərlik
etmişdi. 10 il ərzində kafedra müəllimlərindən
5 nəfəri doktorluq, 3 nəfəri namizədlik
dissertasiyası müdafiə etmişdi. 1979-cu
ildə kafedrada 6 elmlər doktoru, 14 elmlər namizədi-dosent
çalışırdı.
Dialektik materializm kafedrası. Universitetdə fəlsəfə
kafedrası 1945-ci ildə yaradılmışdı. Bu kafedraya 1945-1950-ci illərdə akademiklər
Aleksandr Osipoviç Makovelski və Heydər Hüseynov,
1950-1963-cü illərdə professor Mehbalı Qasımov rəhbərlik
etmişdi. 1976-cı ildə fəlsəfə
kafedrası iki müstəqil kafedraya - Dialektik materialim və
Tarixi materializm kafedralarına ayrılmışdı. Kafedraya 1963-2010-cu illərdə akademik Fuad
Qasımzadə rəhbərlik etmişdir.
Tarixi materializm kafedrası. Kafedraya 1976-cı ildə
Fəlsəfə kafedrasının bazasında yaradılmış,
ona 1976-1988-ci illərdə professor Həmid İmanov rəhbərlik
etmişdir. 1979-cu ildə burada 1 elmlər
doktoru, professor, 7 elmlər namizədi, dosent
çalışırdı. Həmin illərdə
kafedra əməkdaşlarının 2 monoqrafiyası və 35
elmi məqaləsi çap olunmuşdu.
Siyasi iqtisad kafedrası. 1969-1979-cu illərdə
kafedrada çalışan müəllimlərin sayı
artaraq 14-dən 23-ə çatmışdı. Onlardan 1 nəfəri iqtisad elmləri doktoru, 15 nəfəri
iqtisad elmləri namizədi və dosent idilər. Həmin illərdə kafedra əməkdaşlarından
6 nəfəri namizədlik dissertasiyası müdafiə
etmişdi. Kafedraya 1966-1971-ci illərdə professor Yuri Məmmədov,
1971-1992-ci illərdə Azərbaycan EA-nın müxbir
üzvü, professor Teymur Vəliyev rəhbərlik
etmişdir.
Elmi kommunizm kafedrası. Kafedra 1967-ci ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada çalışan müəllimlərin sayı iki dəfə artaraq 18 nəfərə çatmışdı. Onlardan biri fəlsəfə elmləri doktoru, 11 nəfəri fəlsəfə elmləri namizədi idi. 10 il ərzində kafedra əməkdaşlarından 1 nəfər doktorluq, 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə kafedraya professor Həsən Şirəliyev rəhbərlik edirdi.
Etika və estetika kafedrası 1961-ci ildə yaradılmışdı. 1961-1979-cu illərdə kafedraya akademik Aslan Aslanov rəhbərlik etmişdi. Kafedrada 7 müəllim, o cümlədən, 2 elmlər doktoru, 3 elmlər namizədi çalışırdı.
Pedaqogika və psixologiya kafedrası 1960-cı ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada 1 professor, 6 elmlər namizədi, 3 baş müəllim və 3 müəllim işləyirdi. Kafedranın əməkdaşları Əkbər Bayramov, Cəmilə Təhmasib, İsmayıl Seyidov, Rəna İbrahimbəyova, Oktay Kərimov, Tamella Dadaşova Ümumittifaq, respublika və beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak edirdilər. Kafedraya 1961-1970-ci illərdə professor Məmmədəli Məhərrəmov, 1971-1992-ci illərdə professor Əkbər Bayramov rəhbərlik etmişdir.
Elmi ateizmin nəzəriyyəsi və tarixi kafedrası 1971-ci ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada 6 nəfər işləyirdi. Onların biri elmlər doktoru, professor, 3-ü elmlər namizədi idi. Kafedranın müdiri vəzifəsində həmin illərdə professor Qədim Mustafayev işləyirdi.
Qərbi Avropa dilləri kafedrası 1939-cu ildə yaradılmışdı. 1975-ci ildə iki kafedraya bölündü: Humanitar fakültələrə xidmət edən Qərbi Avropa dilləri kafedrası və Təbiət fakültələrinə xidmət edən Qərbi Avropa dilləri kafedrası. 1969-1979-cu illərdə birinci kafedraya H.Qədimbəyov və Timuçin Hidayətzadə, ikinci kafedraya Səyyarə İmanova rəhbərlik edirdilər. Kafedra üzvlərindən 4 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdilər. Kafedra üzvləri yeni dərslik və dərs vəsaitləri hazırlayır, rus dilində çap olunmuş dərslik və dərs vəsaitlərini Azərbaycan dilinə tərcümə edirdilər.
Bədən tərbiyəsi kafedrası 1931-ci ildə yaradılmışdı. 1965-1986-cı illərdə kafedraya idman ustası, dosent İnqilab Novruzov rəhbərlik etmişdi. 1979-cu ildə kafedrada 12 baş müəllim və 10 müəllim işləyirdi. Həmin ildə tələbələrdən Aydın Hüseynov, İlham Pirməmmədov və Rövşən Vəliyev SSRİ idman ustası normasını yerinə yetirmişdilər.
Hərbi hazırlıq kafedrası. 1969-1979-cu illərdə universitetdə hərbi hazırlıq kafedrası var idi. Bütün fakültələrin oğlan tələbələri həftənin bir günü hərbi hazırlıq dərsi keşirdi. Kafedraya Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov rəhbərlik edirdi. Müəllimlərin əksəriyyəti başqa millətlərin nümayəndəsi idi. Yaxşı xatırlayıram, IV kursun sonunda tələbələri iki aylıq hərbi təlimə aparırdılar. İnstitutu uğurla başa vuran tələbələrə hərbi rütbə verirdilər.
Hazırlıq şöbəsi. 1969-cu ildə qabaqcıl fəhlə və kəndli gəncləri ali məktəblərə daha geniş cəlb etmək məqsədi ilə universitetdə hazırlıq fakültəsi yaradıldı. Şöbəyə 1970-1972-ci illərdə professor Ələddin Mahmudov, 1973-1979-cu illərdə dosent Yəhya Əliyev rəhbərlik edirdi. Həmin illərdə şöbənin Azərbaycan və rus bölmələrinin gündüz və axşam şöbələrinə hər il 250 nəfər dinləyici qəbul edilirdi. Buraxılış imtahanlarını uğurla verən dinləyicilər qəbul imtahanları vermədən müvafiq fakültələrə qəbul edilirdi. Gündüz şöbəsində oxuyan dinləyicilərə təqaüd verilirdi.
1969-1979-cu illərdə universitetin maddi-texniki bazası möhkəmləndirildi, tələbə qəbulu planı tədricən artırıldı, yeni-yeni laboratoriya və kafedralar yaradıldı. 1977-78-ci tədris ilində universitetin ikinci tədris binası istifadəyə verildi, univeristetdə elm və təhsil sahəsində ciddi uğurlar əldə edildi. 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 26 oktyabr.-
S.14-15;17.