Nəsimiyə “Xumar
baxış”...
2019-cu il dahi Azərbaycan şairi, filosofu İmadəddin Nəsimiyə həsr ediləndə, düzü,
ilin bu qədər
zəngin keçəcəyini
gözləmirdim.
Nəsimi fəlsəfəsini anlamaq,
onu bildiyin, qavradığın şəkildə
şərh etmək insandan ilk öncə cəsarət tələb
edir. Amma bu “İl”in
yanından sükutla keçmək də olmazdı. Ona görə də başda dövlət qurumlarımız, mədəniyyət,
ədəbiyyat müəssisələrimiz
olmaqla, hər kəs il
ərzində işlər
görməyə tələsdi.
El dilində desək,
hərə xurcununu açıb, özünə,
sözünə və
dünyagörüşünə, istedadına uyğun şəkildə "Nəsimi
İli"nə töhfəsini
verməyə çalışdı
(hələ də çalışanlar var).
Hələ ilin yekununa aylar qalsa da, görülən
işləri ümumilikdə
şərh etmək lazım gəlsə, mənzərə bu cür olacaq: Bəzi layihələri bəyəndik, alqışladıq,
bəzilərinə təəccübləndik,
bəzilərinə heyfləndik,
bəzilərinin isə
yanından sadəcə
sükutla keçdik.
Amma heç şübhəsiz,
deyə bilərik ki, bütün hallarda qazanan yenə də Nəsimi poeziyası və Azərbaycan ədəbiyyatı oldu.
Əsrlər öncə məşəqqətlər
çəkmiş Nəsiminin
hələ də qanayan yerlərinə sevgimizlə, diqqətimizlə
məlhəm qoymağa
çalışdıq. Əlbəttə, bütün məlhəmlər
də hər bədənə getməyə
bilir. Onu da etiraf edək ki, bəzi
məlhəmlər o yaranı
sağaldası idisə,
bəziləri daha da qanatdı.
Elə insanlar vardı ki, “Nəsimi İli” elan olunar-olunmaz onu xatırladıq, gözlərimiz ona zilləndi, "kim də sussa, o susmaz, o bu ilə
töhfəsiz qalmaz"
dedik. Onlardan biri də Əməkdar artist Xumar Qədimova idi. Xumar xanım Azərbaycan estradasında özünəxas
repertuarla seçilən
sənətçidir. Bu repertuarı orijinal
edən nüans isə onun mahnılarının
demək olar ki, hamısının zövqlü musiqi və dərin, fəlsəfi mənalı
sözlərə sahibliyidir.
Çünki o, yaddaqalmaq, ya
da toy-düyündə
səsləndirmək üçün
nə bəsit musiqiyə yer verir, nə də bəsit sözlərə. Xumar
Qədimovanın repertuarında
klassiklərin sözlərinə
yazılmış (çox
zaman bəstəkarı
özü olur) mahnılar heç də az
deyil. Ona görə də
“Nəsimi İl”inə
ən gözəl layihələrdən birinin
də ona məxsus olacağına şübhə etmirdik.
Deyim ki, inamımız özünü
doğrultdu. Həqiqətən də Əməkdar
artist Xumar Qədimova İmadəddin Nəsiminin
650 illiyinə həsr
olunan böyük layihəsini bugünlərdə
təqdim etdi.
Cəmi iki gün öncə
müğənni dahi
şairin “Neylərəm”
qəzəlinə bəstələdiyi
mahnını ictimaiyyətə
təqdim etdi və elə ilk günlərdən layihə
rezonansa səbəb oldu.
Aranjımanı Əvəz Muradov və Bəxtiyar Həsənova məxsus nəğməni yalnız
yazmaqla kifayətlənməyən
müğənni, ona
göz oxşayan klip də çəkdirdi.
Sözügedən layihədə gənc
aktyor Səfa Mehdi də rol
alıb.
Məşhur müğənni axsham.az saytına açıqlamasında
bildirib ki, əsər Nəsimi ilinə möhür vuracaq:
“Hamınıza məlumdur ki, illərdir çox möhtəşəm
– Hüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadənin əsərlərini
sizə təqdim etmişəm. Belə olub, olacaq da...
Demək olar ki, bir ildir
Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm.
Amma illər öncədən
beynimdə, ruhumda İmaməddin Nəsimi olmalıdır. Onun “Neylərəm”
qəzəlini çox
sevirəm. İçimdə yaranmış, doğulmuşdu.
Sadəcə Şəhriyar əsəri
üzərində çalışdığım
üçün bunu saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz
üçün Şəhriyarı
saxladım, xüsusi diqqətimi Nəsimiyə
ayırdım. Musiqisi mənə
məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib. Orada böyük sürprizlər
var. Xumardan nələr
görəcəksiz... Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən
tək gələcəm.
Məncə, gəldim
də... Nəsimi ilinə möhür
vuran layihədir.
Sizi sevirəm, dinləyin, izləyin”.
Xumar Qədimovanın
mahnılarında dərvişanəlik
özünü gizli şəkildə olsa da, ara-sıra göstərib. Yəni, onun Nəsimi
poeziyasına, eləcə
də klassik Azərbaycan ədəbiyyatına
yad olduğunu deyə bilmərik. Bu dəfə isə
o, təkcə müğənni
kimi deyil, bəstəkar kimi də bu ruha,
bu fəlsəfəyə
yad olmadığını
sübut etdi. Mahnının bir yerində
kiçik muğam ifası isə kompozisiyaya ayrı rəng, daha doğma ahəng qatıb.
Klipdə
rol alan
Səfa Mehdinin təkbaşına ifası
Nəsiminin narahat, təlaşlı ruhunu ən gözəl şəkildə əks etdirə bilib.
Əməkdar artist Xumar Qədimovanın “Neylərəm” kompoziyası
təkcə sevgilisindən
ayrı düşən
aşiqin ah-fəğanı,
etirazı, kədəri
deyil, 650 yaşlı Nəsiminin 2019-cu ilə gəlib çatan səsidir. Bu səsi
musiqiylə çuğlaşdıran
xanım müğənni,
fikrimcə, “Nəsimi
İl”nə öz damğasını vura bildi.
Çünki Nəsimi nə bəsit musiqilərə, nə də gərəksiz “vikipedik” nitqlərə sığar. Nəsimi fəlsəfəsi,
Xumar Qədimova səsi və musiqisi, Səfa Mehdi
ifaçılığı birləşəndə isə nə
qulağa sığar, nə gözə,
nə də ürəyə... Onun yeri ruhlardır...
Şahanə Müşfiq
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.12.