Azərbaycanın Macarıstandakı səfirliyindən
kitab hədiyyələri
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın Macarıstandaki Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyevin müəllifi və tərtibçisi olduğu, nəşr etdirdiyi Əhməd bəy Ağaoğluna həsr olunmuş "Türkiyəni duyğulandıran ölüm", "Atatürk və Əhməd Ağaoğlu", "Bəs bizim ziyalılarımız haradadır?" (Azərbaycan və rus dillərində), "Xatirələr", "Mən kiməm?" adlı kitablar kolleksiyası səfirin özü tərəfindən hədiyyə olunub.
Kitablar arasında bu il nəşr olunan "Atatürk və Əhməd Ağaoğlu" adlı kitab xüsusi yer tutur. Kitabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındakı münasibətlər araşdırılır.
Kitablar tarixçilər, politoloqlar, türkoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, bugünədək Azərbaycanın Macarıstandaki səfiri tərəfindən MEK fondlarına Azərbaycan tarixi və mədəniyyətinə dair 140-a yaxın macar, ingilis və rus dillərində kitablar hədiyyə olunub. Kitablar Macarıstanın şəhər və vilayət məktəblərinin kitabxanalarına da hədiyyə edilib. Bu fəaliyyətlə yanaşı səfirlik görkəmli türkoloq alim Georq Hazainin türkologiyaya aid kitab kolleksiyasının bir hissəsinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə olunmasına dəstək göstərib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.12.